SON DƏQİQƏ:

 Hədəfdəki Quzanlı :"Sevgilim Vətən!" silsilə yazım: III hissə 

  2105   |  
Şriftin ölçüsü  

Bu gündən başlayaraq, Vətən Müharibəsində gördüyüm ən xırda depalları belə unutmadan xatirələrimi yazacağam... Uzaq zaman deyil... Şahidlərimin hamısı sağdı. Onların şahidliyi ilə 10 noyabra qədər silsilə yazımı oxuyarsınız! Yazılarımda başlıqlar dəyişsə də silsilənin adı "Sevgilim Vətən!" olacaq. 27 sentyabrdan 10 noyabra qədər...

29 sentyabr- saat 5: 45-dən “müdafiəsiz “səngərin  içində qalmışdım.  Bir neçə dəfə cəhd elədim ki, elə bu gurultudan, bu tappa-tupdan  bir  canlı yayım edim. Alınmadı, çünki ərazidə bütün internet şəbəkəsini bağlamışdılar.  İstərsən 19 dənə VPN yüklə, xeyri yoxdu. İnternet bağlı idi. 
Yuxulu idim, bir az da mərmilərin səsi, yəqin bu üzdən çəkiliş edib telefonun yaddaşına atmaq da ağlıma gəlmədi.  Saat artıq 10 olardı. Hava yenə xoş idi, Günəş bərq vururdu. Göyün üzü tər-təmiz idi... Masmavi...  Atəş səsləri qısa arada susanda elə bilirdin ki, heç müharibə deyilən şey də yoxdu.
Əlimi uzadıb “səngərin” yanında yerə basdırılmış, üstünə “krosnu” quraşdırılmış  dəmir  dirəkdən yapışıb xəndəkdən çıxmağa çalışdım. Üst başım, şehdən nəmləmiş toza-torpağa batsa da əsas odur ki, çıxa bildim. Qulaqbatırıcı səssizlik çox da uzun sürmədii. Yenə atəş səsləri... amma bu dəfə bir az uzaqdan gəlirdi, başımızın üstündən keçmirdi...
 Quzanlı çox təhlükəli zona idi. Ən çox mərmiyə tuş gələn Tərtər zonası deyilsə də, dağıntıların bu rayonda daha çox olduğu bildirilsə də,  Quzanlı, ümumiyyətlə Ağdam ərazisi azacıq fərqlə Tərtərdən geri qalırdı...Niyəsini anladım.

1.Uzaqvuran toplar və diğər ağır artilleriya  Quzanlı kəndinin  alt tərəfində cəmləşmişdi. Yerlilərin  dilincə, Bala Quzanlıda . Həmin yerdən  Ağdamın ərazisində,  strateji obyektlərdən olan 1992-ci ildə Azərbaycan ordusu tərəfindən ələ keçirilən  Uzundərə silah bazası olan ərazi, eyni zamanda  Şahbulaq, Xaçındərbənd kimi digər strateji yüksəklik və mövqelərdən  atılan mərmilərin qarşısı alınırdı. Bir sözlə, mərmilər hədəflərə məhz Quzanlı kəndinin,bizim evin üzərindən keçib gedirdi. Ona görə də, o kəndlərdə qalmış  dinc sakinlərin çıxarılması da vacib idi.  Və demək olar ki, Ağdam rayonu ərazisində  çox az sayda qadın, uşaq,  yaşlı, xəstə  qalmışdı... Getməyənlər isə  qonşularında  evləri darmadağın edən mərmilərdən , əhaliyə xəsarət yetirən  dağıntılardan sonra  çıxmaq məcburiyyətində qaldılar. Bu səbəbdəndə kənd ərazisi təxminən 70 faiz boşaldılmışdı.    

2. Ağır artilleriyanın  digər böyük bir hissəsi isə Quzanlı, İmamqulubəyli kəndlərinin ərazisindən keçib gedən Xaçın çayının yatağında yerləşmişdi.  Ordan da silahlar (maili şəkildə) Ağdamın cənub-şərq tərəfinə, təxminən Yusifcanlı, Mərzili və ümumilikdə  Qarqarçay-ın sağ sahilini ermənilərdən zərərsizləşdirirdi. Həmin mərmilər də kəndin xüsusən, köçkünlər üçün salınmış qəsəbənin üzərindən keçib gedirdi.

3. Ermənilərin Quzanlını hədəf götürməsinin başlıca səbəbi kütləvi insan qətli,  çaşqınlıq, pərən-pərənlik, inamsızlıq yaratmaq idi. Xalqın qələbəyə olan inamını qıra bilsəydilər...Ermənilər çox çalışırdılar ki, ən çox bu fürsətdən yararlansınlar.
 Təmas xəttindən uzaqlaşan yerli sakinlərin məhz  Ağdamın mərkəzi hesab edilən Quzanlıya sığınmasını təxmin edirdilər. 

4. Quzanlıda  yerləşmiş ağır artileriya taboru, kəndin ortasındakı Ağdam  Mərkəzi Xəstəxana, kəndin  bir addımlığında olan, Qarabağ zonasında ən böyük hərbi hospital  hesab edilən Sarıcalı hospitalı  da ermənilərin hədəfində idi. Muğam Evi müharibə vaxtı   Qərargah kimi istifadə olunurdu     və  Ağdam ərazisində döyüşün gedişi ordan izlənilirdi. 

 

Yəqin ki. unutmamısınız:  Ötən il Rusiya Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə etmişdi. Özü də proses Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda başlamışdı və hərbi yüklər Ermənistana gizli şəkildə çatdırılmışdı. Həmin o təmənnasız silahlar  soydaşlarımızı hədəf almışdı və evini- eşiyini dağıtmaqla bərabər canını da alırdı. 
Yeri gəlmişkən deyim , ora çatandan başımın üstündə , daha doğrusu  gözə görünməyəcək  bir yüksəklikdən gələn  uğultunun dron və Quzanlıya atılan mərmiləri zərərləşdirən aparat olduğunu mənə  söylədilər. Məhz o dronların hesabına Quzanlıdakı əsas strateji obyektlərin bir çoxu salamat qaldı.
Asfaltla şütüyən toplar, tanklar, hərbi maşınlar, atışma səsləri, getdiyin əraziləri hədəf alan mərmilər...Yolların kənarlarında  döyüşü müşahidə edən, həyatını böyük bir təhlükəyə saldığından xəbəri olmayan  insanlar... Bir də şəhidlər... Artıq gəlməyə başlayırdı, qan qoxulu tabutlar...

Elə hesab edirəm, oxucularım Ağdam zonasının nə qədər təhlükəli olduğunu mənim təsvirimdən sonra anladı. Bu gündən isə belə bir yerdə 44 gün qalmağın təhlükəsindən danışacağam.
“Səngərdən ” çıxıb üst-başımı çırpdım. Anamın evində ərzaq vardı.  Onları hazırlamağa vaxtım yox idi.  Evdən tələsik gəlmişdim. Özümlə ərzaq gətirməmişdim deyə mağazaya üz tutdum.  Asvaltda polislərdən sədd vardı, deyəsən hərbi kalon keçəcəkdi. “Xalturşiklər” yolun kənarından yığışdırmışdılar.  Bir neçə ərzaq mağazası, telefon təmiri və satışı,  bir də apteklər  açıq idi. 
 İndi üzünə baxmağa da iyrəndiyim, sosiska, kolbasa, “qaviadina”, konserva çörək alıb evə döndüm. Artıq aclıqdan ayaqlarım yerimirdi. 


Yeməyimi yeyəndən  sonra  ötən gün  döyüşə getmək üçün hərbi komissarlığa üz tutan gənclərlə olan reportajımı hazırlamaq istədim. Kompyüteri açıb.gözləyirəm Bu arada rayondan kənarda yaşayan bütün qohum - əqrəbalar hamısı bir-bir zəng edib məni qınadılar. Səhv etdiyimi dedilər, geri dönməyimi məsləhət bildilər. Axxx, səni ana...
 Atışma yenidən başladı, naəlac qalıb, yenidən “səngər”ə qayıtdım.  Yenə də həyəcanlı səslər, şütüyən avtomobillər, Təcili Yardım maşınlarının vahiməli səsi  mərminin səsinə qarışmışdı.  
Sakitcə oturmuşam üstüaçıq, heç nəyə yaramayan səngərimdə. Ağlıma qəribə bir fikir gəlir: Görən mən  niyə qorxmuram? Niyə bu qədər sakitəm?”
Xəyalım, ötən illərə uçur...Bu mənim gördüyüm ilk müharibə deyildi axı,  həyəcanlanım, qorxum... 1988-ci ilin fevral ayından-1994-cü ilin12 mayına qədər Qarabağda baş verən bütün hadisələrin şahidi olmuşam. O top-tank da mənə tanış idi, gurultuyla gələn mərmilərdə, hər gün evlərə gələn şəhid tabutları da. O vaxtı da əsgər və zabitlərimiz canları-qanları bahasına döyüşürdülər, indi də . Dəyişən heç nə yox idi. Tək bir nüansdan başqa. O vaxt düşünürdük ki, mərmi yağışlarına baxmadan dirənib-durduğumuz kəndi qəflətən mənfur ermənilər işğal edə bilər. Insanları əsir və girov götürə bilər, qadın və qızların başına Xocalı faciəsini gətirə bilər, amma indi o nüans yox idi. O nüans yox idisə, demək,  mərmidən ölmək adi, sıradan bir ölüm olardı mənim üçün.. Təki erməni əlinə keçməyəsən...Amma bizim tərəfə  erməni diversantların keçməsi haqqında xəbərlər də bitib tükənmirdi. Qorxmurdum, zərrəcən  qorxmurdum, sadəcə ölmək istəmirdim ki, müharibəni sonunu görüm...

Ən əsası isə Qələbəni öz gözümlə görüm... 

 Əntiqə Rəşid

   


 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK