adalet.az header logo
  • Bakı 19°C
02 Iyun 2015 18:58
69767
RUBRİKA
A- A+

"FƏXRİ KÜRSÜ"də Orxan Səfərov: "Rio olimpiadasında iştirak edəcəyim təqdirdə medal qazanacağıma əminəm"

Orxan İlham oğlu Səfərov 1991-ci ildə Azərbaycan respublikasının Lənkəran şəhərində dünyaya gəlib. İdmanın cüdo növündə mübarizə aparan Səfərov indiyədək beynəlxalq arenada bir çox uğurlar qazanıb. O, 2011-ci ildə keçirilən Avropa kuboku turnirində birinci olub. Bir il sonra Praqada keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının bürünc mükafatını qazanan cüdoçumuz Bakıda keçirilən Qran-pri turnirində də fəxri kürsünün üçüncü pilləsinə qalxıb. O, 2013-cü ildə gözlənilmədən Braziliyanın Rio de Janeyro şəhərində keçirilən mundialın bürünc mükafatını qazanmaqla dünya cüdo aləmində adından söz etdirib.
Bundan başqa, o, ayrı-ayrı vaxtlarda "Böyük Dəbilqə" və Qran-pri seriyasından olan turnirlərin qalib və mükafatçısı olub.

Səfərov iştirak etdiyi son turnirlərdə liderlər qrupunda əbəs yerə qərarlaşmadığını sübut edib. O, bu ilin aprelində Samsunda keçirilən Qran-pri-nin və mayın sonlarında "qara qitə"də təşkil olunmuş "World Masters" turnirinin gümüş mükafatını qazanıb. Bu nəticələrdən sonra Beynəlxalq Cüdo Federasiyasının reytinqində dördüncü pilləyə yüksəlib.

Adalet.az-ın "FƏXRİ KÜRSÜ" rubrikasının növbəti qonağı cüdo üzrə Azərbaycan yığma komandasının aparıcı üzvlərindən biri, dünya üçüncüsü, bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçısı Orxan Səfərovdur.


"Koreya cüdoçusu ilə görüşüm heç cür alınmır"


- Orxan, bir neçə gün öncə Mərakeşin Rabat şəhərində keçirilən "World Masters" turnirində ikinci oldunuz. Turnirlə bağlı təəssüratlarınızı öyrənək...

- Bu, mənim iştirak etdiyim ilk "World Masters" turniri idi. İlk olduğu üçün üzərimdə bir qədər həyəcan vardı. Şükürlər olsun ki, yüksək səviyyədə çıxış edə bildim. Finalda məğlub olduğum Yaponiya təmsilçisi çox güclü cüdoçu idi. Buna baxmayaraq, onunla başabaş mübarizə apardım. Sadəcə, cərimə ballarının nisbətində yenildim. Açığı, cərimə ballarının biri mənə heç bir səbəb olmadan verildi.


- Finaladək heç də asan yol keçmədiniz. Məğlub etdiyiniz rəqiblər dünya cüdo aləmində kifayət qədər ad çıxarıblar. Onlardan son dünya çempionu Qanbat Boldbatarı xüsusilə qeyd edərdim...

- İsrail təmsilçisi Arşanski ilə bunadək iki dəfə qarşılaşıb, məğlub etmişdim. Üzərimdə start həyəcanı olsa da, birtəhər onu keçməyi bacardım. İkinci görüşdə mübarizə apardığım alman cüdoçusu son vaxtlar uğurlu çıxış göstərir. Onunla Tiflis Qran-pri-sində qarşılaşıb, hakimlərin müəmmalı qərarları ilə məğlub olmuşdum. Onu yenməklə Tiflisdəki məğlubiyyətin revanşını aldım. Yarımfinalda görüşdüyüm Boldbatar Qanbat dünya cüdo aləmində sözünü demiş idmançıdır, onunla görüşmək bir çox cüdoçular üçün çətindir. Hazırda da reytinqdə birincidir. Boldbatar görüşün əvvəlində çox inamlı görünsə də, get-gedə nəzarəti əldən verdiyini hiss etdim. Vaxtın bitməyinə 2 dəqiqə qalmış artıq onu məğlub edəcəyimi qətiləşdirmişdim. Kəşfiyyatçı mövqeyi tutaraq üzərimə gəlməsini gözlədim və əks-hücumda "vazari" fəndi işlətdim. Sonradan onu "osae-kome" vəziyyətində saxlayaraq təmiz qələbə qazandım.

- Hazırda əsas rəqibləriniz yaponiyalı Takato, koreyalı Kim Von Jin, Rusiya təmsilçisi Beslan Mudranov, gürcüstanlı Amiran Papinaşvili və bayaq haqqında bəhs etdiyimiz Monqolustan cüdoçusudur. Onlardan hansı ilə görüşmək daha ağırdır?

- Heç birindən xüsusi çəkinəcəyim yoxdur. Sadəcə, Koreya cüdoçusu ilə görüşüm heç cür alınmır. Mudranovla isə, əksinə, yaxşı alınır. Onunla görüşlərimin tarixi 2013-cü ildə keçirilən dünya çempionatından başlanır. İki il əvvəl mundialda ilk görüşdə onu məğlub etmişdim. Son Avropa çempionatında hakimlər onunla görüşdə sona 3 saniyə qalmış mənə cərimə balı verərək haqlı qələbəmi əlimdən aldırlar. Mudranov titullu cüdoçu olsa da, mənim üçün asan rəqibdir. Mudranovun özü də məndən çəkindiyi dilə gətirir. Keçən il Çelyabinskdə keçirilən dünya çempionatı öncəsi deyirdi ki, kiminlə - hətta Takato ilə düşsəm də, Səfərovla düşməyim.
O, "World Masters" turnirində ilk mərhələdə mənim 1/4 finalda üstələdiyim Almaniya təmsilçisinə məğlub oldu deyə bu dəfə qarşılaşa bilmədik. 

- Heç yerli idman ictimaiyyətinin belə, tanımadığı bir cüdoçu Orxan Səfərov adının ilk dəfə hallandığı mundialda mükafatçılar sırasına düşməyi bacardı... 2013-cü ildə Braziliyada keçirilən dünya çempionatına qayıdaq...

- 2013-cü ilin birinci yarısında iştirak etdiyim bütün turnirlərdə uğursuzluqla üzləşmişdim. Buna baxmayaraq, məşqlərdə özümü yaxşı tərəfdən göstərməyi bacarırdım. Dünya çempionatına bir həftə qalmış bütün çəkilərdə iştirakçılar müəyyənləşsə də, 60 kiloqramda kimlərin gedəcəyi qətiləşməmişdi. Üç namizəd vardı ki, onlar İlqar Müşkiyev, Vüqar Şirinli və mən idim. Mən onların arasında üçüncü nömrə kimi gedirdim. Rioya da iki nəfər getməli idi. Komandanın o vaxtkı baş məşqçisi Piter Zeyzenbaxer sonda seçim edərkən İlqar Müşkiyevlə mənim üzərimdə dayandı. Bu, hər kəsdən öncə elə mənim özüm üçün sürpriz oldu. Medal qazanmağım isə əsil sensassiya idi.

 Mundialın ilk görüşündə bir il öncəki Avropa çempionu Mudranovu məğlub etdikdən sonra özümə inamım ikiqat artdı. Ard-arda qələbə qazanaraq, yarımfinalda Koreya cüdoçusuna yenildim. Bürünc medal uğrunda görüşdə isə rəqibim son Avropa çempionu reytinqdə birinci yerdə gedən gürcü Papinaşvili idi. Halbuki, çempionat öncəsi mən 71-ci pillədə qərarlaşmışdım. Onu məğlub edəcəyimə heç kim inanmazdı


"Mən Zeyzenbaxeri çox uğurlu məşqçi kimi xarakterizə edirəm"


- Çoxları Zeyzenbaxeri bəyənmir, onun haqqında kəskin tənqidi fikirlər səsləndirirlər. Amma sizi məhz avsrtiyalı mütəxəssisin tapıntısı kimi qələmə vermək olar...

- Kim nə desə də, mən onu çox uğurlu məşqçi kimi xarakterizə edirəm. Bütün məşq proqramları yüksək səviyyədə idi, məni çox qane edirdi.


- 60 kiloqram çəki dərəcəsində sizinlə dünya və Avropa çempionatlarının mükafatçısı İlqar Müşkiyev arasında gərgin daxili rəqabət var. Rio olimpiadasına da artıq 1 il qalıb. Necə fikirləşirsiniz, olimpiadada iştirak baxımından hazırda kim daha şanslıdır?

- Bu barədə qəti fikir bildirmək tezdir. Açığı, rəqabətin olması çox sevindirici haldır. Məni arxayınlaşmağa qoymur.


- Son dörd turnirin ümumi yekunlarına əsasən, Müşkiyev rəqabətdə sizə açıq-aşkar uduzur. Bu, reytinqdə də özünü biruzə verir; Siz dördüncü, o isə on ikinci pillədədir...

- İlqar zədəli olduğu üçün son turnirlərdə uğurlu iştirak edə bilmədi. Hazırda da bərpa prosesi keçir.


- Maraqlıdır, şəxsi görüşlərdə nisbət necədir?

- İlqar məni iki dəfə - 2011-ci ildə Azərbaycan çempionatında və bir il sonra Qran-pri-də məğlub edib, mən isə onu bir dəfə - keçən il Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin yarımfinal görüşündə məğlub etmişəm. Onunla görüşlərimiz həmişə gərgin alınır. Amma məşq prosesində qüvvəmizi sınamırıq.


- Bu rəqabət şəxsi münasibətlərinizə təsir göstərmir ki?

- Bizim şəxsi münasibətlərimizə tatamidəki mübarizənin heç bir aidiyyatı yoxdur.


- Mübarizə apardığınız çəki dərəcəsi Azərbaycan cüdosunun ən parlaq səhifələrindən birini təşkil edir. 60 kiloqramda Nazim Hüseynov olimpiya və Avropa çempionu, Elçin İsmayılov isə iki dəfə Avropanın ən güclüsü olub. Bu çəkinin məsuliyyəti sizin üçün nə dərəcədə ağırdır?

- 60 kiloqram çəki dərəcəsi Azərbaycan cüdosunun nəinki ən parlaq səhifələrindən biri, hətta deyərdim ki, birincisidir. Digər çəkilərdə yalnız son vaxtlar canlanma varsa, 60 kiloqramda bünövrədən güclü idmançılar olub. Siz adını çəkdiyiniz ünlü cüdoçularımızdan başqa Nicat Şıxəlizadə də bu çəkidə fərqlənməyi bacarıb. Hazırda gənclər yığmasında da ən yüngül çəkidə perspektivli cüdoçular var. 
Təbii, məsuliyyəti olduqca ağırdır. Çalışıram, etimadı artıqlamasıyla doğruldum.

- Boyunuz 60 kiloqram çəki dərəcəsi üçün bir qədər çoxdur. Hətta 66 kiloqram çəkidə mübarizə aparan cüdoçuların çoxundan - elə bizim Nicat Şıxəlizadədən xeyli hündürsünüz. 1.70 boyla ekstra-yüngül çəkini qoruyub saxlamaq çətin deyil ki?

- Yaş artdıqca çətinləşir. Rio olimpiadasından sonra 66 kiloqram çəki dərəcəsinə keçmək fikrim var.


- Avropa Oyunlarının startına cəmi bir neçə gün qalıb. Bu turnir barədə nə vədləriniz var?

- Avropa Oyunlarında cüdo yarışları paralel olaraq Avropa çempionatı da hesab olunduğundan qitənin ən güclüləri mübarizə aparacaq. Həm də cüdo elə bir idman növüdür ki, gözlənilməzliklərlə zəngindir, əvvəlcədən proqnoz vermək düzgün olmazdı. Avropa çempionatı Qran-pri, "Böyük Dəbilqə" və "World Masters" turnirlərinə bənzəməz, ab-havası daha ağırdır. Beynəlxalq turnirlər sınaq, Avropa çempionatı isə hünər meydanıdır. İdmançının adı gəldikdə demirlər ki, bu, filan beynəlxalq turnirdə filan medalı qazanıb, deyilir ki, Avropa və dünya çempionatının, olimpiadanın qalibi, mükafatçısıdır.
Bilirsiniz, Avropa Oyunları, qarşıdan gələn qitə və dünya çempionatlarını deyə bilmərəm, amma Rio olimpidasında iştirak edəcəyim təqdirdə medal qazanacağıma əminəm. Nədənsə, məndə belə bir hiss formalaşıb.


"Cüdoda görüş vaxtı 5 dəqiqə deyil, 3 dəqiqə olsa, Elxan hər turnirdə qalib olar"

- Yığma komandanın kapitanı Elxan Məmmədovun son turnirlərdə göstərdiyi nəticələr qətiyyən ürəkaçan deyil. Artıq onun karyerasını bitirməli olduğu məsələsi gündəmə gəlib. Bu barədə siz nə fikirləşirsiniz?

- London olimpiadasından sonra da hər kəs Elxanın karyerasını bitirəcəyini deyirdi, amma o, bir il sonra dünya çempionu oldu. Özü də başqa çəki dərəcəsində. Son turnirlərdə uğursuz nəticər göstərib deyə onu hesabdan silmək olmaz. Elxan çox güclü cüdoçudur. Bilirsiniz, cüdoda görüş vaxtı 5 dəqiqə deyil, 3 dəqiqə olsa, o, hər turnirdə qalib olar. Elxanın əsas problemi sonadək mübarizə aparmaqda çətinlik çəkməsidir.


- Məmmədovun yaşı da az deyil. O isə demək olar bütün turnirlərdə iştirak edir. Praktikaya nəzər salsaq, bu yaşda nailiyyət qazanan idmançılar turnirlərdə az-az görünür. Əgər Elxan da gücünü qorusa - özünü hər yarışa sərf etməsə, diqqətini sırf məşqlərə yönəltsə, dünya və Avropa çempionatlarında rahatlıqla mükafatçılar sırasına düşər. Razısınızmı?

- Tamamilə razıyam.


- Keçək söhbətin ikinci hissəsinə... İdman aləmində kimlərlə yaxın ünsiyyətiniz var?

- Yığma komandamızda demək olar ki, hamıyla yaxın münasibətim var. Nicat Şıxəlizadə, Rüstəm Orucov və Elmar Qasımovla xüsusilə sıx ünsiyyət saxlayıram. Digər idman növlərindən isə boksçu Tamerlan Abdulllayevlə dostluq edirəm.


- Bir xeyli nəticələriniz olsa da ictimaiyyət arasında çox tanınmırsınız...

- Ad olaraq çoxları tanıyır, amma vizual yox. İnanırsınız, elə olub ki, verilişdə olarkən yanımda ola-ola aparıcı soruşub ki, Orxan Səfərov hardadır? ( gülür)


- Sevimli məşğuliyyətiniz nədir?

- "Playstation" oynamağı sevirəm. Daha çox futbolu yaxşı oynayıram.


- Futbol azarkeşisiniz?

- Azarkeş deyiləm, amma oynamağı çox sevirəm. Çox güclü də oynaya bilirəm.


- Belə demək olarsa, cüdoçu olmasaydınız, futbolçu olardınız...

- Yüz faiz. Hətta əvvəllər çəkim artmırdı deyə məşqçim Fərhad Məmmədov valideynlərimə zəng edib deyirdi ki, onu qoymayın futbol oynasın. (gülür)


- Cüdoya gəlişiniz barədə danışardınız...

- Mən ilk məşqlərə Sankt Peterburqda getmişəm. İki ilə yaxın orda məşq etmişəm. Bu müddət ərzində müəyyən uğurlarım da olub. Yeniyetmələr arasında şəhər çempionu olmuşam. Bakıya köçdükdən sonra atam məni "Atilla" idman klubuna apardı. Orda Fərhad müəllimin rəhbərliyi altında məşqlərimi davam etdirdim. Mənim bir idmançı kimi formalaşmağımda, hazırkı səviyyəyə çatmağımda Fərhad Məmmədov və Əli Dəvrişovun böyük rolu olub.


"İlham Zəkiyev həmişə mənə və digər cüdoçulara dəstək olur"


- Kumiriniz kim olub?

- Elçin İsmayılov. Uşaqlıqda daim onun görüşlərini izləyirdim. Yeniyetmə olarkən o, bizim zala gələr, ustad dərsləri keçərdi. İsmayılov mükəmməl texnikaya malik cüdoçu idi.


 Sizcə, cüdoçuda tələb olunan əsas xüsusiyyət nədir?

- Dözümlülük və ağıl. Görüşü düzgün qurmaq, qüvvəni bölmək mütləqdir. Əks təqdirdə ilk dəqiqələrdə "yuko" və "vazari" fəndi işlədib, sonradan "ippon"la məğlub ola bilərsən.


- Veteran cüdoçularımızdan kimlər sizə mənəvi dəstək verir, bir növ qələbələrə ruhlandırır?

- Açığı, heç biri. Amma məşhur paralimpiyaçı cüdoçumuz İlham Zəkiyev həmişə mənə və digər cüdoçulara dəstək olur. Ətrafımda olan insanların çoxu yalnız qələbə qazandıqda məni yada salırlarsa, Zəkiyev üçün nəticənin heç bir fərqi yoxdur. Sözün əsl mənasında gözəl insandır.


- Cüdo yığmamızın üzvləri haqqında - onların bəzi xarakterik xüsusiyyətləri barədə məlumat əldə etmək oxucular, xüsusən də idman azarkeşləri üçün çox maraqlı olardı... Nə deyirsiniz, komanda yoldaşlarınızı ayrı-ayrılıqda xarakterizə edək?

- Edək. (gülür)


- İlqar Müşkiyevdən başlayaq...

- İlqar çox yaxşı insandır. Ona aramızda "professor" deyirik. Proqnoz verməyi xoşlayır. Hər yarışqabağı komandanın bütün üzvləri bununla bağlı onun "qəbuluna düşür". (gülür)


- Düz çıxır?

- Hərdən hə, hərdən yox.


- Nicat Şıxəlizadə...

- O, mənə çox kömək olub. Daim tövsiyyələr verir. Nicatı bir növ ustam hesab edirəm (gülür).


- Tərlan Kərimov...

- Kərimov bizim ağır qardaşlarımızdandır. Ciddi və sakit xarakteri ilə seçilir.


- Rüstəm Orucov...

- Rüstəm özünü həlak edən insandır. (gülür) Komanda arasında ona "tükənməz enerji" deyirik. Tatamidə necə mübarizə aparırsa, həyatda da elə emosionaldır.


- Tural Safquliyev...

- O, komandanən ən sakit üzvüdür. Heç kimlə sıx ünsiyyət saxlayan deyil.


- Ramin Qurbanov...

- Ramin çox əsəbi, səbirsiz insandır. Komandanın ən tez özündən çıxan üzvüdür.


- Elmar Qasımov...

- Elmar komandanın dəlisidir. Birdən hamının ciddi olduğu vaxtda elə məzəli söz deyir ki, gülməkdən özümüzü saxlaya bilmirik. Hərdən də əksinə olur; Hamı deyib gülür, şənlənir, qəflətən Elmar ortaya elə ciddi mövzu atır ki, adamın gözü kəlləsinə çıxır. (gülür)


- Elxan Məmmədov...

- Elxan Məmmədov komandanın ağsaqqalıdır. Onun yanında bir-birimizlə münasibətdə mümkün qədər pərdə saxlamağa çalışırıq. Ciddi və sözün yumşaq mənasında özünə hörmət tələb edən insandır.


- Kifayət Qasımova...

- Onunla indiyədək hər hansı ünsiyyətim olmayıb. Münasibətimiz ancaq "salam- sağ ol" səviyyəsindədir.


- Bəs onlar sizi necə xarakterizə edir?

- Mən onların dilindən desəm, səmimi çıxmaz. Onu deyim ki, xarakter etibarilə çox mülayim insanam. Hamıyla münasibətimi tənzimləməyi bacarıram. Uşaqla uşaq, böyüklə böyük oluram.


- Demək istədiyiniz nə isə qaldısa, buyurun...

- Artıq Avropa Oyunlarına sayılı günlər qalır. Bu cür mötəbər, tarixi bir turnirin təşkilatçılığının ölkəmizə həvalə edilməsi Azərbaycan idman ailəsinin bir üzvü kimi məni çox sevindirir. İnanıram ki, "Bakı 2015" idmançılarımızın uğurları ilə əsl zəfər təntənəsi kimi yadda qalacaq. Bütün növlərdə mübarizə aparan idmançılara qələbə arzu edirəm. Allah əziyyətlərini yerdə qoymasın!

Sahib ƏSƏDBƏYLİ