SON DƏQİQƏ:

ƏHLİ-KEF TƏHSİLDƏN QAYIDIR…

  77258   |  
Şriftin ölçüsü  

… Səhv eləmiriksə, Seyid Əzim Şirvaninin bizim yazının başlığına bənzəyən bir satirası var: «Müctəhidin təhsildən qayıtması». Satiranın qısa məzmunu bundan ibarətdir ki, bir varlı kişinin ağıldan kəm oğlu xaricə oxumağa gedir. Yazıq kişi gözünü bu övladına dikir ki, uşaq xaricdə oxuyub evə dönəcək və əməlli-başlı adam olacaq. Amma bu uşaq da gününü-güzəranını başqa cür keçirir; hər gün restoranlarda, barlarda yeyib-içir, əylənir və qızlarla kef eləyir…

… Günlər, aylar ötür, il tamam olur, axırda da bir gün o, qayıdır öz evinə. Xaricdə ona bir ətək pul xərcləyən atası görür ki, balam, oğlu heç bir şey oxuyub öyrənməyib. Elə burda necə kütbeyin, savadsız və qabiliyyətsiz idisə, o vəziyyətdə də qalıb. Kişinin oğlu yalnız və yalnız bir şeyi öyrənib: yeyib-içməyi! Və kişini də o yandırır ki, övladı yolunda ətək-ətək pul xərcləyib, oğlu isə cahil, savadsız, nadan və iki eşşəyin arpasını bölə bilməyən birinə çevrilib. Kişi oğluna baxır, onun həyat tərzini görür, içindən od tutub yanır. Bir dizinə döyür, bir də başına…

Bu gün də Seyid Əzim Şirvaninin təsvir etdiyi «qəhrəmanın» ətri hiss olunur. Yəni sanki indi də bir çoxları xərc, borc pul töküb uşaqlarını xarici ölkələrdə «oxutmağa» göndərirlər. Bu xarici ölkələrin sırasına ən çox Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə daxildir. Düzdür, bəziləri sözün həqiqi mənasında Avropa ölkələrindəki və Amerikadakı ən perestijli universitetlərdə oxumaq istəyirlər. Və daha doğrusu oxuyurlar da. Onlar ölkəyə qayıdanda Avropanın elmini, texnologiyasını, mədəniyyətini gətrirlər. Üstəlik də, bu cür istedadlı, savadlı və dünyagörüşlü mütəxəssislər özəl şirkətlər tərəfindən yağlı fətir kimi göydə qapılır. Çünki özəl qurumlar yaxşı bilirlər ki, onların beyni var, savadı var və ən nəhayət, əsl Avropa kadrı kimi yetişib. Belələrini barmaqla saymaq olar…

…Bir-birinin bəhsinə isə Rusiyaya, Ukraynaya, Gürcüstana, Türkiyəyə axışan gəncləri isə heç cür başa düşmək olmur. Əlbəttə, bu uşaqların da arasında savadlıları var. Amma çox azdır. Adını qeyd etdiyimiz ölkələrin ali məktəbləri heç bir imtahan keçirmədən Azərbaycandan gedən gəncləri ali məktəbə qəbul edir. Hansı ki, bu gənclər Azərbaycanda nəinki ali məktəblərə, heç kolleclərə belə daxil ola bilmirlər. Yəqin ki, elementar savadları olsa, elə burda da hər hansı təhsil ocağına qəbul olmaq hüququ qazanarlar. Amma nə yazıqlar ki, bu uşaqların imkanlı valideynləri çıxış yolunu xaricdə fəaliyyət göstərən və Azərbaycanda diplomları tanınmayan ali məktəblərə göndərməkdə görürlər. O uşaqlar da gedirlər Türkiyəyə, Ukraynaya, Rusiyaya, Gürcüstana vaxtlarını keçirirlər, gəzirlər, kef eləyirlər və günlərin bir günündə də bir ətək pul verib aldıqları diplomla geri dönürlər. Savadla yox ha, diplomla!

Heç bu diplomu da çox vaxt bizim ölkədə qəbul etmirlər. Məsələn, Təhsil Nazirliyi deyir ki, biz tutaq ki, Türkiyənin filan universitetini bitirmiş məzunun diplomunu tanımırıq. Bizim tanıdığım ali məktəblər var, bu ali məktəbləri bitirənlərin də diplomunu tanıyırıq. Hələ iş məsələsi də gələndə yenə belələri havadan asılı vəziyyətdə qalır. Neçə-neçə tanıdığım imkanlı adamların övladları xaricdən aldıqları diplomla gəliblər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan vermək istəyiblər. Ancaq diplomları tanınmadığı üçün həmin imtahanlara buraxılmayıblar.

İstanbul gözəl şəhərdir. Gündüzü gecəsindən, gecəsi də gündüzündən qəşəngdir. Hələ mən onun tarixi abidələrini, gəzməli yerlərini və eyni zamanda görməli yerlərini demirəm. Bizim bir yaxın qohum var. Uşağı burda heç bir ali məktəbə qəbul ola bilmədi, axırda qohumum məcbur olub dedi ki, uşağı İstanbula göndərirəm. Uşaq kəsilib, utandığından camaatın arasına çıxa bilmirəm. Birtəhər pul düzəltdi, adam tapdı, qoydu onu İstanbuldakı universitetlərin birinə. Uşaq da nə az, nə çox 4 il İstanbulda kef elədi. Yəni Seyid Əzim Şirvaninin «Müctəhidin təhsildən qayıtması» kimi həyat tərzi yaşadı. Və günlərin birində də uşaq diplomu aldı, Bakıya qayıtdı. Atası sevinə-sevinə ona bir iş də tapmışdı. Uşağı apardı müsabiqəyə komissiyadan keçirməyə. Komissiya yoxlayandan sonra gördü ki, bu uşaq nə kompüteri bilir, nə də savadı var. Hələ üstəlik də həmin anda aydınlaşıb ki, uşağın diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır. Bundan sonra kişinin təyziqi qalxır, xəstəxanaya düşür. Bir neçə gündən sonra da rəhmətə gedir. Bax, bu da xaricdə bir ətək pul xərcləyib övlad «oxutmağın» sonu…

Bizim millət çox avam və çox da sadəlöhv millətdir. Yəni çox vaxt bir-birinin bəhsinə nəyə desən gedir. Tay fikirləşmir ki, balam, mən yorğanıma görə ayağımı uzatmalıyam. Tutaq ki, filankəsin milyonu var. İndi sən durub onunla bəhs eləməlisən? Bəhs eləməyin də axırı bir çox halda belə bitir. Sanki bizi kimlərsə cəhalətə, avamlığa, nadanlığa sürükləyir. Bu qüvvəni hər an, hər dəqiqə hiss eləmək heç də Amerika kəşf eləmək demək deyil.

Yenə yadımıza Seyid Əzim Şirvaninin başqa bir satirası düşür: «Köpəyə ehsan». Burda hər şeyi pula, vara-dövlətə satan mollaların iç üzü, daxili aləmi açılır. Belə ki, varlı bir kişinin iti ölür, o da itini yudurdur, kəfənə tutdurur aparıb qəbirsitanlıqda dəfn elətdirir. Bundan xəbər tutan kəndin mollası vay-veylə «şəriət əldən getdi», - deyib hücum çəkir həmin varlı adamın üstün. Varlı adam da görür ki, mollanın bərəlmiş gözü xortlamış ölünün gözü kimi parıldayır .Və tez də onun dilini tapıb deyir ki, molla əmi, qəm eləmə, bilirsən mənim itim nə vəsiyyət eləyib? Bildirib ki, kəndin mollasına çoxlu pul, pay-pürüş verim. Molla «pul» sözünü eşidən kimi o dəqiqə «valı» dəyişir və deyir:

İt demə, o dəxi bizim birimiz

Belə ölmüşlərə fəda dirimiz…

Biz orta məktəbdə oxuyanda ədəbiyyatdan Seyid Əzim Şirvaninin bu satiralarını proqrama salmışdılar. Amma eşitdiyimizə görə, xeyli vaxtdır ki, «Köpəyə ehsan» satirası orta məktəb dərsliyinin proqramından çıxarılıb. Balam, görəsən niyə? Bəlkə indi cahillik, xurafat, cəhalət azalıb?! Əksinə, indi dələduz mollaların, falabaxanların, şarlatanların sayı daha da çoxalıb. Və onlar da hər dəqiqə, hər an milləti, xalqı cəhalətə, avamlığa və xurafata sürükləyirlər. Baxırsan ki, bir yas məclisində dörd-beş molla əyləşib ağız-ağıza verib moizə oxuyurlar. Özü də oxuduqları bir şey olsa yenə dərd yarıdır. Qabaqlar toylara beş-altı müğənni gətirirdilər. İndi də bir varlı adam rəhmətə gedəndə beş-altı molla ağız-ağıza verib danışırlar. Bizim millətə din də lazımdı, məscid də lazımdı. Amma elm, təhsil, savad daha vacibdir. Çünki milləti işığa, nura, aydınlığa cəhalət, xurafat yox, elm və təhsil çıxara bilər…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK