adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ATATÜRKÜ ANMAQ İSTƏDİM

SEYFƏDDİN ALTAYLI
66828 | 2017-11-11 00:22
Dünən Atatürkün əbədi dünyaya köç etdiyi gündü. Bu səbəblə ardıcıl olaraq yazmaq istədiyim "Barzani-Barzanilər" adlı yazımın ikinci hissəsini gələn həftəyə buraxıb Atatürklə bağlı bir məqalə yazmaq qərarına gəldim.
Atatürk, mənsubu olduğu millətə hədsiz məhəbbət bəsləyən, ona inanan, nəhayətsiz ümid bəsləyən bir liderdi. Xalq da özünü sevən, ona etimad edən və ona ümid bəsləyən bir liderin arxasında səf bağladı, bütün varlığı, gücü-qüdrəti ilə onun göstərdiyi mənzilə sarı yürüdü və hər bir küncü işğal edilmiş ölkədən işğalçıları qovdu, əzəli və əbədi yurdunda azad və müstəqil yaşamağa haqq qazandı.
Atatürk hər şeydən öncə ağılı ön planda tutan, elmə üstünlük verən və uzaqgörən bir liderdi. 1936-cı ilin may ayının 28-ci günü Türk Hava Qurumu adlı təşkilatı ziyarət edərkən söylədiyi bu sözlər onun uzaqgörənliyindən xəbər verən sadəcə olaraq bir örnəkdir:
"Gələcəyin ən qiymətli silahı heç şəkkiniz olmasın təyyarələr olacaqdı. Bir gün bəşəriyyət təyyarəsiz də göylərdə yeriyəcəkdi. Planetlərə gədəcək, bəlkə də bizə aydan mesajlar yolluyacaqdı. Bu möcüzənin gerçəkləşməsi üçün 2000 ilini gözləməyə ehtiyac qalmayacaq. İnkişaf edən texnoloji elə indidən bu nəticənin muştuluğunu bizə təqdim edir. Bizə düşən vəzifə də bu yolda qərbdən geridə qalmamaqdır".
Atatürk millətinə, onun gəncliyinə bu cür bir hədəf göstərərkən çox yaxşı bilirdi ki, XI əsrdən başlayaraq türkləri doğma yurdlarından qovmağa çalışan Səlib Yürüşlərini təşkil edən qüvvələrin davamçıları ona daimi olaraq hücum çəkəcəklər.
Ortaşərq məsələsi haqda mütəxəssis olan Almaniyalı Kurt Ziemke 1930-cu ildə "Yeni Türkiyə" adlı bir kitab yazaraq çap etdirib. Özü strateg olan Ziemke Almaniyanın Türkiyə ilə bağlı siyasətinin hansı xətt üstündə yeridilməsi haqda görün nələr yazıb:
"İngilislər Mosulda öz hədəflərinə çatmaq üçün bir tərəfdən Türkiyədə təfriqəçilik siyasəti yeridib kürdləri və digər xalqları Türkiyənin əleyhində qışqırdır, digər tərəfdən də Atatürkün həyata keçirdiyi fikirlərin yayılmasına mane olmaq məqsədi ilə bir sıra tədbirlərə müraciət edirdi. Onlar Türkiyə Cümhuriyyətini həm din düşməni, həm də kürd düşməni kimi təqdim edirdi".
Amerika, İngiltərə, Almaniya və digərləri indi hansı işi görür bəs?
İnsanı dəhşətə gətirən şey isə hələ də bu cür fikirlərin yaşadığımız çağda öz qüvvəsində qalmasıdır. O gün olmur ki, biri çıxıb Atatürkü dinsiz, kafir, yəcuc-məcuc, yəhudi, mason nə bilim nə kimi qələmə verməsin, ya da əlinə keçirdiyi hər hansı bir şeylə onun heykəlinə hücum çəkməsin. Görəsən bu axmaqlar (Bəlkə də Səlib Yürüşlərini təşkil edənlərin indiki nümayəndələrinə, Birinci və İkinci Dünya müharibələrini törədən, milyonlarla ocağı məhv edən işğalçı qüvvələrə casusluq edənlər) Atatürkə hücum çəkmək üçün kimdən, kimlərdən cəsarət alır? Yoxsa bu cəsarəti "İki əyyaş baş-başa verərək..." sözlərini deyəndən cəsarət alırlar?
Və indiki Türkiyədə işğal edilmiş bir vətəni, dağılmış bir imperiyanı Tanrının köməkliyi ilə dostlarını da yanına alıb millətini oyadan, yeni bir dövlət yaradan bir tarixi şəxsiyyətin təhqir edilməyinə görəsən niyə lazımi tədbiri görüb onlara layiq olduqları cəzanı vermirlər? Çox müəmmalı bir məsələdir.
Türk xalqı Azadlıq Müharibəsini yeridərkən qərbli işğalçı dövlətlər Atatürkü "Müsəlman dünyasının militarist lideri" deyə təsvir edirdi. Çünki onlar Atatürkün hansı həyat yolunu keçib gəldiyini, İslam dininə duyduğu səmimi məhəbbəti yaxşı bilirdi və müsəlman dünyasını oyadacaq yeganə lider kimi görürdü.
Atatürk 1920-ci ilin avqust ayının 5-ində Pozantı bölgəsində təşkil edilən konqresdə çıxış edərkən bu sözləri dilə gətirmişdi:
"Peyğəmbərimiz əsarət tanımayan dindar ümmətinin cihad ordularının öncüsü olmaqla şərəf duyur, iftixar edirdi". Peyğəmbərinin həyatını, onun məqsədini, liderliyinin qüdrətini bu səviyyədə bilən bir şəxsiyyət işğalçılar üçün qorxulu idi.
Tanrı Araf surəsinin 157-ci ayətində bunları buyurub:
"Onlar ki, yanlarındakı Tövrat və İncildə adları yazılan ümmi peyğəmbərlərə uyar; o onlara yaxşılığı əmr edər, pis və çirkin şeylərdən onları kənarlaşdırar. Gözəl şeyləri onlara halal, pis olanları da qadağan edər. Çiyinlərindəki ağırlıqlardan xilas edər, onların zəncirlərini, qandallarını söküb tullayar. Ona inanan, onu dəstəkləyən, ona yardım edən, ona endirilən işığa uyanlar qurtulanların düz özüdür".
İtaliya 1911-ci ildə Trablusqərbə (Livya) hücum çəkdikdə Atatürk, Ənvər Paşa, Yaqub Cəmil, Quşçubaşı Əşrəf, Əli Fəthi Okyar kimi könüllü zabitlərlə Liviyaya gedərək bölgə xalqını təşkilatlandırıb İtaliyan ordularına qarşı partizan döyüşlərini başladıb. O günlərdə Livyalı Ömər Muxtar (sonradan milli qəhrəman oldu) və Şeyx Əhməd Sünusi ilə tanışıb dost olmuşdu. Sünusi Azadlıq Müharibəsi əsnasında Anadoluya gəlib işğalçılara qarşı Atatürkün səfində döyüşmüşdü.
Atatürk belə bir şəxsiyyətdi. İndi bəzi ağzıgöyçəklər ona sadəcə olaraq Qazi Mustafa Kamal deyə xitab edir. Babalarımız yaxşı deyib: Kül başına ay Araz, üstündən təzək atdanır.
Məkanın cənnət olsun, ey Ulu Peyğəmbərinin yolunda yeriyən, xalqını özgələrinin qulu olmaqdan xilas edən insan...




TƏQVİM / ARXİV