adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Aprel 2015 18:45
52766
RUBRİKA
A- A+

"FƏXRİ KÜRSÜ"də Cavid Çələbiyev : "Böyük məmnuniyyətlə Taysonla rinqə çıxaram"

Cavid Çələbiyev 1992-ci ildə Bakı şəhərində dünyaya gəlib. İdmanın boks növündə mübarizə aparan Çələbiyev bir sıra uğurlara imza atıb. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub. Gənclər arasında Avropa çempionatının və Kazan Universiadasının mükafatçısı olan gənc əlcək ustası neft ölkələrinin Dünya Kuboku turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. C. Çələbiyev karyerasının ən böyük uğuruna Qazaxıstanın paytaxtı Almatıda keçirilən böyüklər arasında dünya çempionatında imza atıb. Tacikistan, Monqolustan, Keniya, Qazaxıstan və Rusiya təmsilçilərini məğlub edən idmançımız adını Azərbaycan boksu tarixinə üçüncü dünya çempionu kimi yazdırıb.

Adalet.az-ın "Fəxri kürsü" rubrikasının növbəti qonağı dünya çempionu, boks üzrə Azərbaycan yığmasının liderlərindən biri Cavid Çələbiyevdir.



 "Məsuliyyətli olmağım məni dünya çempionatının qalibi etdi"


- Cavid, heç kimin gözləmədiyi halda dünya çempionatının qalibi oldunuz. Bu nəticənizin doğurduğu rezonans dünya boks aləmində hələ də səngimir. İnişilə qayıdaq...

- Dünya çempionatından öncə 23 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında üçüncü, Rusiyanın Surqut şəhərind təşkil olunan neft ölkələrinin Dünya Kubokunun qalibi olmuşdum. Bu nəticələrimi nəzərə alaraq məşqçilər korpusu məni dünya çempionatında iştirak edəcək komandanın heyətinə cəlb etdi. Mundial öncəsi qarşıma məqsəd qoyub gərgin məşq prosesi keçmişdim. Nəticəmin belə uğurlu alınmasında da məhz hazırlığımın yüksək olması öz sözünü dedi.


- Turnir öncəsi çempion olacağınıza inanınrdınız?

- Özümə inanırdım. Niyə? Çünki məşqçilərin mənə verdiyi məşq proqramını artıqlamasıyla yerinə yetirirdim. Onlar mənə beş deyəndə on, on deyəndə iyirmi edirdim. İşimə qarşı məsuliyyətli olmağım məni dünya çempionatının qalibi etdi. Şükürlər olsun ki, bu xarakter məndə hələ də var. Nə qədər ki, idmançı karyeramı davam etdirirəm, düşünürəm, bu həmişə belə olacaq.


- Rəqibləriniz də çox təcrübəli, dünya boks aləmində kifayət qədər sözünü demiş idmançılar idi. Onların arasında olimpiya və dünya mükafatçısı Tuqsurqot Nayambayar və ev sahibi Kayrat Yeraliyevin adlarını çəkmək kifayətdir...

- Təbii, titullu idmançılarla görüşmək gənc biri üçün asan deyil, amma dünya çempionatında mənim psixolojim durumum da yüksək səviyyədə idi. Özümə təlqin etmişdim ki, rəqibim çempiondursa, o demək deyil ki, məndən güclüdür, mən ondan daha yaxşı hazırlaşmışam, bir növ qələbəyə məhkumam.

Dünya çempionatında hər döyüşə final olaraq yanaşırdım. Bu təlqinlə də bütün döyüşləri eyni səviyyədə keçirərək birinci oldum.


- Yerli boks ictimaiyyətinin rəyinə görə, sizin dünya çempionluğunuzda fiziki və texniki göstəriciləriniz yox, sırf ürəyiniz- daxilinizdəki qələbə yanğısı əsas rol oynadı. Düzdür?

- Razıyam. Mən böyük ürəyə malik idmançıyam. Digər idmançılardan məni fərqləndirən əsas xüsusiyyətlərdən biri, bəlkə də birincisi məhz budur.

Çoxlarına gülməli gələr, amma mənə desələr ki, Taysonla döyüş, çəkinmədən, böyük məmnuniyyətlə onunla rinqə çıxaram.

- Qarşıdan I Avropa Oyunları gəlir və siz bu turnirdə iştirak edəcəksiniz. Avropa Oyunlarında sizdən nə gözləyək?

- Hazırda 56 kiloqram çəki dərəcəsində dünya boks reytinqində ikinci, Avropa reytinqində isə birinciyəm. Avropanın ən yaxşısı sayılıram. Gərgin məşq prosesi keçirəm, gecə-gündüz yalnız Avropa Oyunları haqqında düşünürəm. Gözəl bilirəm ki, mən hansı əhəmiyyəti kəsb edən yarışa qatılacam. Hazırda yalnız bir arzum var; Avropa Oyunlarının qalibi olmaq! Əminəm ki, belə də olacaq.


- Qələbə yolunda əsas rəqibləriniz fransalı olimpiya mükafatçısı Xedafi Celkir, ukraynalı Busenko və dünya çempionatının finalında məğlub etdiyiniz - hazırda revanş hissi ilə alışıb yanan rus Nikitin olmalıdır...

- Ola bilsin ki, Fransa, Ukrayna və Rusiya yığmaları turnirə digər idmançıları ilə qatılsınlar. Amma böyük ehtimalla siz adını çəkdiyiniz idmançılar Avropa Oyunlarında iştirak edəcəklər. Sadəcə, onu deyim ki, mən nə Nikitindən,nə Busenkodan, nə də Celkirdən çəkinmirəm, əksinə, onlar məndən çəkinirlər. Çəkinməlidirlər də.


- Avropa Oyunlarında komanda yoldaşlarınızdan kimləri qələbəyə əsas namizəd hesab edirsiniz?

- Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovun şansları daha çoxdur. Elvin Məmişzadəni də xüsusi qeyd edərdim. Hazırda Elvin yaxşı formadadır.


- Elvin İsayev və Heybətulla Hacıəliyevi necə?

- 50-50-yə. Adını çəkdiyim idmançıları qələbəyə daha potensiallı görürəm.



"Yerli idmançılardan hər hansı birini kumir seçməmişəm"



- Azərbaycanda ən populyar idman növlərindən biri də boksdur. Bu növdə Avropa və dünya çempionatlarında, olimpiya oyunlarında nəzərəçarpacaq uğurlar qazanmışıq. Sizdən əvvəl Rövşən Hüseynov, Vüqar Ələkbərov, Ağası Məmmədov, Fuad Aslanov, Şahin İmranov kimi tanınmış boksçularımız olub. Onlardan hansınısa özünüzə kumir seçmisiniz?

- Mənim boksa gəlməyimdə əsas rolu atam oynayıb. Gözümü açandan onu rinqdə, məşq zallarında görmüşəm. İlk məşqçim də elə o olub.Yadımdadır, ilk dəfə boks zalına məşqə gedəndə atamın əlcəklərini özümlə götürmüşdüm.


- Uşaqlıqda adını çəkdiyim idmançılardan hər hansı birinin çıxışlarını izləmirdiniz?

- Açığı, o qədər də yox. Atam o vaxt mənə boksla bağlı kasetlər alıb gətirərdi. Məhəmməd Əli, Mayk Tayson, Evander Hollifild və Lennoks Luisin döyüşlərini sevə-sevə izləmişəm. Yerli idmançılardan hər hansı birinin çıxışlarını yaxından izlədiyimi və yaxud kumir seçdiyimi söyləyə bilmərəm.

- Veteran boksçularımızdan sizə kimlər mənəvi dəstək olur, tövsiyə verirlər?

- Fariz Məmmədov və Şahin İmranovu xüsusi qeyd edərdim. Düzdür, Fariz Məmmədov hazırda vuruşur, amma hər halda yaşca məndən xeyli böyükdür, tövsiyələri dəyərlidir.


- Əzəldən aşağı çəkilərdə yığma komandada güclü daxili rəqabət olub. Hazırda 56 kiloqram çəki dərəcəsində kimi bu baxımdan ciddi rəqib olaraq qəbul edirsiniz?

- 56 kiloqram çəki dərəcəsində yerli idmançılar arasında heç kimi ciddi rəqib olaraq qəbul etmirəm. Hazırda məni heyətdən sıxışdırmaq iqtidarında olan boksçu yoxdur.


- Rəqabətin olmaması necə hissdir? Bu sizi arxayınlaşdırmır ki?

- Mənim üçün heç bir fərqi yoxdur. Mən dünya çempionu olmamışdan əvvəl necə məşq edirdimsə, elə də davam edirəm. Məndə heç vaxt arxayınlıq hissi olmayıb. Yığmanın məşqçilərindən də soruşsanız, bunu təsdiqləyərlər.


"Bu çəkidən yalnız olimpiya çempionu kimi gedə bilərəm"


- 56 kiloqram kimi yüngül çəkini qoruyub saxlamaq bir idmançı üçün çox çətin hesab olunur. Buna necə nail olursunuz?

- Bu, idmançının öz əlindədir. Qidalanmaya və digər amillərə düzgün raiyət etdikdə heç bir çətinlik törətmir. 
Digər, daha yuxarı çəki dərəcələrində də mübarizə apararam, amma qarşıma məqsəd qoymuşam ki, bu çəkidən yalnız olimpiya çempionu kimi gedə bilərəm.

- Avropa Oyunlarından sonra qarşıdan Qətərin paytaxtında keçiriləcək Rio de Janeyro olimpiadasında lisenziya xarakterli dünya çempionatı gəlir. Bu turnir üçün nə vədləriniz var?

- Hazırda məni daha çox qayğılandıran Avropa Oyunlarıdır. Dünya çempionatı mənim üçün indiki halda ikinci plandadır.


- Həvəskar boksla paralel olaraq həmçinin AİBA Pro Boxing seriyasından olan peşəkar boks turnirlərində də iştirak edirsiniz...

- Bu seriyadan olan turnirlərdə görüş müddəti daha çoxdur. Orda uğurlu iştirak üçün idmançıdan son dərəcə güclü xarakter, əzmkarlıq tələb olunur. Bu xüsusiyyətlər də məndə olduğundan orda mübarizə aparmaq çətinlik törətmir.


- Gələcəkdə sizi sırf peşəkar boksda görə bilərik?

- Hələlik bütün planlarım olimpiya boksu ilə bağlıdır. Bir idmançı olaraq da bütün həmkarlarım kimi əsas arzum olimpiya çemponu olmaqdır. Bilirsiniz ki, Azərbaycan boksunun olimpiya çempionu yoxdur, bu səbəbdən adımı tarixə ilk olimpiya çempionu kimi yazdırmaq fürsətim var. Çalışacam ki, bundan Rio olimpiadasında maksimum yararlanım.


- Bir ara yarışlarda iştirak etmədiniz, deyəsən, əlinizdən zədə almışdınız...

- Şükürlər olsun ki, zədəm tamamilə sağalıb. Bu zədə AİBA Pro Boxing turnirində Venesuela boksçusu ilə görüşdə yaranmışdı. Mən onun qaşının üstünə qüvvətli zərbə endirdikdən sonra əlim çartlamışdı.


- Baxmayaraq ki, dünya çempionusunuz, sizi nəinki cəmiyyət, hətta idman ictimaiyyəti belə, çox az tanıyır. Televiziya və media qurumlarının sizə qarşı diqqətsizliyinin səbəbi nədir?

- Özüm deyiləm (gülür). Dəvət etsələr, böyük məmnuniyyətlə qəbul edərəm.

Açığı, o qədər də marağında deyiləm. İdmançıyam, məşqimi edib yarışlarda iştirak edirəm, digər məsələlər mənim üçün o qədər də əhəmiyyətli deyil.


- İdmançılar arasında daha çox kimlərlə yaxınsınız?

- Daim oturub-durduğumuzu deyə bilmərəm, amma bir çoxu ilə ünsiyyət saxlayıram. İlham Zəkiyevlə tez-tez zəngləşir, hal-əhval tuturuq. Fərid Mansurovla da bayram və digər əlamətdar günlərdə zəngləşirik. Komanda yoldaşlarıma gəldikdə isə, hamısı ilə çox sıx ünsiyyətim var.



"Dostlarım utancaqlığımı mənə irad tuturlar"



- Sizi necə bir insan olaraq xarakterizə etmək olar?

- Nə deyim vallah...


- Mən birini deyim; Həddən artıq utancaq (gülərək).

- Çox düzgün qeyd etdiniz(gülür). Dostlarım da utancaqlığımı mənə irad tuturlar.


- Son sözünüz?

- Federasiya rəhbərliyinə, başda prezident Kəmaləddin Heydərov olmaqla, vitse prezidentlər Süleyman Mikayılov və Ağacan Əbiyevə, məşqçilər korpusuna, xüsusilə də Nəriman Abdullayevə bizə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığımı bildirirəm.
Qarşıdan gələn Avropa Oyunlarında bütün idmançılarımıza uğurlar arzu edirəm. Ümid edirəm ki, qazandığımız nəticələrlə xalqımızı sevindirəcəyik.


Sahib  ƏSƏDBƏYLİ