adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: İt demə, o dəxi bizim birimiz...

FAİQ QİSMƏTOĞLU
1483 | 2021-10-11 11:35

...Gör nə günə gəlib çatdıq ki, bu gün bir çox mollalar millətə, xalqa, camaata ağıl öyrədir, yol göstərir. Hansı ki, o mollaların özünə ağıl öyrətmək, yol göstərmək lazımdır. Çünki heç kəsə sirr deyil ki, istər məmləkətimizdə olsun, istərsə də başqa yerlərdə mollalıq edənlərin çoxu cəhaləti, nadanlığı və fanatizmi təbliğ edirlər. Ən azından ona görə ki, onlara qaranlıq mühit, cahil insanlar və bir də öz maraqlarını təmin etmək daha maraqlıdır...

...Bir dəfə bir yas məclisinə getmişdik. Rəhmətə gedən də çox varlı adam idi. Heç oğlanları da ondan geri qalmırdı. Yəni var-dövlət başlarına aşırdı. Gördüm ki, məclisdə düz altı molla ağız-ağıza verib ağızlarına gələni oxuyurlar. Yanımdakı dostum ərəbşünas idi, «Quran»ı da çox gözəl bilirdi. Dedi ki, mən baş açmıram, bu varlı adam bir savadlı axund, molla tapmırdı ki, dədəsinə «Quran» oxutdursun. Soruşdum ki, bəs bu altı mollanın heç olmasa biri düz oxumur? Dedi, heç biri ərəb dilini bilmir. Sadəcə olaraq bizim əlifba ilə o sözləri yazırlar və mənasını da bilmədən oxuyurlar...

...Tay bir söz demədim. Matım-mutum qurudu. Sonra da öyrəndim ki, həmin varlı adam bir gün məclisi aparan o mollanın hər biriniə 200 manat pul verib...

...Biz görmüşdük ki, hansısa varlı adam övladına toy edəndə 5-6 müğənni gətirir və 5-6 müğənninin də təbii ki, haqqı ödənilir. Amma onlar toyda bir-birinin bəhsinə az qala canlarını qoyurlar. Və hər cür mahnı ifa edirlər. Görünür, bəzi pullu adamların imkanı olsa da, dini dünyagörüşü və savadsızlığı onun başına oyun açır. Söhbət mollanın çoxluğu və azlığından getmir. Söhbət ondan gedir ki, son vaxtlar ölkəmizdə də yağışdan sonrakı göbələk kimi savadsız və cahil mollaların sayı daha da çoxalıb. Onlar kənd yerlərində və qəbiristanlıqlarda əməlli-başlı lövbər salıb və yaxşı da pul qazanırlar. Qəbiristanlıqda durub müştəri gözləyən bir molla ilə söhbət elədim. Dedi ki, mən savadsız adamam və ölü götürməyi də bacarmıram. Elə qəbiristanlıqda durub gözləyirəm, bir də görürəm ki, biri böyürdən çıxdı, istədi dədəsinə bir «Yasin» oxutdursun. Mən də o «Yasin»i oxuyuram. Bu ölü götürməkdən daha asandır...

...Bir çox mollalar isə qonşu ölkənin təsiri altına düşür. Heç özü də bilmir ki, nə istəyir. Və ən qəribəsi də odur ki, bu cür mollalar düşünürlər ki, nəyin bahasına olursa-olsun, hardan bir şey qoparacaqlar. Onlar üçün nə Allah, nə peyğəmbər, nə də «Quran» anlayışı var. Onlar üçün bir anlayış var – pul qazanmaq. Və o pulu da çox asanlıqla qazanırlar...

...Harda ki, ziyalı sözünü demir, elm adamları çəkilir durur qıraqda, savadlı adamlar susurlar və görürlər ki, məclisdə molla ağzına gələni danışır, bax, onda da cəhalət, nadanlıq bir az da inkişaf edir. O cəhalət və nadanlıq ki, nə ilahiyyətdən, nə dindən, nə də dünyəvi elmlərdən xəbəri olmayan cahillər məclis aparır. Həmin mollaları araşdırsan görərsən ki, onların heç birinin dini savadı yoxdur. Ya keçmişdə hansısa dələduzluqla məşğul olub, ya da türmədən çıxıb, özünü mömin bəndə kimi təqdim edərək camaata moizə oxuyur. Bax, bu bizim ən ağrılı, ən zəif yerimizdir...

...Bizim millətin böyük ziyalıları Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani bu cür dələduz, fırıldaqçı, millətə cahilliyi və nadanlığı təbliğ edən mollaların iç üzünü açıb, ifşa edib. Amma nədənsə məmləkətimizdə son illər belə mollalar çoxalsa da, nə ziyalı təbəqə, nə də mətbuatda cəhaləti təbliğ edənlərin maskası yırtılmayıb və onlar da görür ki, balam, dərəbəylikdir, öz əməllərini yorulmadan davam etdirirlər.

Heç Seyid Əzim Şirvaninin təsvir elədiyi mollalarla bugünkü bəzi mollalarımız arasında heç bir fərq yoxdur. Biri deyir ki, 200 manat ver, gəlim rəhmətə gedəni yerdən götürüm, biri deyir ki, 300 manat ver, gəlim məclisi aparım, biri də deyir ki, özünüz bilirsiniz, mən savadlı adamam, haqqım da yüksəkdi. İndi gəl belə mollalardan baş aç görüm necə açırsan. Heç əvvəlki mollalarla indiki mollaların tamahları da dəyişməyib.

Seyid Əzim Şirvani o mollaların iç üzünü çox gözəl açıb. «Köpəyə ehsan» satirasında bir varlı adamın iti ölür, o da iti kəfənləyib qəbiristanlıqda dəfn elətdirir. Bunu eşidən molla «vay-veylə şəriət əldən getdi» - deyib, hücum çəkir həmin varlı adamın üstünə. Varlı adam gözü bərəlmiş və qızarmış mollaya diqqətlə baxır və deyir ki, ay kişi, bu it o itlərdən deyil ey, it vəsiyyət edib ki, mən sənə sürüdən 50 qoyun verim, üstəlik də ürəyin nə istəyir onu hədiyyə edim. 50 qoyun məsələsini eşidən kimi molla «val»ı dəyişir və deyir:

 

İt demə, o dəxi bizim birimiz,

Belə ölmüşlərə fəda dirimiz...

 

...Bax, bu gün də yas məclislərində həmin mollaya bənzər mollalar az deyil. Onların maskasını açmaq, sifətini xalqa tanıtmağın vaxtı çoxdan çatıb. Əgər biz onların sifətindəki maskanı çıxarmasaq, ifşa eləməsək, onlar xarici qüvvələrin təsiri altında insanların beynini zəhərləyəcək, millətə cəhaləti, nadanlığı təbliğ edəcək. Ətrafınıza yaxşı baxın, görün, belə mollalar varmı? Varsa, sözünüzü deyin. Sözünüzü deyin ki, onlar da at oynatmasın və məclis iştirakçılarına nadanlığı və cahilliyi təbliğ eləməsin...

TƏQVİM / ARXİV