SON DƏQİQƏ:

DƏRYACA AĞLIN OLSA...

  80993   |  
Şriftin ölçüsü  
... Ağıllı və müdrik adamlar həmişə yaşadıqları cəmiyyətdə sayılıb-seçiliblər. Belə bir deyim var ki, ağıllı adam çətinə düşəndə, ordan çıxmağı bacarır, müdrik insanlar isə heç vaxt çətinliyə düşmürlər. Əlbəttə, ağılın, zəkanın və təfəkkürün işığından həmişə bu cəmiyyət, bu millət və bu xalq nur alıb. Ən azından on görə ki, hər hansı cəmiyyətin siyasi quruluşundan asılı olmayaraq, orda ağıllı adamlara, müdrik insanlara çox böyük ehtiyac duyulub.
Və o ağıllı, müdrik insanlar istər padşahların, istər xanların, istərsə də hər hansı dövlət başçısının yanında olanda, bundan ən çox xeyir görən sadə və kasıb insanlar olublar. Bu ağıllı adamlar gücləri çatana qədər ona çalışıblar ki, hər hansı padşahın, xanın və dövlət başçısının əli xalqın qanına batmasın. Bax onda o dövlət də, o xalq da həmişə öz nicatını və işığını tapıb.
Bayaq dedik axı, ağıllı adamlara zamınından və məkanınjan asılı olmayaraq, həmişə ehtiyac olub. Və bu ağıllı adamlar nə var-dövlətləriylə, nə geyim-keçimləriylə, nə də digər cəhətləriylə seçiliblər. Və bu ağıllı adamlar yalnız və yalnız Allahın onlara verdiyi zəkaları, təfəkkürləri və ən nəhayət, əməli-saleh işləriylə fərqləniblər. Özü də heç vaxt özlərindən müştəbeh, təkəbbürlü olmayıblar. Kim tərəfindənsə axtarılmayanda, tapılmayanda ona da bir o qədər əhəmiyyət verməyiblər. Çünki ağıllı adamlar gün işığı kimi, qızıl kimi həmişə uzaqdan parlayıblar və insanları özlərinə yaxınlaşdırıblar. İnsanlar da onlara yaxın duranda görüblər ki, balam, heç yanda verilməyən dəyərlər bu adamlar tərəfindən qiymətləndirilib. Belə bir deyim var: "Zər qədrini zərgər bilər".
Amma deyəsən, zəmanə bir qədər tərsinə fırlanır. Tərsinə fırlanan zəmanə öz fırtınası, tüfanı və zəlzələsiyilə çox şeyin yerini dəyişib. Bəlkə də burda zəmanənin bir o qədər günahı yoxdur. Günah zəmanədə deyil, Allahın yolundan uzaq düşən və şeytana qulluq eləyən insanlarıdır. Şeytana qulluq eləyən insanlar o vaxt ayılırlar ki, nə vaxtsa onlar çox böyük günahlar eləyiblər. Günahlarını dərk eləyəndə isə hər şey gec olur. Sadəcə olaraq, Allahın verdiyi cəza onları gəlib tapır.
Xeyir-şərə getməyən adam az tapılar. Və mən də çoxları kimi gücüm çatdığı qədər yaxınlarımın xeyir işində və eləcə də yas məclislərində iştirak eləməyi özümə borc bilirəm. Bizim kənddə boynuyoğun Eldarın oğlu Eşşək Cəfər var. Sən demə, bu Eşşək Cəfər gedib Rusiyaya və orda da yaxşı pul qazanıb. Yaxşı pul qazanan boynuyoğun Eldarın oğlu Eşşək Cəfər 15 ildən sonra kəndə qayıdır. Bu dəfə yarım milyonluq maşınla. Bu Eşşək Cəfəri çoxları nə təhər dəmə-dəstgahla qarşılayırsa, buna özü də məəttəl qalır. Yas məclisinə girir, molla bunu görəndə ayağa qalxır və deyir ki, kəndimizin sayılıb-seçilən oğlu Cəfər müləlim bu gün məclisdə iştirak eləyir. Bu vaxt özünü saxlaya bilməyən kənd ağasaqqallarından biri mollanın qulağına pıçıldayır:
- Ay balam, boynuyoğun Eldarın oğlu Eşşək Cəfər nə vaxtdan müəllim olub? Bəs onda bu kəndin müəllimlərinə nə deyək?
Molla dodaqlarını gəmirir və ağsaqqala deyir:
- Ay rəhmətliyin oğlu, niyə qoymursan çörəyimizi qazanaq? Bax, bu Cəfər çox yaxşı oğlandı. Ursetdən dəfələrlə mənə poçtla pul göndərib. Pulun da üstündə bir kağız yazıb qoyub ki, dədəmə yolun qəbiristanlığa düşəndə "Yasin" oxuyarsan. Mən də hər dəfə qəbirsitanlığa gedəndə "Yasin" oxumuşam. Düzdür, Cəfər dədəsini söyürdü, hətta döyürdü. Amma kişinin oğlu pul qazanandı da...
Molla ağzındakı sözü qurtaran kimi Cəfərdən kağıza bükülmüş bir şey aldı. Sonra stolun altında kağızı açdı, gördü ki, bir gömgöy yüzlük dollardı. Qımışdı. Və kişiyə tərəf dönüb dilləndi:
- Gördün bunun qanacağını? Kişinin oğlu əliaçıqdı da. Sənin ağlın qabaqkı vaxtlara getməsin ey! Ursetdə Cəfər tamamilə dəyişib.
Ağsaqqal bir söz demədi və əlini havada yelləyib məclisdən çıxdı. Eşşək Cəfər isə ağzına gələni danışırdı: nə söhbət edənə imkan verirdi, nə də digərlərinə. Guya kişinin oğlu qızıl xırdalayırdı. Kəndin bəzi avam adamları da qulaqlarını onun söhbətinə elə dikmişdilər ki, guya Cəfər çox gözəl bir söhbət eləyir...
... Bir neçə ağıllı adam isə heç Cəfərə salam da vermədilər. Çünki onlar Cəfəri çox yaxşı tanıyırdılar. Bilirdilər ki, Cəfər dədəsini döyə-döyə öldürüb və hər dəfə də döyəndən sonra yeddi arxa dönəninə söyüb...
Qəşəm müəllim yavaş-yavaş ehmalca məclisdən ayağa qalxdı. Bir neçə müəllim yoldaşına da göz elədi ki, çölə çıxsınlar. Onlar da çölə çıxıb hərəsi bir papiros yandırdı. Bir neçə qullab verib yana-yana dedilər:
- Dünyanın işinə bax. Uğur müəllim qırx ildir canını bu məktəbdə qoyub bir eşşək arabası da ala bilməyib. Amma bu Cəfər 15 il bundan qabaq kənddən çıxıb, indi milyoner olub gəlib. Heç adını, soyadını yaza bilmir...
Məclislərdə bir çoxları ağıllı adamlara qulaq asmaq istəmirlər. Hətta ağıllı adamların ağızlarından dürr tökülsə belə, onlara əhəmiyyət verən olmur. Çünki bu ağıllı adamın nə əyin-başı var, nə var-dövləti, nə də ki, imkanları. Camaatın da çoxu məclislərdə o kəslərə dəyər və qiymət verirlər ki, o geyim-keçimi ilə seçilir, pulu-parası var və düşəndə də maşından yerə düşür.
... Heç qəm eləməyin! Onsuz da bu var-dövlət heç biri hər hansı insana əbədi məxsus deyil. Hər şey Yaradanındı. Amma bir deyim də var ki, "Dəryaca ağlın olsa, kasıb olsan gülərlər". Bax, bilmirəm ağıllı adamlar kasıb olanda ona niyə gülmək istəyirlər?! Və ona gülmək istəyən yəqin ki, boynuyoğun Eldarın oğlu Eşşək Cəfər kimi "maşenniklərdir"...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-30
2021-11-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK