SON DƏQİQƏ:

MÜƏLLİMİ TƏHQİRƏ ALIŞAN CƏMİYYƏT, YA TƏHQİRƏ ALIŞAN MÜƏLLİMİN CƏMİYYƏTİ

  40089   |  
Şriftin ölçüsü  

Nə tələbənin universitetdən qovulmasının tərəfdarı, nə də cəzasız qalmasının tərəfdarı deyiləm. Ona elə cəza verərdim ki...Lap o onlayn dərsdə... hər çür şagird, tələbə var: dəcəl, sakit, danışan, gülən, söhbət etməyi sevən, sevməyən, mahnı oxuyan. Arada söhbətləşirik, gülürük, danışırıq, onlara qoşulub mahnı oxumaq da gözəldi. Sonucda insanıq. Tənbeh də olur, ya olmur. Təbiidi. Narahatlığa səbəb deyil. Söhbət nə tələbədə, nə də universitetin qərarındadı. Məni narahat edən cəmiyyətin təpkisi oldu. Əksəriyyət tələbənin müdafiəsinə qalxdı. Müəllimlərə, təhsilə təhqir baş alıb getdi. Düzdü qınayanlar da az deyildi.

Seçki gündəmə gəldi. Saxtakarlıq edən müəllimin şagirdə, tələbəyə, ya kiməsə dürüstlükdən danışmaq haqqı yoxdu. Seçki saxtakarlığının şahidi olmuşam, məktəblərdən yazmışam. İnanmıram ki, hay-küy salanlardan kimsə uşağının, qohumunun, qonşusunun oxuduğu məktəbə gedib və saxtakarlıq edən müəllimin işdən çıxarılması, ya cəzalanmasını tələb edib. İnanmıram. Nədənsə valideynlər – seçicilər unudulur. Saxtakarlığın iştirakçıları və əsas gücü valideynlərdi həm də. Səs verən onlardı. Səslərini niyə qorumurlar? Etiraz etmirlər? Niyə övladlarına o saxtakar müəllimlərin dərs deməsinə razı olurlar? Qəribə gəlsə də, təəccüblənsəz belə, həqiqət odur ki, o müəllimlərin çoxu yaxşı dərs keçir, peşəsini sevir, şagirdinin dürüst olmasını istəyir və s. Amma istənilən halda seçkidə müəllimlərin iştirakı müəllim nüfuzu üçün ciddi problemdir və həllini tapmalıdır. Müəllimlərin ünvanına yağan təhqirlər ürək bulandırır. Və bu təhqirlərə rəğmən öz işini görən müəllimlər heyrət doğurur. Təsəvvür edin ki, “seçkidə saxtakarlıq edirsən”deyə şagirdlər, tələbələr istənilən intizamsızlığı etməyə başlayır. Ona görə çox da abartmayın, intizamsızlığa, məsuliyyətsizliyə haqq qazandırmayın. Bu elə saxtakarlığa aparacaq.

Məsələnin ikinci tərəfi dərsdəki başqalarıdır. O qədər tələbənin haqqı pozulur, hüququ tapdanır. Əminsiz ki, bundan narahat olan tələbələr yoxdu? Mən valideyn kimi dərsi pozanın cəzalanmasını özüm tələb edərəm. Nə ixtiyarı var mənim uşağıma mane olsun? Məni müəllim kimi narahat edən həmişə bu olub və intizamsızlığa meylli uşaqların beyninə yeritmişəm ki, sizin başqalarına mane olmaq, vaxtını oğurlamaq kimi bir hüququnuz yoxdu. Mühüm haşiyə. Nəvəm 5-ci sinifdədi. Onlayn dərs keçilir. Eşidirəm arada. Olur ki, səsi gəlmir. Bəzən eyni uşaqların səsi gəlir. “Məndən soruşmadı” deyir sonra. “Sən də heç danışmadın”. “Ay nənə, əlimi qaldırdım. Orda əl işarəsi var, ondan istifadə etməliyik”. “Axı bəzilərinin elə səsi gəlirdi”. “Onlar icazəsiz danışır, mane olur, müəllimi hirsləndirirlər. Başa düşmürlər”. Özü də həyacanlanır, əsəb keçirir. Hələ bu 10-11 yaşlı uşaqlardı.

İnanmıram ki, onlayn dərsdə narahat olan tələbələr olmasın. Hətta bir nəfər olsa belə, məni daha çox məhz o tələbə düşündürdü. Yekə-yekə adamlar yekə - yekə yazılar yazdılar, otaqlarında bayraq olan məmurların rüşvətxorluğunu misal çəkdilər. Və beləcə uşaq deyə-deyə etdiyimiz güzəştlərin, yerli-yersiz müdafiələrin cəmiyyətə ötürdüyü nöqsanlardan yan keçdilər.

Yaxşı müəllim olmaq asan deyil. Müəllim olmaq ağlımdan keçməyib belə. Həyatdı. Belə alındı. İşlədim. Fikirləşdim müəllim kimi cəmiyyətimə xeyir verirəm. Şəxsiyyət yetişdirmək amalım oldu. Ömrümü sərf etdim. İndi tapdanan müəllim adı “ömrümü çürütdüm” düşüncəsinə gətirir.

Məsələnin ürəkağrıdıcı tərəfi bu tərbiyəsizliyin əsgərlərimizə bağlanması oldu. “Gələcəyin əsgəri”nə qarşı haqsızlıq kimi yəni. Az qala milli qəhrəman etdilər adamı. Hər dövlətin qanunları var. 18 yaşından sonra

hər bir gənc hərbi xidmətdə olmalıdır. Bunun dərsi pozmaqla nə əlaqəsi? Ya savaşda bir əskərin vəzifəsinə məsuliyyətsizliyi nələrə səbəb ola bilər? Günlərdi əsgərlərimizin qəhrəmanlığından, məsuliyyətindən, intizamından danışırıq.Qürur duyuruq. Nə oldu?

Çox mühüm. Əskərlərimiz video yayımladı. “Biz bayraq üçün canımızdan keçirik. Tələbə üzr istəməlidi” dedilər. Tələbə üzr istəyib yayımladı. Və digər videonu pozmağı xahiş etdi. Baxdım . Amma bir yazışmasını da gördüm: Mən məktəbi yandıran adamam. Unini nə hərriyirəm?... Maraqlıdı? Məncə də.

TN –ni yıxıb sürüdülər. Təbii günahkardı. TN-də bu sahəni bilməyənlər var. Hətta şikayətlə işdən çıxarılanlar, indi TN-də işləyənər də var. Nazirliyin qaynar xəttinə cavab verənlər heç məsələnin mahiyyətinə vara bilmirlər. Çoxu şagird, tələbə olub, heç müəllim kimi dərs prosesindən xəbəri yoxdu.

Təhsil Nazirimiz barədə bir-neçə kəlmə. Cavandır, işlədiyi sahəni sevir və nə qədər yükü olduğunu bilir. Bir az araşdırmışam. Savadlıdır. Yaxşı şagird, tələbə olub. Məktəbi sevir. Özünə məsuliyyətlə yanaşıb. Məsuliyyətsizliyi müdafiə etməz məncə. Nazir kimi çox çətin zamanda işə başlayıb. Pandemiya, müharibə. Əyani dərslər, söhbətlər, tədbirlər yox. Neynəsin? Gedib onlayn dərsdə tələbənin tərbiyəsi ilə məşğul olsun? İmkan verin, adam bir nəfəs alsın. Anlamağa, dayaq olmağa, kömək etməyə çalışaq.

Hər sahədə yarıtmaz işçilər var. Bu tənqid edənlərin işlədikləri yerlərdə hamı bilicidir? İnanmıram. Görəsən, yarıtmazlarla necə mübarizə aparırlar? Aparırlarmı? Yaxşı olar təcrübələrini bölüşsünlər. Təbiiki TƏHSİL xüsusi sahədir və nöqsanlarda birbaşa məsuliyyət daşıyır. Amma təkcə müəllim yox! Bir valideyn məfhumu var – onu da düşünək. Ancaq onlayn dərslərlə bağlı məsələdə baxaq valideyn məsuliyyətinə. Rayon və kəndləri bir-neçə dəqiqəliyə kənara qoyun. Bakıda rahat evlərdə yaşayan, internet, notbook problemləri olmayan ailələrə baxaq. Elə bilirsiz övladları onlayn dərslərdə iştirak edir? Yanılırsız. bütün günü instaqramda, internetdə filmlərə baxan, səfeh-səfeh xəbərləri oxuyan valideynlər bir, ya iki uşağının dərslərdə iştirakına nəzarət etmir, edə bilmir. 5, 10 və ya 15 uşaq iştirak edir dərslərdə. Məsuliyyətli, anlayışlı ailələrin övladlarıdır. Rayon və kəndlərdə internet problemini hamı bilir. Bunun üçün müəllim, ya TN günahkar deyil. Bütün dünyada belədir. Elə alındı ki, covid-19 da yayan Azərbaycan müəllimidir. “Kəndlərdə, rayonlarda heç onlayn dərs keçmirlər, amma maaşlarını alırlar” kimi fikirlərə rast gəldim. Deyirsiz maaş verilməsin? O ailə saxlayan 200-400 maaş alan kənd müəllimi neynəsin? Günəmuzd iş axtarsın? “Müəllim təssərüfatla məşğul olsun” deyəndə də hay-küy salanlar oldu. Niyəsini onda da anlamadım.”Lənət şeytana” deyib susdum. Müəllimin kənd təsərrüfatı ilə məşğul olmasında nə qəbahət var? Müəllimlər tanıyıram ki, həyətyanı sahəsini, pay torpağını əkib-becərir. Çox da xoşbəxt və məmnundu. Kənd müəlliminin maaş alması niyə problem oldu, onu da anlamadım. Niyə hər kəs özünün deyil, başqalarının nə etməli olduğunu düşünür? Niyə? Əslində demək istədiklərim çoxdu. Yazdıqca bitməyəcək. Sonda: Nə qədər ki, müəllim harda və necə duracağını bilmir, valideyn öz vəzifəsini, məsuliyyətini bilmir belə olacaq. Nə qədər ki, cəmiyyət cəmiyyət müəllimini hara qoduğunu, necə yanaşacağını bilmir, nə qədər ki, cəmiyyət müəllimini sevmir, nə qədər ki, cəmiyyət müəllimini təhqir edir belə olacaq. Sevgisizlik yaranacaq. Müəllim təhqirə alışıb artıq. Təhqirə alışan müəllimin qurduğu cəmiyyət belə olacaq. Haqlıyam??? Məncə...

KAMALƏ ABİYEVA

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK