adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Mart 2015 17:26
46436
RUBRİKA
A- A+

"FƏXRİ KÜRSÜ"də Nizami Paşayev : "Zlatan Vanev Azərbaycan ağır atletikasının qara səhifəsi idi"

Nizami Xanəli oğlu Paşayev 1981-ci ildə Azərbaycan respublikasının Gədəbəy rayonunda anadan olub. 
O, çıxış etdiyi ağır atletika idman növündə bir çox uğurlara imza atıb. İki dəfə dünya və Avropa çempionu adına layiq görülüb. Bundan başqa 2001 və 2009-cu illərdə keçirilən mundialların gümüş mükafatını qazanıb.
N. Paşayev 3 olimpiya oyunlarında iştirak edib. O, 2008-ci ildə Pekin Olimpiadasında toplam 396 kiloqramlıq nəticə ilə 94 kq çəki dərəcəsində beşinci olub.
N.Paşayev 2009-cu ildə idmançı karyerasını bitirərək məşqçilik fəaliyyətinə başlayıb.

Nizami Paşayev 2002-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Adalet.az-ın "Fəxri kürsü" rubrikasının növbəti qonağı ikiqat dünya və Avropa çempionu, yığma komandanın məşqçisi Nizami Paşayevdir.



"Vahid Nəzərovun dönəmində yığmada pərakəndəlik hökm sürürdü"


- Nizami bəy, karyeranızı bitirərkən sanki gözünüz arxada qaldı...

- Mənim idman karyeramda olimpiya oyunlarının mükafatı istisna olmaqla bütün nailiyyətlər var. Böyüklər arasında qazandığım nailiyyətlərdən əlavə çıxış etdiyim müxtəlif yaş qruplarında yüksək nəticələr göstərmişəm. Yeniyetmələr arasında Avropa çempionu olub, qitə rekordunu yeniləmişəm. Gənclər arasında iki dəfə dünya birincliyinin qalibi və Avropa çempionu, dəfələrlə dünya rekordçusu olmuşam.
Kolleksiyamda çatışmayan yeganə mükafat olimpiada medalıdır. Bilirəm, siz bunu nəzərdə tutursunuz. Bilirsiniz, hər olimpiada öncəsi məndə bir problem ortaya çıxırdı. Sidney yay Olimpiya Oyunlarında yüksək formadaydım, ən azından medal qazana bilərdim. Bəxtsizlikdən olimpiadaya bir neçə gün qalmış əlimə infeksiya düşdü, əməliyyat edildim. 2004-cü ildə isə olimpiada öncəsi onurğa sütunumdan zədələnmişdim. Təkanla qaldırma hərəkətini yerinə yetirə bilməməyimin də səbəbi bu idi.


- Pekin olimpiadasında da eyni tendensiya cərəyan edirdi. 215 kiloqramlıq çəkini son anda ram edə bildiniz. Bu qədər çətinlik çəkməyinizin səbəbi nə idi?

- Orada məşqçı Vahid Nəzərov səhlənkarlıq etdi. Vaxt məsələsində məni çaşdırdı.


- Vahid Nəzərovdan söz düşmüşkən, onunla aranızda dəfələrlə problem yaşanıb, heç yola getmirdiniz. Qeyri-ixtiyari düşünmək olar ki, onun deyil, başqa - sizin üçün daha münasib mütəxəssisin rəhbərliyi altında çıxış etsəydiniz, qazandığınız nailiyyətlər daha artıq olardı. Razılaşırsınız?

- Desəm ki, Nəzərov deyil, Nikifor Panayti olsaydı, mən olimpiya çempionu olardım, düzgün olmazdı. Amma  fikrinizlə müəyyən mənada, bəli, razıyam. Çünki Vahid Nəzərovun dönəmində yığmada pərakəndəlik hökm sürürdü.Belə ki, yarışdan döndükdən sonra komanda üzvləri sərbəst buraxılırdı. Avropa və ya dünya çempionatına üç ay qalmış çağırıdılar ki, hardasan, gəl, məşqlərə başlayırıq. Tezbazar çəki salır, gərgin məşq prosesi keçir, formamızı bərpa etməyə çalışırdıq. Zədələrimin çoxu da elə bu səbəbdən yaranırdı.


-  İdmançı kimi Azərbaycan ağır atletikasının brendi hesab olunan Nizami Paşayev məşqçi karyerasında nə dərəcədə uğurludur?

- Mən məşqçilik fəaliyyətimə 2009-cu ildə başlamışam. Elə həmin il Tailandda keçirilən lisenziya xarakterli dünya çempionatında Nailxan Nəbiyev üçüncü oldu, olimpiadaya bir lisenziya əldə etdik. 2010-cu ildə İspaniyada keçirilən Avropa birinciliyində da yığma komandamız uğurla çıxış etdi. Bir qızıl, üç gümüş medal qazandıq. Olimpiadada Nicat Rəhimov çempion oldu. Bundan sonra əsas yığmanın azərbaycanlı atletlərinə cavabdeh məşqçi təyin olundum. Bu müddətdə Əfqan Bayramov Avropa çempionu oldu.

 London yay Olimpiya Oyunlarında Valentin Xristov üçüncü, İntiqam Zairov isə beşinci oldu. Bolqar legionerin bürünc medal qazanması federasiya rəhbərliyini konkret seçim qarşısında qoydu. Beləliklə, Vanev əsas məşqçi təyin olundu. Mən isə yeniyetmələrdən ibarət yığmada analoji vəzifəyə təyinat aldım.



 - Sonuncu dəfə yeniyetmələrdən ibarət yığma komandadan çıxarıldıqdan sonra sizə Vanevin köməkçisi və "AZAL" idman klubunda məşqçi vəzifəsinin təklif olunduğu deyilirdi. Hər iki təklifdən niyə imtina etdiniz?

- Hamısı yalan söhbətdir, heç bir təklif gəlməyib. Mənə Vanevin köməçisi vəzifəsi təklif olunsaydı da heç vaxt razı olmazdım. Baş məşqçi gərək məndən bir az savadlı olsun ki, onun köməkçisi olmağı qəbul edim. O isə bu işdən heç nə anlamırdı. 
Çoxları elə bilir ki, Valentin Xristov onun yetirməsidir, amma elə deyil. Necə ki, mənim yetirməm Firudin Quliyevi öz adına çıxırdı, Xristovu da elə "özəlləşdirmişdi".

 - Vanevin istefaya göndərilməsindən sonra hər kəs sizin yığmanın sükanı arxasına gətirilmənizi gözləyirdi. Ancaq federasiya gözlənilən qərarı vermədi...

- Hər halda rəhbərlik belə məsləhət görüb. Hazırda yığma komandada köməkçi məşqçi funksiyasını yerinə yetirirəm. Mən və Xanlar Nəbiyev oğlanlar, Hafiz Süleymanov isə qadınlar üzrə polşalı mütəxəssisin köməkçiləriyik.




"Nicat Rəhimovu qaytarmaq artıq gecdir"




- Yeniyetmələrin olimpiya oyunlarının qalibi Nicat Rəhimov ağır atletikamızın ikinci Nizami Paşayevi kimi qələmə verilirdi. Hazırda Qazaxıstan adından çıxış edən Nicatın Azərbaycandan getməsinə səbəb nə oldu?

- Nicat həqiqətən çox güclü idmançıdır. Nə olsun ki, yeniyetmələr arasında olub, hər halda adı olimpiya çempionudur. Vanevlə onun və atasının problemləri yaranmışdı. Vanev onu çox sıxışdırırdı, heyətə cəlb etmirdi. Məşq prosesində də psixoloji cəhətdən çox təzyiq edirdi. Atası dəfələrlə federasiya rəhbərliyinə xəbərdarlıq etmişdi ki, bu belə davam etsə, mən övladımı yığmadan tamamilə kənarlaşdıracam.


- Nicatı qaytarmaq olmazmı?

- Onun getməyini heç istəmirdim. Baxmayaraq ki, atası yaxın dostum, qardaşımdı, tövsiyyələrimə məhəl qoymadı. Deyirdim, narahat olma, səbr elə, hər şey qaydasına düşəcək, Vanev burda ömürlük qalası deyil ki... Sözümə baxmadı. İstərdim ki, qayıtsın, amma, artıq gecdir. Çünki bir ildən artıqdır ki, Qazaxıstandadır, artıq o ölkəyə, oranın mühitinə öyrəşib.


- Ümumiyyətlə, Zlatan Vanev "dalğası" özündan sonra nə qoydu?

- O, yığma komandaya zərərdən başqa heç nə vermədi. 18 nəfəri dopinqə salıb getdi. Zlatan Vanev Azərbaycan ağır atletikasının qara səhifəsi idi.


-"Dopinqə saldı" dedikdə, maraqlıdır, bu məsələdə məşqçi nə dərəcədə məsuliyyət daşıyır?

- Məşqçinin icazəsi olmadan komanda üzvlərinin heç biri preparat qəbul edə bilməz. Məsuliyyəti birbaşa baş məşqçi və komandanın həkimi daşıyır.
Federasiya bu məsələdə məni günahlandırırdı. Halbuki, mən o vaxt yeniyetmələrdən ibarət yığma komandada çalışırdım. 2013-cü ilin sentyabr ayında əsas yığmadan kənarlaşdırılmışdım, dopinq qalmaqalı isə ötən ilin yaz aylarına təsadüf edirdi. Dopinqdə ilişən idmançıların arasında yeniyetmələrdən heç kim yox idi. Mən günahkar olsaydım, elə onlardan birinin adı siyahıya düşərdi də...

- Siz özünüz də bir dəfə dopinqdə ilişmisiniz. Bu məsələ də kifayət qədər müzakirə olundu, böyük qalmaqal yaranmışdı...

-Qanımda hər hansı qadağan olunmuş maddənin tapılmasını qətiyyən gözləmirdim. Hələ də bunun necə baş verdiyini anlamıram. Disvalifikasiya olunduğum illər də mənim karyeramın ən yaxşı illəri idi, bu səbəbdən bir çox çempionatları buraxmalı oldum.



- Bolqar legionerlərdən, hətta olimpiya mükafatçısı Valentin Xristovdan çox hər kəs İntiqam Zairovun disvalifikasiya olunmasına üzüldü. Çünki el məsəli ilə desək, o, həm bir köynək yaxın, həm də çox yüksək formada idi. Necə fikirləşirsiniz, Zairov yenidən öz formasını bərpa edə biləcəkmi?

- İntiqam hazırda məşqlərə başlayıb, gələn ay Tiflisdə keçiriləcək Avropa çempionatına hazırlaşır. Hazırlıq prosesi yaxşı keçirdi, amma, son təlim-məşq toplanışlarının birində belindən zədə aldı. Hazırda müalicə alır. Bir ay ərzində bərpa prosesini necə keçəcəyi, nəticə qazanması bir yana, iştirak edəcəyi sual altındadır. 


 "London olimpiadasında da çıxış etmək fikrim vardı"



- Avropa çempionatında millidən uğurlu çıxış gözləyəkmi?

- Gənclərin demək olar ki, hamısı disvalifikasiya mərhələsindədir. Sərdar Həsənov və digər veteran idmançılarımızın nəticə qazanması bir o qədər də real görünmür.

İki idmançının uğurlu çıxış edəcəyi gözlənilir. Boyanka Kostova çempionluq, Elmar Alıyev medal uğrunda mübarizə aparmaq iqtidarındadır.

- Hazırda yeniyetmə və gənclər arasında sizin nailiyyətlərinizi üstələyəcək potensial atlet görürsünüz?

- Professional idmanda bu barədə fikir söyləmək bir qədər məntiqə ziddir. Çünki bu idmandır, hər şey ola bilər. Tutaq ki, mən kiminsə adını çəkdim, o, sabahı gün zədə və ya digər səbəbdən nəticə göstərə bilməsə, hamı deyəcək nə oldu, bəs sən deyirdin bağ belə, bostan belə(gülür).


- İlk və yeganə idmançısınız ki, olimpiadalarda nəticə göstərməsəniz də Azərbaycan olimpiya yığmasının bayraqdarı olmusunuz. Maraqlıdır, 2004-cü il Afina yay Olimpiya Oyunlarında bu missiya sizə həvalə olunarkən hansı hissləri keçirirdiniz?

-O vaxt belə qayda qoyulmuşdu ki, dördillik tsikl dönəmində kim daha yüksək nəticə göstərsə, bayraqdar missiyasını o yerinə yetirəcək. Bayraqdar olmaq çox məsuliyyətli, şərəfli iş olmaqla yanaşı həm də çox əziyyətlidir. Çünki gün başına döyə-döyə, istirahət etmədən, səhər saat doqquzdan axşam on birə kimi ayaq üstdə olursan. Üç-dörd gün sonra isə yarışa çıxmalısan. Bərpa olunmaq üçün heç cür vaxtın olmur.


- Karyeranız ərzində kifayət qədər zədələr almısınız, daha əvvəllər heç olub ki, idmandan bezəsiniz?

- Mənim hələ London olimpiadasında da çıxış etmək fikrim vardı. 2008-ci ildən başlayaraq zədəm daha da şiddətləndi. 2009-cu ildə Koreyada keçirilən dünya çempionatında birtəhər - iynə, dərmanla iştirak etdim və ikinci oldum. Bundan sonra federasiyanın prezidenti Cahangir Əsgərov məni Türkiyəyə göndərdi, orda əməliyyat olundum. Həkimlər mənə bildirdi ki, 5-6 ay sonra məşqlərə başlaya bilərsən, ancaq, gördüm ki, heç cür alınmır, bir balaca yükə düşən kimi dizim ağrıyırdı. Karyeramı artıq beş ildir bitirmişəm, amma indi də dizlərim mənə əziyyət verir.


"İdmançı gərək öz işi ilə məşğul olsun"



- Bu qədər çətinliklərə rəğmən, sizi ağır atletikaya gətirən səbəb nə idi?

- Mənim qardaşlarım da bu idman növü ilə məşğul olublar. Bir növ, onlardan təsirlənib, bu idman növünü seçdim.
Bir dəfə 5 yaşım olarkən valideynlərimlə birlikdə onların məşq zalına getmişdim. Valideynlərimin başı məşqçi ilə söhbətə qarışmışdı, mən də 20 kiloqramlıq ştanqı qaldırıb, özüm üçün məşq edirdim. Məşqçi bunu görüb dəli olmuşdu, valideynlərimə dedi ki, hələ çox balacadır, bir az böyüsün, onu ağır atletikaya yönləndirmək lazımdır.



- Bir çox məşhur idmançılarımız karyerasını bitirdikdən sonra hüquq-mühafizə orqanlarında və yaxud digər dövlət strukturlarında çalışırlar. Siz nə əcəb?

- Mən heç vaxt kənar işlərlə maraqlanmamışam. Ümumiyyətlə, idmançı gərək öz işi ilə məşğul olsun. Sağ olsun, Sadıq müəllim(red: "Neftçi"-nin prezidenti Sadıq Sadıqovu nəzərdə tutur) məni "Neftçi" idman klubuna məşqçi təyin etdi. Hazırda yığma komanda ilə yanaşı orda da məşqçilik fəaliyyəti ilə məşğulam.



- Hazırda hansı idmançılarımızla ünsiyyətinizi davam etdirirsiniz?

- Bir çox idmançılarla ünsiyyət saxlayıram. Vüqar Ələkbərov, Elnur Məmmədli və Fərid Mansurovla daha yaxın münasibətlərim var. Vaxtımın çoxu məşqdə keçir, vaxt edib görüşə bilməsək də tez-tez zəngləşib, hal əhval tuturuq.



- Qarşıdan I Avropa Oyunları gəlir. Azərbaycan idmançıları ilə bağlı proqnozunuzu bilmək maraqlı olardı...

- Avropa Oyunları kimi nüfuzlu bir turnirin ilk dəfə Azərbaycanda təşkil edilməsi bütün sferalarda böyük hadisədir. Bu, Azərbaycanın dünyada daha da tanınmasına kömək edəcək.
Hazırda Azərbaycan idmanına göstərilən dövlət qayğısı göz qarşısındadır. Bunun nəticəsidir ki, idmançılarımızın ayrı-ayrı növlərdə qazandıqları nailiyyətlər hər keçən il daha da artır. Vaxt vardı xarici ölkələrdə bizdən soruşanda ki, hansı ölkədənsiniz, azərbaycanlıyıq dedikdə, qalırdılar fikirləşə-fikirləşə. Dolayısıyla izah etməli olurduq ki, keçmiş sovet respublikasıyıq, İran, Rusiya və Türkiyə ilə həmsərhədik...Amma indi elə deyil.

Güləş, boks, cüdo, taekvondo, karate və sambo kimi ənənəvi medal ümidi hesab olunan növlərdə Azərbaycan idmançılarından yüksək nəticələr gözləyirəm. İnşallah, yekunda liderlər qrupunda yer alacağıq.


Sahib ƏSƏDBƏYLİ