adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Aprel 2021 10:59
61938
ƏDƏBİYYAT
A- A+

" Bir tikə ətin tamarzıları " - Saffari yazır

Gənclik insanın elə bir dönəmirdir ki, sən nə etsən, nə desən, ancaq bu çağında qəbul olunacaq. Səhvin də, düzün də.

25 yaşında deməli olduğun sözü gedib 50-də desən, əlbəttə maymaq kimi görünəcəksən. 25 yaşında etdiyin səhvi 50-də etsən, əlbəttə düşük kimi görünəcəksən. Bu yaşda etdiyin səhvlər də yaşına keçiləcək.  Odur ki, qorxma, ey gənc, cəsarətli ol. Qurban verməyi bacar. Sən ancaq bu halda yaşlana biləcəksən. Bəsdir həyatı ot kimi yaşadın, bəsdir toyuq kimi gün sovurdun.

Düzdü, hazırda özüm də bir gəncəm.

25 yox, hələ 23 yaşım var. Ona görə də özümü qoymuşam “bomba oğlanlığa”. Yəni, bunlar da mənim "gəncyanə" istəyim, tövsiyyələrimdir. Amma əfsuslar olsun ki, bir gənc ziyalı olaraq görmək istədiyim gəncliyi görə bilmirəm. İstənilən sahədə.

Siyasət deyirik, yenilənmə deyirik, cavan-cavan uşaqlar partiyalaşıb zibilləri çıxır, musiqi deyirik, gənc oğlanlar, qızlar bayağılaşır,”həciləşir”, ədəbiyyat deyirik, burda da mundar olurlar.

İlahi, heyrət ey büt, nə edək, necə edək?!

Düzdü, bütün bunların bir xeyli ictimai-siyasi səbəbləri də var, amma nə olur olsun, gənclik başqadır, gənclik gözəldir, bunun dəyərini bildin bildin, bilmədinsə, qocalanda ən yaxşı ehtimalla olacaqsan “ağçaqqal”. Bəs, mənsubu olduğumuz ədəbiyyat gəncləri niyə belədir? Doğurdanmı hər şey madiyyata hesablanıb ? Düzdür, bizdə gəncli-qocalı əksəriyyət bir parça çörəyin umuduna qalıb, bir tikə ətin tamarzılarıdır. Amma yenə də, bir şey etmək olmazmı?

Söhbət madiyyatdan gedirsə, əgər həqiqətən belədirsə, məsələn, mən niyə yaltaqlıq etmirəm?  Mənim pulamı ehtiyacım yoxdur? Yoxsa, mənmi özümü sayt köşələrində köşəyə qurban vermirəm? Ömrümün ən enerjili vaxtlarında çiyinlərimə elə bir yük düşüb ki, gəl görəsən. Olmayım mən, olsun başqa adamlar. O qədər var ki, ac da qalsalar, yenə də ədəbi aləmlərini təmiz saxlaya biliblər. demək ki, olanda olur, istəyəndə olur. Asan yola qaçmağın da öz çətinlikləri var.

Allah qoymasa, deyirik ki, gənclər yenilikçi olsun, kreativ olsun, etiraz ruhlarını unutmasınlar, səhv də olsa, yeni addımlar atılsın, köhnə, mənasız estetikalar rədd edilsin, bu dəmdə, elə bu yerdə gənclərin özü gəlir ki, bəs, məsələn, AYB sənə neyləyib? Qarşını kəsir ki, yazma? Bu yerdə də deyirsən ki, daş elə başua. Allah sənin o boş başını qoyb, ayağına daş salmasın. Bədbəxt gənc, gərək Anar fiziki olaraq əlimi tutsun ki, yazmayım? Anar ədəbiyyata bunca ildir ki, xəyanət edir, özü və ətrafı illərdir ki, sözün çörəyini yeyir, başqa nə olmalıdır? Əslində, bu yaltaq-yultaq cızma-qaraçılar hər şeyin fərqindədir, sadəcə, özlərini qoyublar artistliyə. Nə qədər izah edirsən, nə deyirsən, xeyri yoxdur, elə özünə qalır. Söhbət tək AYB-dən getmir, ümumi olaraq belədir. Məmur yazarlara ədəbi və fərdi münasibətlər, daha nələr-nələr. İçim yanır, and ola, içim yanır.

Bir dəfə bir keçmiş “ədəbi müxalifətçi” mənə etdiklərimin, yazdıqlarımın mənasız olduğunu, fayda verməyəcəyini dedi. Dedi ki, onsuz sən də bezəcəksən. Biz yazdıq, etdik nə oldu? Cavabım gecimkədi. Dedim, səncə, mən bunların fərqində deyiləmmi? Elə bilirsən ki, düşünürəm, mən yazmaqla düzələcək? Anar gedəcək, yerinə gələndə ədəbiyyatı inkişaf elətdirəcək? Əsla. O qədər də hərif deyiləm. Mən sadəcə gənclik ruhumu təzə saxlayıram. Bir də nail olmaq istədiyim şeylər var, bəlkə oldu? İcazə ver, bir ümidə tutunub yaşayım, icazə ver, mən də səhvlər edim, qocalanda görüm, deyim ki, “bu ömür alınmadı”. İcazə verin, mənə yazılmış bu bialoji ömrü təmiz başa vurum, vücudum, ruhum əyilməsin. Mən sınmaq istəmirəm, adamlar, sınmaq istəmirəm. Gəncliyi də sınmış görmək istəmirəm.

Odur ki, möhkəm ol, ey gənc, möhkəm ol. Sınma, əyilmə, bir az da ac qal, bir az da əziyyət çək. Ədəbiyyatda pul yoxdursa, başqa yerdən qazanmağa çalış, nə bilim, nə edirsən et, amma özünü təmiz saxla. Arena düzəlməyənə qədər rəsmiyyətə can atma. Burda rəsmiyyətlər rəzil gündədir. Beynində bütün bunların mənasız olduğu həqiqətinə çat. Onsuz da, bir gün sən də öləcəksən, ey gənc. Hamı yaxşı yaşamaq istəyir, amma qəbullan ki, hamı yaxşı yaşayacaq deyə bir qayda yoxdur.

Bəlkə, bədbəxt olası adamlardan biri də sənsən?!