adalet.az header logo
  • Bakı 20°C
02 Aprel 2015 15:30
44578
RUBRİKA
A- A+

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında hind atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

Hindlər – dünyanın 7-ci ən böyük dövlətinin xalqı elə ən qədim fəlsəfəni, ədəbiyyatı, mədəniyyət və incəsənəti yaratmış xalqlardan biridir. Hindistan dünya üzrə ikinci ən çox əhalisi olan ölkədir. Qədim və orta əsrlər Hindistanın elm, ədəbiyyat, incəsənət sahəsindəki nailiyyətləri müxtəlif dini və fəlsəfi sistemləri Şərqin bir çox sivilizasiyalarına müsbət təsir göstərib. Bütün ölkələrdən əvvəl fəlsəfi məktəb və ənənələr Qədim Hindistanda yaranıb inkişaf edib. İlk dəfə hindlilər düyü, pambıq, şəkər qamışı becərməyi, ev quşları saxlamağı öyrəniblər. Amma hindlərin dünyaya töhfəsi bununla bitmir, bu günə qədər bütün dünya tərəfindən sevilən hind rəqsləri, təkrar-təkrar seyr edilən filmləri, bəşəriyyətə kişi və qadının fiziki məhəbbətinin sirlərini öyrədən  Kama-Sutrası, dini-fəlsəfi məktəbi, yoqları, mübariz siyasi liderləri həmişə sevilib, öyrənilib.  


Hindistan haqqında bəzi maraqlı məlumatları da təqdim edək:

Hind təqvimində 6 fəsil vardır: Yaz, Yay, Musson, Payız, Qış, Prevernal(Yazdan əvvəl)

Mumbaydakı hava ilə nəfəs almaq günə 100 siqaret çəkməyə bərabərdir.

Hindli bir kişinin 70 ildir necə heç nə yemədən və içmədən yaşadığının mümkünlüyü alimlər hələ də tapa bilməyiblər.

Dünyanın ən böyük ailəsinə sahib kişi bir hindlidir. Onun 39 arvadı və 94 uşağı var.

Hindli bir kişinin itlə evlənməsi qədim adətlərdən biridir.

 

Keçək bu böyük xalqın ata sözlərinə:

 

Ağac kökləri ilə yaşar, insan dostları ilə.

Ağıl tənbəl adama xoşbəxtlik gətirməz.

Ağıllı adam, ağılsız adamın son etdiyini əvvəldə edər.

Ağıllı adamlar öyrənmək üçün, cılız adamlar özlərini tanıtdırmaq üçün oxuyurlar.

Ağılsız yaxşılığın əhəmiyyəti yoxdur.

Ağlın varsa, onunla iş gör, əgər yoxdursa, onda atalar sözü ilə iş gör.

Əsl əhəmiyyətli olan dünənki halımızdan üstün olmağımızdır.

Bilikdən yaxşı dost yoxdur, azardan pis düşmən.

Gedilməyən yolları tikan və kollar basar.

Ehtiyatsızlıq fəlakətin anasıdır.

Gözdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz.

Xoşbəxtlik həmişə cəsurların tərəfində olur.

Kim başqalarına xoşbəxtlik gətirirsə, o, özü xoşbəxtdir.

İşləməyən dəmiri öz pası məhv edər.

Qadın o qədər incə, o qədər zərif məxluqdur ki, onu gül yarpağı ilə də vurmaq olmaz.

Qəlbi elmin, mübarizənin və məhəbbətin yolunda çırpınmayan adam nahaq anadan olub.

Saç-saqqal ağartmaqla hörmət sahibi olmaq olmaz. Elm və kamal sahibləri hörmətə layiqdirlər.

Qısqanclıq gəncliyin vərəmidiir, onu sağaltmaq çətin olur.

Müdrik adama da dost lazımdır.

Sənin oğlun sənin özündür.

Sənə oğul doğmuş qadına anan qədər ehtiram göstər.

Zülm küləyi əsən dənizdən intiqam buxarı qalxar.

Küləyin istiqamətini dəyişə bilmərik, amma gəminin istiqamətini dəyişmək olar.

 Fil darda olanda hətta qurbağa da onu təpikləyər.

 Beyinə nəzarət etmək sərxoş meymuna nəzarət etməyə bənzəyir.

Böyük beyin sahibləri ideyaları, orta beyin sahibləri hadisələri, kiçik beyin sahibləri isə insanları müzakirə edir.

Oğru elə bilir ki, hamı oğurluqla məşğuldur.

Çayda yaşayırsansa, timsahla dostluq etməlisən.

Hətta okeanda tapmadıqlarını balaca çayda tapa bilərsən.

Bir dəli itlər, bir də ingilislər günün günorta çağı gün altında olurlar.

Allahı pələngi yaratdığına görə günahlandırma, ona qanad vermədiyinə görə minnətdar ol.

Odu dadsan ağzın yanacaq.

Köhnə səbir təzə həkimdən yaxşıdır.