adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Noyabr 2020 10:14
149347
SİYASƏT
A- A+

Ermənpərəstlərin qərəzi: Adi bir kağız parçası olan “qətnamələr”...

Azərbaycan Ordusunun davamlı qələbələri, Ağdam və Kəlbəcər rayonlarının erməni qruplaşmalardan azad edilməsi, xalqımızda bayram abu-havasını, qələbə sevincini artırıb. Hazırda xalq öz ordusunun təntənəsini alqışlayır və biri-birinə gözaydınlığı verir... Elə bu dəmdə savaş başlayandan Fransa dövlətinin xalqımıza və dövlətimizə sərgilədiyi riyakar münasibət hər kəsin diqqətini çəkir. Xüsusən yurduna dönməyə hazırlaşan qarabağlıların hiddətinə səbəb olur. Bəli söhbət, noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmasından, noyabrın 25-də isə müzakirə edilərək qəbul olunmasından gedir. Qısacası, Fransa Senatı Azərbaycanın maraqlarına zidd, Qarabağdakı qondarma separatçı rejimi tanımağı hökumətə tövsiyə edən qətnamə 305 nəfərin lehinə səs verdiyi, bir nəfər əleyhinə olaraq qəbul edildiyi ortada. Bu qətnamə Fransa rəsmilərinin bizim uğurlara maneə və dövlətçiliyimizə kölgə salmaq təşəbbüsündən başqa bir şey deyil . (Həmin bir nəfər isə Silvi Qo-Şavan adlı senatordur).

Qətnamə Azərbaycan ictimaiyyətinin geniş müzakirəsinə səbəb olub

Amma əslində Fransa dövlətindən gözlənilən münasibətdi. Makronun hakimiyyətdə olduğu müddətdə Azərbaycana qarşı da münasibətlərə xələl gətirən siyasət aparması açıq-aydındır. Hamımızı hiddətləndirən və yaddan çıxmayan bir olayı xatırlayaq: Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın Fransaya səfəri, fransız merlərinin və bələdiyyə rəhbərlərinin Qarabağa qanunsuz səfərləri, eyni zamanda, separatçı rejimlə əlaqəli atılan digər qanunsuz addımlar Parisin separatçılığı təşviq etməsinə bir nümunədir. Daha sonra Qarabağ erməni işğalında olarkən Fransanın poliqrafiya məhsullarının çapı ilə məşğul olan “Cartor” şirkəti “Şuşanın azad olunmasının 20 illiyi”, “Dağlıq Qarabağ Ordusunun yaranmasının 20 illiyi” və digər günlərdə Xankəndidəki nümayəndəliyi vasitəsilə sifarişlər həyata keçirib. Eyni zamanda Fransaya məxsus şirkətlər mebel və çaxır çəlləkləri sexləri üzrə ən çox gəlir əldə edən istehsalçı olublar. “Akopian”, “Vartanian”, “Framation”, “Mak-Mak Adams”, “Pemod Richard” və sair Fransa şirkətləri Qarabağın talanmasında mühüm yer tutublar. Bu səbəbdən E.Makronun və ondan əvvəlki Fransa prezidentlərinin də Azərbaycana münasibəti belə üfunət dolu olub. Unudanlar üçün bunu da qeyd edək ki, Fransa 2001-ci ildə-prezident Jak Şirakın dövründə qondarma "erməni soyqırımı"nı rəsmən tanıdı. Onun ardınca isə 2005-ci ildə bu "soyqırımı"nı inkar edənlərə cinayət işinin açılması barədə qərar qəbul etdi.

Ermənistanda “Türkiyənin tarixi ilə təkrar üzləşməsi lazımdır” kimi açıqlaması edən Fransa Respublikasının 23-cü prezidenti Nikolya Sarkozinin türklərə qarşı nifrəti ailədən gəlir.

Fransanın 24-cü prezidenti Fransua Olland 2015-ci il aprelin 24-də "erməni soyqırımı"nın 100-cü ildönümündə İrəvana səfər etdi və “qondarma abidə-kompleks”ə əklil qoydu. O, Yerevanda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirdi ki, Fransa həmişə Ermənistanın yanında olacaq. Hətta Fransa erməni icmasının rəhbəri Murad Papazyan açıqlamasında dedi ki, heç bir Fransa prezidenti Olland qədər bizə yaxın olmayıb.

Bu gün isə Makronun fikrincə, "ermənilər Fransa tarixinin bir hissəsidir və onun fəxridir"... "Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar, biz demək olar ki, yarımhəmyerlilərik. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir".

Azərbaycan cavab verir

Yeri gəlmişkən, artıq Azərbaycan heç kimin vassalı deyil, heç sıradan bir ölkə deyil! Azərbaycan 27 ildir Mins Qrupunun hegemon üzvlərinin (Rusiya, ABŞ, Fransa) həll etməyi bacarmadığı bir düyünü - Qarabağ problemini cəmi 44 gündə çözən bir orduya sahib dövlətdir.

Buna görə də, Fransa senatının da, Fransa Prezidentinin də cavabını layiqincə vermək gücündədir və verib. Beləki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələ ilə bağlı dövlətimizin rəsmi münasibətini ortaya qoyub:” İlk olaraq vurğulamaq istərdik ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur. Senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür. Vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir. Böyük təəssüf doğuran məqam odur ki, Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmişdir.

 

Qətnamənin mətnində Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittiham və böhtanları qəti şəkildə rədd edirik, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini təhrif etmək cəhdlərini kəskin qınayırıq.

Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış iddialar əsassızdır. Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər aidiyyəti qurumlarımız tərəfindən Fransanın diqqətinə çatdırılmışdır”.

Son olaraq:O vaxt Azərbaycan parlamentinin üzvü rəhmətlik Şamil Qurbanov Jak Şirakın “qondarma soyqırım”la bağlı qərarına etiraz edərək belə bir fraza işlətmişdi: “Jak Şirak qudurub”. Rəhmətliyin o frazasını indi Emmanuel Makron haqqında da demək mümkündü.

 

Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri