adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Iyun 2021 11:28
36816
MƏMLƏKƏT
A- A+

Qənimətlər parkından reportaj

16 iyun, 2021-ci il...  Çox isti və quru hava var. Azərbaycan xalqının qürur yerinə çevrilən “Qənimətlər parkı”na tərəf gedirəm. Yol boyunca orda nələrlə qarşılaşacağım barədə fikrimi dələn düşüncələr məni təqib edir. Üzü parka tərəf xeyli insanın ora gedtiyini müşahidə edirəm. Mənim kimi onlar da “Qənimətlər park”ına çatmaq üçün səbrsizdirlər və tələsik addımlarla hərəkət edirlər.

Xülasə, xeyli piyada yol gəldikdən sonra məkana yetişirəm. Giriş qapısında biletimizi alıb içəri daxil oluruq. Ərazidə Türkiyədən gələn qardaşlarımız da gözə dəyir. 44 günlük Vətən Müharibəsində bizə hər mənada dəstək olan türk qardaşlarımız fərəhimizə də sevinclə şərik olublar. Onların da ermənilərdən qənimət götürdüyümüz dəmir-dümürə baxanda gözlərindəki sevinci görmək çətin deyildi.

Yanımdakı uşaqlardan birinin anasından: “Ana biz ermənilərə qalib gəlmişik. Bax, bütün avtomatları, pulemyotları onlardan bizim əsgərlərimiz alıb”- deyə sual verməsi məni də qürurlandırır. Analarına da afərin deyirəm, bəli, uşaqlarımıza kiçik yaşından vətənpərvirlik hissinin aşılanması, onların milli ruhda yetişdirilməsi təqdirəlayiqdir.

Bu sevinc hissini yaşarkən birdən-birə qayğılanıram. Üstümə kədər kölgəsi çökür. Qəlbimdə nə qədər qürurlu, bir qədər də qələbə hissi ilə zəfər sevincini yaşasam da, şəhidlərimiz məni kədərə boğur. İlahi, bu cür kütləvi silahları dəmir-dümürə çevirən o gəncləri necə də bağrıma basmaq istədim. Allah hamısına rəhmət eləsin! 44 gün ərzində qəhrəmanlıq salnaməsi yazan igid əsgərlərimiz ermənilərdən ələ keçirdikləri ağır texnika, silah-sursat, “İsgəndər” raketi, müxtəlif tipli tanklar, hətta qadağan olunmuş “Smerç” tipli raketləri, minaları, pulemyotları bu gün “Qənimətlər parkı”nda sərgilənir. Onlar öz qanları bahasına zəfər çaldılar!

Parkın ərazisi olduqca böyükdür. Gün də bir tərəfdən havanın hərarətini artırır. Silahlara, hərbi maşınlara, tanklara baxa –baxa bəlkə də istidən canım sıxıldığı üçün sanki müharibənin içinə düşmüş kimi özümü hiss elədim. Sanki mərmilərdən doğan alov məni də yandırırdı. Döyüş bölgəsində yaşananlar, əsgərlərimizin erməni qəsbkarlarını geri oturtması, ermənilərin əsir alınması, texnikanı qoyub döyüş zonasını qaçıb tərk etməkləri və s. canlı olaraq gözümün önünə gəldi.

Yanmış və külə dönmüş bir erməni tankına yaxınlaşıram. Tank tamamən yanıb sıradan çıxıb. Üzərində xaç işarəsi də var... Və düşünürəm – “Axı, sənin olmayan torpaqlar uğrunda necə savaşa bilirsən, ay bu xaçı çəkən erməni?” Bu qədər qanlar, bu qədər insan tələfatı, günahsız və dinc Gəncə, Bərdə sakinlərinin yaşayış binalarının raket atəşinə tutulması və müharibə zonasından kənar insanların şəhid olması.... Hamısı fikrimdən keçir...

Bir qədər aralıda “QARABAĞ AZƏRBAYCANDIR!” tablosunun arxa fonunda ermənilərin hərb maşınlarının üzərindəki nömrə nişanlarını görürəm. Çoxunda NKA işarəsi var... Preziden İlham Əliyev demişkən, Qarabağın status kvosu kimi, bu nömrələrin üstündəki NKA-lar da cəhənnəmə getdi. Azğınlaşmış ermənilərin son aqibətinin bu şəkildə olması mütləq idi. Bu belə də olmalıydı. Bizim olan torpaqları düşmənə təslim edə bilməzdik!

Ermənilərin tərk edib qaçdıqları hərbi bazalardan alınan müxtəlif tipli silahlara heyrətlə və fəxarətlə baxmamaq mümkün deyil. Özünü bir anlıq müharibə zonasında hiss edirsən. Və ədalətin zəfər çalmasını qəlbimdə alqışlayıram. Sevinc hissi, qürur, fəxarət hissi - hamısı bir-birinə qarışır... qəribə bir hissdir!!!

Hələ tankın içərisindən təəccüb və qorxu hissi ilə boylanan erməni əsgərinin üzündəki o ifadə... Gözləri bərəlmiş şəkildə ətrafa baxır... Çox güman ki, bizim əsgərlərimizin şücaət və igidliyi qarşısında aciz və çarəsiz qalıb...

Bütün bunları fərəhlə seyr etdikcə sevincdən gözümün yaşı özümdən asılı olmadan gilə-gilə aşağı yumurlanır. Qeyri-ixtiyari pıçıldayıram:

Bəli, bu bizim Zəfərimizdir! Bu bizim Qələbəmizdir! Bu bizim Qalibiyyətimizdir! Qətiyyətli Sərkərdənin Müzəffər Ordusu Qələbə əzmini həmişə qoruyub saxlayacaq! Qalib Ordunun Qalib Sərkərdəsi həmişə var olacaq!

Yaşasın Azərbaycan! Yaşasın Qarabağ! QARABAĞ AZƏRBAYCANDIR!

 

Səadət Sultan

Yazıçı-publisist