adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: O OĞLANI TAPIN

FAİQ QİSMƏTOĞLU
62333 | 2020-11-30 12:10

Azərbaycan tarixən öz igidləriylə, qəhrəmanlarıyla, döyüşçüləriylə fəxr edir, qürur duyur, onların qəhrəmanlıqlarının yaşandıqlarının şahidi olublar. Çünki bu xalqın çox qədim, çox zəngin, çox ulu bir keçmişi vardı. Keçmişi olmayan millətin gələçəyi də yoxdur. Ən azından ona görə ki, hər millətin, hər xalqın, hər dövlətin özünün keçmişi olsun... özünün milli adət-ənənələri, özünün tarixi yaşansın. O tarix, o keçmiş, o dövlət olmadan yeni yaranmış dövlət heç vaxt əbədi və möhkəm duruş tapa bilməz.

Təbii ki, Azərbaycan dövləti də yarandığı gündən, ayağa qalxdığı andan çox çətin anlarla, çox çətin sınaqlarla üzləşib. Yadellilər zaman-zaman onun torpaqlarını işğal etmək istəyiblər. Onun varını, dövlətini talamaq arzusunda olublar. Bura ayaq qoyanda düşünüblər ki, yəqin asanlıqla istəklərinə nail olacaqlar. Düzdür, onlar bizim torpaqlarımızı illərlə işğal ediblər, əsarət altında saxlayıbar, ancaq bu xalqın gücü, qüvvəti, müdrikliyi zaman gələndə birləşib və həmin yadelliləri məhv edib aradan götürüblər.

Aydındır ki, bizim torpaqlarımız da uzun müddət, yəni 30 il erməni işğalı altında olub. Ermənilər bizim bir-birindən gözəl bir-birindən möhtəşəm şəhərlərimizi, kəndlərimizi,

yaşayış məntəqələrimizi işğal eləyiblər. Amma onlar elə düşünüblər ki, bu işğal əbədidir və bu işğalla biz barışmışıq. Çox təəssüf, onların xəstə düşüncəsi, xəstə təxəyyülü axırda başlarında çatladı və məhv olub geri çəkildilər. Təbii ki, bizim müzəffər Azərbaycan Ordusu rayonlarımızı, kəndlərimizi, qəsəbələrimizi bir-bir azad etdikcə yeni bir tarix yazdılar, yeni bir səlnaməmə qələmə aldılar. Və bir daha göstərdilər ki, doğrudan da Azərbaycan xalqı, Azərbaycan dövləti, qüdrətli məmləkətimiz öz qəhrəmanları, öz igidləriylə həqiqətən də qürur duya bilər. Bizim Mehdi Hüseynzadə kimi, Qafur Məmmədov kimi, Allahverdi Bağırov kimi, Əliyar Əliyev kimi, Şirin Mirzəyev kimi, Əlif Hacıyev kimi.... yaxın zaman kəsiyində çox böyük qəhrəmanlarımız olub. Hələ mən tarixi keçmişi vərəqləyib Babəki, Cavanşiri, Qaçaq Nəbini və digərlərini xatırlamıram. Fakt faktlığında qalır ki, qəhrəman xalq elə həmişə xalqdır. İllər, əsrlər keçdikcə, o qəhrəmanlar zamanında yenidən ayağa qalxır, yenidən dirilir, yendən xalqına, millətinə, dövlətinə arxa və söykək olur.

Mən ona görə bu yazını qələmə alıram ki, bu yaxınlarda ATV kanalının “Bizimləsən” verilişində çox maraqlı və yaddaqalan bir anı izlədim. Həmin verilişdə əslən Füzulidən olan keçmiş xüsusi təyinatlı və bu gün Qarabağ döyüşlərində oğlu ilə birlikdə iştirak eləmiş həmin igid çox maraqlı hadisələri danışırdı. O deyirdi ki, vaxtilə sabiq daxili işlər naziri, general Məhəmməd Əsədovun xüsusi təyinatlılarından olub. Ermənilər tərəfindən işğal edilmiş 30-a yaxın kəndlərimizin azad

edilməsində yaxından iştirak edərək tarixi bir qələbə əldə ediblər. II Qarabağ Savaşında Füzulidən başlayaraq, Şuşaya qədər oğlu ilə birlikdə döyüş yolu keçib. O, Şuşada gördüyü bir hadisəni çox həyəcanla, çox narahatlıqla və eyni zamanda, çox sevinc və qürurla danışırdı. O deyirdi ki, orda qeyri-adi bir qəhrəmalıq göstərmiş 20 yaşlı Azərbaycan əsgərinin şücaəti hamımızın yadında qalıb. Həmin igidin adını bilməsək də, görüntüsü sosial şəbəkələrdə yayılıb. Həmin əsgərin igidliyinə bir baxın. Şuşa işğaldan azad olunarkən çox ağır döyüşlər gedib. Həmin oğlan Şuşa yolunu təmizləmək üçün çox çətin anlar yaşayıb. O, ölümlə üz-üzə gəlib. Şuşa şəhərinə giriş istiqamətində maneçilik törədən vurulmuş erməni tanklarını, eləcə də digər hərbi texnikaları təmizləmək üçün oğlan ağır yük maşınına əyləşir və bir-bir hərbi texnikaları yoldan çıxararaq yolu açır. Və bu döyüşlərdə qəhrəmancasına şəhid olur. Bax, budur Azərbaycan Əsgəri! Bax, budur Azərbaycan oğlu! Bax, budur Azərbaycan vətəndaşı! Son ana qədər də döyüşür və istədiyinə nail olur və Şəhid olur. Bu cür oğlanlarımız, bu cür igidlərimiz, əsgərlərimiz yeni bir tarix yazıblar. Şuşanın erməni işğalından azad olunmasında qeyri-adi bir qəhrəmanlıq göstərən bu 20 yaşlı oğlanın adı hələki məlum deyil. Təbii ki, sosial şəbəkədə yayılmış o şəkili tapılandan sonra bu igidin kimliyi bəlli olacaq. Amma fakt faktlığında qalır ki, onu tanıyanlar, onun igidliklərinin şahidi olanlar bu hadisəni qeyri-adi bir hadisə kimi canlandırırlar... qəhrəmanlığını görüb qürur duyurlar.

Deməli, bu gün də Azərbaycan oğullarının arasında Mehdi Hüseynzadələr, Allahverdi Bağırovlar, Əliyar Əliyevlər, Şirin Mirzəyevlər, Əlif Hacıyevlər, Polad Həşimovlar var. Deməli, Azərbaycan xalqı zamanından və məkanından asılı olmayaraq, öz torpaqlarını azad edərkən nə ölümdən qorxur, nə də onları gözləyən çətinliklərdən çəkinirlər. Azərbaycan əsgərinin şücaəti, Azərbaycan əsgərinin qüvvəti və qüdrəti yeni bir tarix, yeni bir mərhələr və yeni bir zaman deməkdir. Bu o deməkdir ki, doğrudan da qüdrətli və müzəffər Azərbaycan Ordusu bu gün nəinki Qafqazın, eyni zamanda dünyanın ən qüdrətli, ən güclü Ordularından biridi. Sözümün canı ondan ibarətdir ki, 20 yaşlı bu gəncin qəhrəmanlıq yolu öyrənilməli, onların keçdiyi döyüş yolları bir-bir gənc nəslə çatdırılmalıdır. Çünki bu qəhrəmanlar yeni bir tarix yazıb, yeni bir Qələbəyə imza atıblar. Onlar heç fikirləşməyiblər ki, işğal altında olan Azərbaycan torpaqlarının azad olunmasında iştirak edərək qəhrəmanlıq zirvəsinə yüksələcəklər. Onlar fikirləşirdilər ki, gec-tez bu torpaqlarımız erməni işğalından azad olunmalıdır. Yəni bu gənclərin ürəyindəki Vətən sevgsi, bu gənclərin qəlbindəki Vətən məhəbbəti ən müaisr silahdan, ən müasir hərbi texnikadan daha güclü idi. Onlar bir daha göstərdilər ki, doğrudan da Azərbaycan xalqı vulkan kimi püskürəndə onun qarşısında heç bir yadelli və onun havadarları dayana bilməz.

Bir erməni əsgərinin təəssüratları yadıma düşür. O yazır ki, biz 400 nəfərə qarşı vuruşanda elə fikirləşirdik ki, bunların hamısını məhv edəcəyik. Amma döyüş

ərəfəsində 400 nəfərin arxasında ondan da artıq bir qüvvənin gəldiyinin şahidi olurduq. Əsgərlər yaralı olsalar da, pələng kimi üstümüzə şığıyır, o vahimənin qorxusundan biz silahı atıb qaçırdıq.

Bəli, bax, budur Azərbaycan Əsgrinin gücü! Bax, budur Azərbaycan Əsgərinin qüvvəti! Bax, budur Azərbaycan əsgərinin qüdrəti! Bu müzəffər Ordunun qarşısında heç bir qüvvə, heç bir düşmən dayana bilməz. Şuşa bax belə bir qeyrətli, qüdrətli oğullarımız tərəfindən azad edildi. Digər şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz kimi Şuşanın azad olunması yolunda qəhrəmanlıq göstərmiş və o yolda şəhid olmuş oğlanlarımızın, igidlərimizin xatirəsi bir an da bizim yadımızdan çıxmamalıdır. Onları hər an, hər dəqiqə, hər zaman yad eləməliyik... ən azından onları xatırlamalıyıq... şəhid məzarlarını ziyarət eləməliyik... onların doğmalarına, əzizlərinə arxa durmalıyıq... göz yaşını silməliyik və təsəlli verməliyik ki, onlar övladlarının itkisini hiss etməsinlər. Hiss etsinlər ki, onların övladları əbədi yaşayır. Şəhid kimi, qəhrəman kimi bu dövlətin, bu xalqın arxasında duran qeyrətli oğullar kimi. O oğullar aslan parçası idi... O oğullar ölümdən qorxmayan igidlər idi... O oğullar inanırdılar ki, Şuşanı da alacaqlar, Kəlbəcəri də alacaqlar, Laçını da alacaqlar, Füzulini də alacaqlar, Cəbrayılı da alacaqlar, Zəngilanı da alacaqlar, Qubadlını da alacaqlar. Və oğulların gücü, qüvvəti, qüdrəti ilə o şəhərlərimiz, o kəndlərimiz, o qəsəbələrimiz hamısı erməni işğalından azad edildi. O şəhid şəhərlərimiz, şəhid kəndlərimiz, şəhid qəsəbələrimiz hiss elədi ki, bəli, bu torpağın yiyəsi gəldi...

onu ayağa qaldırdı... o torpağı dirilti və o torpağı yağılardan azad etdi...

Azərbaycan qüdrətli dövlətdir! Azərbaycan güclü dövlətdir! Çünki Azərbaycan dövlətinin İlham Əliyev kimi Ali Baş Komandanı və prezidenti var. Müzəffər Ordusu var, güclü və mübariz xalqı var. Güclü və mübariz xalqı isə heç vaxt, heç zaman məhv etmək mümkün deyil.

TƏQVİM / ARXİV