SON DƏQİQƏ:

"FƏXRİ KÜRSÜ"də Rüstəm Orucov: "Fərhad Məmmədov və Əli Dəvrişov olmasaydı, mən bu səviyyəyə çatmazdım"

  56811   |  
Şriftin ölçüsü  

Rüstəm Orucov 1991-ci ildə Rusiya Federasiyasının İrkutsk vilayətində anadan olub. 15 yaşında olarkən ailəsi ilə birlikdə vətəni Azərbaycana gəlib. R.Orucov çıxış etdiyi cüdo idman növündə bir çox uğurlar qazanıb. O, dəfələrlə Qran-pri və "Böyük Dəbilqə" turnirlərinin qalib və mükafatçısı olub. Keçən ay Gürcüstanın paytaxtı Tiflisdə və Türkiyənin Samsun şəhərində keçirilən Qran-pri turnirlərində qarşısıalınmaz olan R. Orucov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu nəticələrlə reytinq xallarının daha da artıran idmançımız hazırda 73 kiloqram çəki dərəcəsində dünya cüdosunun ikincisidir.

R. Orucov həmçinin London yay Olimpiya Oyunlarının iştirakçısı olub. O, ilk mərhələdə Avstraliya cüdoçusuna qalib gəlsə də, 1/8 finalda məğlubiyyət acısı dadaraq dördilliyin zirvə yarışı ilə erkən vidalaşıb.

Adalet.az-ın "Fəxri kürsü" rubrikasının növbəti qonağı cüdo üzrə Azərbaycan yığma komandasının liderlərindən biri Rüstəm Orucovdur.


"Hələ arxayınlaşmaq olmaz"


- Rüstəm, ard-arda iki Qran-prinin qalibi oldunuz. Hər iki yarış barədə təəssüratlarınızı öyrənmək istərdik...

- Yarışlar yüksək səviyyədə keçdi. Tiflis və Samsun Qran-pri-lərində dünya cüdosunun ən güclüləri iştirak edirdi. Şükürlər olsun ki, hər iki yarışı aktivimə yaza bildim.


- Hansı görüşləri xüsusi fərqləndirərdiniz?

- Ən çətin görüşüm Tiflisdə keçirilən Qran-pri-nin yarımfinal görüşündə London yay Olimpiya Oyunlarının qalibi Laşa Şavdatuaşvili ilə oldu. O, həm də ev sahibi qismində çıxış etdiyindən qələbə şansları məndən qat-qat yüksək dəyərləndirilirdi. Zalda da ona yüksək dəstək var idi. Mən "ippon" fəndi ilə onu məğlub edəndə yerli azarkeşlər şokda idi. 

Samsunda isə final görüşünü xüsusi qeyd edərdim. Yerli idmançı ilə görüş çox çətin alındı. Hakimlər mənə 3 dəfə "şido" cərimə balı vermişdilər. Növbəti "şido" avtomatik uduzmağımla nəticələnə bilərdi. Bunu gözə alaraq, var gücümü toplayıb, hücuma keçdim və "ippon" fəndi ilə təmiz qələbə qazandım.


- Türkiyə cüdoçusu Həsən Vanlıoğlu sizin üçün bir o qədər də ciddi rəqib hesab olunmurdu...

- Zəif idmançı deyil. O, Türkiyə cüdosunun lideri hesab olunur. Bir neçə dəfə beynəlxalq arenada uğurlar qazanıb. Avropa çempionatının, Qran-pri turnirlərinin mükafatçısı, Dünya kubokunun qalibi olub.


- 73 kiloqram çəki dərəcəsində Beynəlxalq Cüdo Federasiyasının reytinqində ikinci pillədəsiniz. Artıq lisenziyanı təmin etdiyinizi söyləyə bilərikmi?

- İşin 70 faizi həll olunub. Amma, hələ arxayınlaşmaq olmaz. Zədə və ya digər səbəbdən geri düşə bilərəm. Yığma komandada məndən əlavə 73 kiloqram çəki dərəcəsində Hüseyn Rəhimli də mübarizə aparır. O da gəlib məni keçə bilər. Bu idmandır, heç bir məsələ barədə dəqiq fikir yürütmək olmaz.


- Hüseyn Rəhimli çətin səni keçsin...

- Yenə də...Ehtiyat igidin yaraşığıdır (gülür).


- Hələ də Avropa və dünya çempionatlarında fərqlənə bilməmisiniz...

- Son dünya və Avropa çempionatlarında medalın bir addımlığında dayandım. Bu il hər iki yarışda medal qazanacağıma söz verirəm.


- Sizin əsas rəqibləriniz hollandiyalı Deks Elmont, belçikalı Dirk van Tirşelt, Sloveniyalı Rok Draksiç, yaponiyalı Riki Nakaya və Monqolustan təmsilçisi Nyam Oşir Sainjarqaldır. Bu rəqiblərdən hansını daha təhlükəli hesab edirsiniz?

- Koreya cüdoçusu da çox güclüdür. 
Hərəsinin özlüyündə yüksək keyfiyyətləri var, xüsusi fərqləndirmək istəməzdim. Yüksək reytinqli cüdoçular daim diqqət mərkəzində olurlar. Digər idmaçılar bizim zəif və güclü xüsusiyyətlərimizi öyrənirlər. Əvvəllər məni çoxları tanımırdı, istədiyim kimi güləşə bilirdim.

Son turnirlərdə iki dəfə ard-arda Sloveniya təmsilçisi Rok Draksiçə uduzmuşam. Avropa çempionatının üçüncülük uğrunda görüşündə və Dubayda keçirilən turnirdə məni məğlub edib. O, bir növ döyüş üslubumu əzbərləyib. Artıq mən də onun görüşlərinin videoyazısına baxıb, demək olar ki, zəif və güclü cəhətlərini öyrənmişəm.


- 73 kiloqram çəki dərəcəsi Elnur Məmmədlinin timsalında Azərbaycan cüdosunun qızıl səhifəsini təşkil edir. Bu çəkidə mübarizə aparmaq sizin üçün böyük məsuliyyət kəsb etməlidir...

- Əlbəttə. Ümumiyyətlə, idmançı, ələlxüsus da yığma komandanın üzvü olmaq çox məsuliyyətlidir. Mən də çox istərdim ki, çempion olaraq Elnur Məmmədlinin nəticəsini təkrarlayım.


- Qarşıdan I Avropa Oyunları gəlir və son nəticələrinizə görə hər kəs bu yarışda sizdən medal gözləyir...

- Bu, çox məsuliyyətli turnirdir. Bütün Avropa ölkələri ən güclü idmançıları ilə təmsil olunacaqlar. Avropa Oyunları olimpiadaya yüksək reytinq xalları verir. Maksimum nəticə üçün çalışacam.


"Fiziki göstəricilərim bir qədər zəifdir"


- Məğlub olduğunuz görüşlərdə əsas rolu tələskənlik oynayır. Bunu qəbul edirsinizmi?

- Tələskənlik?


- Qələbələrinizi əsasən əks fənd sayəsində qazanırsınız, hücum üslubunda döyüşdükdə ehtiyatsızlığa yol verir, əksər hallarda məğlub olursunuz...

- Hər görüşdə ayrı-ayrı üslublarda güləşirəm. Bu, rəqib idmançının xüsusiyyətlərinə görə müəyyənləşir.

Cüdo elə bir idman növüdür ki, əvvəlcədən proqnoz vermək çətindir. Kim daha çox məşq etsə, hər cəhətdən yüksək hazırlıq prosesi keçsə, o, qalib gələcək. Məsələn, mənim çəkimdə reytinqdə birinci pillədə qərarlaşan Deks Elmont bir həftə məşqləri buraxsa, formadan geri qalar. Bunun nəticəsində də reytinqdə xeyli arxaya düşər.


- Bəs özünüzdə zəif cəhət hesab etdiyiniz nədir?

- Fiziki göstəricilərim bir qədər zəifdir. Bir çox turnirlərdə elə bu səbəbdən məğlub oluram. Sonuncü dəfə uduzduğum Monqolustan təmsilçisinə də fiziki göstəricilərdə yenildim.


- İlk baxışdan 73 kiloqram sizin üçün bir qədər artıq təsir bağışlayır. Bəlkə 66 kiloqram çəki dərəcəsinə keçəsiniz?

- Mən elə 66 kiloqramdan 73-ə keçmişəm. O çəkidə də bir neçə mükafat qazanmışam.

Bakıda keçirilən dünya kuboku turnirində ilk dəfə 73 kiloqramda çıxış edərərək üçüncü oldum. Bundan sonra London olimpiadasına lisenziya qazandım. Bu nəticələrdən sonra bir daha 66 kiloqrama çəki dərəcəsinə qayıtmamaq qərarına gəldim.
Mənim normal çəkim 71-72 kiloqram olurdu, 66 kiloqramda çəki salmaq baxımından çox əziyyət çəkirdim.

- Üç il əvvələ - London yay Olimpiya Oyunlarına qayıdaq...

- 2012-ci ildə çox yaxşı formadaydım. Sadəcə, təcrübəsiz idim. Mənim cəmi 20 yaşım vardı, əsas rəqiblərim isə 25-28 yaşlarında, kifayət qədər təcrübəli cüdoçular idi.


- Sizi məğlub edərək sonradan çempion olan Mansur İsayevin nəticəsi turnirin əsas sensasiyalarından oldu. Onun qalibiyyəti indiyədək də müzakirə mövzusudur...

- Sizinlə tamamilə razıyam. O, olimpiadadan əvvəl iştirak etdiyi Avropa çempionatında medalsız qalmışdı. Finalda da Yaponiya cüdoçusunu məğlub edəcəyini heç kim əvvəlcədən proqnoz etməzdi.


- Rus cüdoçusu ilə revanş görüşü haqda fikirləşirsiniz?

- Bəli. Gözləyirəm zədəsini sağaldıb dönsün, yenidən görüşək. Bu dəfə vəziyyət tam fərqlidir.



"Cüdo Federasiyasında hər şey qaydasına düşüb"


- Son vaxtlar Azərbaycan Cüdo Federasiyasında yaşanan problemlər sizin aksiya keçirməyinizlə nəticələndi. Hazırda vəziyyət necədir?

- Maaşlarımız azalmışdı, təlim məşq toplanışlarında iştirak etmirdik. Belə olduqda komanda olaraq çox geri düşürdük. Artıq hər şey qaydasına düşüb. Çexiyada güclü təlim-məşq toplanışı keçdik. Bundan sonra qazandığımız nailiyyətlər göz qarşısındadır. Ard-arda iki Qran-Pri turnirində yüksək nəticə qazandıq. Bir ay ərzində qazanılan 4 qızıl, 1 gümüş və 1 bürünc medal son illər göstərilən ən yüksək nəticədir.


- Federasiyada struktur dəyişikliyinə ehtiyac varmı?

- Bizim üçün əsas olan odur ki, maaşlarımız qanedici olsun, davamlı olaraq təlim-məşq toplanışlarında iştirak edək. Digər məsələlər bizim üçün bir o qədər də əhəmiyyətli deyil.


- Maaşlar yenə reytinqlə verilir?

- Artıq nəticə ilə verilir. Məsələn, Elmar Qasımovla İlqar Müşkiyev Avropa çempionatında yer tutub, onlara 1000 manat, digər cüdoçu qitə və dünya çempionatında medal qazana bilməyib, amma əvəzində Qran-Pri və Böyük Dəbilqə turnirində fərqlənib, ona 700 manat maaş verilir.


- Bu, sizi qane edir?

- Bəli. Reytinq elədir ki, zədə və ya digər üzrlü səbəbdən bir-iki yarış buraxdıqda xeyli geri düşürsən. Amma indiki qaydalarla kənar amillərin məvacibə heç bir təsiri olmur.


- Yığmanın baş məşqçisi Hacıağa Hacıəhmədov nə dərəcədə uğurludur?

- O, çox təcrübəli məşqçidir. Artıq 20 ildir çalışdırıcılıq fəaliyyəti ilə məşğul olur. Hacıağa müəllim bütün idmançıları yaxından tanıyır, kimin kim olduğunu yaxşı bilir.


- Məsələn, sələfi Piter Zeyzenbaxerlə müqayisədə o?

- Hər ikisi mənim gözümdə eynidir, xüsusi fərqləndirmək istəməzdim.

Zeyzenbaxerin məşq proqramı çox ağır idi, bu da bizi çox sıxırdı. Amma Hacıağa müəllim digər amilləri də nəzərə alaraq bizə müəyyən qədər sərbəstlik verir.


"Elnur bir növ küsdü getdi"


- Deyilənə görə, Elnur Məmmədlinin karyerasını bitirməyinə Zeyzenbaxerin tətbiq etdiyi ağır məşq proqramının da müstəsna təsiri olmuşdu...

- Nə deyim vallah. Onun bilirəm ki, Elnurun çəkisi qalxmışdı, məcburən 90 kiloqramda mübarizə aparırdı...


- Ancaq o, 90 kiloqramda da uğursuz deyildi... Ümumiyyətlə, Elnurun idmandan gedişi barədə mülahizələr fərqlidir. Bəziləri dizindəki zədəni, bəziləri Zeyxenbaxerlə aralarında olan problemi, siz isə çəkisinin artmasını əsas gətirirsiniz..

- Elnur sonuncu dəfə iştirak etdiyi yarışdan - Düsseldorf Qran-pri-sindən qayıtdıqdan sonra dizindəki ağrılardan şikayətlənirdi. Zeyzenbaxer də çox ağır məşq proqramı tətbiq edirdi deyə, zədəsi onu ikiqat incidirdi. O, deyirdi ki, mənə maraqlı deyil, sən zədəlisən, mütləq məşq eləməlisən, etməsən yarışlara aparılmayacaqsan. Elnur bir növ küsdü getdi.


- Komanda yoldaşlarınızdan kimlərin Rio olimpiadasına getmək şansını yüksək qiymətləndirirsiniz?

- Zənnimcə, kişilərdən ibarət yığma komandada hər çəkidə bir nəfər olimpiadada iştirak hüququ qazanacaq. Qadınlardan isə yalnız Kifayət Qasımovanın adını çəkə bilərəm.


- 90 və superağır çəkidə də?

- 90 kiloqramda Tural Safquliyevin şanslarını yüksək qiymətləndirirəm. O, son yarışların birində olimpiya mükafatçısı olmuş Braziliya idmançısını ustalıqla məğlub etdi. Həmin görüşdə Turalın işlətdiyi fənd mənə çox ləzzət elədi. 
Superağır çəkidə çıxış edən Kokauru Uşanqi də çox yaxşı xüsusiyyətlərə malikdir. Bəzi zəif cəhətləri var ki, məşqçilər korpusu hazırda onlarınn üzərində işləyir.

- Son vaxtlar göstərdiyiniz yüksək nəticələrdən sonra sizə qarşı münasibət dəyişib?

- Çempionu hər kəs çox istəyir. Yer tutmayanda məni  axtarmayan, hal-əhval tutmayan insanlar indi tez-tez zəng edir, evlərinə qonaq çağırırlar. Telefona baxıram ki, 80 dənə təbrik mesajı gəlib.
Eləcə də televiziya və media orqanları. Ayrı vaxt heç yadlarına da düşmürəm, Qran-pri-lərdəki qalibiyyətlərdən sonra ard-arda verilişlərə dəvət edir, müsahibə verməyimi xahiş edirlər. Halbuki, medalsız qaldıqda heç aeroporta qarşılamağa da gəlmirlər...

- Bəs reaksiyanız necə olur?

- Yola verirəm. (gülür)


- Karyeranızın ən yaddalan görüşü olaraq hansını qeyd edərsiniz?

- Dünya çempionatının 1/4 final mərhələsində Yaponiya cüdoçusu Riki Nakaya ilə görüşümü xüsusi qeyd edərdim. Hesabda irəlidəydim, görüşün bitməyinə 20 saniyə qalmış o, yuko fəndi ilə məni məğlub etdi. Həmin görüşü qazanacağım təqdirdə ən azından finala çıxa bilərdim. Çünki növbəti rəqibimi keçmək elə də çətin deyildi. BƏƏ təmsilçisini ondan əvvəl keçirilən Qran-pri-də məğlub etmişdim.


"İsmayıllı Cüdo Mərkəzinin tikildiyi yer çox pisdir"


- İsmayıllıda yüksək standartlara cavab verən Cüdo Mərkəzi tikilib istifadəyə verilib. Siz bir müddət orda məşq etsəniz də, son vaxtlar imtina etmisiniz. Səbəb nədir?

- Biz orda ürəyimiz istəyən şəraitlə qarşılaşmırıq. Tikildiyi yer çox pisdir. Səhər yuxudan dururuq ki, qaldığımız otaqdan qaz iyi gəlir, məşq edərkən ağzımız quruyur. Belə olan halda biz orda necə normal hazırlıq keçə bilərik?!


- Digər yığma komandalarla - məsələn, Gürcüstan, Fransa, Rusiya, Yaponiya və Koreya kimi güclü cüdo yığmaları ilə birgə təlim-məşq toplanışlarının təşkili məsələsi nə yerdədir?

- Federasiyamız bununla bağlı keçən ay Yaponiya Cüdo Federasiyasına məktub göndərmişdi. Artıq razılıq alınıb. Hansı ki, yaponlardan razılıq almaq hər federasiyaya nəsib olmur. Günü sabah 8 nəfərlə Yaponiyaya yola düşəcəyik.


- Bayaq zəif cəhətiniz haqqında soruşdum. Bəs ən güclü xüsusiyyətiniz nədir?

- Dözümlülük. Axıradək mübarizə aparıram.


- Ancaq heç cür "osae kome" vəziyyətindən çıxa bilmirsiniz (gülərək)...

- Hərdən rəqib elə tutub saxlayır ki, vəziyyətdən çıxmaq mümkün olmur. Çıxa bilməsəm də var gücümlə sonadək mübarizə aparıram.


- İdmana gəlişiniz barədə danışardınız...

- İdmançı karyerama Rusiyada - doğulduğum İrkutsk vilayətində başlamışam. Valideynlərim 8 yaşımda olarkən məni cüdo bölməsinə yazdırdı. Orda yeniyetmələrdən ibarət komanda ilə birgə məşq keçmişəm. 15 yaşımda Azərbaycana gəldim. Bakıda "Atilla" idman klubunda, Fərhad Məmmədovun rəhbərliyi altında məşqlərimi davam etdirdim. Onun və Əli Dəvrişovun peşəkar cüdoçu kimi formalaşmağımda böyük rolu olub. Onlar olmasaydı, mən bu səviyyəyə çatmazdım. 


- Haçansa Rusiya yığmasında çıxış etməklə bağlı sizə təklif gəlib?

- Yığma komandada yox, amma yaşadığım şəhərin idman klubunda həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərməyimlə bağlı təklif gəlib. Haçansa gedib onlarla görüşmək, yeniyetmələrə master-klass keçmək fikrim var. Çox güman ki, bu, Rio olimpiadasından sonra olacaq.


- Əlavə məşğuliyyətiniz nədir?

- Üzgüçülüyə gedirəm, hərdən uşaqlarla futbol oynayıram. Maşınlara da çox marağım var. İstəyirəm gözəl, fərqli maşınım olsun.


- Hansı idmançılarımızla daha çox ünsiyyətdəsiniz?

- Yığma komandanın üzvləri və İlham Zəkiyevlə yaxın münasibətlərim var. Digər növlərdə mübarizə aparan idmançılarla münasibətim ancaq "salam-sağ ol" səviyyəsindədir.


Sahib ƏSƏDBƏYLİ



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK