SON DƏQİQƏ:

COCUQ MƏRCANLIDAN ŞUŞAYA

  67862   |  
Şriftin ölçüsü  
(Möhtəşəm tikintidən reportaj)
... Bu yerlərə hələ 1994-cü ilin yanvarında gəlmişdik. Onda Azərbaycan ordusu Füzulinin 22 kəndini və bir qəsəbəsini işğaldan azad edəndə Cocuq Mərcanlı da ermənilərdən təmizlənmişdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş uğurlu əməliyyat sonradan daha böyük bir quruculuq işlərinə start verdi. Amma ermənilər Cocuq Mərcanlının yaxınlığındakı Lələtəpəni nəzarətdə saxladığına görə, o kənddə abadlıq işləri görülmədi. Kəndin bütün evləri yandırılıb külə döndərilmişdi. Ancaq orda bir ev qalmışdı və onun da sahibi gündüzlər evdə qalsa da, gecələr həmin yerdə gecələmirdi. Çünki ermənilər hər gün kəndi atəş altında saxlayırdı. Hətta tez-tez yenidən qurulmuş və əsaslı surətdə tikilmiş Horadiz şəhərini də atəşə tuturdular...
Ötən ilin aprelində ölkə prezidenti İlham Əliyevin uğurlu hərbi siyasəti nəticəsində bir çox strateji əhəmiyyətli yüksəkliklər, o cümlədən Lələtəpə Azərbaycan əsgərinin gücüylə geri qaytarıldı. Yəni bu yerlər ermənilərin işğalından azad edildi və həmin gündən Cocuq Mərcanlı da, Horadiz şəhəri də rahat nəfəs almağa başladı. Həmin gündən ölkə prezidenti İlham Əliyev xüsusi tapşırıq verdi ki, Cocuq Mərcanlıda çox böyük möhtəşəm tikinti və quruculuq işləri görülsün...
Horadizdə olanda nəvəm Tunar da mənə demişdi ki, dədə, o kəndə gedəndə məni də apararsan. Bir neçə gün bundan əvvəl yenidən yolum Horadizə düşdü və evə gedib nəvəmi götürdüm. Ancaq ona dedim ki, bax ha, orda ermənilər var, qorxub eləmirsən ki?! Nəvəm heç nəyə məhəl qoymadan dilləndi:
- Dədə, sən yanımdasan, nədən qorxacam? Heç ermənilər Horadizi atəşə tutanda qorxmurduq. Üstəlik də müəllimimiz deyir ki, Lələtəpədə əsgərlərimiz keşik çəkir və bizi qoruyur.

... Nəvəmin istəyini başa düşürəm. O, Horadiz şəhər 1 nömrəli tam orta məktəbin 3-cü sinifində oxuyur, dərs əlaçısıdır. Dostum, əslən Laçından olan Arif Ağayev deyir ki, lap yaxşı eləyirsən Tunarı özümüzlə aparırsan. Qoy uşaq bir qədər də vətənpərvərlik ruhunda böyüsün.
Oğlum Emin, nəvəm Tunar və dostum Ariflə maşında Horadiz şəhərinin içərisindən keçib Əhmədbəyli kəndindən ötməklə Qazaxları adlayıb Cocuq Mərcanlıya yaxınlaşırıq. Düzdür, yolun müəyyən hissəsi daşlı-kəsəklidir. Sürücümüz Arif buna heç bir məhəl qoymur. Deyir ki, müəllim, mən çoxdan bu kəndə getmək istəyirdim. Elə sevinirəm ki, sanki Laçına gedirəm...
Daşlı-kəsəkli yollardan sonra asfalt yol başlayır. Qazaxlar kəndinin içində isə bir qədər yollar narahatdır. Bu da elə-belə baş verməyib. Çünki ağır tonajlı maşınlarla yeni tikilməkdə olan kəndə tikinti materialları daşınır...
...Artıq Cocuq Mərcanlıya çatırıq. Horadiz şəhəri ilə oranın arası 4-5 km olar. İlk nəzərimizi də cəlb edən bir lövhə olur. O lövhədə yazılıb: "Cocuq Mərcanlıdan Şuşaya". Bəli, bu bizim indi həyat devizimizdi. Bu yol bir müddətdən sonra bizi Şuşaya, Laçına, Cəbrayıla, Qubadlıya, Zəngilana aparacaq. Bu yol Azərbaycan xalqını öz istəyinə qovuşduracaq. Hələ ki, bu yol Cocuq Mərcanlıya çatıb...
... Hər tərəfdə traktorların, buldozerlərin, iri tonajlı maşınların səsi eşidilir. Möhtəşəm bir səs gəlir. Bu səs Cocuq Mərcanlıda böyük işlər görən texnikanın və eləcə də maşınların səsidi. Və bu səsə həm də tikinti-abadlıq işləri görən insanların səsləri qarışıb. Bu səsin içində bir ümid, bir sevgi, bir qayıdış notları duyulur...
Yadıma böyük xalq şairi Səməd Vurğunun "Muğan" poeması düşür. Həmin poemada Sarvanla Manya Mingəçevirdə böyük quruculuq işləri görürlər. Bütün insanlar qolunu çırmayıb yeni bir şəhər tikir. Bax, indi də Cocuq Mərcanlıda belə bir mənzərə var. Hara baxırsan orda həyat qaynayır, bina inşa edilir, suvaq və boya işləri görülür...
Burda artıq 150 bina tikilir. Bir çox binalarda son tamamla işləri görülür. Bununla yanaşı, sosial obyektlər, məktəb, xəstəxana, məscid inşa edilir. Adam bu anları görəndə daxilən qürur hissi yaşayır və düşünür ki, qısa zaman kəsiyində çox möhtəşəm bir kənd tikilir. Onun artıq bütün infrastrukturları, kommunikasiya - işıq, su, qaz xətləri yenidən çəkilir. Bunu isə qısa zaman kəsiyində həll etmək o qədər də asan deyil. Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlının yenidən tikintisi üçün milyonlarla vəsait ayrılıb. Və bu vəsait də sürətlə kəndin tikintisinə və abadlığına xərclənir.
...Diqqətimizi inşa edilən məscidin tikintisi cəlb eləyir. Tikintinin iş icraçısı İsmayıl müəllimlə söhbət eləyirik. O bildirir ki, artıq məsciddə çox böyük işlər görülüb. Və bu məscid Şuşa məscidinin oxşarı olacaq. Məscidin layihəsini isə Mənsur Hüseynov verib. Məscidin minbərinin hündürlüyü 24 metrə çatacaq. Bununla yanaşı, tikintidə ən müasir texnologiyadan və tikinti materiallarından istifadə olunur. Allahın köməkliyi ilə iyun ayının əvvəllərində tikinti işlərini başa çatdıracağıq. Siz də görürsünüz ki, burda işlər necə sürətlə davam eləyir.
...Nəvəm bir anlıq mənə yaxınlaşır. Deyir ki, dədə, mənim burda şəklimi çək! Mən də onun dediyinə əməl eləyirəm və şəklin çəkirəm. Sonra tikintidə işləyən iki gənc bizə yaxınlaşır. Söhbətimiz maraqlı alınır. Hiss olunur ki, bu uşaqların ürəyi vətən sevgisiylə doludur. Deyirlər ki, müəllim, işləməkdən yorulmuruq. Birincisi ona görə ki, ermənilər görürlər ki, burda necə böyük işlər görülür. İkincisi də işimizi görüb əməkhaqqımızı alırıq...
Yaxınlığımızda bir maşın dayanır. Ordan da iki nəfər düşür, bizə salam verir və yeni tikiliyə baxırlar. Öyrənirik ki, onlar da Bakıdan gəliblər. Cocuq Mərcanlıda görülən abadlıq, qurculuq işlərinə baxırlar. Tanış oluruq və aramızda isti münasibət yaranır. Hər ikisi Cəbrayılın Süleymani kəndindəndi. Söhbət eləyəndə gözləri dolur. Deyirlər ki, bu kəndə gəlmişik ki, öz kəndimizin ətrini hiss eləyək...
Dostum Arif Ağayevin də gözləri dolur. O da Laçının havasını bu yerlərdə hiss eləyir. Görürəm ki, dostum Arif lap kövrəlib. Bir az danışdırsan gözləri yenidən dolacaq. Amma araya söz qatıram, deyirəm ki, görürsən şükür Allaha, kəndin hər tərəfi cənnətə oxşayır. Sağda da, solda da taxıl zəmiləri var. Hələ biz onu demirik ki, kənddə 50 hektar sahədə pambıq əkilib. Kiminlə görüşürüksə, çöhrəsində bir sevinc, bir fərəh və bir məhəbbət hiss olunur...
...Geri qayıtmaq vaxtıdı. Bu dəfə gəldiyimiz yolla yox, Cocuq Mərcanlıdan Bakı-Naxçıvan yoluna birləşən yeni salınmış asfalt yolla getmək istəyirik. Arif maşının sükan arxasında əyləşir və onu işə salır. Kənddən çıxırıq. Yeni salınmış yol o qədər rahat və səliqəlidir ki, adam baxmaqdan doymaq istəmir. Bununla yanaşı, gəlib-gedənlərin təhlükəsizliyini təmin etmək üçün yolun sol hissəsində 3-4 metr hündürlüyündə torpaqdan möhkəm istehkam düzəldilib. Yəni ermənilər uzaqdakı mövqelərindən iriçaplı silahlardan atəş açsalar belə, o yolu gedən hər hansı maşına və onun sürücüsünə, sərnişininə xətər toxunmaz...
...Yolun sağındakı taxıl sahələri boy verib. Yamyaşıl taxıl sahəsi sanki dənizə bənzəyir. Külək əsdikcə həmin taxıl sahələri dəniz kimi dalğalanır və kəndə xüsusi bir gözəllik verir. Bu həm də bu kəndin bir neçə aydan sonra ruzisi, bərəkəti, çörəyi deməkdir. Cocuq Mərcanlı yenidən tikildiyi kimi, onun bol çörəyi də olacaq...
...Rahat yolla gəlib çatırıq Bakı-Naxçıvan avtomobil yoluna. Burdan Horadiz şəhərinə 2-3 kilometrdir. O yolla Horadizin girəcəyinə çatırıq. Şəhərin girəcəyində isə çox möhtəşəm bir abidə açılıb. Bu abidə kompleksi ötən ilin aprelində qəhrəmancasına döyüşüb həlak olmuş Azərbaycan oğullarının xatirəsinə ucaldılıb. Həmin kompleksdə həlak olmuş 22 Azərbaycan əsgərinin abidəsi var. Biz - nəvəm Tunar, dostum Arif, oğlum Emin və mən abidənin önündə şəkil çəkdiririk. Özü də bu abidə o qədər səliqəli, o qədər gözəl inşa edilib ki, onu ziyarət edən hər hansı adam qəhrəmanlara baxıb sevinc hissi keçirir. O sevinc hissi ki, onlar bizim müstəqilliyimiz, azadlığımız yolunda şəhid olublar. Onlar Lələtəpəni işğaldan azad edərkən ölümdən qorxmayıblar. Və kompleksin ətrafında 10-a yaxın mənzil kommunal təsərrüfatının əməkdaşları təmizlik işləri görürlər.
Aşağıda isə bir lövhə var. O lövhədə Cəbaryıla, Qubadlıya, Zəngilana, Laçına gedən yolun məsafəsi göstərilib. Dostum Arif həmin lövhəyə baxıb yenidən kövrəlir və əlini lövhədə yazılmış "Laçın" sözünün üstünə qoyur. Bu an onun hansı hisslər keçirdiyini yaxşı duyuram. Ona görə də özünün də xəbəri olmadan həmin anı lentə alıram...
Yeni tikilən möhtəşəm kənd Cocuq Mərcanlı! Bu Böyük Qayıdışın başlanğıcı olacaq. Bir vaxtlar Cocuq Mərcanlını ancaq biz tanıyırdıq. İndi Cocuq Mərcanlını bütün dünya tanıyır. Çünki ölkə prezidenti cənab İlham Əliyev bu kəndi bütün dünyaya tanıtdırdı və sevdirdi. Biz də sevdiyimiz Cocuq Mərcanlıdan çox böyük məhəbbətlə, sevinclə Bakıya qayıdırq. Bakıya qayıdırıq ki, birlikdə hamımız yenidən Cocuq Mərcanlıya qayıdaq, ordan Şuşaya, Laçına, Zəngilana, Qubadlıya, Cəbrayıla, Ağdama gedək...

Faiq QİSMƏTOĞLU
"Ədalət"in xüsusi müxbiri,
Bakı-Cocuq Mərcanlı-Horadiz-Bakı.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK