adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Mart 2021 12:29
42421
HÜQUQ
A- A+

“Düz sözə nə deyəsən?”

15 mart 2021-ci ildə rokurorluq orqanlarında uzun illər qüsursuz xidmət etmiş,əqidəli,hüquqi cəhətdən savadlı,prokuror adını həmişə uca tutan,səmimi insan Əskər Lətif oğlu Bəkirovun 70 yaşı tamam olur.Bu münasibətlə əziz dostumu səmimi qəlbdən təbrik edir ,uzun ömür və cansağlığı arzulamaqla müəllifi olduğum “Prokuror-xatirələr və düşüncələr”kitabından onunla bağlı bir haisəni oxuculara təqdim erdirəm.

 

“Düz sözə nə deyəsən?”

 

1980-ci ilin axırlarında qurultayqabagı şikayətlərin çoxluğu nəzərə alınmaqla, bir neçə gənc prokurorluq işçisini, o cümlədən, Masallı rayon prokurorunun böyük köməkçisi kimi məni Respublika prokurorluğunun “Məhkəmələrdə cinayət işlərinin baxılmasında qanunların icrasına nəzarət” şöbəsinə ezam etdilər. Şəki rayon prokurorunun köməkçisi Əskər Bəkirovla bir otaqda oturmalı olduq. Əskərlə şəxsi tanışlığım olmasa da, sorağını eşitmişdim. “Sosialist Qanunçuluğu” jurnalında tez-tez yazıları dərc olunurdu. Arıq, cılız görkəmli Əskər savadlı olmaqla bərabər, özündən razı görünürdü. Mübahisə etməyi çox sevirdi. Güclü şahmatçı olduğunu, Şəkidə ona “Fişer”, - deyə müraciət edildiyini söyləyirdi. Səhərisi gün şahmat alıb, işə gəldim. Nahar fasiləsində ağ fiqurları mənə verdi. Topun qabağını bir gediş açdım. Əskər, “görünür sən şahmatı təzə öyrənmisən. Debüt bilmirsən. Mən sənə kitab gətirərəm və.s” - danışarkən artıq 20-ci gedişdə mat oldu. Nahar fasiləsində və işdən sonra daha bir neçə dəfə oynasaq da, nəticə dəyişmədi. İki həftə ərzində 30-40 oyun keçirdik. Əskər bir dəfə də olsun, heç-heçə edə bilmədi. Axırıncı gün ona dedim ki, 15 gündə uduzduğun bütün oyunlarda özünü təqsirləndirirsən. Bir dəfə də mənim yaxşı oyunumu qeyd etməmisən. Camaatla da belə rəftar edirsənsə, vay o millətin halına... Mən şahmat üzrə SSRİ idman ustalığına namizədəm. On il müxtəlif yarışlarda iştirak etmişəm. Müvəffəqiyyətlərim çox olub. Əskər təəccüblə, üzümə baxıb, dedi:

- Ədalətsiz adam sənsən ki,əsl gücünü gizlətmisən. Yoxsa mən səninlə başqa debüt oynayardım. Soyuq ayrıldıq.

Aradan 6 il keçdi. Üçüncü il idi ki, Cəlilabad rayon prokuroru vəzifəsində işləyirdim. Bir dəfə qapı döyüldü. İçəri paltoda, başında norka papaq bir nəfər girdi. Ərklə qabaga gəlib, əl uzatdı və dedi: - Gəlmişəm sizinlə şahmat oynamağa. Yalnız bu zaman Əskəri tanıdım. Onu Yardımlı rayon prokuroru vəzifəsinə təyin etmişdilər. Ayda bir-iki dəfə məni və Masallı rayon prokuroru Əzizağa Həsənovu qonaq çağırır, yeyib-içdikdən sonra şahmat oynayırdıq. Nəticə dəyişmirdi. Bir dəfə dedim ki, Əskər, bu qədər xərc çəkib, bizi qonaq edirsən. Nə vaxt, məni bircə oyun udsan, səni başdan-ayağa bəzəyəcəyəm. 1989-cu ilin iyul ayında respublikanın 13 sərhəd rayon prokurorları, o cümlədən, mən və Əskər Bəkirov Alma-ata şəhərində SSRİ Baş prokurorluğunun təşkil etdiyi seminar-müşavirəyə dəvət olunmuşduq. Hər gün şam yeməyindən sonra Əskər özü ilə gətirdiyi şahmatı ortaya qoyur və həvəsim olmasa da, məni oynamağa məcbur edirdi. Yoldaşlarımızın hamısı Əskərə azarkeşlik edirdi. Səfərin axırıncı günü şam yeməyindən sonra Əskər şahmatı gətirdi. Məclis otaqda da davam etdiyinə görə, həddindən artıq hay-küy var idi. Necə oldusa, diqqətim yayındı və Əskər 1-ci xətdə topla məni mat etdi. Qol vurulanda çılğın azarkeşlər etdiyi kimi Əskər atılıb, düşür və qışqırırdı. Digər yoldaşlarımız da Əskəri təbrik edirdilər. Bakıya qayıdan kimi yaxın qohumum və dostum Qəhrəmanın iş yerinə getdik. Ona kostyum və eyni rəngdə qalstuk sifariş etdim.

Birinci sırada soldan:İlham Abbasov,Eldar Məcidov,Ənvər Həmidov,ikinci sırada Ələmdar Məmmədov,Əskər Bəkirov,Zülfü Ağacanov.İyul 1989-cu il Alma-Ata şəhəri.

On gündən sonra Əzizağa Həsənovun toyuna Əskər təzə kostyumda gəlmişdi. Adətən, səliqəli geyimə fikir verməyən Əskərdən hamı “Nə yaxşı kostyumun var?” - deyə soruşduqda, “Ələmdardan şahmatda udmuşam” cavabını verirdi. Uzun illər keçsə də, kostyum köhnəldiyindən yalnız qalstuku otağında saxlayır, ümumi tanışlarımızdan rast gələndə, “Ələmdardan şahmatda udmuşam”, - deyirdi. Düz sözə nə deyəsən?

Ələmdar Məmmədov,

Təqaüddə olan baş ədliyyə müşaviri