SON DƏQİQƏ:

Aqil ABBAS: ARNO BABACANYAN VƏ POLAD BÜLBÜLOĞLU

  43708   |  
Şriftin ölçüsü  

Caz musiqisi mənə bir az yad olsa da, muğamın içində böyümüş, kənddən gəlmiş bir kənd uşağı üçün təbii ki, elə olmalıydı. Amma kənddən gəlmiş kənd uşağı Vaqif Mustafazadənin ifaları üçün dəli-divanə idi. O vaxtkı mətbuatda Vaqif Mustafazadəni söyürdülər, hətta Azərbaycanın ən görkəmli şairi onun əleyhinə yazı da yazmışdı və « Azərbaycan gəncləri» qəzeti Vaqifin əleyhinə oxucu məktubları çap edirdi.

Mən Vaqifin improvizasiyaları, muğama gətirdikləri qəribə yenilikləri (bunu sonralar Alim Qasımov da elədi və millətin sevimlisinə çevrildi) dəli kimi dinləyirdim. Belə improvizasiyaları Rəmiş edərdi, bir də Rafiq Babayev.

SSRİ-də caz musiqisi qadağan idi. Amma bu qadağaları vecinə almayanlar vardı. Onları böyük salonlara buraxmazdılar, heç bu da onları narahat etməzdi.

Əslində caz musiqilərini ilk dəfə ölkəyə Tofiq Quliyev gətirmişdi. Orkestr yaratmışdı və bu orkestr onun yazdığı əsərləri az-çox təbliğ edirdi. Bundan başqa, həmin dövrlərdə gənc Polad Bülbüloğlu bu cür əsərlər bəstələyirdi və millət də onun mahnılarını sevə-sevə dinləyird, özü də bütün SSRİ.

Həmin vaxt SSRİ-də bir bəstəkar-müğənni çıxmışdı ortalığa – Arno Babacanyan. Çox istedadlı sənətkar idi və SSRİ-də sevilirdi və həm də Moskvada yaşayırdı, arealı çox geniş idi. Əsas da o idi ki, erməni idi və təbliğatı güclü idi. Tofiq Quliyev isə azərbaycanlıydı və Bakıdaydı.

Heç kim Arnonun istedadına şübhə edə bilməz, amma təbliğat böyük şeydi. Arnoya həm Ermənistandakı ermənilər, həm də dünyadakı ermənilər babat maya qoyurdular.

Srağagün dalbadal Arno Babacanyanla bağlı iki verilişə baxdım: biri «Mir» kanalında, o biri də Rusiyanın hansısa kanalında. Bəlkə daha çox kanallar verib, izləyə bilməmişəm. Deyəsən, anadan olmasının 100 illiyi idi. Baxdım, hər iki kanal çox gözəl veriliş hazırlamışdı. Fikirləşdim ki, kanalın birində Arnonun idmana münasibəti ilə, «Spartak»a sevgisi ilə («Spartak»ın baş məşqçisi Simonyan idi), dünya çempionu Petrosyanla dostluğu və sair və ilaxır bağlıydı veriliş.

Yəni bizim kimi, 10-15 il bundan əvvəl çəkilmiş hansısa şair, rəssam, bəstəkarla bağlı verilişləri təkrar etmirdilər.

Arno Babacanyan haqqında təbii ki, məlumatlarım var, bəstələrinə də qulaq asmışam. Özü də öz bəstələrini gözəl ifa edirdi.

Deməli, 19 yaşlı Müslüm Maqomayev Moskvada televiziya verilişlərinin birində özü yaşda olan Polad Bülbüloğlunun mahnısını oxuyur. Yazan da şedevr yazıb, oxuyan da şedevr oxuyub.

Arnonun xanımı dərhal Müslüm Maqomayevə telefon açır və bəstəkarın adından xahiş edir ki, onun da mahnılarını oxusun. Təbii ki, Müslüm də hansısa mahnını oxuyursa, Qədir Rüstəmov kimi, Akif İslamzadə kimi ona öz möhürünü vurur. Və beləliklə, Müslüm Arnonun böyük təbliğatçısına çevrilir. Amma müəyyən zaman keçir, araları dəyir. Səbəb də o olur ki, Arno

Babacanyan öz oğlunun reklamı üçün Araik Babacanyana verir mahnılarını. Çünki daha Müslümə ehtiyac yox idi.

Mən bu yazını niyə yazdım?

Polad Bülbüloğlu öz mahnıları ilə, həm də özünün ifaçılığı ilə nəinki SSRİ-ni, hətta Avropanı fəth eləmişdi. Hələ də bu zirvədə qalır və qalacaq da. Sovet hökuməti vaxtı SSRİ-də və dünyada Azərbaycandan 5-6 nəfər tanınırdı, onun biri Polad idi, biri də Müslüm. Və bir az da Əjdər İbrahimovla Çingiz Hüseynov. Sovet dağılandan sonra Kərim Kərimlini və Fərman Salmanovu tanıdılar.

Təbii ki, Bülbül tanınırdı, Zeynəb Xanlarova tanınırdı, Rəşid Behbudov tanınırdı. Rəşid Behbudov daha çox xarici ölkələrdə tanınırdı, SSRİ-yə bu cür sərf edirdi, çünki ölkəyə valyuta gətirirdi.

Amma onların şöhrəti Polad Bülbüloğlu və Müslüm Maqomayev kimi deyildi.

Oxucunu yormaq istəmirəm.

Deməli, Moskva televiziyası Arno Babacanyanı təbliğ edir. Olsun.

Polad Bülbüloğlu da dünyanın bir nömrəli pianoçusu Fərhad Bədəlbəyli ilə gedir Şuşaya.

Bunu qeyd etməyə bilmərəm. Böyük türk pianoçusu Fazil Say var, Allah ömür versin, həqiqətən dahi sənətkardı. Ona da qulaq asmışam dəfələrlə, Fərhad Bədəlbəyliyə də. Və bir dəfə qəzetdə yazdım ki, Fərhad Bədəlbəyli Fazil Sayı pianoya qoyub çala bilər. Sadəcə olaraq, onun təbliğatçıları çoxdu, 80 milyonluq dövlətin nümayəndəsidi, Fərhad Bədəlbəylinin isə təbliğatçısı azdı və 10 milyonluq bir dövlətin sənətkarıdı. Nə isə, kimlərləsə mübahisə etmək istəmirəm.

Rusiya televiziya kanalları Arno Babacanyanı təbliğ edəndə bizim müəyyən saytlar və sosial şəbəkə Polad Bülbüloğlunu söyməklə məşğul idi.

Azərbaycanın dünyada tanınan bir sənətkarı, dünyanın ən böyük, ən güclü dövlətində Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu haqqında nələr yazmırlar?

Guya 76 yaşlı Polad Bülbüloğlu əlinə silah götürüb Şuşada vuruşmalı idi.

Az qala yazırlar ki, Ermənistanın Qarabağı işğal etməsində günahkar Polad Bülbüloğludu.

Hadisələr başlayan gündən yazıçı Qrant Matevosyan, eləcə də Armen Ciqarxanyan Azərbaycanın əleyhinə bir söz demədi. Qrantın əsərlərində Azərbaycan xalqına nə nifrət var, nə də qisas. Amma indiyədək onlar haqqında ermənilər heç bir söyüş yazmayıb. Armenin cavan qızını milliyyətçi, xəstə ermənilər hətta buna görə blokun ağzında öldürdülər də. Amma erməni xalqı onları söymədi. Çünki böyük sənətkarlar idi.

Amma biz Poladın fikirlərini kontekstdən çıxarıb və trolları işə salıb onu söyməklə, təhqir etməklə məşğuluq.

Poladı qoyduq bir kənara, hətta Şərq dünyasının ilk vokalçısı, ilk peşəkar opera sənətçisi Bülbülü də təhqir etməkdən çəkinmirik. O Bülbülü ki onun doğulduğu evi dağıdıblar, həyətdəki büstünü nə günə qoyublar, görmüsünüz .

Polad həyətdəki tut ağacını oxşayır, öpür.

Ev-eşiyi dağıdılan, qəbiristanlığı dağıdılan insanların yenidən öz doğulduqları kəndləri, şəhərləri, əzizlərinin yatdığı qəbiristanlıqları ziyarət edənlərin hissini başa düşürsünüzmü?

İşğaldan sonra Ağdam şəhərinə ayaq basanda ilk zəng elədiyim kiçik oğlumuydu. Bircə onu deyə bildim ki:

- Oğul, Ağdamdayam…

Və telefonu söndürdüm ki, oğlum mənim hönkürtümü eşitməsin.

Həyətimizə girəndə də xanımıma zəng elədim:

- Həyətimizdəyəm…

Yenə telefonu söndürdüm ki, hönkürtümü eşitməsin.

İndi Polad Bülbüloğlunun və ya Fərhad Bədəlbəylinin azad Şuşada bir qalib ölkənin azad vətəndaşı kimi keçirdikləri hissləri başa düşün!

Polad tut ağacını qucaqladı və oxşadı.

Ağdamdakı həyətimizdə mənim əkdiyim ağaclardan bircə gilas durur. Çox istədim mən də həmin gilası qucaqlayım, amma həm əsgərlər, həm də ANAMA icazə vermədi ki, həyət minadan tam təmizlənməyib.

Bəlkə 27 ildir həsrətlə məni gözləyən gilas ağacı məndən küsdü və indi tezliklə gedib onu qucaqlamasam, küsüb quruyacaq.

Hörmətli oxucu, bağışla səni yordum, elə şeylər var ki, qısa yazmaq olmur.

Polad həyətlərində «Gəl, ey səhər»i oxudu…

Min şükür ki, o səhər gəldi…

Səməd Vurğunun bir beyti var, yazmıram, ağıllı oxucu başa düşəcək

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüal Vəli Xramçaylıya:

- Vəli, birdən yüz min manat tapsan neyniyərsən?

Vəli:

- neyniyəjəm qağa, tez aparıb borclarımı verərəm.

Hidayət müəllim:

- Bəs qalanın nağayrassan?

Vəli:

- Qalanında Allah kərimdi, yavaş-yavaş verərəm dana.

ARXİV

TƏQVİM

FACEBOOK