adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Iyul 2021 16:50
34205
SİYASƏT
A- A+

Bahar Muradova Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşü keçirilib.

Bu barədə Adalet.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bahar Muradova son günlərdə Türkiyədə baş verən genişmiqyaslı yanğın hadisəsi ilə bağlı üzüntüsünü ifadə edərək həyatını itirənlərin ailələrinə başsağlığı verib. O, qardaş ölkəyə qarşı yönələn qara əllərin hələ də sakit durmamasının narahatlıq doğurduğunu vurğulayaraq, bu cür əməlləri törədənlərin qətiyyən hədəflərinə çata bilməyəcəklərini, Türkiyənin tarixən ən ağır sınaqlardan alnıaçıq və qalib çıxan bir dövlət kimi bunun da öhdəsindən layiqincə gələcəyindən əminliyini qeyd edib.

B.Muradova hər zaman olduğu kimi bu gün də Azərbaycanın Türkiyənin yanında olduğunu, müvafiq dəstəyi göstərdiyini və xalqımızın hər bir nümayəndəsinin bu məsələyə öz münasibətini bildirərək ürək ağrısı ilə “Türkiyə yanırsa, bizim də qəlbimiz yanır” şüarlarını səsləndirmələrinin ölkələrimiz arasında dostluq əlaqələrinin gücünü bir daha ortaya qoyduğunu diqqətə çatdırıb.

Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif səviyyələrdə yüksələn xəttlə inkişaf etdiyini bildirən Komitə sədri bildirib ki, xüsusilə səfirlik vasitəsilə bu əlaqələrin genişlənməsinə verilən töhfə yüksək qiymətləndirilir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədə Türkiyənin mənəvi və digər istiqamətlərdə dəstəyinin rolunu qeyd edən B.Muradova onu da əlavə edib ki, bundan sonra ölkələrarası münasibət daha yüksək mərhələyə qədəm qoydu və regionda ictimai-siyasi vəziyyət yeni bir müstəviyə çıxdı.

Türkiyədə baş verən yanğın hadisəsi ilə bağlı dəstək göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirən C.Bağçı Azərbaycan dövlətinin və xalqının ilk dəqiqələrdən etibarən Türkiyənin acısını paylaşaraq, dəstəklərini ifadə etmələrinin bir daha ölkələrimiz arasındakı dostluq münasibətlərinin bariz nümunəsi olduğunu bildirib.

Cənab səfir çıxışında Azərbaycanda qadının statusu, ona verilən dəyər, qadınların təhsildə, sənətdə, gündəlik həyatda rolunun son dərəcə böyük olduğunu xüsusi qeyd edərək, bu sahədə təcrübənin çox yüksək olduğunu vurğulayıb və ikitərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkib. O, müəyyən imkanlar daxilində qadın və uşaq məsələləri ilə bağlı, xüsusilə də şəhid və qazi ailələrindən olan uşaqlara yönəlik layihələrə hər zaman dəstək göstərməyə hazır olduqlarını ifadə edib.