adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Vətənimin, dövlətimin dəyərlərinə hörmətsiz yanaşacaqsan, biz də... - Fazil Mustafa yazır

FAZİL MUSTAFA
52172 | 2021-07-11 14:17

ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç ölkənin- ABŞ, Fransa və Rusiyanın səfirləri humanitar tədbir olaraq nəzərdə tutulan Şuşa şəhərinə səfərdən imtina ediblər. Bunu müxtəlif cür yoxmaq imkanımız var, lakin burada əsas diqqəti çəkən məqam bir-biri ilə guya aralarında ziddiyyət olan üç ölkənin ermənilərlə bağlı məsələlərdə həmişə həmrəy davranmasıdır. Çünki bundan öncə bu səfirlər dağıdılmış Ağdam, Füzuli və başqa ərazilərə də ölkəmizdəki akkreditasiya olunmuş digər diplomatik korpus təmsilçiləri ilə birlikdə baş çəkməkdən imtina etmişdilər. Yəni illərdir erməni vəhşiliyinə açıq və dolayı yolla haqq qazandıran ölkələrinin beynəlxalq hüquqa zidd mövqeyini bir daha nümayiş etdirdiklərini diqqətə çatdırmışdılar. İndi isə bölgədə sülhdən, mədəni quruculuqdan söhbət getdiyi durumda Şuşanın timsalında bir mədəniyyət mərkəzinin dirçəlişini müşahidə etməyi özləri üçün arzuolunmaz bir addım saydıqlarını büruzə verirlər. İşdir əgər ölkə prezidnti səfirlərin etimadnaməsini dövlət protokolu qaydasında məhz Şuşada qəbul etməyi planlaşdırsa, o zaman bu səfirlər nə edəcəklər? Gedib Xankəndində terrorçu ermənilərlə şampan şərabı içəcəklər və Şuşaya ayaq basmayacaqlar? Səfirlərin bu addımı təkcə öz ərazi bütövlüyünü bərpa etmiş bir dövlətə hörmətsizlik deyil, həm də gələcəkdə bölgədə müharibənin qızışmasına, erməni terrorçuluğunun canlanmasına verilən bir dəstəkdir. Bir siyasi partiya rəhbəri kimi düşünürəm ki, Şuşaya adicə bir səfərə getməyi özünə rəva bilməyən bu ölkələrin səfirliklərinin təşkil etdiyi hansısa mədəni xarakterli tədbirlərdə istər Azərbaycan siyasətçiləri, istər də vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirakdan imtina etməlidirlər. Hörmət qarşılıqlı olmalıdır, sən mənim Vətənimin, dövlətimin dəyərlərinə hörmətsiz yanaşacaqsan, biz də sizlərin yan-yörənizdə demokratiya nəzakətinə boğulub üzünüzə gülümsəyəcəyik? Fikrimcə, rəsmi Bakı həmin ölkələrin səfirlərinin bu hərəkətsizliyi ilə bağlı izahat tələb etməlidir, bu izahat qaneedici olmadıqda ATƏT-in Minsk qurupu ilə hər hansı müzakirəyə və münasibətə son qoyulmalıdır.

TƏQVİM / ARXİV