adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Noyabr 2020 13:01
160647
ŞOU-BİZNES
A- A+

“Laçın qəlbimin yaralı bir yeridir” - İlahə Fəda

“90-cı illərlə bağlı onu xatırlayıram ki, neçə-neçə igidlərimiz şəhid oldu. Elə bizim kəndimiz 12 şəhid verdi. Həmin illərdə doğma dayımoğlu şəhid oldu. 2 sinif yoldaşım o vaxt itkin düşdü ki, hələ də onlardan xəbər yoxdur. 30 ildir ki, şəhidlərin qanları yerdə qalmışdı, amma indi onların qisası alınır”.

Bu sözləri Adalet.az saytına açıqlamasında müğənni İlahə Fəda söyləyib:

“Keçmişi yada salmaq mənim üçün ağırdır. Laçının işğal altında olduğunu düşünəndə kövrəlirəm. Vətən həsrəti başqa həsrətlər kimi deyil. Bir insan əzizini itirər, onunla barışar, amma Vətən həsrəti ilə barışmaq olmur. Bu tamam başqa bir yanğıdır. İnsanın yaşının üstünə yaş gəldikcə bu daha da artır. Laçın qəlbimin yaralı bir yeridir. O yara ki, hələ də sağalmayıb. İnşaAllah ki, tezliklə Ordumuz Laçını da azad edəcək və mənim yaram sağalacaq.

Biz insanlar əlimizdən nə gəlirsə, əsirgəməməliyik. Bunu deməyəcəkdim, amma duyğulandım deyə söyləyim. Bu müharibədə əmimoğlu çox ağır yaralandı, onu rayonların birində xəstəxanaya yerləşdirdilər. Mənim ürəyim partlayırdı, çünki rayona da getmək olmur. Həmin rayonda dostuma zəng etdim, onun otağını çiçəklərlə bəzətdirdi. Bilirsiniz, necə? Belə şeylər etmək lazımdır.

Hamımız Ordumuzun yanındayıq, Ali Baş Komandanın ətrafında sıx möhkəmlənmişik. Bu müharibə bizi daha da birləşdirdi.

Allah Ordumuzu qorusun, Ali Baş Komandanımızı qorusun.  Düzdür, şəhidlərimiz də olur. Allah onlara rəhmət eləsin. Mən şəhid analarının qarşısında baş əyirəm. Torpaq su ilə qarışanda palçıq olur, amma qanla qarışanda Vətən olur. Qarabağda torpağa qanımız qarışdığı üçün deyirik ki, Qarabağ Vətəndir, Qarabağ Azərbaycandır”.

Rövşən Tahir