adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 May 2021 11:14
24796
MƏMLƏKƏT
A- A+

"Oxu tar! Ağdama gələn var” - Rəşad Məcid yazır

Adamın çızdağını çıxaran, hiss və duyğularını öz əsarətində saxlayan olduqca təsirli bir film.

Səadət Məmmədovanın “ Oxu tar! Ağdama gələn var” filmini izləyəndən sonra ilk təssürat kimi bu cümləni yazdım.
Həqiqətən də elə bir təsir gücü, elə bir cazibəsi var idi ki, əvvəlindən axırınacan adamı yaratdığı auradan çıxmağa qoymurdu. Belə bir qiymətli filmi ərsəyə gətirdiyi üçün Səadət xanıma çoxlu təbriklər və təşəkkürlər düşür.

Səadət öz anası və bacıları ilə birlikdə Ağdamdan çıxanda uşaq, yeniyetmə yaşlarında olub, yəqin ki, çətinliklər də çəkib, problemlərlə də üzləşib, ağrılı-acılı günlər də yaşayıb. Amma mən bu illər ərzində bir dəfə də olsun, onun dilindən narazılıq, giley-güzar, şikayət eşitməmişəm. Əvəzində isə, köksündə gəzdirdiyi hüdudsuz Ağdam sevgisini, qəlbindəki Ağdam yanğısını, Ağdam həsrətini həmişə hiss etmişəm. Səadət özü də, bacısı Vüsalə də, həkim anası da bu illər ərzində xarakterlərindəki ağdamlılara xas qüruru, kübarlığı, toxluğu qoruyub saxlayıblar.

Ağdamdan ilk reportajını ürək ağrısıyla izləmişdim, içimdən bir gizilti keçmişdi. Ağdam sevgisini, uşaqlıq duyğularını, mərhum atasının xatirəsini bu qədər dipdiri saxlaya bilməsi mənə möcüzə kimi görünmüşdü. O reportajı izləyən, Səadətin özünün tanımadığı neçə-neçə insan ona təşəkkürlərini çatdırmağımı xahiş etmişdilər.

Səadətin bu yeni layihəsinin ilk filmi isə adamda tamam bambaşqa bir ovqat yaratdı.

“Şur” ansanblının rəhbəri Fərhad Paşayev Ağdam mədəniyyətinin simvollarından biridir, neçə-neçə ağdamlı musiqiçinin üzə çıxmasında, yetişməsində əvəzsiz rolu olan insandır. “Şur” ansanblı bir vaxtlar SSRİ-nin, Moskvanın ən mötəbər, ən nüfuzlu konsert salonlarında çıxışlar edib, böyük rəğbətlə, heyranlıqla qarşılanıb. Qarabağın, Ağdamın əsrlərdir muqiqi beşiyi olduğunu kim dana bilər ki?

Səadətin Fərhad müəllimlə Ağdama səfəri - onun doğulduğu evdən, çalışdığı musiqi məktəbindən, İmarətdən danışdığı xatirələri, o uçuq divarlar, xarabalıqlar arasında ifası, kövrəlməsi adamın qəlbini alt-üst edir, sümüklərini sızıldadırdı.

Fərhad müəllim keçən əsrin 70-ci illərində Ağdamdakı həmin musiqi məktəbində, həmin dərs otağında düz iki il mənə tar dərsi demişdi. Peşəkar və heç zaman unudulmayacaq insandır.

Bu veriliş həm də cavab idi –musiqiçilərinin kilsədəki süni, qurama ifalarını canfəşanlıqla təbliğ edərək, özlərinin məsum , fağır obrazlarını yaradıb, diqqət çəkmək, gözə girmək istəyənlərə kəsərli və əyani cavab.

Çox sağ olun, Səadət xanım - Fərhad müəllimlə bu kövrək söhbəti etdiyinizə və belə bir dəyərli film ortaya qoyduğunuza görə. Bu, təkcə Ağdama yox, həm də Ağdamın o möhtəşəm dövrünün, əsrarəngiz gözəlliyinin canlı şahidləri olmuş bizlərin öz uşaqlığına hüzünlü bir səfəri idi.

Əminəm, növbəti verilişləriniz üçün qonaqlar tapmaqda qətiyyən çətinlik çəkməyəcəksiniz. Ağdamın uçuq divarları, xarabalıqları arasında hətta gözüyumulu gəzib hər tikilini, hər məkanı anlada bilən, Ağdamı yaddaşında dipdiri saxlayan o qədər insan var ki!..

Yorulmayın!

Şövqdən düşməyin!

Könlünüzdəki Qarabağ sevdası heç zaman azalmasın!

Var olun!

P.S. Bu qeydləri yazandan sonra saytlarda Səadətin bacısı Vüsalə Məmmədovanın Ağdamdan reportajına rast gəldim. Onun yazdıqlarını da eyni həyəcanla oxudum. 27 il, 9 ay, 30 gün öncə - 1993-cü ilin 12 iyununda qaça-qaça çıxdığı Süleyman Sani Axundov küçəsindəki həyətlərinə dönüşündən, evlərinin paslanmış kilidindən, məhəccərdən, pilləkənlərinin parça-parça olmuş mərmərindən elə böyük sevgiylə, həsrətlə, acıyla danışır ki, təsirlənməyə bilmirsən.

“...Atam bu evi hördürüb, damını vurdurandan sonra vəfat etmiş, anam üç qızını böyütməklə yanaşı bu yarımtikilini evə çevirmişdi. Bu müddət ərzində bütün dünya nemətlərini özünə qadağan etmişdi”.

Qeyri-ixtiyari gözlərin önünə belə istedadlı, qəlbi Vətən, torpaq sevgisiylə dolu, vəfalı, sədaqətli övladları böyüdüb boya-başa çatdıran Ananın obrazı gəlir və içini ona sonsuz minnətdarlıq hissi bürüyür. Düşünürsən ki, həm də buna görə Vətən Anadır - unutdurmadığına görə, unutmadığına görə!..