adalet.az header logo
  • Bakı 20°C

Faiq QİSMƏTOĞLU: BÖYÜK GÜNAH

FAİQ QİSMƏTOĞLU
40130 | 2021-03-03 12:45

... İnsan yarandığı gündən Allahın dərgahına dönüşünə qədər günahların içində olur. Bir var kiçik bir günah eləyəsən, bir də var böyük günahlar törədəsən. Çünki kiçik günahları yaxşı əməllərinə görə Allah-Təala bağışlayır. Amma böyük günahlara gələndə isə onun bağışlanılması o qədər də asan deyil. Ən azından əməl dəftəri əlinə veriləndə sol əldəkindən sağ əldəki əməllər daha ağır olmalı və yaxşı, əməli-saleh işlərinə görə, Allah-Təala sənə öz mükafatını bəxş eləməlidir.

Bu fəlsəfi fikirlər istedadlı yazıçı-publisist Oqtay Ərgünəşin (Əliyev) “Böyük  günah” kitabında bir qırmızı xətt kimi özünü göstərir. Istedadlı yazıçı-publisist  bu kitabı qələmə almaqla insanları haqqın, ədalətin, Allahın yanında olmağı, düz yolla getməyi, heç kimin haqqına girməməyi və ən nəhayət, zalımdan, namərddən uzaq olmağı aşılayır. Onun bir-birindən çox gözəl hekayələri, portret oçerkləri və yumoristik yazıları var. Bayaq dedim axı, bu yazıların dili, üslubu, şirinliyi, insanın qəlbinə nur ələməyi onu sözün həqiqi mənasında oxucuya sevdirir. O, XXI əsrin “qırxlotuları”na üzünü tutaraq yazır: “...bilin ki, dünyanın çarxı həmişə fırlanır. Zamanında bəşəri hisslərlə yaşayın, xalqı sevin, ətrafdakılara insanpərvər olun, xoş münasibət bəsləyin, bəlkə İlahi törətdiyiniz ağır günahlarınızdan keçər...”.

Təbii ki, yazıçının bu cür əxlaqi dəyərlərə, bəşəri duyğulara və insanpərvərlik ideyalarına söykənməyi və insanları düz yola dəvət etməyi həmin daş ürəkli ölkələrdən tutmuş fərdlərə qədər hamısını silkələyir və haqqın yoluna qayıtmağa məcbur edir. Ümumiyyətlə, onun “Şərəf-ləyaqət”, “Halallıq, insanlıq”, “Hardasan, oğul?”, “Böyük günah”, “Tarixin çarxı fırlanır”, “Qeyrət kəməri” hekayələrində o bir ədib, bir yazar kimi çox incə məqamlara, zərif nöqtələrə, milli dəyərlərə toxunur və onların yadına salır ki, adam keçmişini unutmamalıdır.

Bir sözü də qeyd edim ki, Oqtay müəllimin bu kitabında gözəl hekayələr, bədii sözün çalarları, milli və bəşəri dəyərlərin önə çəkilməsi, oxucuya çatdırılması və sevdirilməsi özünü daha qabarıq göstərir. Onun əsərlərinin əsas leytmotivini və qırmızı xəttini bir ideya təşkil edir: kişilik, namus, qeyrət, vətənpərvərlik və insanın bir sifəti olması! Axı zəmanımizdə nəinki beş-on sifətli, yüz sifətli insanlar da az deyil. Yazıçı o vaxt oxucunun qəlbini və ürəyini fəth eləyir ki, onun yazdığı ilə əməli bir-birini tamamlayır. Yəni Oqtay Ərgünəşin sözün həqiqi mənasında qələmə aldığı hər bir hekayə, portret oçerk, roman birmənalı olaraq onun ləyaqətli ömür yaşamasdından bir kişi kimi alnı açıq, üzü ağ cəmiyyətdə tanınmasında və eyni zamanda, bu qarmaqarışıq dünyada öz ləyaqətini, mərdliyini və səmimiyyətini qorumaqdan yaranır. O qədər istedadlı yazıçı var ki. Amma şəxsiyyəti və əməli bir qəpiyə dəyməz. Hətta dünyaşöhrətli yazıçıların arasında istedadı olmasına baxmayaraq, şəxsiyyətinin qaranlıq və çirkab olduğuna görə, onların yazdıqlarını bir o qədər də sevmək olmur. Amma Oqtay Ərgünəşin böyük ürəyi, təmiz qəlbi və səmimiyyəti bir daha onu təsdiq edir ki, yazıçı hansı mövzuda yazı qələmə alırsa, öz şəxsiyyəti kimi onlar da dupduru, pak və təmizdir.

Onun “Böyük günah” kitabını vərəqlədikcə bir-birindən gözəl hekayələri, oçerkləri və eləcə də fəlsəfi düşüncəli publisist yazıların şahidi olursan. “Daşlar”, “Durnalar qayıdacaq”, “Şəhadət barmağı, “Qəssab kötüyü”, “Qaratoyuq”, “Geyim”, “Papaq satan kişi”, “Təzadlı dünya”, “XXI əsrin “qırxlotuları””, “Çoban iti”, “Lazım kişi gəlsə”, “Qağayı”, “Ürək”, “Boş qalan çatı”, “Eşşək ki, eşşək!”, “Kişi, baş səndə nə imiş!” hekayələri, “Nəyimiz var, nəyimiz yox?”, “Qoltuqaltılar” hikmətli sözləri, vətən mövzusunda qələmə aldığı “Süngüyə  çevrilmiş qələm”, “Yaralı qartal”, “Ot kökü üstə bitər”, “Bağrı dağlı dağlar”, “Əsgər borcu”, “Deyilən söz yadigardır” silsiləsində “Rəsul Rza və klassik Azərbaycan ədəbiyyatı”, “Füzuli rayonu: quruculuğun yeni ünvanı”, “Ömrə şöhrət verən illər” yazıları demək olar ki, yazıçını oxuculara sevdirən ən gözəl nümunələrdir. Məşhur yazıçı olmaq olar, amma sevilən yazıçı olmaq o qədər də asan deyil. Oqtay Ərgünəş bu hekayələri və publisist yazıları ilə tam səmimiyyətlə deyirəm ki, oxucuların ürəyini fəth eləməyi bacarıb.

O, başqaları kimi uzun-uzadı sicilləmə hekayələr qələmə almır. Cəmi bir səhifəlik hekayədə bir romanda, bir povestdə deyilən fikri oxucuya elə aşılayıb ki, oxucu onu bulaq suyu kimi, bal kimi qəbul edib “öz  malına”çevirir. Məsələn, onun yarım səhifəlik balaca bir “Gileyli qohumlar” hekayəsi var. Qardaş gəlir bacının qapısını döyür. Bacı isə hər şeyi ola-ola “ağlamağa” başlayır: “... Can qardaş, uşaqlar gedib hərəsi bir “Mersedes” alıb. O çıraq haqqı, indi benzin almağa imkanımız çatmır. 35 baş qara malın, 200-ə qədər qoyun-quzunun yemini toplamaq da çox çətindir. Qız-gəlinlər hər toyda bir yeni paltar geyinməsələr, qan əkərlər. Qardaş, beləcə, vəziyyətimiz çox çətin keçir, - deyib, bacım dizlərinə döyərdi...” Hamımızın belə “ağlayan”, var-dövləti başından aşan qohumu var. Məsələn, mənim bir bibim oğlunun iki-üç maşını, iki-üç yerdə evi-eşiyi, böyük də təsərrüfatı var. Hər dəfə görüşəndə də deyir ki, dayı oğlu, vəziyyətim çox ağırdı, çatdıra da bilmirəm. Bax, Oqtay müəllim cəmiyyətin içindəki bu cür eybəcərlikləri görür və onları satira atəşinə tutur ki, bəlkə özlərinə gələlər.

Əlbəttə, kiçik hekayədə bu qədər dərin fəlsəfi fikirlər, bəşəri ideyalar və insani dəyərlər oxucuya aşılamaq o qədər də asan deyil. Onun yaxşı bir hekayəsi də var: “Gəlin”. Milli dəyərlərə söykənərək indiki gəlinləri keçmişin yaxşı nümunələrini yaşatmağı arzulayır. Yazıçı bir fikri bəyan edir ki, gəlin hamının dilini tapsa, böyüyə-kiçiyə hörmət eləsə, o, evdə oğul-uşaq sahibi olacaq, qayınatası və qayınanası ilə yağla bal kimi dolanacaq. Mən məsləhət bilərdim ki, yenicə ailə quran bəylər və gəlinlər bu hekayəni oxusunlar və həyatın çətin sınaqlarında bir-birini yarı yolda qoyub ayrılmasınlar.

Yenə deyirəm, Oqtay Ərgünəşin böyüklüyü odur ki, milli dəyərləri, unudulmuş və yaddan çıxmış, hətta pas atmış gözəl adət-ənənələrimizi bir ürək yanğısıyla, bir hayqırtıyla oxuculara çatdırır və çatdırmasa düşünürəm ki, onun ürəyi partlayar. Amma oxucuya vaxtında çatdırdığına görə, onun ürəyi partlamır, daxilən sakitləşir, içindəki təlatüm, vulkan püskürəndən sonra yenidən özünə qayıdır...

Mən Oqtay müəllimi 1974-cü ildə Füzulidə çıxan “Araz” qəzetində 3 ay təcrübədə olanda tanıdım. Onda o, redaktor müavini, biz isə tələbə idik.  O vaxtı çöhrəsində hansı nuru, hansı işartını görmüşdümsə, bu gün də elə o nuru görürəm. Həyatın çətin sınaqları – çovğunu, tufanı  onu hər cür sınağa çəksə də, çoxları ona namərdlik eləsə də, amma Oqtay Ərgünəş öz ləyaqətini, öz şəxsiyyətini, öz böyüklüyünü  və  öz mərdliyini qoruyub saxlayıb. O, Füzulinin bütün yazarların uğurlarına sevinən böyük ziyalıdır. Bu qədər istedadına, çoxlu sayda kitablar çap etdirdiyinə baxmayaraq, elə həmin Oqtay müəllimdir. Oqtay müəllimin çox yaxın bir dostu var. O da dünyanın ən təmiz, ən pak, ən namuslu adamıdı: şair-publisist Mahmud Qacar! Birindən soruşurlar ki, dostunu göstər, sənin kim olduğunu deyim. Oqtay müəllimin də dostu Mahmud Qacar kimi təmiz və namuslu adamlardı. Ona görə də Oqtay Ərgünəşi tək doğmaları deyil, Füzulinin bütün ziyalıları çox istəyirlər.

O, dövlətə, dövlətçiliyə çox sadiq bir ziyalıdır. Ulu Öndər Heydər Əliyev haqqında çox unikal bir kitab çap elətdirib. Düzdür, Oqtay müəllimin çoxlu sayda kitabları çap olunub. Mən onların adını sayıb oxucuları yormaq istəmirəm. Amma onların bir neçəsini yenə xatırlayıram: “Seyid Əşrəf müqəddəsliyi”, “Əbədiyyətə qovuşan Koroğlu”, “Zakir Zeynalov fenomeni”, “Ətirli keçən zəhmət illəri”, “Boş qalan papaqlar”, “Təzadlar”... Bütün bunlarla yanaşı, Amerikada çap olunmuş kitabı.

Deməli, Oqtay Ərgünəş tək Azərbaycan oxucusuna tanış deyil. Həm də bəşəri mövzuda yazılar qələmə aldığına görə, onu uzaq Amerikada da tanıyanlar var. Amma onu hamıdan yaxşı Mahmud Qacar, Əbülfət Mədətoğlu, mən və digər yazarlar tanıyırıq. Tanıyırıq ki, Oqtay müəllim bir tikəsini beş-altı yerə bölən adamdı... tanıyırıq ki, Oqtay müəllim bu dünyaya kişi kimi gəlib kişi kimi də ömür yaşayır... tanıyırıq ki, o heç kimin paxıllığını xainliyini çəkməyib və çəkmir...

Elə ona görə də yaşından həddindən artıq gənc və çevik görünür. Onu gənc və çevik saxlayan böyük ürəyi, təmiz qəlbi və yaşadığı arxada qalan illərdi. O illərin bütün cizgiləri bir nura çevrilib Oqtay Ərgünəşin çöhrəsinə hopub. Kim nə deyir desin, nəsli, kökü, keçmişi olan adamlar heç kəsin qəlbini qırmaz və heç kəsin də halal haqqına girməz! Kişi kimi yaşayarlar və kişi kimi də elin-obanın arasına çıxarlar...

 

TƏQVİM / ARXİV