SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: REKLAM

  53406   |  
Şriftin ölçüsü  

... Sərlövhəni görən oxucu heç də təəccüblənməsin. Ən azından ona görə ki, biz bu yazımızda kimisə reklam eləməyəcəyik. Heç bizə hər hansı bir insanı reklam eləmək də sərf eləmir. Bu ancaq müxtəlif televiziya kanallarına, özü də özəl televiziyalara sərf eləyən bir addımdı. O mənada ki, televiziya kanalları pul qazanmaq üçün bəzi hallarda dövlətin və xalqın mənafeyini arxa plana atır, öz maraqlarını daha üstün tutur...

Bizim məmləkət o qədər də böyük bir ölkə deyil. Yəni bu başından o başına getmək üçün ən uzağı 5-6 saat vaxt itirməlisən. Və 5-6 saatdan sonra ən ucqar yerə çatmaq mümkündür. Sözümün canı odur ki, bu məmləkətdə kimin nə işlə məşğul olduğunu dövlətə və xalqa xidmət etdiyini, yaxud öz maraqlarını üstün tutduğunu hamı yaxşı bilir. Yəni hamı yaxşı bilir ki, bəzi televiziya kanallarında reklam olunan bir çox şəxslər, ayrı-ayrı məhsullar və eləcə də digər şeylər yalnız və yalnız reklam olunanın və televiziyalarına maraqlarına xidmət eləyir.

Bir də görürsən ki, budu ha, bir özəl kanal bir falçını çıxarıb onun öncə görməsindən, hər şeydən məlumatlı olmasından və hətta sağalmaz xəstəliklərə çarə tapmasından ağızdolusu danışır. Axı həmin falçı da reklam üçün televiziyaya bir ətək pul verib. Demək, bir ətək pul veribsə, ağlına və ağzına gələni danışır. Ağlına və ağzına gələni danışdığına görə də tamaşaçılar çox böyük maraq və həvəslə baxır. Hətta reklam olunan bəzi falçılar deyir ki, mən xərçəng xəstəliyinə də çarə tapıram. Heç də televiziya tamaşaçılarının hamısı savadlı, dünyagörüşlü və elmli deyil. Xüsusən də falçılara və digər əlləm-qəlləm adamlara inananlar aşağı təbəqənin insanlarıdır. Daha doğrusu, xurafata və cəhalətə düçar olanlardı.

Televiziya çıxışından sonra o falçıların qapısının ağzında adamlar növbəyə durur. Bir dəfə də belə kişi falçılardan birinin yanına 10-15 il bundan əvvəl bir xanım gedir. Görür ki, onun həyətində 100-ə qədər adam növbəyə durub. Amma falçının “koordinator”larından biri ona yaxınlaşıb deyir ki, növbəsiz keçmək istəyirsənsə, “beş şirvan” ver, sənə kömək eləyim. Sonra da əlavə edir ki, falçının da özünə 20 “şirvan” verərsən. Bir saat gözlədikdən sonra o “koordinator” xanımı falçının yanına salır. Falçıya dərdini danışır, deyir ki, hər gün evdə dava-şavadı, ərimlə bir-birimizi qırırıq. Indi mənə bir dua yaz, mehriban olaq. Falçı da bir yuxarı baxır, bir aşağı, deyir ki, 20 “şirvanımı” ver. Xanım pulu verir. Falçı deyir ki, mən sənə bir dua yazacam, daşdan keçəcək. Amma bu duanı kağıza yox, sənin sinənə yazmalıyam. Qadın da ona inanır və sinəsini açır. Sinəsini açanda falçı əlindəki qələmlə guya sinəsinə nəsə yazır. Qadın da görür ki, bu kişinin fikrindən başqa şey keçir. Hay-küy qaldırır və falçı yalvarır ki, qışqırıb eləmə, ala iyirmi şirvanını da verim, çıx get! Sən özün razı olmadın mən duanı axıra qədər yazım. Amma yarımçıq da olsa, dua keçərli olacaq. Heç bir ay keçmir ki, həmin qadın ərindən ayrılır...

Bu epizodu nəyə görə xatırladım? Çünki televiziyalarda reklam olunan belə adamlar ancaq dələduzluqla gəlib bu mərtəbəyə çatıblar. Ona görə televiziyada reklam olunurlar ki, müştərilərin sayı çoxalsın. Tay onları düşündürmür ki, kim bədbəxt olacaq, kim də daha pis duruma düşəcək.

Indi də əksər özəl televiziya kanalları bir çox həkimləri reklam edirlər. Hansı ki, bu həkimlərin yanına reklamdan əvvəl bir o qədər də xəstə gəlmirdi. Özəl klinikalarda işləyən bəzi həkimlər özlərini reklam etdirməklə çoxlu sayda pasiyent toplayır. Elə reklam olunan həkim var ki, gün ərzində 40-50 xəstəni 50 manatdan qəbul edir. Görün, bu nə qədər pul deməkdir. Həmin xəstələr  də  reklama aldanaraq həkimlərin qəbuluna gəlir, növbəyə yazılır.

Bir həkim var, adını deməyəcəm. Reklam olunmamışdan əvvəl bir-iki xəstəsi olardı. Elə nə vaxt da zəng eləyirdin, deyirdi boşam, gəlin! Amma televiziyada reklam olunandan sonra həmin həkimin qəbuluna düşmək müşkül işə çevrilib. Ən azından bir həftə qabaq növbə tutmalısan. Və bu növbəni tutandan sonra 50 manat ödəyib o həkimin qəbuluna düşmək olar. Artıq bəzi xəstələr həkimin reklamına bir o qədər də inanmırlar. Deyirlər ki, onun etdiyi müalicənin elə də effekti yoxdu. Bir həkim deyir ki, bu metod düzgün deyil, bir həkim də deyir ki, düzgündü. Mən xəstələri belə müalicə eləyirəm. Hər ikisi də özəl televiziya kanallarında reklam olunur. Yazıq bizim xəstələr də bilmirlər ki, yerli həkimin yanına getsin, yoxsa Türkiyədən gələn həkimin yanına.

İstanbulda çox məşhur bir kardio-cərrah var – doktor, professor Mehmet Saleh Bilal. Bir dəfə dedim ki, həkim, siz niyə Bakıya gəlmirsiniz? Ancaq Amerikaya, Almaniyaya gedirsiniz? O da dedi ki, mən Amerikaya, Almaniyaya getmirəm, onlar məni ən mürəkkəb ürək əməliyyatına dəvət eləyirlər. Mən də həmin əməliyyata öz komandamla gedirəm. Bəzən elə olur ki, 10-15 gün xarici ölkədə açıq ürək əməliyyatı aparırıq. Qiyməti də çox bahadı.

Yaxşı həkim heç vaxt Türkiyədən gedib Bakıda 50 manata xəstə qəbul etməz. Və yaxşı həkimi hər bir məmləkətdə, hər bir ölkədə yaxşı tanıyırlar. Çox təəssüf ki, bu cür dünyaşöhrətli həkim bir dəfə də olsun ölkəmizdə olmayıb. Amma əksər özəl klinikalara baxırsan ki, Türkiyədən gələn həkimlərdi. Biz demirik onlar yaxşı həkim deyil. Təbii ki, aralarında yaxşı həkimlər də var. Amma elələri də var ki, özəl klinikalarla əlbir olub camaatın dərisini soyurlar. Axı bu cür həkimlər həm də reklam olunur.

Bizdə bir məşhur göz həkimi də var. Amma onun xəstələrinin çoxu heç də razılıq eləmir. Televiziyada danışanda elə danışırlar ki, camaat da ona inanır və qəbuluna gedir. Mənim bir dostum var. Deyir ki, həyat yoldaşımı həmin məşhur həkimin yanına apardım, o da xanımımı bir neçə dəfə əməliyyat elədi. Amma bu əməliyyat heç bir effekt vermədi. Indi xanımım görmür və yataq xəstəsidi. Hansı ki, mənim bir ətək pulumu almışdı ki, yaxşı olacaq. Yaxşı, xanımım indi görmür, heç olmasa əməliyyata verdiyim pulu qaytarın. Heç bu barədə danışmaq belə olmaz. Pul deyəndə daş atıb başını tutur və deyir ki, o qədər dava-dərmana pul xərcləmişik. Pul qalıb ki, sizə qaytaraq?

Bizim öz günahımız da var. Günahımız bilirsiniz nədən ibarətdi? Televiziyalarda bir həkim reklam olunan kimi, o dəqiqə ona inanıb sel kimi yanına axışırıq. Hətta günlərlə, həftələrlə növbə gözləyirik. Bir də camaatı bir o qədər qınamalı deyil. Çünki insanlar düşünür ki, əgər bir həkimi, hər hansı bir məhsulu televiziya reklam edirsə, deməli, buna inanmaq olar. Başqa sözlə demiş olsaq, insanların təfəkküründə Sovet dövründən belə bir fikir formalaşıb ki, televiziyalarda nə göstərsələr, nə danışsalar, hamısı doğru və düzdü. Orda yalan şey ola bilməz. Amma yazıq camaat tay onu bilmir ki, indi özəl televiziya kanalları pul qazanmaq üçün nəyi desən reklam etməyə hazırdı.

Bu gün əksər özəl kanallar iki peşə sahiblərini daha çox reklam eləyir: həkimləri və müğənniləri! Vallah, yaxşı həkimin, yaxşı müğənninin və yaxşı sənətkarın reklama ehtiyacı yoxdu. Məgər Seyid Şuşinski, Xan Şuşinski, Əbülfət Əliyev, İslam Rzayev, Şövkət Ələkbərova, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Yaqub Məmmədov, Sara Qədimova, Qədir Rüstəmov reklam olunurdu? Yüz il əvvəl və yüz il sonra da onlar seviləcək, dinləniləcək və yadda qalacaq. İndi reklam olunan “müğənnilər” sabun köpüyü kimi 3-4 ildən sonra yaddan çıxacaqlar.

Istedadlı sənətkarın, musiqiçinin, həkimin və keyfiyyətli məhsulun heç vaxt reklama ehtiyacı yoxdu. Çünki onlar brenddilər. Əgər bir şey, bir məhsul hər gün televiziya kanalında reklam olunursa, deməli, onun keyfiyyəti yüksək deyil. Və eləcə də hər hansı həkim, müğənni və digər peşə sahibi televiziyadan düşmürsə, “bundan yoxdur” deyirlərsə, bilin ki, o, boş şeydi.

... Hər şeyin yaxşısını tapmaq olar. Sadəcə olaraq, onu axtarıb-arayıb üzə çıxarmaq lazımdı. Yoxsa reklamlara inanıb sonradan özünüzün başına olmazın müsibətini açmayın. Ən azından  ona görə ki, bu gün reklama inanıb çətin durumda və ağır vəzityyətdə olan nə qədər insan var. Xüsusən də insan taleyilə oynayan adamların sağlamlığına biznes marağı ilə yanaşan, reklam olunan o həkimlərdən özünüzü qoruyun!..

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK