adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Dekabr 2020 12:17
33918
GÜNDƏM
A- A+

Prezident: “Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik”

İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq.

Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində Qarabağın bərpa planlarından danışarkən bildirib.

İlk layihələrin icra edilməyə başlandığını qeyd edən dövlətimizin başçısı deyib: “Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək. Artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır”.

Prezident deyib ki, Laçında dağıdılmış infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaq, su anbarları tikiləcək. Bu, özlüyündə kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə çox böyük təsir göstərəcək.

“Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”, - deyə Prezident İlham Əliyev əlavə edib.