adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU:AĞANIN PULU GEDİR, MƏMURUN CANI

FAİQ QİSMƏTOĞLU
46701 | 2021-03-09 15:33

Bəzi hallarda başına faciə gələn, evləri, eşikləri ermənilər tərəfindən  raketlə, bombayla dağıdılan və hər şeyləri məhv olan insanlara məmurlar elə münasibət göstərir ki, adamın əli üzündə qalır. Adamın əli üzündə qalır ki, Böyük Qarabağ Savaşında evi dağılan, ailə üzvləri müxtəlif dərəcəli xəsarətlər alan və bəzən də daha ağır yaralara məruz qalan insanlara vəzifəli şəxslər niyə belə soyuq münasibət bəsləyir? Axı ölkə prezidenti cənab İlham Əliyev Qarabağ savaşında evi-eşiyi dağılmış, yaralanmış və bununla yanaşı, ağır streslər yaşamış insanlara hər cür qayğı və diqqət göstərir. Bu məqsədlə dövlətin büdcəsindən tikinti və bərpa işlərinə milyonlarla manat vəsait ayrılıb. Amma bəzi hallarda bu vəsait zərər çəkmişlərə ya tam ödənilmir, ya da can dərdi, can harayı verilir.
Redaksiyamıza Gəncə şəhəri, Əziz Əliyev küçəsi 2-ci dalan, ev 9-da yaşayan Əliyeva Vüsalə Rza qızı tərəfindən bir şikayət məktubu daxil olub. Və həmin şikayət məktubuna onun bərbad vəziyyətdə olan və ermənilər tərəfindən Gəncəyə raket atılarkən dağıdılan evinin görüntüsünün  şəkillər də əlavə edilib. Həmin şəkillərə və görüntüyə baxanda adamın ayağının altından yel qaçır və tükləri biz-biz olur. Ən azından ona görə ki, bu cür faciəyə və bəlaya düçar olmuş bir ailəyə qarşı Gəncə şəhər İcra Hakimiyyəti çox laqeyd münasibət göstərir. Vüsalə Əliyevanın redaksiyamıza ünvanlanmış məktubundan bir neçə cümləni oxucularımızın diqqətinə çatdırmaq istəyirik: “4 oktyabr 2020-ci ildə ermənilərin atdığı raket nəticəsində üçmərtəbəli 10 otaqlı evim, ev əşyalarım, şəxsi əşyalarımız, mülk tamamilə məhv olub. Evsiz-eşiksiz ortalıqda qalmışıq. 6 nəfərdən ibarət ailəmizin hamısı raket zərbəsi nəticəsində yaralanıb və xəsarət alıb. Ən ağır da mən yaralanmışam. Sol gözümün görmə qabiliyyətini itirmişəm, dişlərim tökülüb, bədənim qəlpə ilə doludu. 4 ay ərzində qorxudan, stersdən boğazımda 4 limfa vəzi əmələ gəlib. Nə bizim ailəmizlə, nə də mürəkkəb durumumuzla heç bir dövlət qurumu maraqlanmır və kömək etmir...”

Xanımın məktubunu həyəcansız oxumaq olmur. Hətta onların müalicəsi belə diqqətdən kənarda qalır və yaxın dostları Bakıya aparıb “Element” klinikasında müalicə və əməliyyat elətdiriblər. Dostlar, qonşular ailəyə kömək elədikləri halda, Vüsalə Əliyevanın Gəncə şəhər İcra Hakimiyyətinə və digər qurumlara müraciət etməsinə baxmayaraq, ona heç bir yardım edilmir. Gəncə şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun və digər məmurların soyuqqanlı münasibətindən bezən V.Əliyeva evinin görüntülərini və çətin vəziyyətdə olan durumunu videoya çəkərək sosial şəbəkədə payılaşır və cənab prezidentdən kömək istəyir. Gözləmək olardı ki, cənab prezidentə müraciətdən sonra yerli icra orqanları hərəkətə gələcək bu ailəyə cənab prezidentin ayırdığı 6 min manat vəsaiti və eləcə də 1500 manat pulu ödəyəcək. Vüsalə Əliyevanın prezidentə müraciətindən qorxuya düşən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı onu qəbula dəvət edir və xanım qəbulda olur, 4 ay ərzində niyə onları qəbul edilmədiyini soruşur. 

Başçının qəbulunda olandan sonra ona deyirlər ki, nə lazımdır sizə kömək edəcəyik. Amma gərək biz dediklərimizi yazasınız, bizdən razılıq edəsiniz. Bunların hamısını mənə başçının köməkçisi Tural İbrahimov dedi. Mən də dedim ki, elə şey yoxdur. Kömək edin, yardım göstərin, ondan sonra razılıq edərik. Başçının köməkçisi oğluma təyziq edərək özlərinə tərif yazdırır və tez bir vaxtda evimizi təmir edəcəyini bildirir. Bu razılıq məktubunu  alandan 3-4 gün sonra yenə başçının köməkçisi Tural İbrahimovla telefon əlaqəsi yaratdıq.  O isə cavab verdi ki, bizim büdcəmizdə sizə ayrılacaq vəsaitimiz yoxdur. Görünür, onlar belə düşünürlər ki, biz kimsəsiz və sahibsiz olduğumuza görə, səsimiz heç yerə çatmayacaq, oğlumu aldadıb razılıq məktubu almaqla öz məqsədlərinə çatacaqlar. Onlar bizi aldada bilər, ancaq Allahı və Prezidenti aldatmaq olmaz.

Oğlumun məktubundan sonra ikinci dəfə yenə Gəncə şəhər İcra Hakimiyyətinin  başçısı Niyazi Bayramova 21.02.2021-ci ildə  müraciət etmişəm. Indi də məni yenə get-gələ salır, başımın altına yastıq qoyurlar. Mən heç cürə başa düşmürəm onlar niyə bizə evimizin dağılmağı haqqında heç bir sənəd vermək istəmirlər? 2000 manatı  kartımıza pul köçürməklə bizə düşən qalan vəsaiti mənimsəmək istəyirlər. Axı cənab prezident bizim üçün hər cür şərait yaradıb. Çox təəssüf ki, onlar hələ də bizim acınacaqlı durumumuzu  nəzərə almayaraq, haqqımızı tapdamaqda davam edirlər. Gəncə şəhər İcra Hakimiyyətinə və eləcə də digər qurumlara müraciətlərimiz cavabsız qalır. Amma dünya heç də yiyəsiz deyil. Çünki bizim arxamızda Azərbaycan prezidenti İlham Əliyev və güclü dövlətimiz durur. Yerində olmayan məmurlarsa bizim kimi insanların haqqını tapdalayır, yalan  vədlər verir, get-gələ salır və nəticədə onlardan bir kömək görmədiyimizə görə, yenidən cənab prezidentə müraciət edirik. Və inanırıq ki, cənab prezidentin diqqətindən bu məsələlər heç vaxt yayınmayacaq, bizim evimizə və özümüzə dəymiş maddi və mənəvi ziyan ödəniləcəkdi. 

Təəssüf doğuran odur ki, bu gün yerlərdə bəzi icra strukturları və eləcə də məmurlar öz vəzifə borclarını yerinə yetirmək istəmirlər. Onlar düşünürlər ki, bu cür kimsəsiz və arxasız adamların başına hansı oyunu istəsən açmaq olar. Onsuz da onların arxasında kim var ki? Amma nahaq yerə bəzi vəzifəli şəxslər bu cür düşüncəylə yaşayırlar. Cənab prezident də dəfələrlə icra hakimiyyətinin başçılarını vəzifəyə təyin edərkən onlara dönə-dönə bir tapşırıq verib: “Gedin, xalqa xidəmət edin!”. Əfsuslar olsun ki, bəzi icra başçıları əyalətə qayıdandan sonra bu tapşırığı yaddan çıxarır, yenə köhnə qayda-qanunla işləməyə üstülük verirlər. Əgər yerlərdən mərkəzi icra orqanlarına və eləcə də mətbuata çoxlu şikayətlər gəlirsə, deməli, o məmurlar yerində deyil, bu cür könhə metodla işləməklə xalqı dövlətdən narazı salırlar. Və xalqı dövlətdən narazı salanların isə heç də axırı yaxşı olmur. Yəni onlar ya vəzifədən azad edilirlər, ya da həbsxanaya göndərirlirlər. 

Bu gün ölkəmiz Böyük Qarabağ Savaşından möhtəşəm Qələbəylə çıxıb və azad olunmuş rayonlarımızda, şəhərlərimizdə, qəsəbələrimzdə abadlıq və quruculuq işlərinə start verilib. Bu isə o deməkdir ki, ölkəmizdə gedən böyük tikinti işlərində hamılıqla iştirak etməliyik. İnsanların ümidlərini və inamlarını qırmamalıyıq. Və bayaq dediyim kimi, yerlərdəki icra orqanları insanların haqqını tapdamamalı və zəhmət çəkib öz vəzifə borclarını yerinə yetirməlidilər. Ağanın pulu gedir, məmurun canı... Çünki insanlar bu gün ölkədə bəzi vəzifəli şəxslərin süründürməçiliyindən və onların haqqını tapdamasından təngə gəlib, öz etirazlarını müxtəlif formada ifadə eləyirlər. 

Ümid edirik ki, haqqı tapdanan Gəncə şəhər sakini Vüsalə Rza qızı Əliyevanın və ailə üzvlərinin problemləri də tez bir zamanda həll ediləcək, onlar bu stersdən və sıxıntıdan xilas olacaqlar.

TƏQVİM / ARXİV