adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Mart 2021 19:08
45533
ƏDƏBİYYAT
A- A+

ÖLÜM SEVİNMƏSİN QOY…

Həyat gəldi-gedər düşünsən bir az,

Təmiz ad, təmiz söz qalandı yadda.

Yaxşılıq qiyməti bilinməyən zər,

Bütün dünya yaşar bir təmiz adda.

 

Ölüm haqdır. Hər kəs tez və ya gec Tanrının ona bəxş etdiyi ömür payını yaşayıb, sonda əbədi gözlərini yumacaq, istəsə də, istəməsə də. Həyatda yaşadıqca tanımadığımız insanlarla üz-üzə gəlirik. İçərilərində elələri olur ki, ona daha da yaxın olmaq ehtiyacı keçir qəlbindən. Nəsə səni ona bağlayır, doğmalaşa bilirsən. Doğmalıq qan qohumluğu ilə deyil, ruhun bağlılığı ilə təcəssüm olunur. Ruhən sənə yaxın olan insanla rahat olursan. Danışmağa söz tapıb bölüşə bilirsən. Həyatımda belələri çox az olub. Onlardan biri də hər zaman təmiz adı, təmiz sözü ilə yaşayan, əlindən yaxşılıqdan başqa bir şey gəlməyən Aidə xanım idi. Bu günlərdə onun dünyasını dəyişməsi xəbərini eşitdim. Hələ də inana bilmirəm buna.

Azərbaycan Dillər Universitetinin Azərbaycan Dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə dokroru, dosent Aidə Lənkəran qızı İbrahimova 1957-ci il sentyabrın 13-də Ağdamın Seyidli kəndində anadan olmuşdur. O, gözəl Ağdamın təmiz havasını uda-uda, Qarabağın dağından, daşından süzülən, insanların müqəddəs saydığı Kötəl çayının saf sularından içə-içə, anası Qaragöz xanımın laylalarını dinləyə-dinləyə böyüyüb boya-başa çatmışdır. Seyid Mirbaba ağanın nəvəsi idi. Aidə xanım 1963-cü ildə Seyidli kənd orta məktəbinə getmiş, hələ uşaq yaşlarından publisistika və bədii yaradıcılığa həvəs göstərmişdir. O, 1973-cü ildə Ağdam rayon 8 saylı orta məktəbi əla qiymətlərlə bitirib, həmin ildə də Azərbaycan Pedaqoji Universitetinin (APU-nun) filologiya fakültəsinə daxil olmuşdur. Aidə xanım ikinci kursda oxuyarkən "Dağ təranələri" adlı ilk şeirlər kitabı çapdan çıxıb. Universiteti fərqlənmə diplomu ilə başa vurduqdan sonra doğma kəndinə qayıdıb. 1977-1992-ci illər ərzində oxuduğu məktəbdə dil-ədəbiyyat məlliməsi işləyib. Hər zaman şagirdlərinə ana nəvazişi, ana qayğısı göstərmiş, şagirdləri də onu anaları qədər sevmişdilər.

"Müəllim ruhun tərbiyəçisidir" - deyiblər. Təsadüfi deyildir ki, Aidə müəllimənin dərs dediyi, vətənpərvər ruhda tərbiyə etdiyi şagirdlərin 120 nəfəri Birinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid, 59 şagirdi isə müharibə əlili olub. A.İbrahimova vətənpərvər, torpağını, el-obasını canı, qanı ilə sevən təəssübkeş xanım idi. O, ailə üzvləri ilə birlikdə əlinə silah alıb mənfur düşmənlərdən torpaqlarımızı azad etmək üçün qızğın döyüşlərdə iştirak etmişdir. Qardaşları - Hidayət və Elşad müharibədə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmişlər.

Aidə xanım döyüşdə şahidi olduqlarını, müharibənin ağrı-acılarını Vətənin qəhrəman oğullarına həsr etdiyi "Durnalar köç eylər" silsilə yazılarında qələmə almışdır.

A.İbrahimova 1993-2001-ci ilədək Azərbaycan Dövlət Dillər Universitetinin Azərbaycan Dilçiliyi kafedrasında müəllim kimi fəaliyyət göstərmiş, şərəfli müəllim adını hər zaman uca tutmuşdur. Kollejtivin, tələbələrin sevimlisi idi. Azərbaycan dilçiliyinin inkişafında rolu olan dilçi alim Azərbaycan leksikoqrafiyasının inkişaf tarixinin tədqiqi ilə məşğul idi. "Azərbaycan leksikoqrafiyasının təşəkkülü", "Əliheydər Orucov" monoqrafiyalarının, türkiyəli tələbələr üçün yazdığı "Azərbaycan dili" dərsliyinin müəllifidir. 6 cildlik Azərbaycan Ensiklopedik lüğətini hazırlayıb. "Azərbaycan dialektologiyası" proqramının, bir sıra kitab və dərsliyin də müəllifidir. 1999-cu ildə "XX əsr Azərbaycan leksikoqrfiyasının (1930-1960-cı illər) inkişaf tarixi" adlı namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Müharibə və Əmək Veteranları Şurasının, Azərbaycan Qadınlar Cəmiyyətinin üzvü olub.

O, həm də gözəl, qayğıkeş ana, sevimli nənə idi. 6 nəvəsi var. Ömür-gün yoldaşı Ruslan müəllimlə Anar, Arslan, Leyla adlı övladlar tərbiyə edib, onlara ali təhsil vermişdir. Anar və Arslan Bakı Dövlət Universitetinin hüquq fakültəsində eyni kursda oxuyub, təhsillərini magistraturada davam etdirmişlər. Leyla isə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb, hazırda orada dərs deyir.

Oğlu Arslanın vaxtsız dünyasını dəyişməsi Aidə xanım üçün böyük itki olsa da, o, balaları qədər sevdiyi şagirdlərini, ilk şəhidlərimiz olan - Əlini, Bəxtiyarı və digər şəhidlərimizi, qardaşlarını itirəndə qəlb yanğısının, itkinin nə olduğunu bilmiş, hələ o vaxtdan ürəyini şama döndərmişdir.

On ildən çoxdur ki, tanıyırdım Aidə xanımı. Haqqında mətbuat səhifələrində yazılar vermişdim. Dəfələrlə qonağı olmuşdum. Birlikdə tədbirlərdə də iştirak etmişdik. Tez-tez zəngləşərdik. Ağdamın işğaldan azad olunması xəbərini eşidəndə ağdamlı tanışlarımın içərisində ilk ağlıma gələn, bu xəbərin sevincini bölüşüb təbrik etmək istədiyim də o olmuşdur. Elə sevinirdi ki… Xeyli danışdıq. Söhbət zamanı birdən susdu. Sonar titrək səslə: "Ay Kəmalə, görək gedib çıxa biləcəyəmmi Ağdama?" - deyərək kövrəldi. Mən də təsirləndim. Sonra: "Aidə xanım, Allah qoysa gedərsiz, darıxmayın" dedikdə - "Gedərsiz yox, gedərik. İnşallah səni də qonaq aparacam. Gedib gözəl Ağdamı görərsən" söyləmişdir.

Vəfatından bir neçə gün qabaq da danışmışdıq. Hələ də o gözəl, şirin, məlahətli səsi qulağımdadır. Mehriban, səmimi, sadə, xeyirxah, ziyalı, alicənab xanımlarımızdan idi Aidə xanım. Azərbaycan xanımlarına xas xüsusiyyətlər onda cəmlənmişdi. Yaxşılıq etmək, ehtiyacı olana əl tutmaq həyat meyarı idi. Həcc ziyarətində olmuş, müqəddəs yerləri ziyarət etmişdir. Süfrəsi hər kəsə açıq olardı. Onunla söhbət etdikdə mənən dincələr, rahatlıq tapardın. Qəlbi hər zaman Allahın yaratdıqlarına, insanlara sevgi hissi ilə döyünərdi. Çox təəssüf ki, o qəlb fevralın 4-ü oğlu Arslanın dünyasını dəyişdiyi gün həmişəlik susdu. Qeyrətli el qızı, dəyərli ziyalı Aidə İbrahimova doğma yurd-yuvasına qayıtmaq arzusunu da biryolluq özüylə apardı.

Müqəddəs kitabımız olan "Qurani-Kərim"də buyurulub: "Qiyamət günündə alimlərin mürəkkəbi şəhidlərin qanıyla ölçülər". Məqamın uca, ruhun şad, yerin cənnət olsun, nur üzlü, mələk simalı, sevənlərinin, şagirdlərinin, tələbələrinin qəlbində daim yaşayacaq hörmətli alimimiz Aidə xanım!

Sizi heç zaman unutmayacam!  

 

Kəmalə Rəhimli,

jurnalist