adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Oktyabr 2020 16:34
108573
MÜSAHİBƏ
A- A+

“Başımda 5 ədəd qəlpə gəzdirirəm” - MÜSAHİBƏ

“Artıq düşmən postları ələ keçirilmişdi ki, onlar geri çəkilmişdilər ki, başladılar bizə artilleriyadan atəşlər açmağa. Artilleriya mərmisinin yanımıza düşməsi nəticəsində bir partlayış oldu və mən bütün bədən nahiyəmdən, əsasən də başımdan yaralandım”. “Ədalət” qəzetinin qonağı ehtiyatda olan kapitan, Qarabağ qazisi Hikmət Məmmədovdur.

“Azərbaycan əsgəri öz gücünü göstərdi”

-Hikmət bəy, zəhmət olmasa, özünüzü təqdim edin...

-Aprel döyüşləri iştirakçısı, Qarabağ qazisi, ehtiyatda olan kapitanam. Uşaqlıqdan hərbçi olmaq istəmişəm. Ailəmdə, həqiqətən, vətənpərvərlik hissi var. İlk Qarabağ döyüşləri başlayanda mən 1-ci sinfə gedirdim. Söhbət 1992-ci ildən gedir. Həmin dövrdə müəllimlər bizi tibb məntəqələrinə aparıb döyüşlərdə iştirak edərək yaralanmış əsgərlərlə görüşdürürdülər. Evdən həmin insanlar üçün əlçək, corab və digər şeylər götürüb aparırdıq. Keçirdiyim uşaqlıq illəri təbii ki, Vətən eşqinin daha da alovlanmasına səbəb olurdu. Özümü dərk etməyə başlayanda Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaq istədim. 9-cu sinifdə oxuyanda imtahan verib qəbul oldum. Daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilimi davam etdirdim və buranı da bitirdikdən sonra leytenat hərbi rütbəsi alıb cəbhə bölgəsinə təyin olundum. 2008-ci ildən 2016-cı ilə qədər cəbhə bölgəsində xidmət elədim.

-Aprel döyüşləri ilə bağlı xatirələrinizdən danışaq...

-Aprel döyüşləri ilə bağlı xatirələrim çoxdur. O xatirələr həm kədərlidir, həm də sevincli. Kədərli ona görə ki, şəhid yoldaşlarımız oldu, əsgərlərimiz, xidmət etdiyimiz hərbçi yoldaşlarımız şəhid oldu. Sevincli ona görə ki, düşmən tapdağı altında olan torpaqlarımızın müəyyən bir hissəsini azad etdik. Bu bizim üçün şərəf oldu. Aprel döyüşlərində Azərbaycan Ordusu, Azərbaycan əsgəri öz gücünü göstərdi, Vətənə olan sevgisini göstərdi. Aprel döyüşləri barədə nə qədər danışsan, bitməz. Mən Lələtəpə istiqamətində döyüşlərdə iştirak etmişəm. Həmin ərazidə olan erməniləri oradan uzaqlaşdırdıq. Bilirsiniz ki, Aprel döyüşlərində Lələtəpə və Talış yüksəklikləri Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Həmin ərazilərin azad edilməsi bizim üçün böyük uğur idi.

“Başımda müəyyən hissədə sümük yoxdur”

-Necə oldu ki, yaralandınız?

-Artıq düşmən postları ələ keçirilmişdi ki, onlar geri çəkilmişdilər ki, başladılar bizə artilleriyadan atəşlər açmağa. Artilleriya mərmisinin yanımıza düşməsi nəticəsində bir partlayış oldu və mən bütün bədən nahiyəmdən, əsasən də başımdan yaralandım. Qəlpə yarası bədənimin çox yerindədir. Əlimə, ayağıma, qarnıma belə tikişlər qoyulub. Ən ağır yaranı başımdan aldım. Zərbə nəticəsində baş sümüyüm sınmışdı. Partlayış olanda yerı yıxıldım. Partlayışın təziqi məni kənara atmışdı. Yerdən qalxmaq istəyəndə qan itkisinə görə qalxa bilmədim. Lakin özümü itirməmişdim. Həmin vaxtı tağım komandiri Afiq Rizvanlını çağırdım. Gəldi, məni qaldırdı. O da rabitə vasitəsilə tibb maşınını çağırdı və məni maşına qoyub Hospitala apardılar. Orada ilkin müdaxilə edilsə də, ağır yaralandığım üçün mən və bir neçə nəfəri helikopterlə Bakıya gətirdilər. Nicat İsgəndərov adında döyüş yoldaşım var idi ki, onunla orada tanış olmuşdum, Allah rəhmət eləsin şəhid oldu. Nurlan var idi, zabit yoldaşım, o da yaralandı. Afiqin özü elə ayağından yaralanmışdı. Lakin buna baxmayaraq yaralı-yaralı döyüşürdü. O qədər döyüş yoldaşlarım olub ki, hər biri ayrı-ayrılıqda mərd oğullar.

-Bildiyim qədərilə başınızda qəlpə var. Ağrılar olurmu?

-Bəli, başımda 5 ədəd qəlpə gəzdirirəm. Vətən sağ olsun. Vətən üçün sağlığımızla bağlı itirdiklərimizə görə təəssüflənmək olmaz. Ağrılara qalanda, əlbəttə ki, olur. Başımda müəyyən hissədə sümük yoxdur. Ağrılarsız mümkün deyil. Tez-tez ağrılar olur, neyləyək, iynə-dərman ilə keçinirik. Həyat davam edir.

-Azərbaycan Ordusuna ürək sözləriniz...

-Ordumuz haqqında nə qədər söz desəm, azdır. Azərbaycanın şanlı Ordusu öz gücünü düşmənə göstərir. Azərbaycan əsgəri qüdrətlidir, qəhrəmandır. Azərbaycanın rəşadətli Ordusu düşmənə layiqli cavab verir. Azərbaycan Ordusunun qüdrəti onsuz Aprel döyüşlərindən bəlli idi. Əminəm ki, Azərbaycan əsgəri son erməni əsgərini öldürənə qədər döyüşəcək. Bu gün əsgərlərimizin məqsədi şəhid olmaq deyil, düşməni məhv etməkdir. Necə ki, bu gün düşməni qovur və məhv edir. Düşmənin döyüşməyə gücü qalmayıb. Zənnimcə, Ermənistan döyüşləri dayandırıb qoşunlarını torpaqlarımızdan çıxarsa, yaxşıdır. Biz haqq savaşındayıq. Torpaqlarımız uğrunda vuruşuruq. Biz əzəli torpaqlarımızı, Qarabağımızı istəyirik. Bu gün ilk Qarabağ döyüşləri şəhidlərinin uşaqları onların qanını yerdə qoymur, torpaqlarımızı işğaldan azad edirlər. Bu gün xalqla ordumuz arasında böyük bir birlik var. Bu, bizim gücümüzün birliyidir. Bu gün hər peşənin sahibi öz sahəsində Vətənə xidmət edir. Ona görə biz qələbə qazanırıq. Bizim güclü Liderimiz var. Allah Ordumuzu, Xalqımızı, Cənab Prezidenti qorusun.

Rövşən Tahir