adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: SEVİNC GÖZ YAŞLARI

FAİQ QİSMƏTOĞLU
41412 | 2021-04-17 13:39

... Heç özüm də bilmirəm niyə tez-tez qəzetimizin çıxdığı ilk nömrə yadıma düşür. Bəlkə də ona görə yadıma düşür ki, o ilk nömrəni çapa hazırlayan və oxucuya çatdıran jurnalist dostlarımın bir neçəsi artıq həyatda yoxdur. Yəni onlar Allahın dərgahına qovuşublar. Bu dostları yadıma salanda 1990-cı il iyulun 26-sı gəlir durur gözümün qabağında. Həm də gözümün qabağında gəlib duran o ilk nömrəni buraxan və onun sevincini yaşayan dostlarımızdı: o dostlarımız Aqil Abbasdı, Nazim Ağamirovdu, Babək Yusifoğludu, rəhmətlik Lətif Süleymanlıdı, Rəşid Hüseynovdu, Daşdəmir Əjdəroğludu, professor Məhəmmədəli Mustafadı, Aydın Ağazadədi.

... Və biz o ilk nömrəni Aqil Abbasın işlədiyi “Sovet kəndi” qəzetinin dəhlizində hazırlamışıq. Yerimiz də yox idi ki, yazıları bir yerı yığaq, cəmləşdirək və mətbəəyə göndərək. Aqil Abbasın bir otağı vardı, orda da bütün məsələlər həll olunurdu. Bir neçə gün çalışsaq da qəzet ləngiyirdi. Elə deyirdilər ki, bu gün çap olunacaq, sabah çıxacaq. Sözün açığı belə bir hüquq qəzetinin, özü də demokratik bir mətbuatın işıq üzü görməsi çoxlarını narahat edirdi. Və hətta badalaq atırdılar ki, qəzetin nəşri geciksin. Amma Adil Minbaşiyevin və Aqil Abbasın çox böyük mücadiləsi, mübarizəsi nəticəsində qəzetimizin ilk nömrəsi çapdan çıxdı...

Onun sevincini, onun fərəhini yaşamaq bilirsiniz nə demək idi? Ilk nömrəmiz çıxanda Aqil Abbas başda olmaqla adını və soyadını yuxarıda çəkdiyim əməkdaşlarımızın hamısı sevinc göz yaşlarını o qəzetə qatmışdılar. Çünki o qəzetin ilk nömrəsində bizim hər birimizin ürək çırpıntısı, sevinci, axtarışı və ən nəhayət, zəhməti vardı. O vaxt  indiki kimi texnologiya yox idi. Yəni qəzet nəşriyyatın “qaryaçi” sexi deyilən yerində çapa hazırlanırdı. Və çox vaxt da Aqil Abbas həm metronpajlıq eləyirdi,  həm səhifələrə yığılmış materialları düzürdü və bəzən də metronpajın işindən xoşu gəlməyib səhifəni dağıdır və yenidən özü əliylə materialları o səhifəyə yığırdı. Biləyinə qədər əli mazuta batırdı. Amma o mazut sanki onun üçün mazut iyi deyil, gül iyi idi. Rəşid Hüseynovun, Daşdəmir Əjdəroğlunun əlləri də hər nömrəni hazırlayanda mazuta batırdı. Amma onlar da o mazutun ətrindən, iyindən qətiyyən diksinməzdi. Və onlar da o mazutun iyinə, qoxusuna gül ətri kimi baxardı.

Qəzetimizi mətbəədə hazırlayan və metronpajlıq eləyən Nizami Şabanoğluydu. O həm “qaryaçi” sexdə linotipdə materialları yığır, həm də qəzetin səhifəsini qururdu. Düzdür, məsul katibimiz, mənim əmioğlu dediyim Rəşid Hüseynov çox istedadlı qəzetçi və publisist idi. Eyni zamanda, onun köməkçisi Daşdəmir Əjdəroğlu da qəzet işini çox yaxşı bilirdi. Ancaq bir də görürdün ki, səhifələr Aqil Abbasın xoşuna gəlmirdi, mətbəəyə gələndə qəzetə baxıb narazı qalırdı və Nizami Şabanoğlunu gözləmədən elə özü səhifəni sökürdü. Çünki onu gözləməyə heç vaxt səbri çatmırdı. Ta o vaxtı sakitləşirdi ki, səhifəni qurandan sonra hər şey xoşuna gələrdi. Bax, onda biləyə qədər mazuta batmış əllərini silmədən yeyin addımlarla sexdən uzalaşardı. Və biz də onun qırımını hiss eləyib arxasınca gedərdik.

Bir də görürdün ki, əlləri mazutlu Aqil müəllim yeməkxanaya girərdi, əsəbi halda sabun axtarardı, əlini yuyub süfrə arxasında əyləşərdi. Heç vaxt tək çörək yeməzdi. Uşaqların hamısını başına yığar və hətta metronpaj Nizami Şabanoğlunu da çörək yeməyə dəvət edərdi. Bax, bizim hər nömrəmiz belə bir mücadilə və mübarizəylə işıq üzü görürdü.

... O dövrdə heç bir qəzetin  yaza bilmədiyi, tənqid etməyə çəsarət etmədiyi vəzifəli şəxsləri Aqil Abbas və “Ədalət” tənqid edirdi. Və çoxları da ona çalışrıdı ki, adı qəzetin səhifəsinə düşməsin. Hansı vəzifəli şəxsin adı qəzetdə iki-üç dəfə dərc olunurdusa, bir də görürdün ki, həmin adamı işdən çıxarıblar. Nə isə... Mən heç də öz qəhrəmanlığımızdan danışmaq istəmirəm. Amma ilk nömrənin sevinci heç vaxt 31 il keçsə də yadımdan çıxmır. Bəlkə də bizim çoxumuz ömrümüzdə elə sevinməmişdik. Ilk nömrənin sevincini yaşaya-yaşaya bir-birimizi qucaqlayıb öpür və təbrik eləyirdik.

Həmin günü Aqil Abbas bizim hamımızı Məmməd Arazın yaşadığı binanın altındakı “Gülnarə”  kafesinə apardı. Və “Gülnarə” kafesində adını çəkdiyim o dostlarımızın hamısı bir süfrə arxasında əyləşdi. Səhv eləmirəmsə, bizdən savayı Aqil Abbasın bir neçə şair dostu və o cümlədən Zakir Fəxri də ordaydı. Heç bilmirdik sevincimizdən, fərəhimizdən və bizim qəlbimizi riqqətə gətirən bu ilk nömrənin işıq üzü görməsindən necə qürurlanaq. Hər halda, ilk nömrə çıxmışdı və respublikada da böyük əks-səda yaratmışdı. “Ədalət” adlı qəzetin çapı və oxucuyla görüşü həm də ziyalı təbəqəni, millətini və xalqını sevən insanları daha çox sevindirirdi. Çünki onlar heç harda deyə bilmədiyi, yaza bilmədiyi fikirləri və düşüncələri “Ədalət”də yazırdılar. Amma bu yazılar xalqın, oxucuların zövqünü oxşasa da, xoşuna gəlsə də, yuxarı dairələrin narazılığına səbəb olurdu. Hətta ən yüksək səviyyədə belə tənqidi yazılarımız yaxşı qarşılanmaz, bizə “çox sağ ol” əvəzinə təpki göstərərdilər. Hətta bu tənqidi yazılara görə, dəfələrlə Aqil Abbas Hüquqşünaslar İttifaqına çağrılmış və ona xəbərdarlıq edilmiş, töhmət verilmişdi. Aqil müəllim də belə şeyləri qətiyyən saya salmaz, növbəti nömrədə ondan daha kəskin yazılar verərdi...

Indi baxıram bu 31 ildə qəzetimizdə o qədər istedadlı adamlar gəlib-gediblər ki, saymaqla qurtarmaq olmaz. Amma elələri var yadda qalıblar, qəzetdə öz sözlərini, imzalarını tanıdıblar. Həm qəzetimizi, həm də imzalarını oxuculara sevdirməyi bacarıblar. Mən demirəm ki, bizim qəzetdə işləyən yazarların hamısı istedadlı olub. Amma görünən odur ki, kim əziyyət çəkibsə, arayıb-axtarıbsa, tər tökübsə, təbii ki, o yazarlar da qəzetimizin 31 illik tarixində yadda qalıblar. Təbii ki, həmin dövrün qəzetlərini vərəqləyən hər bir oxucu ürəyi istədiyi yazını axtarıb tapa bilər.

Məni ən çox kədərləndirən müxtəlif dövrlərdə qəzetimizdə çalışıb özünün izini qoyan və oxucunun yadında qalan dünyasını dəyişmiş yazarlarımızdı. Və tez-tez də bir dost olaraq mən onları gücüm çatdığı qədər xatırlayıb yada salıram. Bir daha yadıma dünyasını dəyişmiş dostlarım düşür. O dostlarım ki, qəzetimizdə imzaları oxucular tərəfindən çox böyük maraqla axtarılır. Kimdi onlar: Əliyusif Məmmədov, Nəriman Səttaroğlu, Mirmayıl Cəbraylov, Yusif Misiroğlu, Oqtay Salamov, Pərviz Əliyev, Vaqif Əliyev, Çingiz Ələkbərzadə, Səxavət Məmmədov, Surxay Əlibəyli, Lətif Süleymanlı, Yusif İsmayıl. Allah hamısının ruhunu şad eləsin! Kimlərinsə adı yadımdan çıxıbsa, ruhları məni bağışlasın. Çünki mən bu yazını öncədən yox, elə bilgisayara birbaşa diqtə eləyirəm. Özü də bu cür dostları xatırlayanda istər-istəməz qəhər məni boğur, kövrəlirəm və gözlərim yaşarır. Çünki onların hər biriylə mən çörək kəsmişəm, dostluq eləmişəm, xeyirdə-şərdə bir yerdə  olmuşuq. Bəzilərinin övladlarıyla görüşəndə istər-istəməz kövrəlirəm. Məsələn, rəhmətlik Çingiz müəllimin oğlu Vüqarla görüşəndə ha istəyirəm ki, kövrəldiyimi, gözümün dolduğunu ona bildirməyim, amma özümdən asılı olmayaraq, səsimin tonu dəyişir və qəhər məni boğur. Indi şükür Allaha, Çingiz müəllimin iki oğlu yol polisində zabit kimi fəaliyyət göstərir. Elə mən də onlara baxıb qürur duyur və sevinirəm. Mən həm də dünyasını dəyişmiş dostlarımın ətrini, qoxusunu onların övladlarından alıram.Yazım bir az qəmli notlar üstündə köklənsə də, qoy dostlarımın ruhu və oxucu məni bağışlasın!..

... Bir neçə gün bundan əvvəl vaxtilə qəzetimizdə işləmiş və imzaları tanınmış üç dostum – Asif Talıboğlu, Lətif Novruzov və professor Məhəmmədəli Mustafa ilə görüşdüm. Çünki neçə vaxt idi Lətif Novruzov məndən əl çəkmirdi ki, bizim uşaqları yığ, bir stəkan çay içək. Mənim də gücüm Asif Talıboğluna, Məhəmmədəli Mustafaya çatdı. Babək Yusifoğluna zəng eləsəm də, nədəncə telefona cavab vermədi. Qardaşım Babəkin mobil telefon çox vaxt ya bağlı olur, ya da çağırsa açmır. Bax, bilmirəm niyə? Çünki Babək müəllim ən çox istədiyim, güvəndiyim saf və duru dostlarımdan biridi. Onunla uzun müddət bir otaqda əyləşmişik. Hamıyla zarafat eləmişəm, bircə onunla zarafatımız olmayıb. Ən azından ona görə ki, həddindən çox ciddi və tərbiyəli adamdı. Onun yanına bir milyon pul qoyarsan, on ildən sonra gəlib görərsən ki, hər şey yerindədi. Amma bizim bir əməkdaşımız vardı, onun evinə 10 kilo çay qoymuşduq, on gündən sonra gəldik, gördük çay yoxdu, dedi ki, ona-buna vermişəm. Bax, belələri də var. Adını çəkmədim ona görə ki, adı çəkilməyə layiq deyil!

Lətif Novruzov həddindən çox duzlu, yumorlu adamdı. Hətta Həccə gedib. Bəzən zarafatla deyirəm ki, Novruzov, sən bu qədər zarafatcılsan, çətin ki, kimsə səninlə bir yerdə olanda darıxsın. Və bu Lətif Novruzov da bir vaxtlar “Ponorama” qəzetində işləyirdi. Futbol üzrə Dünya çempionatı başalananda Aqil Abbas onu bizim qəzetə dəvət elədi. Lətif Novruzov  futbolu Azərbaycanda çox gözəl bilən 10 jurnalistdən biridi. O, Aqil müəllimə Agil müəllim deyir. Deyirəm Novruzov, Agil müəllim yox, Aqil müəllim. O da deyir ki, sənin borcuna qalmayıb, o kişi bilər, mən bilərəm. Özü də məni Agil müəllim qəzetə transfer eləyib. Mən də deyirdim ki, ay Novruzov, sən Pelesən, Maradonasan, Kryuffsan, yaxud başqa məşhur futbolçusan ki, transfer olunasan? Deyir ki, sənin nəginə lazım, mən beləyəm.

Mən Lətif Novruzovu həm də “itoynadan” adam kimi tanıyıram. Çətin ki, kimsə onunla dilləşə bilsin. Ağzını açır, gözünü yumur, nə gəldi deyir. Xüsusən də dostumuz Məhəmmədəli Mustafa onu “fitilləyəndə” indi gəl bunun qabağlnda dur görüm, necə durursan. Hər halda, onun gözlliyi elə olduğu kimi görünməyindədi. Nə var, dilində var. Ürəyi və qəlbi göy üzü kimi təmizdi. Və bu göy üzü kimi təmiz adam yığıb bizi apardı bir kafeyə, dedi ki, şotu da özüm verəcəm. Heç kim mənim yanımda əlini cibinə sala bilməz. Kişi kimi dediyini də elədi. Əlimizi cibimizə salmağa qoymadı və şotu da özü verdi. Amma maşallah, 700 qramlıq arağın çoxunu o içdi. Asif müəllim içmədi, Məhəmmədəli də 50-100 qram içdi, ya içmədi.

Biz orda bütün qəzetimizin əməkdaşlarını yada saldıq. Dünyasını dəyişən dostları bir daha xatırladıq. Qəzetin sahibi Aqil Abbası Lətif Novruzov xüsusilə xatırladı. Dedi Aqil Abbas olmasaydı, mən AFFA-da işə düzəlməzdim. Aqil Abbasın və “Ədalət” qəzetinin hesabına AFFA-nın prezidenti məni tanıdı və Fuad Musayev məni mətbuat xidmətinin katibi təyin etdi. Heç vaxt nə onun, nə də Aqil Abbasın yaxşılığı yadımdan çıxan deyil. Bir fikri də deyim ki, Lətif Novruzov da ona yaxşılıq eləyənlərin hamısına çox sədaqətli olub və bu gün də sədaqətlidi.

Asif Talıboğlu uzun müddət qəzetimizdə baş redaktorun müavini işləyib. Hamıya can deyib, can eşidib. İstedadlı şairdi. Elə o məclisdə üç gözəl şeir səsləndirdi. Lətif Novruzov özünü saxlaya bilməyib ayağa qalxaraq onun alnından öpdü. Asif Talıboğlu da borclu qalmadı. Dedi ki, səni özüm aparıb maşınla evinizə qoyacam. Elə aparıb qoyub da.

Professor Məhəmmədəli Mustafa isə Lətif Novruzova baxıb xısın-xısın gülürdü. Çünki Lətif onunla çox dəhşətli zarafatlar eləyir və professor da bu zarafatlardan qətiyyən incimir. Deyir ki, Novruzovun hər sözü mənə bal kimi şirindi.

Biz orda qərara gəldik ki, heç olmasa dünyasını dəyişmiş qəzetçi dostlarımızın məzarlarını ziyarət eləyək. Belə qərara aldıq ki, ən azı ayda bir dəfə qəzetimizdə işləmiş o yazarların məzarlarını ziyarət eləməyə gedək. Mayın axırında dünyasını təzəliklə dəyişmiş Lətif Süleymanlının məzarını ziyarət etmək üçün Tovuzun İbrahimhacılı kəndinə gedəcəyik. Çünki onun dəfnində iştirak edə bilməmişik. Məlum şəraitlə əlaqədar olaraq heç bir yas məclisinə getmək olmur.

Hər halda, bu görüş bizi bir daha birləşdirəcək. Bizdən ayrı düşənlər, Allahın dərgahına qovuşanlarla bir daha yenidən görüşəcəyik. Həm onların ruhu şad olacaq, həm də doğmaları bunu eşidib sevinəcəklər. Biz bu addımı atırıq ki, biz də olmayanda kimlərsə bizi yada salsın. Çünki unudulmaq, yaddan çıxmaq çox ağır bir şeydi. Yada salaq ki, bizi də yada salsınlar!..

 

TƏQVİM / ARXİV