adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 May 2015 15:03
63244
RUBRİKA
A- A+

“Bölgələrdə qanunların izah olunması istiqamətində iş aparmaq lazımdır” - Rubrika

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə rubrikamızın bugünkü qonağı  26 saylı Sabunçu birinci seçki dairəsinin deputatı Fazil Mustafadır

 

-Fazil müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

 

-Milli Məclisin fəaliyyəti təbii ki, bir hüquqçu və siyasətçi olaraq mənim arzuladığım standartlardan çox uzaqdır. Bununla belə, səlahiyyətlərin də çox geniş olmadığını düşünürəm. Sadəcə mövcud mexanizmlərdən daha səmərəli istifadə etmək mümkündür ki, burada da subyektiv amillər əsas rol oynayır. Məsələn, Hesablama Palatası ilə əməkdaşlığın yüksək səviyyədə olmaması, büdcə məsələlərinin daha geniş müzakirə olunmaması, bəzi müxalif çıxışlara qarşı dözümsüzlük kimi halların olması xoşagələn deyil. Hər halda düşünürəm ki, Milli Məclisdə deputatların potensialından daha çox faydalanmaq olardı.

 

-Bu müddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

 

-Hələ ki, xüsusi olaraq sevinc keçirdiyim məsələni xatırlamıram. Hər halda faydalı qərarların da qəbul olunduğunu etiraf etmək lazımdır.

 

-MANDAT-ını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadala bilərsiniz?


-Bilirsiniz, seçiciləri ümumi kateqoriyada götürüb, hansı biri üçün həll olunan məsələnin hamıya rifah gətirdiyini söyləmək doğru olmazdı. Bu gün əvvəlki illərdən fərqli olaraq, su, qaz, elektrik çəkilişi ilə bağlı dövlət tərəfindən geniş işlər görüldüyünə görə, əsas şikayətlər daha çox pozulmuş hüquqlarla bağlı olur. Burada isə məhkəmlərin, dövlət qurumlarının əvəzinə deputatın ədaləti bərpa etməsi olduqca mürəkkəb məsələdir. Biz problemlərin mümkün qədər həllinə çalışırıq, nəyəsə nail olmayanda, özümüz də əzab çəkirik. Ona görə də ümumi qaydada hüququn işləməməsi deputatı da çətin vəziyyətdə qoyur. Hər halda müraciət olunan bütün məsələlərə diqqətlə yanaşdığımı söyləyə bilərəm

-Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

- Belə bir niyyətim var.

-Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

-Hər kəs öz vicdanı qarşısında hesabat verir. Seçilmisənsə, maaş alırsansa, xalqa xidmət etmək vəzifəsini qəbul etmisənsə, buyur, bunun haqqını ver. Ona görə də səbəbləri hər kəsin fərdi xarakterində, məsuliyyət duyğusunda axtarmaq lazımdır.

-Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Regionlarla əlaqəmiz xeyli zəifdir. Hətta mən düşünürdüm ki, Azərbaycan Parlamentinin 2008-ci ildə açılışını Gəncədə keçirəcəyik, təəssüf ki, bu da olmadı. Mütləq bölgələrdə parlamentin tanıdılması, qanunların izah olunması istiqamətində iş aparmaq lazımdır. Çünki parlament dövlətin ən vacib atributlarından biridir.

 -Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

 -Mənim bütün dövlət qurumları ilə normal münasibətlərim var, göndərdiyim sorğulara vaxtında cavab verirlər. Təbii ki, icra qurumlarının fəaliyyətində nöqsanlar var, ancaq biz bunları konflikt yaratmaqla deyil, problemi həll etməklə çözməyə çalışırıq.