SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: HALAL, SƏMİMİ VƏ BÜTÖV

  21020   |  
Şriftin ölçüsü  

Bəhram Fərmanzadənin 70 yaşına təbrik əvəzi...

 

Onunla tanışlığımın dəqiq tarixini bilmirəm. Amma yaxşı yadımdadı ki, mayın ilk günləriydi. Söhbət 80-ci illərdən gedir. Bir az da yuvarlaqlaşdırsam, 1982-ci ilin may ayı idi.  Şair dostlarım Çingiz Əlioğlu və Vaqif Nəsib Sarıhüseynoğu ilə birlikdə Beyləqana getmişdik. O vaxtlar Haramı düzündə doğulduğum kəndin, yəni Tuğun təsərrüfatı yerləşirdi. Rəhmətlik atam da bu təsərrüfatda işləyirdi, ona görə də şair dostlarım atamla görüşmək üçün Haramı düzünə səfər etdilər. Maşını Çingiz Əlioğlu idarə edirdi. Gəldik Haramı düzündəki təsərrüfata. Sadə əmək adamı  olan atam qonaqların gəlişinə çox sevindi. Çünki öncədən Çingiz müəllimi kənddəki evimizdə də qarşılamışdı, onun özünü də, ailəsini də yaxşı tanıyırdım. Bu mənada görüş gözlənilməz deyildi. Vaqif Nəsib burada aftoqrafla atama öz kitabını da bağışladı. Indi də saxlayıram o kitabı. Söhbət zamanı , yeməyin çöl şəraitində hazırlanması bir az uzun çəkəcək deyə, Çingiz müəllim təklif etdi ki, Beyləqana baş çəkək. Və getdik Beyləqan şəhərinə. Burada ilk dəfə adını çox eşidib, üzünü görmədiyim Bəhram Fərmanzadə ilə görüşdük. O, qollarını açıb Çingizlə də, Vaqiflə də möhkəm-möhkəm qucaqlaşdı. Çox səmimi şəkildə “Ə, qadam, niyə əvvəlcədən xəbər verməmisiniz gəlişinizi?” – dedi.

Bəhramla ərkyana danışan Çingiz Əlioğlu bildirdi ki, Beyləqana təsadüfdən gəlmişik. Bu kişi (məni göstərib – Ə.M.) bizim gənc dostumuzdu. Onun atası Mədət kişini ziyarətə gəlmişik. Burda  -  Haramı düzündə təsərrüfatda işləyir.

Bəhram Fərmanzadə mənə tərəf çevrilib dedi ki, “Əbülfət Mədətoğludu bu?”. Və ardınca da əlini mənə tərəf uzadıb səmimi şəkildə dedi ki, qiyabi tanışlığımız oldu əyani. Bundan sonra sən də mənim üçün bütün şair dostlarım qədər əzizsən. Indi isə gedək bir stəkan çay içək, yol gəlmisiniz, orada söhbətimizi davam etdirərik.

Çingiz Əlioğlu Bəhramın qoluna girib bildirdi ki, çayı Haramı düzündə içəçəyik. Yoxsa Mədət kişinin qınağından qurtara bilmərəm. Bizim üçün artıq orda əməlli-başlı tədarük görüb. Bəhram bizə qoşulub Haramı düzünə gəldi. Həmin tarixdən başladı bizim dostluğumuz...

Sonralar Beyləqana ezamiyyətlərə gedəndə, Bəhram Bakıya gələndə, 1991-ci ildə isə ailəm məcburi köçkün kimi Beyləqanda məskunlaşanda biz bir-birimizi daha yaxından, necə deyərlər, ürəkdən-ürəyə tanıdıq. Mən Bəhramın özü qədər ailəsinin də səmimiyyət, halallıq ünvanı olduğunun şahidinə çevrildim. Gördüm ki...

Haşiyə: Bəhram Fərmanzadə Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun doğmaca bacısı oğludu. Yəqin ki, sovet-alman müharibəsinin bu şanlı qəhrəmanı barəsində çoxunuzun xəbəri var. Beyləqanın Şahsevən kəndindən olan bu qəhrəmanın doğmaları, xüsusilə Bəhram öz zəhmətkeşliyi, işgüzarlığı, nəsil-nəcabətinə sayğısı və eləcə də özünün əxlaqıyla həmişə diqqət mərkəzində olub. Beyləqanda və həmin ətrafda kimsə Bərman Fərmanzadənin hansısa bir günahının, şıltaqlığının, iynə ucu boyda da olsa qəlbə dəyməsinin mümkünlüyünə heç vaxt inanmayıb. Ona görə ki, Allah onu təbiətən halal və səmimi yaradıb. Dünyaya  əsl ziyalı kimi qədəm qoyub Bəhram Fərmanzadə. Sovet dönəmində rayon miqyasında ən önəmli vəzifələrdə çalışıb, rəhbər postlar tutub. Amma qazandığı dostlar və bir də alqış olubdu.

Bəli, mən Bəhramla doğmalaşdıqca, onun iç dünyasını daha aydın görməyə başladım. Və ilk anladığım bu oldu ki, Bəhram həm də Yer üzünə şair kimi  gəlib. Ona görə də bu insan hər kəsə şair kimi yanaşır, hər kəsə şair sevgisiylə diqqət yetirir və yazır:

 

Köklü bir çinarın budağı kimi,
Bəzəkli bir gəlin otağı kimi.

Ismətli bir qızın dodağı kimi

Sevgi də qönçədə uyuyan güldü,

Bu həyat şirindi, Dünya gözəldi.

 

Qaranlıq əriyib işığa batır,

Günəşə, işığa hər şey can atır.

Bir ovuc torpaqda xəzinə yatır,
Vətən torpağının daşı da ləldi,

Bu həyat şirindi, Dünya gözəldi.

 

Gecələr sayrışan ulduza bir bax,

Günəşin başına fırlanır Yer, bax.

Bundadır möcüzə, bundadır sirr – bax.

Kainat əbədi, Dünya əzəldi -

Bu həyat şirindi, Dünya gözəldi!..

 

Zənnimcə, bu şeiri oxuyandan sonra siz də bir anlıq düşünəcəksiziniz və gözünüzün önünə sovet  dönəminin məmurlarını gətirib inana bilməyəcəksiniz ki, bu misraların müəllifi nə zamansa məmur olubdu. Və hətta inana bilməyəcəksiniz ki, onun dostlarının böyük əksəriyyəti Azərbaycanın tanınmış yazıçı və şairləri, jurnalistləri, mədəniyyət adamlarıdı. Hətta bir dəfə mənim yanımda onun  millət vəkilləri, yazıçı-publisist Aqil Abbasla, şair Tahir Rza ilə etdiyi söhbətləri dinləyəndə  ağlımdan ilk gəlib keçən bu oldu ki, demək, Bərham Fərmanzadə bu ömrü sözə həsr etməklə söz ömürlü dostlar qazanıb. Onların arasında mənim tanıdığım Ənvər Əhməd, Vaqif Cəfərli, Əbülfət Misiroğlu, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Məmməd İsmayıl, Tofiq Bayram, Davud Nəsib və başqaları da var. Yəni Azərbaycanda hər kəsin ancaq sözünü tanıdığı imza sahiblərinin böyük əksəriyyətini Bəhram Fərmanzadə özünün ən yaxını kimi tanıyır. Hətta mən  onun yazıçı və şairlər barəsindəki xatirə söhbətlərini dinlədikcə hərdən Bəhramı qınamışam da. Çünki o, bu çevrədə heç vaxt kiməsə nəyisə xatırlatmayıb. Öz yaradıcılığı barəsində bir işarə vurmayıbdı. Ona görə də Bəhramın əl boyda olan bir neçə kitabı yalnız 1990-cı illərin sonu,  2000-ci illərin əvvəllərində özünün artıq iş-güc sahibi olmadığı məqamlarda çap olunubdu. Oxuduğum həmin kitablar daha çox Bəhramın özəl  düşüncələrinin və bir də Azərbaycanın dəyərli ziyalılarının, eləcə də Ulu Öndərimizin xatirəsinə həsr edilmiş şeirlər və poemalardı. Bəhram Fərmanzadə yazır ki:

 

Sıldırımdan daş axdı,

Dərələrə helləndi.

Gözlərimdən yaş axdı,

Yanağında selləndi.

 

Gözlərinin yağından,

Yağ tökdü qəndillərə.

Çarpaz sinə dağından

Qalxıb baxdı çöllərə.

 

Baxdı fikir içində,

Baxdı ocaq yerinə.

Düşündü ki, nə vaxtsa,

Qayıdacaq yerinə.

 

Baxdı, yurduna, baxdı,

Içində dərd oynadı.

Gözlərindən yaş axdı,

Yaşında mərd oynadı.

 

 

“Qaçqın” adlanan bu bir parçasını təqdim etdiyim  şeirində Bəhram Fərmanzadə soydaşlarımızın yaşantılarını özünün kövrək duyğuları kimi ifadə edib. Və sonda vurğulayıb ki, mütləq bu qaçqınlıq bitəcək, mütləq yurda dönüş olacaqdı. Eləcə də sevgi şeirlərində də Bəhram həmin səmimiyyətini ustalıqla ifadə etməyi bacarıb və yazıb ki:

 

Yuxuna girirəm, yuxun da çindi.

Bu həmin döngədi, bu həmin tindi.

Yüz dəfə yanından ötsəm də indi,

Bir daha sən, məni görməyəcəksən.

 

Bu, həmin döngədi, həmin dalandı,

Desəm görüşərik, desəm, yalandı.

Təkcə xatirələr yaddaqalandı –

Bir daha sən, məni görməyəcəksən.

 

Mən sizin küçədən, keçib gedəcəm,

Köçəri quşlar tək,  köçüb gedəcəm.

Özümə bir yuva seçib gedəcəm,

Bir daha sən, məni görməyəcəksən.

 

Gözlərim gəzəcək qərib şəhəri,

Yanından yüz dəfə ötəcəyəm mən,

Dönüb bənövşəyə, bir yaz səhəri.

Pəncərən önündə bitəcəyəm mən,

Bir daha sən, məni görməyəcəksən.

Bir daha sən, məni görməyəcəksən...

 

Mən Bəhram Fərmanzadə ilə bağlı ürəyimdə olanları kağıza köçürməkdə bir məqamı nəzərdə tutmuşam. Bu da mart ayının 7-də, yəni 3 gün öncə 70 yaşı tamam olan dostumla bağlı xoş arzularımı ona çatdırmaqdı. Düşünürəm ki, özümün və ailəmin həyatında bir işıq kimi iz buraxmış və bu gün də həmin işıq kimi sevilən Bəhram Fərmanzadə onu tanıyan hər kəs üçün ilk dəfə gördüyümüz məqamın Bəhramı kimi yaşayır və elə bu cür də yaşayacaq. Ona görə ki, oğul- uşaq, nəvə sahibi olan Bəhram Allahın ən sevilən bəndəsi kimi heç vaxt dəyişməyə meyl göstərməyib. O necə doğulubdusa, o cür də qalmağı bacarıb. Yəni halal, səmimi və bütöv! Elə bu cür də qal, əziz dostum, qardaşım! 70 yaşın mübarək!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK