adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Mart 2021 13:31
73437
MƏMLƏKƏT
A- A+

Xanabadda bitən ömür dastanı: Şəhid Elman İsmayılov zirvəsi 

Bu gün sizə  Qərvəndimin fəxr etdiyi, adını uca tutduğu bir igiddən söhbət açacağam. O vaxt tayımız- tuşumuz olan Elman İsmayıl oğlu İsmayılovu birlikdə xatırlayaq.

Əvvəlcə məlumat üçün bildirim ki,  o vaxt rayonun xeyli böyük kəndlərindən biri olan Baş Qərvənd sovetliyinin Ayaq Qərvənd kəndində 1969-cu ilin 10 noyabrında  doğulub.  Şıxlar kənd orta məktəbin məzunu olub. Uca boylu, qəddi-qamətli, ağbəniz,  ala gözlü yaraşıqlı oğlan idi,  deyə həmişə qızların “diqqət mərkəzi”ndə olub.  Sovet ordusunda hərbi xidməti başa vurub Gəncə Qaz İstismarı Texnikumuna daxil olanda  Allah bilir ürəyində hansı arzuları, hansı gələcək planları qururdu. 

 

 Elmanın özəlliyi

 

Bəlkə də yaraşıqlı olmağından çox onu şirin zarafatları camaata sevdirirdi.  Elmanın söhbətində, zarafatında heç vaxt  kinayə, iztehza olmazdı, incə yumordan başqa. Qardaşları Camal, Vaqif, Zülfiqar, Akif  ailənin bu son beşiyi ilə söhbət edəndə, onu bir iş dalınca  buyuranda üzlərində zərif bir təbəssüm olurdu. Elman həmin an nəsə gülməli bir söz deyib hamını güldürəcəyinə şübhələri yox idi.  Elman da bilirdi ki, elə qardaşları bunu danışdırıb, gülmək üçün buyururlar və o da cani-könüldən “buyuranın” istəyini həyata keçirir, özünəməxsus yumorla, onların  eşidəcəyi səslə:” pahatoona, elə hamı Elman  deyir, Elman, Elman... evin kiçiyi olunca...”  Elmanın bu “gileyini”  eşidənlərin qəhqəhəsi məhləni başına götürürdü.

Elman beləydi.  Ürəyi sevgi ilə dolu olan bu yaraşıqlı oğlan  incə yumoru ilə,   sevincindən, sevgisindən pay verməyi, ətrafdakıları da adi sözlə, adi zarafatla şənləndirməyi, üzlərinə təbəssüm qondurmağı bacarırdı. Ən adi bir söhbəti də elə maraqla, yumorla danışırdı ki, hadisə hər yadına düşdükcə yenidən gülməyə bilmirsən.

Elmanın bir xanım qohumu var, bir dəfə onun haqqında danışanda  bir xatirəni yada saldı: Elman gülə-gülə gəldi ki, çəkdiyim əziyyətin “bar”ını görmək qismət deyil də,  a bacı. Dedim, nolub Elman, nə hadisə baş verib? Dedi ki, bir yaxın dost var , yanıma gəldi, məsləhət istədi ki, sevdiyim qız var,  neçə vaxtdır ürəyimi ona aça, “səni sevirəm”deyə bilmirəm, mən neyniyim? Getdim buna  bir  yaxşı çaxır aldım, dedim iç cəsarətlənəcəksən!Mənim verdiyimi içib qurtarandan sonra, görüb “cəsarətlənmir”, gedib birinidə özü alıb içib. Elə bilirsən cəsarətlənib? Ay –hay! Gedib görəm ki, içib, içib, içib, axırda da yatıb qalıb nar ağacının dibində ...Beləcə, məsləhətim” bar”ını vermədi”. O danışdığı əhvalat indi də yadıma düşəndə gözüm yaşarıncaya qədər gülürəm...”

Çox qəribə oğlan idi Elman hər şeyə rəng qatmaq, hər şeydə bir gözəllik yaratmaq  xarakteriydi, missiyasıydı  sanki... İsmayıl əminin bu balaca oğlu sevgi dolu, sevinc dolu, həyat doluydu.

 

 Ey Vətən oğlu...

 

 

Dostlarının dediyinə görə, yaxın rayonların birində bir qıza vurulmuşdu. Həmin qızla əhdi-peyman bağlamışdı.  Amma... Vətənin çağrışına cavab verməliydi. Bunu özünə borc bilən yaraşıqlı Elman erməni kimi murdar bir xislətə böyük türk oğlu olduğunu sübut etməliydi.

 1992-ci ildə müharibənin odlu-alovlu vaxtlarında Ağdam Hərbi Kommisarlığı tərəfindən  N  saylı hərbi hissəyə göndərildi. Bunu eşidən dost-tanışları:” Elman , sən də döyüşə gedəsi oldun?” sualına gülə-gülə:”ermənilər deyir ki, Elman gəlməsə, biz farağat duran deyilik, sakitləşmərik. İndi gedirəm onları sakitləşdirməyə, məsələni yoluna qoyub qayıdıram”- cavabını verir. Hər gün kəndə bir şəhid tabutu gəldiyini bilsə də, yaxınlarını, doğmalarını zarafatları, gülüşləri ilə ovundurmağa, onları geri dönəcəyinə inandırmağa çalışırdı.

Nəhayət xalq arasında igidliyinə görə Qatır Məmməd adı ilə tanınan Yaqub Rzayevin batalyonunda xidmətə başlayır. Ağdam müharibənin özəyi olan yer olduğu üçün Elmanın döyüş yolu da mürəkkəb keçir. Xanabad, Fərrux, Pircamal döyüşlərində əsl türk kişisi kimi qorxmazlığını hər kəs görür. İnsani kefiyyətlərinə görə batalyonda da hamı tərəfindən xətri istənildi, hörmət edildi.Qardaşı Camal müəllim danışır ki,bir günlüyəicazə alıb evə gəlmişdi:” Anam onun üçün süfrə açmış, cürbəcür yeməklər hazırlamışdı. Dilinə bir parça çörək də vurmadı. Hazırlanmış yeməkləri yığışdırıb:” Biz bir-birimizdən ayrı çörək yemirik “- deyib geri səngərə döndü.

30 oktyabr 1992-ci il ildə Xanabad uğrunda döyüşdə Elman düşmən snayperinə tuş gəldi. Qəhrəmanımızın nəşini götürməyə imkan verməyən erməni cəlladları  Elmanın ən gözəl duyğularını, ən şirin arzularını ömrü kimi nakamlığa, məchulluğa bürüdülər.

 

Gözləyə-gözləyə bitən ömürlər...

 

 

 İndi Ermənistan televiziya və mətbuatında oğlu Qarabağda ölən erməni anaların haray-həşirini izləyirəm: Erməni analar Ordumuzun əsgərlərinə əsir düşmüş övladlarını elə ucadan  tələb edirlər ki, sanki bunların terrorçu  oğulları Qarabağa  insan qanı axıtmağa yox  çiçək toplamağa, çərpələng uçurtmağa gəliblərmiş... Amma o vaxt minlərlə itkin düşmüş, əsir götürülmüş Azərbaycan ordusunun əsgərlərinin başını kəsilməsini, “sonuncusuna qədər məhv edilməsini” meydanlarda tələb edən indiki bağıran erməni analar, o vaxt MİATSUM hərəkatının öndə gedən  tələbə qızlarıydı. Hesab edirəm erməni anaların bü gün ki çığır-bağırı  Elmanın qisasının alındığının işarəsidir.

Şəhidimizin anası Fənar xalanın həzin , ağrılı, acılı səsi bir evində heç kəs olmayanda, xəlvəti, birdə   kəndin yas mərasimlərin də çıxırdı.  Nə deyəydi, nə şikayət edəydi, kimə gileylənəsiydi ki... Oğlu o yola sevə-sevə getmişdi. Ağılla, düşüncəylə bilirdi ki, bu yolun çıxmazı da var. Bilirdi. Istəsəydi, yolundan dönərdi, qayıdardı yarımçıq qoyduğu təhsilini davam etdirərdi. İstəmədi! Heç dünya dağılsaydı da geri dönməzdi. 

İsmayıl əmi də uzun illər səksəkədə keçirdi ömrünü. Gözü yollarda, qulağı qapıda... Məhlədə  bir maşın siqnalı, bir səs –küy eşidəndə tələsik qapıya tərəf yüyürürdü:”Birdən gələn Elman  olar”... “gətirilən “ yox ha, “gələn”

Elmanın ata-anası da  gözlərində ümid ömürlərin başa vurdular. Ruhları şad olsun!

 Amma dəqiq Elmanın ruhu artıq şaddır. Azərbaycan vətəndaşı onun uğrunda canını quban verdiyi torpaqlara ayaq qoya bilir, gedir-gəlir. Artıq o yerlər Azərbaycan Ordusunun nəzarətindədir.  Yaxın gələcəkdə yurdundan perik düşmüş insanlar yenə doğma yuvasına dönəcək. Əminik, çünki o yerlər uğrunda nə igidlərimiz canını qurban etdi.

Gəncliyini düz 29 il əvvəl könüllü olaraq vətənə qurban verən Elman İsmayılov artıq nəinki  Qərvənd camaatının, Ağdam rayonunun , eləcə də Gəncə Qaz İstismarı Texnikumunun (Kollec)ümumilikdə, Azərbaycan xalqının fəxridir , qürurudur.

Həmişə cavan, həmişə yaşar, fotolarda qalmış simasında hər zaman təbəssüm işaran, tanıyanlarını varlığı ilə sevindirən, yoxluğu ilə kədərə boğan Elmanın ruhu qarşısında baş əyirik!

 

  Əntiqə Rəşid