adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Mart 2021 11:04
68169
MÜSAHİBƏ
A- A+

"Mənə onlarla qadın çılpaq rəsmini göndərib ki, məni çək və ya..." - MÜSAHİBƏ

Rəssam Çinarə Sandy Adalet.az-a müsahibə verib.

- "Çinarə Sandy", "Çinarə Soltanova". Əsl Çinarə hansıdır, tanımayanlara necə təqdim edək?

- Rəssam Çinarə Sandy. Pişiyimin adıdır Sandy. Baxmayaraq, aylardır görmürəm, amma mənimçün çox dəyərlidir. Mənası, deyəsən, "qumlu" deməkdir.

- Çinarə, bütün rəssamlara verdiyim bir sual var; Rəsm sərhədlərin hara qədərdir? Varmı? Nəyi çəkməzsən, çəkə bilməzsən, daxili senzuran imkan verməz? Varmı belə bir şey?

- Çəkməyə qorxduğum şeylər var, təbii. Amma hansısa sənət sahəsinin məcburiyyət yoxdursa, niyə sərhədi olsun ki?

- Cəmiyyətimizdə qadınların bir çox şeylərinə qarşı olduqlarını nəzərə alsaq, məsələn, sifariş əsasında bir kişini nude, yaxud tamamilə lüt çəkmək problemdirmi sənin üçün?

- Təbii ki, problemdir.

- Nədir problem olan? Kişinin lüt olması, yoxsa cəmiyyətin reaksiyası?

- Mənə onlarla qadın çılpaq rəsmini göndərib ki, məni çək və ya deyib ki, gəlim soyunum, naturadan çək. Amma kifayət qədər tənbəl və məsuliyyitsizəm deyə, unutmuşam. Amma hansısa kişidən belə sifariş almamışam, necə reaksiya verəcəm, bilmirəm. Heç vaxt heç bir "məni çək" təklifini qəbul etməmişəm deyə, dəqiq cavab vermək düzgün deyil. Təbii ki, cəmiyyət də o deyil. Məndəki proseslər isə daha çox anidir və atmosferimə bağlıdır. Hazırki durumda, bütün rəsm sifarişlərinə seçici davrandığım kimi, buna da elə davranacam deyə düşünürəm. Özəlliklə insan portret və təsvirlərində obyekti məcbur qalmadığım müddətcə, özüm seçirəm.

-Seçici davranacam deyəndə, yəni, bu, bir az da sifarişi verən insanın kimliyi, xarici görünüşü ilə bağlıdır?

- Təxminən, hə. Burda hər şey kompakt olmalıdır. Mənim meyarlarım var

- Bəs, çəkməyə qorxduğum şeylər var deyirsən, onlar nədir? Niyə və nədən qorxursan?

- Bunun cavabı məncə, özümdə qalsın...

- Çinarə, son dövrlər rəsmlərini şəhərdə satmaq istədiyini, çıxarıb satdığını görürük. Necədi, effekti olur? Digər sahələr kimi rəssamlar da maddiyyatdan, əsərlərinin satılmamasından şikayət edir. Səndə də vəziyyət eynidir?

- Hə. Amma heç vaxt rəsm sata bilməyən biri kimi, satış edə bildim. Həm də, çox ucuz.

- Satışı sosial şəbəkədə elan verdiyinə görə gəlib alırlar, ya qıraqdan keçən insanlar da gəlib alır? Küçədə sənət göstərmək, bunu satmaq demək olar, bizdə inkişaf etməyib. Reaksiya necədir ümumiyətlə?

- Reaksiya yoxdur. Baxışlara baxırdım, onlar da çox boşdur. Məncə, bu rəsm sərgilərində də belədir. Baxır, guya nəsə anlayıb, bunlar sadəcə görsəllikdir. Hər kəs duya bilmir. Eləcə də, duymaq məcburiyyətində deyil.
Sosial şəbəkələrdə görənlər gəlib alır rəsmlərimi. Yəqin, Modiglianin zamanında feysbuk olsa, o da rəsmlərini online satışa çıxarmaq haqqında düşünərdi.

- Sərgilərdə baxmaq demişkən, bəzən qarşımıza çıxır, görürsən ki, sadəcə bir nöqtədir, qara-qura xəttlərdir, ya da rənglərin qarışığı, qiyməti də milyon dollar. Onlarda həqiqətən bir dərin məna olur, ya necə? Nədir onu bahalı edən? Müəllif? Əksəriyyət mənasız görür o əsərləri, elədirmi?

- Yaradıcılıq həyat yoluna çox bağlıdır və bunlar vəhdətdir. Mən hansısa psixoloji durumda adi bir nöqtə çəksəm, uzağı yaşantılarımdan xəbərdar olan biri bunu anlayacaq, əksəriyyət üçün mənasızlıqdan başqa bir şey olmayacaq. Burda sənin çəkdiyinə, sənin diqqət çəkməyinçün sosial fiqurun da önəmlidir. O cümlədən, cəmiyyətin küyə düşməyi də önəmlidir. Faktorlar çoxdur. Amma hərdən olur, bir rəsmi sadəcə birinin və ya hansısa müəyyən çevrənin anlamağı, sevməyi kifayət edir. Bəzən olur, o rəsmi sadəcə özünün sevməyin kifayətdir. Bəzən yox, məncə, əsas özünün necə görməyindir və qəbul etməyindir. Heç kimə hesablanmamış dərin rəsmlər..

- Ədəbiyyatçılar arasında, içində "ən yaxşı əsərimi yazmamışam" hissi və sözü var. Rəssamlarda da belədir? Rəssamın depressiyası çəkməmək olur? Məsələn, bir yazıçı ən pis halında yazaraq təmin ola bilir, bəs, rəssam?

- Çox az rəssam tanışım var və onlarla heç bu barədə danışmamışam. Amma mən bütünlüklə yaradıcılıqda gərginlikdən qidalandıram və bəzən bu gərginlikçün şəraiti özüm yaradıram. Amma özlüyümdə çox yaxşı və ya çox uğursuz hesab etdiyim rəsmlər var. Hansı ki uğursuz hesab etdiklərimi daha çox bəyənirlər. Elə buna görə də, rəsm çəkəndə təyin etdiyim mövzular və rəngləri seçəndə sadəcə hiss edirəm, heç kimi düşünmürəm.

- Ədəbiyyat demişkən, sənin əvvəllər mətbuatda yazılarını da görürdük. Dolayısı ilə, yazmaq tərəfində var. Dəyişmisən çəkməyə, yoxsa ötəri hiss idi?

- Ötəri idi. Hansısa mühitin təsiri də ola bilərdi. Və ya rəsm çəkə bilmədiyim dönəmlərin enerjisini çıxarmaq idi. İndi heç nə yaza bilmirəm. Mesajlaşmağa belə ərinirəm. Yazı-filan mənlik deyil. Nə yazmaq istəmişəmsə, rəsm çəkə bilməməyin acığı olub.

- Rəssamlıq fəaliyyətin üçün gələcəkdə nə planların var? Adətən, bu cür planlar xariclə bağlı olur. Orda sərgilər, təhsil. Yoxsa, ömrü boyu Azərbaycanda küçədə satmaqla?

- Təbii ki, Azərbaycanda qalmaq istəmirəm. Ümumiyyətlə, hansı ölkədə yaşamasından asılı olmayaraq, sənət üçün mütləq yerdəyişmə etməlisən. Mən nadir hallardan danışmıram. Planlarım yoxdur, sadəcə, məni bütün dünya tanımalıdır deyə düşünürəm. Hərdən bu düşüncədən də iyrənirəm. Dediyim kimi, mənim qərarlarım daha çox atmosferimə bağlı olur. Dünənki qərarlarım bu gün gülünc görünə bilər.

- Qərarlarında uğurlar arzu edirik. Müsahibə üçün də təşəkkürlər.

- Çox sağ olun, mən də.

Orxan Saffari