adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Bir gün Zaman, ya da Amerika prezidenti bizi də yaxalayacaq...İlham İsmayıl yazır

100693 | 2020-09-14 13:49

Dövlətlərarası və ya millətlərarası konfliktlərin həllinin zaman məsafəsi uzandıqca  hadisələrin əvvəlki gərginliyi tədricən aşağı düşür. Birinci şərt odur ki, nəsil dəyişimi baş verir, dövləti idarə edənlər də dəyişir və konfliktə artıq yeni yanaşma prinsipləri formalaşmağa başlayır. Ətrafdakılar da məsələni sülh yolu ilə həll etmək üçün öz mənafeləri, maraqları naminə tərəfləri sülh imzalamağa çağırır, bəzən də məcbur edir. Burda ilk razılıq verən təbii ki, konflikt boyu uduşlu çıxmış tərəf olacaq. Uduzan tərəf isə sülhə yox, faktiki təslimçiliyə razılıq verəcək. Dünya belə nümunələrlə çox olub.

 Yaxın tarixdə az qala XVI əsrdən başlayan ingilis-irland qarşıdurması XX əsrin sonlarında demək olar ki, bir növ həll olundu və Şimali İrlandiya tərəfindən bu işə razılıq verən Olster gənclər partiyasının lideri, Şimali İrlandiyanın 1995-2005-ci illərdə ilk Baş naziri Uilyam Devid Trimbl Nobel sülh mükafatı aldı. Birləşmiş Krallıq istədiyinə çatdı, uzun müddət irland millətçiləri tərəfindən terrora məruz qalsalar da istədiklərinə nail oldular- Şimali İrlandiya Krallığın tərkibi olaraq qaldı. Sülhə razılıq verən isə tələsik Nobellə mükafatlandırıldı.

Gələk bu günlərimizə. Serbiya ilə Kosova arasında konfliktin tarixi Yuqoslaviya dağılandan davam edir. Kosova özünü müstəqil elan edib və 100-dən çox dövlət tərəfindən tanınıb, amma Serbiya bu ölkəni tanımır və heç bir əlaqəsi yoxdur. 4 sentyabr 2020-ci ilə qədər. Qeyd olunan tarixdə Vaşinqtonda Ağ evdə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə, Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovanın Baş naziri Avdulla Xoti ölkələri arasında iqtisadi əməkdaşlığın anonsunu verən razılaşma imzaladılar və Ağ evin indiki sahibinə bu təşəbbüsünə görə təşəkkür etdilər. Məsələ bununla bitmədi. Kosovanın əhalisinin böyük hissəsi müsəlmanlardır. Kosovanın Baş nazirinə də tapşırıldı ki, İsrailli tanıyacaqsan, Yerusəlimdə diplomatik nümayəndəlik açacaqsan. Serbiya isə İsraildəki səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək. Serbiya prezidenti yalnız onu deyə bilib ki, Kosova ilə siyasi fikir ayrılığı qüvvəsində qalır. Əvəzində Serbiyanın, Kosovanın, Albaniyanın, Makedoniyanın Avropa Birliyinə hazırlamaq məsələsi və Şengen zonasına qoşulacaqları da sürətlənəcək.

 Yenə bitmədi. İsveç deputatı Maqnus Yakobson ABŞ, Serbiya, Kosova hökümətlərini 4 sentyabr sazişinə görə Nobel sülh mükafatına irəli sürüb. (bəzi namizədlərin ciddi rəqibləri meydana çıxıb).
Serbiyanı bu işə kim razı saldı? Amerika Birləşmiş Ştatları. İndiyədək Serbiyanı özünün Avropadakı forpostu kim hesab edirdi? Rusiya. Rusiya heç nə edə bilmədi. Ərəb ölkələrini də İsrailə qarşı qızışdıran da zaman –zaman SSRİ, sonra Rusiya olub. İndi ABŞ-ın patronajlığı ilə Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn İsraillə sülh və əməkdaşlıq müqavilələri imzalamağa hazırlaşır. Rusiya yenə heç bir maneə törədə bilmədi. Yaxın Şərq məsələsi də yavaş-yavaş həllinə yaxınlaşır.

 Bütün bu dediklərimiz  birbaşa bizim problemimizlə-Qarabağla  bağlıdır. Sabah kim zəmanət verir ki, Cənubi Qafqazda sülh adı ilə ABŞ bizi ilk olaraq Stepanakertlə( məhz Stepanakertlə!) iqtisadi əlaqələri inkişaf etdirməyin zəruriliyinə məcbur etməyəcək. Deyəcək ki, fikir ayrılığınız öz yerində, amma dəmir yolunu bərpa edəcəksən, Stepanakertə neft, qaz verəcəksən, birgə müəssisələr yaradacaqsan, zatən gizli birgə müəssisə yaradanlar onsuz da var. Stepanakertlə bitməyəcək, İrəvana da yolları açmağımızı, iqtisadi əməkdaşlıq etməyimizi tələb edəcəklər.  Növbəti boru kəmərinin Ermənistan ərazisindən keçə biləcəyinin məqsədəuyğunluğuna da bizi inandırmağa çalışacaqlar.

Əlbəttə, bu gün mövcud vəziyyət, bizə belə bir təklif olunmasını imkan vermir. Xalq Qarabağı tələb edir, illər keçsə də gərginlik məhz son aylarda daha da artıb. Bunu dünya da görür. Deməli, bizi iqtisadi əməkdaşlıq tələsinə heç bir Nobelin qarşılığında sala bilməzlər. Bu gün belədir, bəs sabah necə olacaq? Fikrimizin əvvəlində dedik ki, zaman dəyişdikcə, nəsil dəyişdikcə vəziyyətin gərginlik əmsalı da dəyişəcək və bilmirik ki, yeni nəsil və o nəslin nümayəndəsi olacaq səlahiyyətli şəxs, Devid Trimbl kimi Nobel mükafatı qarşılığında təslimçi razılaşmalara qol çəkməyəcək? 

Ermənistan bu gün Rusiyanın forpostudur, amma Rusiyanın zəiflədiyini, daxili böhran keçirdiyini də birinci elə ermənilər bilir və Paşinyan hakimiyyətinin qərbyönümlü siyasət apardığını Rusiya hələ ki, yalnız müşayət edir. ABŞ Ermənistana təsirini getdikcə artırır və sabah qucağına alanda Serbiya ssenarisinin bizim də başımıza açılmayacağına zəmanət yoxdur. Rusiya onsuz da bizə olan siyasətini dəyişməyib və Tovuz döyüşləri bunu sübut elədi. Biz yelkənsiz qayıq kimi okeanın ortasındayıq. Ümidimiz Türkiyə ilə hərbi əlaqələri genişləndirməyədir.Təəssüf ki, burda da daxildə arabanın çarxına dəyənək uzadanlar haqqında tez-tez məlumatlar daxil olur. Türkiyəli mütəxəssisləri yaxşı qarşılamaq belə bəzilərində qısqanclıq yaradır.

Biz- xalq və dövlət olaraq yaranmış situasiyanı düzgün qiymətləndirməli, tezliklə düşmənə gücümüzü göstərib torpaqlarımızı azad etməliyik. Zaman birmənalı şəkildə əleyhimizə işləyir. 

TƏQVİM / ARXİV