adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 14:36
3145
SİYASƏT
A- A+

Razmik Akopcanyanın təşvişi: “Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək”

Yazıma başlamamışdan əvvəl sizə xırdaca bir arayış verim: Deməli Azərbaycan Respublikasının Xocavənd rayonunda   Sos adlı böyük bir kənd var.Qarabağın Keçəz nahiyəsində yerləşir. 1928-ci ildə İrandan gəlmə ermənilər burada yerləşdirilib.Kəndin adı da, özü də türk məskəni, türk mənşəlidir. Türk dillərində sos "Sucaq yer" sözündəndir. Mütəxəsislərin başqa variantına görə isə  monqolca suus " maldar elin düşərgəsi" sözündəndir. 


Həmin Sos kəndinin inzibati ərazisinə Cütçü adlı qədim bir türk  kəndi də daxildir. Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək  Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") olub. Qaraçı kökü olan ermənilərin Maçkalaşen adlandırdığı bu qədim  türk kəndinin yaxınlığında qədim xristian türk babalarımıza məxsus bir memarlıq abidəsi var   Amaras məbədi. Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində olduğu üçün abidə məhz belə adlanır. Tarixi məlumatlara görə IV əsrdə Amarasda ilk xristian məbədi tikilmiş və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilmişdi. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altındakı sərdabədə qalıb. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar edib. Çar Rusiyası imperiyası dövründən həmin kəndə köçürülmüş ermənilər Amaras məbədini erməniləşdiriblər və nəticədə son 30 ildə həmin abidənin üzərinə separatçı-terrorçu rejimin əski parçasını asmağa adət ediblər. 

 

 Bayraq qalmaqalı və ağıllanmayan ermənilər...

 

Ermənilərə məxsus “Hraparak” nəşri belə bir məlumat yayıb. Məqalədə bildirilir ki, Cütçü kəndinin qanunsuz “icma rəhbəri”  Lernik Avanesyan  dünən Azərbaycan ordusu tərəfindən  əski parçasının  endirilməsi tələbinin irəli sürüldüyünü təsdiqləyib. O, eyni zamanda  hadisə yerinə gəlmiş adı çəkilməyən rus generalının da  erməni hərbçilərə üzdəniraq “bayrağı” endirməyi və  yerinə Ermənistan bayrağını asmağı əmr etdiyini eşitdiyini söyləyib:”Hələ  oraya getməmişəm, bilmirəm, Azərbaycan hərbçiləri  öz yerlərinə çəkiliblər, yoxsa yox. Amma rus generalın belə şeylər dediyini eşitdim” –deyə L. Avanesyan bildirib.
 “Dünən Artsaxın Martuni bölgəsinin Maçkalaşen icması ərazisindəki Azərbaycan hərbçiləri irəliləyərək neytral zonada mövqe tutublar. Sakinlərin və icma başçısının atdığı addımlar nəticəsində hadisə yerinə gələn rus sülhməramlıları azərbaycanlılarla aparılan danışıqlardan sonra onları əvvəlki vəziyyətlərinə qaytarmağı bacarıblar. Ancaq  Azərbaycan hərbçiləri şərt qoyublar: Amaras məbədində Artsax bayrağı endirilməlidir” – deyə məqalədə bildirilib.

 
Qeyd edək ki, 10 noyabr üçtərəfli razılaşmasından bəri Cütçü kəndi kimi Amaras məbədi də müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı hərbi birləşməsinin nəzarətinə verilib. Lakin o gündən bəri Azərbaycan tərəfi bir neçə dəfə sözügedən monastır üzərindəki əski parçasını endirtməyə nail olsa da, separatçı erməni hərbçilər onu yenidən asıblar.
 Sonda erməni siyasi şərhçi Razmik Akopcanyan çıxışı ilə yazıma yekun vururam.
O deyib ki, müharibəni uduzan hökuməti də məhz erməni xalqının özünün seçdiyini unutmaq olmaz:


“İndi Ermənistan xalqı bunu yavaş-yavaş anlamağa başlayıb. Artıq Ermənistan başa düşür ki, Azərbaycanı qəzəbləndirmək olmaz. Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək. Bizə nə Qərb, nə Rusiya, nə də İran kömək edə biləcək”, - deyə erməni ekspert qeyd edib.

Bir sözlə, Dəmir yumruğun yenidən başınıza dəyməsini istəmirsinizsə, qanunlara uyun!

Əntiqə Rəşid