Ata ilə oğulun söhbəti - Kənan Hacı yazır

KƏNAN HACI
310843 | 2020-09-24 14:32

Aprel döyüşlərində şəhid olmuş Polkovnik Sənan Axundovun ruhuna ithaf olunur

 

-Ata, mən də sənin kimi hərbçi olacağam!

Bir gün ailə süfrə başına toplaşanda Tahir qəfildən arzusunu dilə gətirdi. Nəcibə ilə Sənan baxışdılar. Sənan vaxtilə atasına dediyi sözləri xatırladı: “Ata, mən hərbiyə getmək istəyirəm”. Onun oğluyla bağlı planları vardı, amma heç vaxt peşə seçimiylə bağlı ona hansısa təzyiq göstərməmişdi, əksinə, tam sərbəstlik vermişdi. Sənanla Nəcibə Tahirlə bağlı arzularını, onun gələcəyi haqqında xoş niyyətlərini bir-birinə demirdilər, onun həyatda qazana biləcəyi uğurlardan sevinmək duyğularını öz qəlblərində əzizləyirdilər. Onu hər cür xətadan qorumaq istəyirdilər.

Sənan ürəyində oğluna qarşı sevgini dərindən-dərinə hiss etdi. Araya səssizlik çökdü. Nəcibənin üzündə dalğın, bir az da çaşqın ifadə vardı. Sənan Nəcibənin əndişəsini azatlmaq istədi, üzünü oğluna tutub dedi:

-Tahir, nə baş verdi ki, qəfildən bu qərara gəldin?

Tahir suala dərhal cavab vermədi, baxışlarını yerə zilləyib verəcəyi cavab haqda düşünməyə başladı. Nəhayət, dilləndi:

-Kişi döyüş üçün yaranıb, ata!

Sənan oğlunun bu sözlərindən mütəəssir oldu. Ona baxıb qürur hissi keçirdi, amma dilinə başqa sözlər gəldi:

-Mən çox təpik döymüşəm, bala. Sənin də əvəzinə xidmət etmişəm. Vacib deyil ki, hərbçi olasan. Kim olursan ol, kişi ol!

Bu söhbətdən bir gün əvvəl atası onu iş yerinə aparmışdı. Oradan qayıdanda çox qürurlu idi. Hərbçi yoldaşları atasının qabağında dayanıb, hərbi salam verir, farağat dayanırdılar. Tahir atasının otağında divar boyu xəritələrə maraqla baxırdı, amma bu xəritələrin mahiyyətinə varmırdı. Atası kabinetindən çıxanda, surqucla açar yerini bağladı, möhürlədi. Oradan qayıdanda uşağın sevincinin həddi-hüdudu yox idi.

-Ata sənin maraqlı işin var. Bəlkə səninlə işləyim?

Sənan gülümsəyib Tahirin saçlarını qarışdırdı:

-Yox, sənin yolun başqadır. Sən həkim olarsan.

O, Tahirin həkim olmağını istəyirdi. Hara gedirdisə, ona müxtəlif dillərdə kitablar gətirirdi. Tahir məktəbin rus dili bölməsində təhsil alırdı. Alman, ingilis dillərində sərbəst danışa bilirdi. Atasının gətirdiyi kitablar onda hərb sənətinə maraq yaratmışdı. Arada filosofları da oxuyub atasıyla birlikdə müzakirə edirdilər. Belə məqamlarda Nəcibə onlara yüngülcə sataşırdı:

-Bunlara bax, elə bil Sokratla Platondular. Tahir, Sən Platon kimi gələcəkdə atanla dialoqlarını yazarsan.

Gülüşdülər. Sənan fəxrlə oğlunu süzüb zarafatı davam etdirdi:

-Bəli, biz ata-bala, dünyanın fəlsəfi dərki ilə məşğuluq. Xahiş edirəm, bizə mane olma.

-Tez qocalarsınız e, fəlsəfə hələ dünya necə yaranıb sualına cavab tapa bilməyib. Çox beyninizi yormayın. –Bu da Nəcibənin cavabıdır.

Sənan işdən evə gələndə bəzən əlində qəzetlər olurdu. Tahir atasının alıb gətirdiyi qəzetləri vərəqləyir, maraqla oxuyurdu. Bir gün qəzetlərdən birində maraqlı bir hekayəyə rast gəldi. Hekayənin adı belə idi: “Ata ilə oğulun söhbəti”. Tahir hekayəni valideynlərinə oxudu. Hekayə belə başlayırdı:

-Adam öldürmək pisdi, ata. Adamları niyə öldürürlər?

Atası soyuqqanlılıqla və hövsələ ilə balaca oğluna nələrisə izah etməyə çalışırdı:

-Düzdür, oğlum. Adam öldürmək pisdir. Günahsız insanları öldürmək zalımlıqdır və Allah o cür qatilləri heç vaxt bağışlamır.

-Bəs müharibədə adamları öldürürlər axı.

-Müharibə elə bir şeydir ki, orda sən Vətənini qoruyursan. Üstünə düşmən gəlir, sənin torpağını zəbt eləmək istəyir və sən onu öldürməlisən. Başqa yolun yoxdur. Çünki torpaq müqəddəsdir, onu düşmənə təslim etmək olmaz.

-Demək müharibədə adam öldürmək olar? – uşaq sadəlövhlüklə verdiyi sualın cavabını atasının baxışlarında axtarır.

Atası cavab verməyə tələsmir. Fikrini oğluna necə izah etmək haqda düşünür.

-Bax, oğlum, fərz elə ki, bu həyət-baca, evimiz bizim vətənimizdir, kimsə icazəsiz-filansız içəri soxulub bizi evimizdən çölə çıxarmaq istəyir və deyir ki, bura mənimdir, çıxın! Səncə, ata neyləməlidir?

-O adamı öldürməlidir?

-Yoox, ata onu evdən kənarlaşdırmalıdır, ev, ailə müqəddəsdir, kişinin namusunu qoruyan qaladır, bura heç kim icazəsiz soxula bilməz. O adam artıq həddini aşıb güc işlətsə, ata öz namusunu qorumalıdır, o adamı evdən kənarlaşdırmalıdır. Torpaqlarımızı isə işğal ediblər, qız-gəlinlərimizi öldürüblər, namusumuza təcavüz ediblər. Biz isə torpaqlarımızı işğaldan azad etmək üçün, ölməmək üçün öldürməyə məcburuq. Yoxsa bizi öldürəcəklər, oğlum. Onda yurdumuz yağılara qalacaq.

...Dağların qoynundakı sərhəd zastavasında mənfi 10 dərəcə soyuqda şaxta ayaqlarını ülgüc kimi doğrayanda Fərhad xəyalən uşaqlığına qayıdır, atasıyla etdiyi söhbətləri xatırlayırdı. Atasını indi anlayırdı, sərhəd zonasında bir təhlükə baş versəydi, sərhədi qanunsuz kimlərsə keçməyə cəhd etsəydi, o, təhlükəni dəf etmək üçün qarşısındakı hədəfi məhv etməliydi. Adam öldürmək pisdir, amma üzərinə düşmən gəlirsə, sən Vətəni qorumalısan! Sərhəd naryadında olanda tez-tez atasının sözlərini xatırlayırdı və qürur hissindən köksü qabarırdı.

Sübhün alatoranında işarəverici qurğu işə düşdü. Fərhadın bütün bədəni gərildi, qan sürətlə damarlarında axmağa başladı. Elə bil damarlarında qan deyil, od şütüyürdü. Bir an əvvəlki üşütmə keçib getdi, bədəni istiləndi. Kimlərsə sərhədi pozmuşdular, binoklu gözlərinə tutdu. Şübhəli qaraltılar hərəkətdəydi.

-Dayan! – çağırışı verdi. Qaraltılar bir anlıq donub qalsa da yenidən irəliləməyə başladı. Fərhad xəbərdarlıq atəşi açdı. Qaraltılar hərəkətdə idi. Artıq hədəfi vurmalıydı və bu dəfə irəliləyən qaraltılardan birini nişan aldı və atəş açdı. Möhtəşəm hissdir! Sən təhlükə ilə üz-üzəsən və ölüm düşmən cildində sənə doğru gəlir və sən ona atəş açırsan. Çyni azca silkələndi və bədəninə bir məstlik yayıldı. Qaraltılar ağac kimi tərpənməz idi, güllə hədəfə dəymişdi. Naməlum adamlar özlərini itirmişdilər. Əli tətikdə gözləyirdi, yaxınlaşsalar, yenə vuracaqdı. “...torpaq müqəddəsdir, onu düşmənə təslim eləmək olmaz!” Atasının sözləri təkrar-təkrar qulaqlarında səslənirdi. Beyni uğuldadı, sanki buludlar yerindən qopub üzüaşağı torpağa düşməyə tələsirdi. Qolları boşaldı, içi burxuldu. Amma yox! Təslim olmaq olmaz! Düşməni zərərsizləşdirməlidir. Bütün gücünü toplayıb hədəfi atəşə tutdu və... Hər tərəfi qaranlıq bürüdü...

Kamil kişi gecə yuxusunu qarışdırmışdı. Səhər yuxudan yorğun, əzgin vəziyyətdə ayıldı və istədi işə zəng edib nasazladığını desin və bir günlük icazə alsın. Sonra düşündü ki, evdə otursa, nigarançılıq onu üzüb haldan salacaq. İşə getsə, başı qarışar, axşamkı yuxusunu da unudar. Arvadı Gülər ərinin əhvalının heç də yaxşı olmadığını sövq-təbii hiss etmişdi. Qadınların hissiyyatı heç vaxt onları aldatmır. Süfrəyə şirin çay-pendir gətirəndə sözarası ərindən soruşdu ki, səhər-səhər nolub belə, bikefsən? Kamil kişi halını pozmadı, arvadın zənnini azdırmaq istədi. Amma Gülər hiss etdi ki, əri söz arasına söz qatır. Kişi səhərlər heç vaxt belə qayğılı olmurdu və həmişə evdən nikbin ovqatda çıxırdı. Evdən çıxaçıxda titrək səslə: - Fərhaddan axırıncı məktub nə vaxt gəlmişdi? – deyə arvadından soruşdu. Gülər bir anlıq duruxdu.

 

-On beş gün olar. Birdən-birə niyə bunu soruşdun? Nəsə eşitmisən Fərhadla bağlı?

-Yox əşi. Elə-belə soruşdum, - deyib tələsik evdən çıxdı ki, arvadının növbəti suallarını eşitməsin.

Kamil kişi “Binə bazarı”nda işləyirdi, ticarətlə məşğul idi. Ailəsini də ticarətlə dolandırırdı. Qızı Fəridə universitetin jurnalistikasında təhsil alırdı, oğlu Fərhad isə Sərhəd Qoşunlarında xidmət edirdi. Evə yazdığı sonuncu məktubunda yazmışdı ki, “Ata, Vətəni mənə sən sevdirmisən. Yadındadır, mən uşaq olanda səndən soruşmuşdum ki, adamları niyə öldürürlər? Sən də mənə səbrlə hər şeyi izah eləmişdin. Düşmən səni öldürmək istəyirsə, sən onu qabaqlamalısan. Biz burda Vətənin keşiyindəyik. Məndən qətiyyən nigaran qalmayın. Bu tərbiyəni sən özün mənə vermisən!”

Ata məktubu oxuyub bığaltı qımışanda Fərhadın anası oğlu üçün dua-səna edirdi:

-Allah, əsgərlərimizi qorusun, mənim balam da onların içində! Xata-bəla balamın başından uzaq olsun! Amin!

Fəridə də “Amin, ay ana, amin!” deyə anasına qoşulub əllərini yuxarı qaldırırdı.

Axşam ata işdən evə qayıdanda Gülər gördü ki, kişinin rəngi boğulub. Tez əl-ayağa düşdü:

-Ay kişi, sən bu gün səhərdən gözümə yaxşı dəymirsən. Nolub axı sənə? Bəlkə həkim çağırım?

Kamil kişi zorla gülümsədi:

-Heç nə yoxdu, ay qız. Yorğunam, yemək hazıra, - deyib divanda yerini rahatladı. Televizorda “Xəbərlər”i verirdilər. Gülər mətbəxə keçib günortadan hazır olan yeməyi qızmağa qızmağa qoydu. Kamil kişinin qəfil qışqırığından arvadın ürəyi qopdu, hövlnak yemək otağına cumdu.

Kamil kişi həyəcanla yerindən dikəlib televizorun səsini artırdı. “Gülər, sərhəddə atışma olub...”

“... Sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Sərhəd naryadının “dayan!” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucularına qarşı Dövlət Sərhədi haqqında Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub. Sərhəd pozucuları silahlı müqavimət göstərsələr də sərhədçilər tərəfindən zərərsizləşdiriliblər. Dövlət sərhədini pozmuş iki nəfərdən biri aldığı yaradan dünyasını dəyişib, o birisi isə ələ keçib. Sərhədçilərdən də bir nəfər yaralanıb...”

Gülərin dizləri büküldü, başındakı yaylığı açıb sinəsinə sıxdı:

-Fərhadgilin zastavadır, Kamiiil!..

Kamil kişi təmkinini pozmadan arvadını qucaqladı və pıçıldadı:

-Gecə pis yuxu görmüşdüm. Qaranlıq meşədə üstümə çaqqal sürüsü gəlirdi. Meşənin içiylə nəfəsim gəldikcə qaçırdım. Elə bil kimsə astadan qulağıma pıçıldadı ki, qorxma, sənə çata bilməyəcəklər.

Gülər ərinin üzünə baxıb bilmədi nə desin.

 

Fərhad gözünü açanda qaranlıq deyildi. İşıqlı palatada çarpayıda uzanmışdı, gülərüz bir tibb bacısı başının üstünü kəsdirmişdi. Dikəlmək istədi, qızın yumşaq əli sinəsinə toxundu. – Olmaz! – dedi qız. – Dincəlin, çoxlu qan itirmisiniz. O, nə baş verdiyini anlamağa çalışırdı. Qızın yumşaq təbəssümü həyəcanına su çilədi:

-Qorxmayın, heç bir şey yoxdur. Yüngülcə yaralanmısınız, - dedi qız.

Sonra Fərhadın valideynləri və bacısı həkimlə birlikdə palataya daxil oldular. Ananın göz yaşları sel kimi axırdı, Kamil kişi özünü nə qədər tox tutmağa çalışsa da oğluyla baxışları toqquşanda göz yaşları bəbəklərinə yığıldı, amma gülümsədi. Fərhadın da dodağı qaçdı:

-Ata, öldürməyə məcbur oldum.

Kamil kişi “düz eləmisən!” deyə cavab verdi.

Bir gün sonra isə xidmətdəki fəaliyyətinə görə Fərhada medal verildi.

Fərhad tam sağalıb xəstəxanadan çıxandan sonra məlum olacaqdı ki, sərhədi pozmuş şəxslər saxta pasportla, rus adıyla Azərbaycana keçmək istəyən ermənilər imiş. Onların üzərində müxtəlif partlayıcı maddələr, silahlar olub. Bura terror törətmək məqsədilə keçmək istəyirmişlər.

Fərhad ailəsiylə birgə dənizkənarı gəzintiyə çıxmışdı. O, beş yaşlı oğlunun əlindən tutub sahil boyu gəzişir, onun tükənmək bilməyən suallarını həvəslə cavablandırırdı. Gənc ana isə fərəhlə atayla-oğulun söhbətini dinləyirdi, çöhrəsində xoşbəxt təbəssüm parlayırdı. Balaca Kamil sualı sual dalınca yağıdırırdı:

-Ata, sən də adam öldürmüsən?

-Mən düşmən öldürmüşəm, oğlum.

-Bəs düşmən necə olur?

-Düşmən müharibədə olur. Müharibə elə bir şeydir ki, orda sən Vətənini qoruyursan. Üstünə düşmən gəlir, sənin torpağını zəbt eləmək istəyir və sən onu öldürməlisən. Başqa yolun yoxdur. Çünki torpaq müqəddəsdir, onu düşmənə təslim etmək olmaz!

Bu hekayə Tahirdə güclü təsir oyatmışdı. Gördükləri, oxuduqları Tahirin düşüncələrini inkişaf etdirir, peşə seçimi qarşısında qalacaqdısa, mütləq hərbçi olacağını qətiləşdirmişdi.

Çox-çox sonralar atasının şəhidliyindən yazan jurnalistlə aralarında belə bir söhbət olmuşdu:

“Tahirin səsindəki ahəng, dəqiq nitqi, danışıq qabiliyyəti, üzündəki gizli zabitəsi - bunların hamısı onu artıq hərbiləşdirib. O, özündən asılı olmayaraq oxuduğu kitabların, baxdığı hərb filmlərinin cazibəsinə düşüb. Tahir hərbçi ailəsində hərbçi olmaq üçün formalaşıb. Elə arzusu da hərbi həkim olmaqdır. Qarabağ savaşından, dünyanın siyasi mənzərəsindən, filosoflardan danışdıq. Sonra ona belə bir sual verdim:


-Sən filosoflar Ərəstundan, Əflatundan, Konfutsidən də xəbərdarsan. Eşitmişəm atanla tez-tez fəlsəfədən söhbətlər edirmişsən.


-Konfutsidən bir neçə ibrətamiz fikir deyə bilərəm:
“Hazırlıqsız insanları müharibəyə göndərmək gedənlərə xəyanətdir”
 

“Yayından atılan ox bizə doğrunu göstərir. Əgər atıcının oxu hədəfə dəymirsə, bilir ki, bu onun günahıdır, özgədə günah axtarmır”
 

“Tələbəsi Konfutsidən soruşur: “Ruhları necə yad etmək olar? Müəllim cavab verir: “Sən insanlara xidmət etməyi bilmirsən, ruhlara necə xidmət edəcəksən?”. Belə olduqda tələbəsi ondan ölümün nə olduğunu soruşur. Müəllim cavab verir: “Sən hələ həyatın nə olduğunu bilmirsən, haradan biləsən ki, ölüm nədir?”.


-Tahir, çox gözəl. Bu qədər imtahan yükünün içərisində fəlsəfəni unutmamağın çox təqdirəlayiqdir. İnşallah, torpaqlarımız yaxın zamanda işğaldan azad olunacaq. Onda atanın da, bütün şəhidlərimizin də ruhu şad olar.


-Elədir. Ancaq... mən erməni ilə qapıbir qonşu yaşaya bilmərəm. İnanıram ki, torpaqlarımızı qaytaracağıq. Hansı yolla, hələ bilmirəm. Onlar mənim atamı öldürüblər.Qarı düşmən dost olmaz. Konfutsidən soruşdular: “Doğrudurmu ki, pisliyə qarşı yaxşılıq etmək lazımdır?”. Müəllim cavab verdi: “Bəs yaxşılığın əvəzini nə ilə verəcəksən? Pisliyin qarşılığını ədalətli şəkildə ödəməlisən, yaxşılığa isə yaxşılıqla cavab ver”. Mən belə düşünürəm”.

 

 

TƏQVİM / ARXİV