adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: MİLLƏT DEYİLİK EY, KEFİK BAŞDAN-AYAĞA

AQİL ABBAS
46969 | 2021-04-14 14:35

Deyir milçək bir şey deyil, ürək bulandırır, amma bu milçəklər təkcə ürək bulandırmır ey, həm də yaralarımıza miz salır, amma düşmən dəyirmanlarına da su tökür. Düşmən tək erməni  olsaydı nə dərdimiz vardı ki? Bir deyil, iki deyil, nə çoxdu ermənilərə ağ verən kərtənkələlər. Həmin kərtənkələlərə də bizim  kərtənkələlər qoşulub.

Qrand yalakaları, qanı qarışıqlar möhtəşəm  qələbəmizə bütün gücləri ilə kölgə salmağa çalışırlar.

Düzdür, bunlar o qədər də çox deyil, amma varlar. Və sosial şəbəkələrdə tumanlarını başlarına  keçirirlər. Və düşmənlər də onlardan çox gözəl istifadə edir.

Söhbət 44 günlük zəfərimizin, qələbəmizin təntənəsi kimi şəhərimizdə yaradılmış «Hərbi Qənimətlər Parkı»nı sınıra bilməyənlərdən gedir. Xüsusilə də boş dəbilqələri və erməni  əsgərlərinin müqəvvaları onları çox incidir. Guya bununla biz erməniləri təhqir edir və alçaldırıq. Bütün müharibələrdə qələbələrdən sonra belə parklar, muzeylər açılıb. 1945-ci ildə alman faşistlərinin qənimət  kimi ələ keçirilmiş həm dövlət bayraqları, həm də ordu bayraqları, hərbi hissələrin  bayraqları Qızıl Meydana gətirilib ayaqlar altına  atıldı. Faşist əsirləri Qızıl Meydandan keçirilib bütün Sovet xalqına  nümayiş etdirilirdi.

Yeri gəlmişkən, Bakıda da alman əsirləri küçələrdən keçirilərək (özü də müharibə zamanı) xalqda bir inam aşılayırdılar.

Ramiz Rövşənin 70-ci illərdə «Azərbaycan» jurnalında çap olunmuş bir povesti var. Gərək ki adı «Daş»dı. Əsərdə  belə bir yer var, alman hərbi əsirlərini küçələrdən keçirib işləməyə aparırlar. Camaat da tamaşa edir. Əsirlər təbii ki, əsir günündədilər – miskin. Və xalq görür ki, bunlar heç də təsvir elədikləri kimi  əjdaha deyilmişlər.

Bir nəfər bu miskin almanlara  baxıb deyir:

- Bu nemeslər o nemeslərdən deyil!

Gərək biz də döyüşdə götürdüyümüz əsirlərin Bakıda bir nümayişini keçirərdik. Şəhid analarının, qazilərin ürəyinə su səpmiş olardıq. Və millət də görərdi ki, «bu ermənilər o ermənilərdən deyil» və erməni xalqı beləcə miskin bir xalqdı.

Mən müharibənin bütün ağrı-acısını yaşamış adamam. Ermənilərin nə qədər alçaq olduğunu, əsirlərimizə necə, hətta şeytanın da ağlına gəlməyən, işgəncələr verməsinin, meyitlərimizi necə təhqir etməsinin şahidiyəm. Bildiklərimi və gördüklərimi yazmaq istəmirəm, çünki gözümün qabağına  gəlir, dözə  bilmirəm.  Bizim əsirlər o işgəncələrə necə dözüb, bundan  heç Tanrının da xəbəri yoxdu. Müharibədə hər şey ola bilər, düşmən hər bir vəhşiliyə əl atır. Amma indiyədək görünməyib ki, hansısa düşmən insanların  qəbirlərini  dağıdıb meyitlərinə də işgəncə verələr.

Ermənilər bu alçaqlığı ilə dünya tarixində bir ilkə imza atdılar.

Boş dəbilqələr. Bu da  ermənilərə bir görkdür ki,     yenidən özlərinə gəlməyib bizimlə müharibə eləsələr  dəbilqələri  bax, belə boş qalacaq.

Və sonda. Alçaqları  müdafiə etmək ən böyük alçaqlıqdır.

 

 

 

TƏQVİM / ARXİV