adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 May 2021 18:18
32063
ELM VƏ TƏHSİL
A- A+

“Nizami fenomeninə milli və ədəbi kimlik kontekstində baxış adlı mühazirə keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı Azərbaycan farsdilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il “Nizami ili” çərçivəsində növbəti onlayn mühazirə keçirmişdir. Tədbirlər planında nəzərdə tutulduğu kimi, Aran regional filialı il ərzində Rayon Təhsil şöbəsi ilə birlikdə Qüvvət elmdədir! Başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz... devizi ilə Nizami mühazirələri”nin ikinci toplantısı 27 may tarixində onlayn formatda baş tutmuşdur.

Onlayn tədbiri Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq yaradıcılığı ilə Şərq poeziyasını forma və məzmunca zənginləşdirən və yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaradan, dünya ədəbiyyatı tarixində yeni mərhələ, yeni bir tarixi dövr açan, müdriklik zirvəsi Nizami Gəncəvi poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliğinin vacibliyindən bəhs etmişdir. O, bu məqsədlə keçirilən mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Sonra AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoy “Nizami fenomeninə milli və ədəbi kimlik kontekstində baxış” mövzusunda məruzə edərək Nizami Gəncəvinin Şərq epik şeiri tarixindəki yeri, farsdilli poetikaya gətirdiyi yeni bədii-estetik normalardan və bu əsasda Azərbaycan türkü olan Nizaminin milli və ədəbi kimliyi məsələlərindən söhbət açmışdır. Eyni zamanda o, Şərq ədəbiyyatının inkişafında müstəsna dərəcədə böyük rol oynamış Nizaminin təkcə milliyyətinə görə deyil, həm də özünün etnik-mədəni düşüncəsinə görə Azərbaycan-türk şairi olmasını, türklüyün Nizami üçün dərk olunmuş etnik özünüifadə modeli olmasını qeyd etmişdir.

Mühazirəyə Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulmuşlar. Professor Seyfəddin Rzasoy böyük məmnunluqla dinləyicilərin suallarını cavablandırmışdır. Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov təhsil işçiləri adından mühazirəçiyə və onlayn mühazirənin moderatoruna təşəkkürünü bildirmişdir.