adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Fevral 2021 17:54
33788
ELM VƏ TƏHSİL
A- A+

UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə II modulun nəticələri müzakirə olunub

UNEC-də İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə II modul üzrə dərslərin və tələbə biliyinin qiymətləndirilməsinin təşkili müzakirə olunub.

UNEC rektoru, professor Ədalət Muradov şura üzvlərinə imtahan sessiyasında tətbiq edilən yeniliklər barədə məlumat verib. II modulda tələbə biliyinin qiymətləndirilməsinin 20 faiz seminar balı, 80 faiz isə imtahan nəticəsinə görə aparıldığını deyib.

Rektor yeni semestrdən tətbiq olunacaq yeniliklərdən də danışıb. UNEC-də “Karyera planlaması” və “Yumşaq bacarıqlar” fənlərinin tədris olunacağını, 15 gənc müəllimin işə cəlb edildiyini bildirib.

Görüşdə UNEC İmtahan Mərkəzinin direktoru, dosent Söhrab İsayev tələbə biliyinin qiymətləndirilməsi barədə təqdimatla çıxış edib. O, bakalavriat və magistratura səviyyələri üzrə test bazasının yeniləndiyini bildirib. İlk dəfə olaraq, ingilis dili fənni üzrə qiymətləndirmənin 4 bacarıq əsasında həyata keçirildiyini diqqətə çatdırıb.
S.İsayev müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə dərslərin monitorinqinin aparıldığını, 8 yeni ixtisas üzrə Avropa və Türkiyədən olan mütəxəssislər tərəfindən təlimlərin hazırda da davam etdirildiyini deyib. İmtahan testlərinin düzgün tərtib edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzinin nümayəndələri tərəfindən test tərtibi metodikasına dair 4 günlük təlimlərin təşkil olunduğunu bildirib.

İctimai Nəzarət Şurasının üzvləri, millət vəkilləri Hikmət Məmmədov, Etibar Əliyev, Arzu Nağıyev, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov yenilikləri yüksək qiymətləndirərək, tədrisin təşkili ilə bağlı təkliflərlə çıxış ediblər.

Görüşdə təhsilin inklüzivliyi ilə bağlı müzakirələrin keçirilməsinin, tələbə krediti haqqında qanun layihəsinin hazırlanmasının vacibliyi vurğulanıb.