adalet.az header logo
  • Bakı 18°C
01 Dekabr 2020 13:30
48950
MƏDƏNİYYƏT
A- A+

“Mənim üçün Laçın ana deməkdir” - VİDEOMÜSAHİBƏ

“Laçın adı gələndə kövrəlirəm. O torpaqları heç vaxt görməsəm də, Allahın izni ilə tezliklə görəcəm. Laçın mənim namusum, qeyrətim, Vətənim, qürurumdur. Tək Laçın deyil, bütün torpaqlarımızın hər biri mənim üçün belədir. Ordumuza təşəkkür edirəm, Ali Baş Komandanımıza təşəkkür edirəm. Biz tarixi bir günləri yaşayırıq”. “Ədalət” qəzetinin qonağı xanəndə Murad Laçınlıdır.

-Murad bəy, niyə məhz muğam sənəti?

-Dəvətiniz üçün təşəkkür edirəm ilk olaraq. Bu sənətə 8-9 yaşımdan gəlmişəm. İkinci sinifdə oxuyurdum, (Sinif rəhbərim Dilbazi müəllimə Allah rəhmət eləsin) dərsdə elə bir an yarandı ki, sakitlik oldu və mən başladım musiqi zümzümə etməyə. Oxuyanda hər kəsin diqqəti mənə yönəldi. Baxdım ki, hamı məni dinləyir. Oxuyub bitirdikdən sonra gördüm ki, sinif yoldaşlarım mənə əl çalır. Onda mənə deyildi ki, Murad, ayağa qalx, səni direktor müavininin yanına aparırıq. Daha sonra direktorumuzun yanına göndərdilər. Buradan da 6 saylı musiqi məktəbinə apardılar. Xalq artistimiz Əlibaba Məmmədovun yanında oldum. Həmin il oktyabr ayının 22-si bu sənətdə mənim üçün mühüm addım oldu. Əlibaba müəllimin sinfinə daxil olub musiqi təhsilinə başladım. Belə-belə sənətə gəldim...

“Xoşbəxtəm ki, muğam sənətindəyəm”

-Muğam sizin üçün nə deməkdir?

-Bir şeyi qeyd edim ki, muğam sözünün mənası ərəb dilində “məqam” deməkdir. Muğam sənəti o qədər zəngindir ki. Vətənə necə sevgi olur, muğama da sevgi elədir məndə. Muğamı çox sevirəm. Vətən və muğam, mənim üçün ikisi də birdir. Muğam sənəti incə bir sənətdir. İncəsənət deyəndə başda muğam sənəti gəlir. Çox xoşbəxtəm ki, muğam sənətindəyəm.

-Bildiyim qədərilə atanızın da gözəl səsi var...

-Hər bir atanın, ananın arzusudur ki, balalarını xoşbəxt görsün, onun uğurlarına sevinsin. Valideynim olduğuna görə demirəm, atam hərtərəfli insandır. Allah ona çox istedad verib. Düzdür, atam muğamın ardınca getməyib, bunun da səbəbləri var. O vaxtki dövr ilə indiki dövr arasında fərq var. İndiki dövrdə hər bir şərait var. Amma o vaxt istənilən bir şərait yox idi. Yəni Sovet dövründə muğama bir o qədər də qiymət verilmirdi. Həmin vaxt çox çətinliklərlə qarşılaşıb. Atam həmişə mənə deyib ki, ürəyimdə qalan arzuları sənin həyata keçirməyini arzu edirəm. Allahın izni ilə o arzular yavaş-yavaş reallaşır.

“Qalmaqalla sənətə gəlmək olmaz”

-Qalmaqal sizin sahədə bir o qədər də olmur...

-Mən özüm də təbiətcə qalmaqaldan qaçan insanam. Fikrimcə, qalmaqal mənasız bir şeydir. Bizim sənətdə qalmaqal olmalı deyil. Qalmaqalla sənətə gəlmək olmaz. Qalmaqalla gələn insanlar müvəqqətidir. Qalmaqalla gələnlər bir yerə qədərdir.

-Murad Laçınlı... “Laçın” ifadəsi sizə nə deyir?

-Həqiqətən də, yaralı yerimə toxundunuz. İnanın ki, Laçın adı gələndə kövrəlirəm. O torpaqları heç vaxt görməsəm də, Allahın izni ilə tezliklə görəcəm. Mənim üçün Laçın ana deməkdir. Laçın mənim namusum, qeyrətim, Vətənim, qürurumdur. Tək Laçın deyil, bütün torpaqlarımızın hər biri mənim üçün belədir. Ordumuza təşəkkür edirəm, Ali Baş Komandanımıza təşəkkür edirəm. Biz tarixi bir günləri yaşayırıq. 27-28 ildən sonra torpaqlarımıza qovuşuruq. Mən Şəhidlərin analarının qarşısında baş əyirəm. Biz işğaldan azad olunmuş torpaqlara ayaq basanda o Şəhidləri unutmamalıyıq. Həmişə onları yad etməliyik. Allah Şəhidlərimizə rəhmət eləsin.

“Gözlərimizdə yalnız sevinc göz yaşı olsun”

-Siz həm də “Şəhid” mahnısı ifa etdiniz. Bir az da ondan danışaq...

-Müharibə başlayanda artıq “Şəhid” mahnısını yazdırmışdım. İlk növbədə o mahnının müəllifi Yaqut xanıma təşəkkür edirəm. Mehriban xanımın təşəbbüsü ilə mən Yaqut xanımı tanıdım. Sözləri Elçin bəyə məxsus olan bu mahnını Rəşad Masallılı ödənişsiz olaraq aranjiman etdi. Mahnıda bir cümlə var: “Üç rəngli bayrağın 4-cü rəngi”. Bax bu cümlə Şəhidliyin nə qədər uca bir zirvə olduğunu göstərir. Şəhidlər ölməzdir.

-Adına özünə “Vətən” deyirəm,

Çölünə düzünə “Vətən” deyirəm...

Söyləmisiniz ki, özümü dərk edəndə “Bayatı-Şiraz”a qulaq asıb muğamı sevdim...

-Tacir müəllimi salamlayıram. Onun ifasında “Bayatı-Şiraz”ı dinləyib sevmişəm. Həm Laçın ayrılığı, həm Vətən sevgisi mənə “Bayatı-Şiraz”ı doğma edib. Həmişə arzulamışam ki, öz kəndimizdə “Bayatı-Şiraz” oxuyum, xalqın qarşısında oxuyum. Şükür ki, torpaqlarımız azad edildi. Bundan sonra gözlərimizdə yalnız sevinc göz yaşı olsun.

-Mən sizdən xahiş etsəm ki, “Bayatı-Şiraz”dan bir parça ifa edin, edərsinizmi?

-Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, Vətənimdir, Vətənim.

Vətənim verdi mənə nanü-nəmək,

Vətəni, məncə, unutmaq nə demək ?!

-Mən sizə dəvətimi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm...

-Siz sağ olun.

Rövşən Tahir

Qeyd: Müsahibə sərtləşdirilmiş karantin qaydalarından öncə alınıb!