adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Iyul 2021 10:32
103699
GÜNDƏM
A- A+

OTUZ İLİN “ƏDALƏT”İ

Müəllifdən: Bu yazı "Ədalət"in 30 yaşının təqdimatı idi. Yaşımızın üstünə bir il də gəldi və bu bir ildə bir "Ədalət"çi də itirdik - Məhəmmədəli Mustafanı... amma 44 günlük böyük Vətən müharibəsi ilə Şuşanı qaytardıq, Ağdamı qaytardıq, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Füzulini, Cəbrayılı, Xocavəndi geri aldıq. İnşallah Xankəndinədə bayrağımızı sancacağıq! 30 yaşın yazısını sizə təkrar təqdim edirəm.

Hə, bu da 30 il!.. Düz 30 il bundan öncə Azərbaycan adlı məmləkətdə "Ədalət" adlı qəzet dünyaya gəldi... Düz 30 il bundan öncə həmin o Azərbaycan adlı məmləkətin "Ədalət" adlı qəzeti müstəqil mətbuatın ilk carçılarından, ilk qaranquşlarından biri kimi tarixə düşdü. Yəni bu məmləkətdə azad sözün, azad jurnalistikanın nəfəsini, hərarətini oxucu üzünə açdı "Ədalət". Hər kəs qəzeti ilk dəfə olaraq birinci səhifədən oxumağa başladı. Bu, "Ədalət"in uğuru idi, bu, "Ədalət"in yolu idi. Və 30 ildir ki, bu yol belə də davam edir...

Bəlkə də 30 rəqəmi bir riyazi yanaşma baxımından o qədər də böyük önəm kəsb etmir. Amma 30-u yaş kimi görəndə, təqdim edəndə istər-istəməz gözünün qarşısında boylu-buxunlu, yumruqları düyülmüş, sözü ötkəm, səsi qətiyyətli bir lay divar oğlan canlanır. Deməli, ona güvənmək də olar, ona iş də tapşırmaq mümkündü və hətta ondan qəhrəmanlığı da dörd gözlə ummaq olar! Bax, bu mənada 30 yaşlı "Ədalət" dolanbac yolları, ağrılı-acılı günləri, Qarabağsız ayları, şəhid qanlarını, ölkədəki xaosu, qardaş qarşıdurmasını və nəhayət, uğurlu bir inkişafı, dünyanın bəlası olan pandemiyanı, Aprel şəhidlərini, İyul qəhrəmanlığını öz canına-qanına hopdura-hopdura, köynəyindən keçirə-keçirə gəlib çatdı sizli-bizli bu günlərə - yəni 30 yaşa!..

Bəli, indi oturub bu 30 illik yolu kimlərlə, necə gəldiyimizi düşünürəm... Hansı çətinliklərdən keçdiyimizi, hansı uğurları qazandığımızı muncuq kimi sapa düzürəm. Bu məqamda ürəyimin dağ boyda olduğu anları da qürur hissi ilə yaşayıram. Üzüldüyümüz məqamları da kədərlə xatırlayıram. Çünki bu bizim həyatımızdı, bu bizim ömür yolumuzdu və bu yolda biz ilk addımları "Azərbaycan" nəşriyyatının 2-ci mərtəbəsində dizimizin üstündə dəhlizdə atmışıq. Ürəyimiz əsə-əsə, həyəcandan əlimiz titrəyə-titrəyə dünyaya bir "Ədalət" gətirmişik. Özü də bu "Ədalət" indiki texnikanın olmadığı, sovet dönəminin primitiv çap maşınları ilə yığılıb işıq üzü görübdü. Onun dünyaya gəlməsində dəyərli Adil Minbaşının, qəzetin ilk redaktoru Aqil Abbasın və onların ətrafında toplaşan Mehman Məmmədovun, Babək Yusifoğlunun, Faiq Qismətoğlunun, Rəşid Faxralının, Lətif Süleymanlının, Məhəmmədəli Mustafanın, Əyyub Kərimovun əməyi danılmazdır. Üstəlik, dünyaya ilk sözünü çatdıran "Ədalət"in bir pöhrə kimi böyüməsində, bir ağac kimi qol-budaq atmasında həmin illərin ziyalılarının, aydınlarının dəstəyi, təqdim etdikləri sanballı materialları doğru sözün həsrətini çəkən oxucular üçün sanki göydəndüşmə olmuşdu. Hamı səbirsizliklə məmləkətimizdə öz izini açan, öz işığını yandırıb hər kəsi ətrafına yığan "Ədalət"in növbəti saylarını gözləyirdi. Hər yeni nömrə oxucuya yeni imzalar da təqdim edirdi. Artıq "Ədalət"in oxucuları mərhum Mirmayıl Cəbrayılovu, Baba Pünhanı, Adil Mirseyidi, Yusif İsmayılı, Yusif Misiroğlunu, Əliyusif Məmmədovu, Pərviz Əliyevi, Ərşad Mirzəni, Oqtay Salamovu, Qeyrət Quliyevi, Çingiz Ələkbərzadəni, Vahid Əlifoğlunu, Tofiq Abdini, Söhbət Səfərlini, Vəsilə Usubovanı, Oqtay Abbasovu, Nəriman Səttaroğlunu, Vaqif Əliyevi , Məhəmmədəli Mustfanı sözündən tanıyırdılar. Eləcə də "Ədalət"i oxuyanlar Kamran Nəzirlini, Adil Şirini, Vaqif Bəhmənlini, Rəşad Məcidi, Asif Mərzilini, Asif Talıboğlunu, Adil Mirseyidi, Daşdəmir Əjdəroğlunu, Nazim Ağamirovu, Faiq Sadıqovu, Zaur Vəliyevi, Vahid Qazini, Etibar Cəbrayıloğlunu, Şakir Qurbanovu, Şakir Həşimovu, Ceyhun Musaoğlunu, Nicat Bəşirzadəni, Elçin Namazı, Rəhman Hacıyevi, Qələndər Xaçınçaylını, Surxay Əlibəylini, Yusif Rzayevi, İsrafil Quliyevi, Lətif Süleymanlı, Lətif Novruzov, Rövşanə, Səxavət Məmmədovu, Nərgiz Cabbarlını, Murad Nəbibəyovu, Asəf Quliyevi, Füzuli Rüzgarı, Kərim Kərimlini, Kənan Hacını, Hidayət Elvüsalı, Bəsti Əlibəylini, Ağakişi Bahaduru, Samir Sədaqətoğlunu, İqbal Aydınoğlunu, Qəşəm Nəcəfzadəni, Əsəd Cahangiri, Vaqif Yusiflini, Əlövsət Bəşirlini, Sevinc Seyidovanı, Qərənfil Dünyaminqızını, Xatirə Hafizqızı, Möhtərəm Rəcəbovanı, Ülviyyə Rzayevanı, Kamil Rzakovu, Qəşəm Həşimovu, Rüstəm Hacıyevi, Elşən Quliyevi, Gültəkin Qəhrəmanlını, Vüqar Tofiqlini, Elnur Astanbəylini, Nicat Qafuroğlunu hər gün qarşılayır və onların bir-birindən maraqlı yazılarının yaratdığı ovqatın aurasında sabaha böyük ümidlər bəsləyirdilər. Şükürlər olsun ki, həmin ümidlər az-çox fərqlərlə öz təsdiqini tapdı.

Qəlbimizdə yaşayan köhnə "Ədalət"çilər...

Bəli, "Ədalət"in şinelindən çıxıb indi Azərbaycan mətbuatında böyük nüfuz qazanan, imzasını hər kəsə birmənalı şəkildə sevdirən yazarlar, redaktorlar bu gün öz yolları ilə getsələr də, amma onların müstəqil məmləkətdə ilk sözlərini oxucuya çatdıran "Ədalət" oldu. Sevindirici haldır ki, dünyasını dəyişmiş həmkarlarımız, əməkdaşlarımız öz sağlıqlarında "Ədalət"in səhifəsində olan möhürlərini, yəni imzalarını son anlarına qədər sədaqətlə, şərəflə qorudular və bu dünyadan köç edəndə onların yarımçıq qalan fikirləri, deyilməmiş sözləri tirajlanan "Ədalət"də susmadı, dayanmadı. Əksinə, onların ruhu da, sözü də bizimlə qaldı, həm də bizim oxucularla.

 

Bəli, mən 30 il yol gələn "Ədalət"in bu günündən üzü geri boylananda bir məqamı da gördüm və onu xüsusi vurğulamaq istəyirəm. Belə ki, "Ədalət"in təqdimatı ilə "Ədalət"in şinelindən çıxıb müxtəlif vəzifələrə, xüsusilə hüquq-mühafizə orqanlarına işə gedən kifayət qədər müəlliflərimiz olub. Onlar bu gün də vəzifə sahibidilər və bu gün də "Ədalət" onlar üçün doğmadı. Onların arasında Elşad Əliyev, Rafiq Abbasov, Nazim Ağamirov, Babək Yusifoğlu, Elşad Həsənov, Amil Dosiyev, Aydın Ağazadə, Faiq Sadıqov, Rövşən Əhədoğlu, İslam Niftiyev və başqaları da var. Deməli, bütün bunlar göstərir ki, "Ədalət" bir xalq qəzeti olaraq ilk gündən atdığı doğru, dürüst və ədalətli addımını bu gün də yaşadır, bu gün də davam etdirir. Təbii ki, onun ilk baş redaktoru millət vəkili olmaqla yanaşı, həm də qəzetin təsisçisidi və Azərbaycanın "Əməkdar jurnalist"i, dəyərli yazıçı-publisist Aqil Abbasdı. İndi isə "Əməkdar jurnalist", tanınmış yazıçı-publisist İradə xanım Tuncayın rəhbərliyi altında "Ədalət"in köhnə, yəni ilk komandasından olan Mehman Cavadoğlu, Faiq Qismətoğlu, Məzahir Əhmədoğlu, Əbülfət Mədətoğlu, Nicat Novruzoğlu, Nizami Allahyarov, Ceyhun Rüstəmov, Rüstəm Hacıyev, Yaşar Nəbiyev, Şamxal Şabiyev, Mehriban Cəfərova, Gülər İsmayılova, Sübhan Mahmudov, Emin Akif, Emin Piri, Əntiqə Rəşid, Tahirə Cəlilova ,Fəridə Rəhimli eləcə də yeni "Ədalət"çilər hər gün sizin oxucu süfrənizə özlərinin dövlətə, dövlətçiliyə, xalqa xidmət edən fikirlərini təqdim edirlər. Mən bu bir növü xatırlatma xarakterli yazını bilgisayara diktə edəndə yaddaşımı demək olar ki, xeyli sağa-sola vərəqlədim. Çalışdım ki, heç kim yaddan çıxıb kənarda qalmasın. Çünki bizim unutmağa haqqımız yoxdu. Ən azından "Ədalət"çi olduğumuz üçün!..

Bu ilin Mətbuat bayramında ölkə prezidentinin mükafatlandırdığı jurnalistlər arasında "Ədalət"in də qocamanlarından olan Faiq Qismətoğlu da var idi. İndi "Ədalət" də 4 nəfər "Əməkdar jurnalist" çalışır.

 

Və bu yazıya son olaraq demək istəyirəm ki, biz 30 ili bir ailə kimi necə yaşadıq, onu sizdən gizlətmədik. Nə qazandıq sizin gözünüzün önündə oldu və bir də adımızın saflığını, sözümüzün kəsərini sizə güvənib yaşatdıq. Bunun üçün "Ədalət"çilər olaraq Sizə, yəni bizə dayaq olan oxucularımıza təşəkkür edirik. Sağ olun ki, bizi yaşatdınız! Sağ olun ki, bizi yaşadırsınız! Biz də çalışacağıq ki, bu 30 ildə sizinlə olduğumuz kimi, bundan sonra da sizinlə olaq! Bizim və Sizin 30 yaşımız mübarək!!!

 

Köhnə "Ədalət"çilərdən

Əbülfət MƏDƏTOĞLU,

Əməkdar jurnalist