adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

İyirmi doqquz il yol gələn faciə - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
109304 | 2020-11-20 18:11

Bu, qara bir tarixdi

Hər dəfə noyabr ayının ikinci ongünlüyü qapımızı döyəndə xəyal məni çəkib Qarabağa aparır. Nə qədər hadisələr olur olsun, nə qədər ağrı-acı güc gəlmiş olsa belə, yenə o xəyal məni Qarabağa getməyə məcbur edir. Çünki 1991-ci ilin noyabr ayının 20-də Qarabağın Qarakənd səmasında baş verən faciə təkcə bölgənin deyil, bütövlükdə Azərbaycanın tarixində bitməyən suallarla qaldı. Elə suallar ki, onun cavabı min yerə yozulur. Necə deyərlər, hər kəs öz fərziyəsini, öz təxminini, öz gördüklərini dilə gətirir. Beləcə, 20 noyabr 1991-ci illə bağlı fərziyələr də çoxdu, təxminlər də. Amma bir gerçəklik var. O gerçəkliyin bütün çılpaqlığını bilən insanlar artıq ya dünyada yoxdu, ya da susmağa üstünlük verirlər. Şəxsən mən həmin günü bir jurnalist marağı ilə yaddaşıma yazdım. Yəni Qarakənd səmasında vurulan vertolyota əyləşən sərnişinlərin hamısını Ağdamda - o vaxtkı raykomun binasında gördüm. Hamısı tələsik çıxdı rayokun binasından və maşınlara oturub onları gözləyən vertalyotun yanına yollandı. Bu uçuşdan çox qısa bir zaman keçdi... Deyirlər ki, qara xəbər  yeyin olur. Bu qısa zamanın özündə də sürətli çatdı qara xəbər hamımıza. Bir anlıq ŞOK yaşandı. Başqalarını deyə bilmərəm, şəxsən mən inana bilmirdim baş verənlərə. Çünki respublikanın baş prokuroru İsmət Qayıbovun erməni quldurlarına qarşı tutduğu mövqe, daxili işlər naziri Məhəmməd Əsədovun qətiyyətli göstərişləri, dövlət katibi Tofiq İsmayılovun iclaslarda, tədbirlərdə söylədiyi fikirlər, xüsusilə o vaxtkı Şuşa rayon Partiya Komitəsinə rəhbərlik edən Vaqif Cəfərovla etdiyim söhbətlər məni inanmağa qoymurdu. Amma... Sonda inanmağa məcbur oldum.

Yeri gəlmişkən xatırladım ki, məni ilk inandıran o vaxtlar Ağdam rayon Prokurorluğunda çalışan yaxın dostum Elman Ağayev oldu. Elman müəllim hadisə yerinə getmişdi. Qayıdanda görüşdük. Üzünə baxdım. Kədərli bir şəkildə başını yelləyib bircə kəlmə söz dedi:

- Böyük faciədir. Heyf, bu qeyrətli insanlardan...

Bəli, 20 noyabr 1991-ci ildə Azərbaycan xalqının, Azərbaycanın o vaxtkı iqtidarının ən qətiyyətli, ən yurdsevən təmsilçiləri Qarakənd səmasında məhv edildi. İndi o tarixi anları yaddaşında saxlayan internet arxivinə üz tuturam. Burada yazılıb ki, noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq bildirir ki, Azərbaycan hökuməti Təhlükəsizlik  Şurasinin növbəti iclasını Xankəndində keçirsin. Üstəlik, onu da bildirirlər ki, bu iclasda Moskvanın nümayəndələri ilə yanaşı, Azərbaycandan torpaq tələb edən erməni liderləri də iştirak edəcək. Məhz bu telefon zəngindən sonra qərara alınır ki, Viktor Polyaniçkonun rəhbərliyi ilə Xankəndində iclas keçirilsin. Amma nədənsə həmin iclasa rəhbərlik edəcək Polyaniçko Bakıdan gələn nümayəndələrlə birlikdə vertolyota minib Qaradağlıya uçmur. Onun əvəzinə nümayəndələrlə birlikdə rayon komendantının müavini polkovnik Vladimir Uşankin vertolyota oturur.

Bəli, 1991-ci il noyabr ayının 19-da gecədən xeyli keçmiş Qaradağlıya uçacaq vertalyotun sərnişinlərinin adı artıq siyahıya salınmışdı. Bunlar o adamlar idi ki, onlar Moskvanın, onun təmsilçilərinin, eləcə də ermənilərin istəklərinə qarşı çıxırdılar. Görünür, bu da  Qarakənd səmasında vurulan vertolyotun qara siyahısının hazırlanmasına səbəb olmuşdu. Bu yolla Moskva Azərbaycana göz dağı vermək, onu çəkindirmək, həm də ermənilərə havadarlıq etmək niyyətini sərgilədi. Nəticədə bu faciə baş verdi. Mİ-8 vertolyotu Qarakənd səmasında vuruldu. Vurulmamışdan öncə vertolyotla rabitə əlaqəsi kəsilmiş, orada baş verənlərdən yerdə heç kim xəbər tuta bilməmişdi.

Bu bir tarix olsa da, bütün mənalarda xalqımıza qəsd idi. Bu qəsdin də gerçəkləşdirilməsi bizim dədə-baba torpaqlarımızda məskunlaşan ermənilərin və onların havadarlarının əliylə gerçəkləşdirildi. Həmin gün Azərbaycan özünün layiqli övladlarını itirdi. Onların arasında jurnalistlər Osman Mirzəyev və Alı Mustafayev də var idi.

29 ildir ki, biz həmin o faciəni, o qəsdi yaddaşımızda təzələyirik. Şükürlər olsun ki, bu il, yəni 2020-ci il noyabr ayının 20-də, Ağdamın işğaldan azad olunduğu gün biz bu tarixi qəsd gününü anırıq. Deməli, bu gün onların da ruhu şaddır... Onların da qisası alındı... Qisasları qiyamətə qalmadı. Ruhları şad olsun – onların da bütün şəhidlərin də! Qarabağ Azərbaycandır!

TƏQVİM / ARXİV