adalet.az header logo
  • Bakı 12°C

QƏDİR RÜSTƏMOVUN OV MACƏRALARI VƏ YOLUMUZUN ÜSTÜNƏ ÇIXAN QARA PİŞİK - Aqil ABBAS yazır

AQİL ABBAS
130964 | 2023-04-29 12:51

Bu yazının ərəblərin ov eləməsi ilə bağlı heç bir əlaqəsi yoxdu. Elə baxıram ki, mətbuat və sosial şəbəkələr hamısı ovdan yazır, ovçuluqdan yazır. Və ümumiyyətlə, ovçuluğu vəhşilik adlandıranlar da var.

Mən də ov həvəskarıyam. Əvvəllər çox gedərdim, amma ov yoldaşlarımın bəziləri rəhmətə getdiyindən, bəziləri isə mənim kimi yaşlaşdıqlarına görə son illər ov məni maraqlandırmır, hərdən ürəyimdən keçsə də.

Hətta İctimai Televiziya bir zamanlar mənimlə bağlı «Ovçu» adlı sənədli film çəkmişdi. Məndən əvvəl də Vaqif Səmədoğludan çəkmişdilər.

Vaqif Səmədoğlu əsl ovçu idi, quşu gözündən vururdu. Amma onunla bir yerdə ova getmək qismət olmadı.

Ov dünyanın ən gözəl istirahətidi. Ovdan aldığın ləzzəti heç nə əvəz edə bilməz. Hətta Cenifer Lopez də.

Ovçuluğu atamdan öyrənmişəm. O vaxtlar doğulduğum kənddə ov quşlarını sapandla da vurmaq olardı. İndi lampayla da axtarsan tapmazsan. Tüfəngi götürüb çıxardı elə kənddəki bağımıza, iki-üç turac vurardı. Ya da kənddən çıxardı taxıl zəmilərinə, bildirçin vurardı. Mənə də güllə atmağı öyrədərdi. Biz Ağdama köçəndən sonra atamın Ağcabədidəki sovxozundan Ağdama iki yol gəlirdi – biri Hindarxdan, biri də Haramıdan, Mərzilidən. Haramı yolu ağır yol idi, yəni kənd yolu. Əvvəllər iş yeri Ağdamdan uzaq olduğundan həftədə bir dəfə gələrdi. Hər dəfə gələndə də ya iki-üç turac, ya da iki-üç kəklik gətirərdi. Yəni evimizdən ov quşu əskik olmazdı. Anam ov əti yeməzdi. Çox qəribədir ki, xanımım da ov əti yemir.

Atamın tüfəngi həmişə maşında yanında olardı. Sürücüsü öyrənmişdi necə sürsün ki, atama yön versin.

Ağdama köçəndən sonra atam heç vaxt məni ova aparmadı, amma…

Amma… Universitetə qəbul olunandan sonra Ağdamdakı dostlarım – Xallı Şahin və Tahir abi məni Qədir Rüstəmovla tanış elədilər. Həmin vaxt mən Qədirdən nə isə yazırdım. Elə yazdım da, 18 yaşım vardı – «Evləri köndələn yar» povesti. Düzdür, povest «Ulduz» jurnalında 10 ildən sonra çap olundu. Bəxtiyar Vahabzadənin təqdimatına baxmayaraq, 1971-ci ildə «Ulduz» jurnalının baş redaktoru Əhməd Cəmil çap eləmədi ki , komsomolçu komsomolçunu bıçaqlayır. 10 il sonra da çap eləmək istəmirdilər, sonra Anarın qorxusundan çap elədilər.

Həm Xallı Şahin, həm də Tahir abi (qeyri-adi adam idi, cavan rəhmətə getdi, elə Qədir kimi əti acıydı. Arıq, vurub-tutmağı bilməyən bir oğlan idi, amma Ağdamın özündən deyən cavanları onu görəndə ayağa dururdular) dedilər ki, Qədiri yaxından tanımaq üçün gərək onunla ova gedəsən, yol yoldaşı olasan.

Ondan əvvəl Məşədi Nərimanın oğlu Aydın Mehrəliyev (Qədir Rüstəmovun çəpər qonşusu) məni aparmışdı Qədirin yanına ki, bu dostumuz səndən povest yazmaq istəyir. O da baxmışdı ki, çəlimsiz bir uşaq, Anar deyil, İsi Məlikzadə deyil, Seyran Səxavət deyil mənlə bir az məzələnmişdi və demişdi ki, getsin yazsın da, mən nə deyirəm ki. Yəni məni, belə deyək də, qəbul eləməmişdi.

Amma elə ki, Tahir abiylə getdik, məni qəbul elədi. Mənim də ova qoşulmağıma razılaşdı. Həm də dedi ki, ə, noldu povestin?

Bu povestlə bağlı çox məsələ var, sizi yormaq istəmirəm. Mən Qədirə necə izah edəydim ki, heç vaxt komsomolçu olmayan Qədiri heç vaxt komsomolçu olmayan bir qonşusu bıçaqlayıb və sair və ilaxır.

Və beləliklə, Qədir Rüstəmovla bizim dostluğumuzun kökündə ov dayandı.

Qədir də adətən balığa gedəndə Ağcabədidəki kanallara və ya Kürə, ov ovlamağa getmək istəyirdisə Ağgöl tərəfə üz tutardı.

Qədirin ən çox sevdiyi balıq ovu idi. Tilovunu atardı kanala, ya Kürə və saatlarla sakit oturub gözləyirdi ki, nə vaxt balıq çıxacaq.

Mən tələbəydim, amma Qədir mənə «Məllim» deyə müraciət edərdi.

- Məllim, o balıq ki düşür ey, tilovu ki çəkirəm ey, elə bil ordan fil çəkirəm.

Qədir əti acı adamdı. Onla ünsiyyət qurmaq çətindi. Söhbətimiz bəzən tuturdu. İlk dəfə balıq ovuna gedəndə dedi:

- Məllim, sən get məndən əlli metr o tərəfdə tilov at.

Öz yanında heç kimi görmək istəmirdi. Ona görə yox ki, yanındakılar onun tutacaqları balıqlara şərik ola bilərdilər. Ona görə ki, tək qalmaq istəyirdi. Bəzən bir-iki saat tilovuna heç nə düşməzdi. Amma onun vecinə deyildi. Əslində Qədir balığa hamıdan qaçmaq üçün gedirdi. Bu yalan dünyadan, mənasız insanlardan qaçmaq üçün. Gedirdi və özüylə, Allahıyla tək qalırdı. Necə ki insanlar namaz qılanda Allahıyla tək qalmaq istəyir, Qədirin də Allahıyla tək qalmağı həmin o balıq tutmağı idi. İlahi, görən Qədir o saatlarda nə düşünürdü və beynində hansı «namazı» qılırdı?

Bir dəfə yenə Ağcabədidə kanalda balıq tuturuq, təbii ki, hamımız Qədirdən qırx, əlli metr aralıyıq. Uzaqdan bir səs gəlir:

- Ay Məhəmməd ey, ay Məhəmməd ey…

Qədir qalxdı ayağa və başladı yarım kilometr uzaqlıqdakı körpüyə getməyə.

- Qədir, haraedirsən?

- Ə, görmürsən bağırır, balıqları qaçırır. Gedim deyəm ki, bağırma.

Əslində həmin səs balığı qaçıra bilməzdi. Qədirin «namazını» pozmuşdu, Qədirlə Allahın arasına girmişdi.

Qəribəydi ki, Qədirin tilovuna daha çox balıq düşürdü. Qədir o balıqların hamısını evə aparmazdı, qonum-qonşuya paylayardı, iki-üçünü də ailəsinə verərdi.

Qədirlə birinci dəfə ova gedəndə tutduğu bütün balıqları mənə bağışladı. Dedi ki, adətdi, ilk dəfə ova gələnə bütün ovlar hədiyyə olunmalıdı. Dedim, Qədir, bir belə balığı neyləyirəm? Dedi ki, sən də apar payla qonşularına, de ki, özüm tutmuşam. Mən həmin gün valideynləri iclasa çağırılacaq üçcə dənə balıq tutmuşdum.

Qayıtdıq Ağdama. Sarıcalıda tutduğumuz balıqlardan Süleymanın pavilyonunda bir neçəsini qızartdırıb yedik. Təbii ki həm də içki məclisi oldu.

Onda mən içki içmirdim. Biləsiniz, Qədir də içki sevən deyildi. Hərdən çayına 20-30 qram konyak qatıb içirdi.

Mənim içki içmədiyimi görüb dedi:

- Məllim, sən nə ağıllı oğlansan? Məndən məsləhət, heş vaxt işmə. İşməsən böyük yazıçı olassan.

Üstündən illər keçdi. Bir gün Qədir öyrəndi ki, mən də hərdən içirəm.

Dedi:

- Bu gitara çalanlar eşidiflər ki, Rəmiş nəşə çəkir, başlıyıflar nəşə çəhməyə ki, Rəmiş olsunlar, amma hamısı dəmiş oldu. İndi yəqin sən də eşitmisən ki, yazıçılar, şairlər içib Səməd Vurğun olajaxlar, amma hamısı durğun oluf. İşmə!

Qədir daha çox balıq ovuna gedirdi. Çox az hallarda Ağgölə ördək vurmağa gedərdi. İlk dəfə mənimlə Ağgölə quş ovuna gedəndə də vurduqlarını mənə bağışlamışdı.

Ova gedəndə hamı çalışırdı ki, Qədirin maşınına minsin. Çünki yolda Qədir nə isə oxuya bilərdi. Mənim səsim yoxdu. Amma dostlar başlayardılar hərə bir ağız oxumağa ki, Qədiri də cuşa gətirsinlər. Amma keçməzdi. Qədir oxumaq istəmirdisə, başına avtomat dirəsən də oxumazdı.

Deyirdi:

- Ə, səsinizin kal yerinə salıf özünüzü yormuyun, oxumeyjam.

Amma bir də görürdün ki, asta-asta başladı oxumağa.

Bilmirəm Ağdam uşaqlarında həmin lent durur, yoxsa yox, görürdün oxuyur və birdən kimsə yanından keçən maşın pis sürür, ona bir babat söyür:

- Ay sənin ananı…

Qədirin həmin söyüşləri də bal kimiydi. Və onu da hansısa oxuduğu muğam üstə deyirdi.

Qədirin səs kökləməyindən xəbəriniz varmı?

Mən ilk dəfə bunu İsa bulağında gördüm. Üzünü tuturdu dərəyə və muğam üstündə deyirdi:

- İs-ma-yıl, ay İs-ma-yıl, ay İs-ma-yıl…

Sonra boğazını arıtlayırdı, bir də çağırırdı:

- İs-ma-yıl…

Və sonra başlayırdı da. Hamını, o meşələri də, İsa bulağını da o dərələri də yığırdı səsinin içinə və qaranquşu ki yuvadan açıb buraxırsan ha, o səsi də açıb buraxırdı bütün dünyaya. İlahi, bu nə idi?

Xoşunuza gəlsə də, gəlməsə də ardı növbəti nömrəmizdə.

 

 

 

 

TƏQVİM / ARXİV