SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Qənirə Paşayeva ilə

  54474   |  
Şriftin ölçüsü  

"Xoşbəxtlik uğura, uğur isə zamanı doğru dəyərləndirməyə bağlıdır”, - deyiblər. Bəzən hər insanın bunu bacarmadığını da dilə gətirirlər. Amma bu da danılmazdır ki, insan oğlu zamanla dost olub onun qədrini biləndə zamanın qalibləri siyahısında sıralanmağı bacarır. Dünənlə sabah arasındakı BU GÜNÜ yaşaya bilən, dünənin keçmişinə qarışıb, sabahın bilinməzliyində itməyən zəmanəsinə adını qızıl hərflərlə yazdıran insandır. "Ədalət”in vaxtı”nın bu dəfəki qonağı öz həyat fəlsəfəsi, əzmi, uğurları ilə gənclərə örnək olan, qadının şərq cəmiyyətindəki rolunu öz nümunəsində təsdiqləyən xanımlardandır. Əvvəlcə qonağımızı bir az da yaxından tanıyaq:

Millət vəkili Qənirə Paşayeva - 1975-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində müxbirlikdən yüksələn pillələrlə Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifəsinə qədər çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. Azərbaycan Respublikası III (2005) və IV (2010) çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür.

…Və Qənirə Paşayevanın zamanla bağlı fikirləri:

 

"Həyatımızdan zaman keçmir, biz zamanın içindən gəlib keçirik”

 

- Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zaman mənim üçün çox böyük əhəmiyyət kəsb edir, zaman anlayışına önəmli və dərin baxıram. Mən bu günlə yaşayan insanam. Sabah, bir saat sonra yaşayıb-yaşamayacağımızı biz bilmirik. Onun üçün də yaşadığım bu zamanı, bu günü həddindən artıq dəyərli hesab edirəm. Ümumilikdə, mənim həyat fəlsəfəm budur ki, verilən zaman möhlətini düzgün, düşünülmüş dəyərləndirmək lazımdır. Bəzən deyirik ki, həyatımdam bu qədər zaman – ay, il keçdi, amma əslində bizim həyatımızdan zaman keçmir, biz zamanın içindən gəlib keçirik.  Zamandan keçib son nöqtəyə çatanda da özümüzlə bu dünyanın maddiyyatını, vəzifəsini deyil, yaşadığımız faydalı, maraqlı ömrün əməllərinə görə qazandığımızı aparırıq.

 

"Zaman həmişə qalibdir”

 

– Zaman və insan: hansı hansını idarə edir? İnsan zamana diktə edə bilərmi?

– İkisinin də təsiri bir-birinə çox böyükdür. Təbii ki bu bəzən şəxsə görə də dəyişə bilər, yəni insanlar arasındakı baxış fərqindən də asılıdır. Amma zaman və insanın bir-biri üzərində mütləq dominantlığının olduğunu düşünmürəm. Böyük mənada əlbəttə, zaman həmişə qalibdir. Amma insan da zamanı doğru istifadə edərsə, onu düzgün idarə etmiş olar. Nəticədə böyük uğurlara, qalibiyyətlərə imza ata bilər. Bu da, öz növbəsində o insanın özünütəsdiqi ilə zamana diktə etməsidir. 


– Uğura çatmaqdan ötrü zamanı düzgün dəyərləndirməyi mütləq hesab edirsiniz?

– Bilirsiniz, uğur qazanmaqda müxtəlif şərtlər var. Uğuru qazanmaq üçün doğru zamanla yanaşı, bilik, zəhmət, bacarıq – hamısı olmalıdır. Amma əlbəttə ki, zamanı düzgün dəyərləndirib, idarə etmək əsas şərtlərdəndir. Bütün bunların arxasında isə şəxsiyyətin özü dayanır. Əgər şəxsiyyət varsa, sadalanan şərtlər onu zənginləşdirib daha da uğurlu edə bilər, yoxdursa, verilən zaman içində doğru formalaşmayıbsa, qazanılanlar da bihudədir. İnsan doğulandan ölənə qədər özünü tərbiyə edib kamilləşdirməlidir. Son anımıza qədər biz bu kamillik zirvəsinə doğru pillə-pillə qalxırıq. Hər adam buna nail ola bilmir, əksəriyyəti heç birinci mərtəbəni adlaya bilmir, öz nəfsi ilə mübarizə aparmaqda acizdir.  Yunus Emrenin gözəl sözü var: "Elm elm bilməkdir, elm özünü bilməkdir”.  İnsan özünü bilmədən, tapmadan şəxsiyyət kimi formalaşa bilməz. Yalnız bundan sonra gərəkən şərtləri və zamanı düzgün dəyərləndirməklə uğura çata bilər.

 

"Dövranına görə fəaliyyətini quran, zamanla ayaqlaşır”

 

– Ümumiyyətlə zamanla ayaqlaşmaq asandımı, kimlərə müyəssər olur?

– Zamanla ayaqlaşmaq məfhumunu hərə bir cür dəyərləndirir. Hər kəsin zamanla ayaqlaşmaq anlayışı onun həyata baxışına, daxili zənginliyinə, bacarığına, dünyagörüşünə görədir. Mənim fikirimcə, zamanla ayaqlaşmaq – vaxtdan mümkün qədər çox yararlanaraq, həyatını mənalı etmək, cəmiyyət üçün daha da faydalı olmaqdır. Eyni zamanda reallığa görə hər şeyi dəyərləndirmək, gerçəkliklər içində hərəkət etmək deməkdir. O insan ki, yaşadığı dövrana, içində olduğu cəmiyyətə görə, işini, fəaliyyətini qurursa, deməli zamanla ayaqlaşır. Gerçəkləri rədd edib görməzdən gələrək heç bir şeyə nail olmaq mümkün deyil. İnsanın formalaşması, püxtələşməsi, inkişafa doğru dəyişikliyi həmin gerçəkliklər içində mümkündür. Hər bir insanın, əslində edə biləcəyi çox şey var. Amma insan öz imkanlarını üzə çıxarmaq əvəzinə, hər şeyə bəhanə axtarır, zamanı, başqalarını günahlandırır, bir tək özündən başqa hər şeydə yanlışlıq görür. Bu cür səhv yanaşma nə bir insanı, nə də toplumu doğru heç bir yerə çıxara, irəli apara bilməz. Öz xətalarını görüb onlardan nəticə çıxarmaq insanı inkişaf etdirir.

 

– Qeyd etdiyiniz kimi, bəzi insanlar öz yaşadıqları zamandan gileylənirlər, dövrandan şikayətlənirlər. İnsanın belə düşünməsi nədən qaynaqlanır: iradə zəifliyindən, yoxsa həddən artıq xəyalpərəstliyindən?

– Uşaqlıqda yaşadığım bir şeyi misal çəkim: məktəb vaxtı II Dünya Müharibəsinə dair çoxlu romanlar oxuyurdum. Bunun təsiri altında həmişə deyirdim ki, gərək o dövrdə yaşayaydım, həmin zamanda yaşasaydım qəhrəman ola bilərdim.  Atam deyərdi ki, "qızım hər zamanda qəhrəman olmaq mümkündür, əgər edə bilərsənsə, bu zamanda da qəhrəmanlığı bacararsan. Təbii ki, qabiliyyətinlə, bacarığınla, arzuların, amalın uğrunda əzminlə bunu edə bilərsən. Heç vaxt sənin olmayan zamanda yaşamağı arzulama. Sənin olmayan zamanda yaşamaq xəyalı, sənə heç nə verməyəcək, yaxşı heç bir şey əldə edə bilməzsən. Yaşadığın zamana görə xəyallarını qur”. Mən bunu kiçik yaşlarımdan qulağımda sırğa elədim. Özüm də həmişə gənclərə tövsiyə edirəm ki, heç zaman yaşadığınız anı boş buraxıb nə keçmişlə, nə də bilinməyən gələcəklə bağlı xəyal qurmayın. Adətən, insanlar öz yanlışlarına, tənbəlliyinə zəmanənin pisləməklə haqq qazandırırlar. "Mənim dövranım deyil, mən bu zəmanədə yaşamamalıydım” kimi fikirlərlə öz xətalarını ört-basdır etmək istəyirlər. Amma bu doğru yanaşma deyil, əgər mən bu zəmanədə yaşayıramsa, deməli öz dövranımdayam, indi yaşamalıyam. Zamandan şikayətlənməkdənsə, özündə güc tapıb çalışsa, özünə inanıb bacarıqlarını ortaya qoysa, bəzi şeylər doğrudan da fərqli ola bilər. İnsan – Allahın yaratdığı ən güclü, ən ali varlıqdır. Allah insana şüur, ağıl, düşünmək qabiliyyəti, təfəkkür, idrak verib. İnsan bu gücü hiss edib, özündə müəyyənləşdirib həyatını qurmalıdır.  İnsanlar, xüsusən də müsəlman cəmiyyətlərində alın yazısı, tale anlayışını lazımi səviyyədə anlamırlar. Nə baş verirsə "Allah belə yazıb, qismət beləymiş” və s. deyirlər. Niyə Allah öz bəndəsinin pisliyini istəsin ki?! Allah bəndəsini sevərək yaradıb. Alın yazısı yol ayrıclarıdır. Hansı yoldan yürüyəcəyini isə insan özü seçir.


– Zəmanəsinin qəhrəmanı kimlərdir?

– Qəhrəmanlıq da insandan-insana dəyişir. Qəhrəmanlar, təkcə müharibədə vuruşan insanlar deyil. Əlbəttə, vətən uğrunda vuruşan, can qoyan insanlar böyük qəhrəmanlardır. Biz onların qarşısında baş əyirik. Amma bir kənd məktəbində uşaqları, gəncləri yaxşı yetişdirən, ömrünü yeni nəslin düzgün formalaşmasına həsr edən müəllim də qəhrəmandır. Yüzlərlə, minlərlə insanı həyata qaytaran, onların sağlamlığının keşiyində duran həkim də qəhrəmandır. Mədəniyyətimizi, musiqimizi dünyaya gözəl şəkildə tanıdan sənət adamları, millətimizi layiqincə təmsil edən idmançılar da qəhrəmanlardır. Mənim gözümdə müəllimlərim bu cəmiyyətə məndən daha çox faydası dəyən insanlardır. Çünki Qənirə Paşayeva kimi onlarla, yüzlərlə insan yetişdiriblər.

 

"Zamanın qopardıqları insan kimi yetişməyimə, formalaşmağıma kömək edib”

 

– Zamanın sizdən qopardıqları çoxmu olub?

– Dünyada elə bir insan yoxdur ki, zaman ondan nələrisə qoparmasın. Amma əvəzində zaman verməyi də bacarır. Zamanın məndən qopardıqlarına gəlincə, düşünürəm ki, onlar da məhz insan kimi yetişməyimə, formalaşmağıma, fürsəti doğru dəyərləndirməyimə kömək ediblər.  Mənim atam qəfil rəhmətə getdi. Bu mənim üçün çox böyük itki idi. Mən yaxşı bir ata ilə bərabər, ən yaxın dostumu da itirmişdim. Atamın məzarını ziyarətə gedəndə onun şagirdləri tərəfindən o qədər gül-çiçək düzülmüşdü ki, bunda da bir hikmət anladım. O bu dünyadan gedəndə xatirələrdə çox gözəl bir iz buraxdı, özüylə yaxşı əməlinin savabını apardı. Bundan böyük ibrət mənim üçün ola bilməzdi.

 

"Zamanımı həmişə dolu yaşamışam”

 

– Heç boşuna vaxt keçirdiyiniz olub?

– Vaxtı boş keçirməyi anlamıram. Bəlkə də uşaqlıqdan məni belə tərbiyə ediblər. Zamanımı həmişə dolu yaşamışam. Bəzən mənə sual verirlər ki, uşaqlıqda hansı oyunlar, əyləncələri sevmisiniz. Cavab verirəm ki, mən belə boş oyunları xatırlamıram. Təəccüblənirlər. Mənim uşaq vaxtı bütün zamanımı valideynlərim musiqi, şahmat, mütaliə ilə doldurublar. Atamın düşüncəsi belə idi ki, uşaq elə oyunlarla məşğul olmalıdır ki, o ya fiziki, ya da məntiqi gücü formalaşdırsın. Fiziki qidadan başqa, mənəvi qida da lazımdır. Bizim evdə həmişə kitab normamız olub. Oxuduğumuz kitabları da valideynlərimizlə müzakirə etmişik, fikirlərimizi bölüşmüşük. Kiçik yaşlarımdan musiqi ilə məşğul olmuşam ki, bu da mənim musiqi duyumumun və zövqümün formalaşmasına çox kömək edib. Bundan başqa qoyulan tamaşalarda iştirak edirdim, ədəbi dərnəklərə qatılırdım.   Uşaqlıqdan bu vərdişlər o qədər ciddi oturub ki, bu gün də həyatımda özünə yer tapır. Məsələn, gecə saat 11-dən 3-ə qədər mənim mütaliə saatlarımdır. Qiraətə o qədər vərdiş etmişəm ki, bir gün oxumayanda elə bilirəm nəsə itirmişəm. Düşünəndə ki, o itirdiyim zamanda nələr edə bilərdim, zamanın dəyəri insanın gözündə daha da artır.


– Bəs hərdən də olsa ürəyinizdən zamanı bir az boş buraxmaq, bütün bu vərdişləri kənara qoyub ara vermək keçməyib?

– Axı mən bilmirəm mənim ömür zamanım nə qədərdir... Bunu bilmədiyim üçün ehtiyatımda olan vaxtımı boş buraxa bilmərəm. Heç kəs deyə bilməz ki, mənim 60 il zamanım var və bu gün eləyə bilmədiyimi başqa vaxt edə biləcəm.


– Yəni zamanı insana verilən məhdud bir möhlət, fürsət kimi görürsünüz...

– Bəli və mən bu fürsətdən maksimal dərəcədə faydalanmalıyam. Çünki zamanın kimin üçün nə qədər biçildiyini heç birimiz deyə bilmərik. Kitablarımın birində insanın ölümlə dialoqunu yazmışam. Şəxsən özüm bunu yaşamışam. Müharibə bölgəsində, xəstə yatağında ölümün nəfəsini duymuşam. Bu, əslində mənim həyatdakı xoşbəxtliklərimdən biridir. Çünki Yaradan öz sevdiyi qullarını bu cür imtahanlardan keçirir. Bu isə insana cəza deyil, əksinə bəzi şeyləri anlamaqda mükafatdır. İnsan bir çox şeylərin dəyərini onu itirəndə bilir, fərqinə varmadıqlarını ağır günlərində yenidən nəzərdən keçirir. Bu cür həyat sınaqları insana öz düşüncəsinin tozunu, pasını silmək, hər şeyə fərqli yanaşmaq üçün bir fürsətdir.

 

"Mənim həyatımda zaman itə bilməz”

 

– Maraqlıdır, zamanınızı bu qədər dolu keçirməyi necə bacarırsınız, vaxtınızı necə bölürsünüz?

– Mən hər günümdə zamanım boş keçməsin deyə, nə edəcəyimi dəftərçəmə yazıram. Mənim həyatımda zaman itə bilməz. İşə, yaradıcılığa, mütaliəyə vaxt ayırmaqla həyatımı maraqlı yaşayıram. Çalışıram ki, mənim fəaliyyətimdən nə özüm, nə ətrafımdakılar zərər görməsinlər, əksinə az da olsa insanlara faydam toxunsun. Bunları nəzərə alanda vaxtı da yetişdirməyə, dəyərləndirməyə çalışıram.


– Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Zamanın dəyərini bilsinlər. Həyat çox qısadır. Bəzən bəlkə bir an qədərdir. Ömrün hər an sona yetə biləcəyini düşünərək həyatlarını maraqlı, faydalı qursunlar, dolu-dolu yaşasınlar, həm də bunu vaxt itirmədən etsinlər. Bunu düşünən insan həyatda zərərli olmaz: vaxtını şər-böhtana, dedi-qoduya, pis əməllərə sərf etməz.  

 

Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa


 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK