adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2021 13:08
55069
GÜNDƏM
A- A+

Faiq İsmayılov: "Tarixi abidələrimizin çoxu dünyaya erməni kilsəsi kimi təqdim olunub"

Bu gün- 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Müsahibim 5 may 2005-ci ildən rəsmi olaraq fəaliyyət göstərən Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılovdur. Yeri gəlmişkən, təşkilatın yaradılmasında əsas məqsəd; İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni dəyərlərinin qorunması, müdafiə edilməsi və eləcədə məhvinə yönəlmiş antihumanist hərəkətləri ifşa etmək olub. Eyni zamanda həmin abidələrin həm cəmiyyətimizdə, həm ölkədən kənarda tanıdılmasına və təbliğinə yardımçı olmaqdır.

-Faiq müəllim gözünüz aydın olsun, torpaqlarımızın böyük bir hissəsi işğaldan azad oldu!

- Hamımızın gözü aydın olsun , Allah ordumuzu , xalqımızı , dövlətimizi qorusun!

- Faiq müəllim, getdinizmi o torpaqlara? Tarixi abidələrimizi yenidən gördünüzmü?

- Bəli, yanvar ayında bir həftə Şuşa şəhərində abidələrin moritorinqində iştirak etdim.Düzü, yenidən o torpaqlara ayaq basmaq izaholunmaz hiss olsa da, ürəyimizi sevinc-qürur hissiylə doldursa da, tarixi abidələrimizin aqibəti məni elə bir o qədərdə sarsıtdı.

-Siz ora təşkilat olaraqmı getmişdiniz?

- Təşkilatımız adından oradaydım. Amma işğal dövründə erməni əsarətində qalmış abidələrin hazırkı vəziyyəti ilə bağlı komissiya yaradılıb. Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi Azad Məhyəddin oğlu Cəfərli - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi komissiyanın sədri təyin edilib.

-Getdiyiniz yerlərdə abidələrin vəziyyəti haqqında məlumat verərdiniz...

-Xalqın mənəvi xəzinəsinin, “mən”inin cəmləşdiyi bu madiyyat insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynayır. Əgər bir ölkədə abidələr və tarixi yerlər dağıdılırsa, bu xalqın, millətin varlığının məhvi deməkdir. 30 ilə yaxın erməni işğalı və vandalizmi tarixi abidələrimizin məhvini reallaşdırıb. Beləki, islam dini və orta əsr Azərbaycan tarixinə aid abidələrin hamısı tamamilə yararsız hala salınıb. Amma Alban tarixinə məxsus olan monastr və abidələr daha acınacaqlı durumdadı. Beləki, Ermənistan hökuməti, azərbaycanlıların torpaqlarını erməni milləti üçün əbədiləşdirmək və eyni zamanda bu torpaqların erməni millətinə məxsusluğunu “sübut” etmək üçün alban dövrü abidələrin forma və məzmununda dəyişiklik edərək şəkillərini çəkib, beynəlxalq təşkilatları inandırmaq üçün məqsədli şəkildə davamlı təbliğat kampaniyası aparırlar. Azərbaycanın cəmi 44 günlük müharibəsinin tarixi qələbəsindən sonra, ermənilər Azərbaycan ərazilərində yaratdıqları bu saxta “sübut və dəlilləri”in dağıdılacağından qorxuya düşərək, YUNESKO-ya müraciət ünvanlayaraq, Azərbaycandakı tarixi xristian döpvrü abidələrinin “dağıdılması”nın “qarşısını almağa” çağrış etdilər. Əslində heç bir tarixi dövdə keçmiş Dağlıq Qarabağ və ətraf ərazilərində bir dənədə olsun erməni mədəni irsinə aid abidə olmamışdır.

-O, hansı abidələrdi?

-Məsələn, Xocavənd rayonunun, Tuğ kəndinin mərkəzində Qafqaz albaniyası dövrü memarlığına uyğun IX-X əsrlərdə inşa edilməsi güman edilən məbəd komplekisi. Məbəd kompleksi mühafizə divarları və böyük giriş qapısı, yardımçı binalar və möhtəşəm üçnefli bazilikadan ibarətdir. Kompleksin uzunluğu 21,7, eni 12,9 metrdir. Kompleksin mərkəzində inşa edilən məbəd düzbucaqlı zala və şərq tərəfə açılan giriş qapısına və 1,5 metrlik zirzəmiyə malikdir. Binanın tikintisində yerli pud daşlardan və əhəng məhlulundan istifadə edilmişdir. Fasad divarları və tağlar o cümlədən giriş qapısının və pəncərələrin ətraflarının tikintisində yonulmuş daşlardan istifadə edilmişdir. Məbədin daxili və xarici divarlarında dini simvolikaların və zəng qülləsinin olmaması, binanın dini xarakterli olmadığını göstərir. Abidə erməni mətbuatında erməni kilsəsi kimi təqdim olunur.

Təkcə bumu?

- Xeyir, onlarla belə abidələrimizi ermənilər öz adlarına çıxarmağa çalışıblar. Məsələn, Xocavənd rayonunun Tuğ kəndindəki Dizaq Məlikliyin binası, Susanlıq (Saruşen) kəndində VII əsrdə inşa edilən bina, yenə həmin kəndin yaxınlığında Qafqaz Albaniyası dövrü abidəsi, (XII-XIII əsrdə inşa edilib), rayonunun Hünərli (Sakuri) kəndində XVI əsrdə inşa edilmiş Qafqaz Albaniyası Memarlığı üslubuna uyğun unikal görkəmi ilə diqqət çəkən məbəd, Ziyarət dağında XVII əsr Qafqaz Albaniyası dövrü abidəsi, Kəlbəcər rayonunun VIII-IX əsrə aid edilən Xudavəng monastırı və Vəngli kəndi ərazisindəki XIII əsrdə inşa edilmiş Gəncəsər Monastırı, Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi, Xocalı rayonunun Əsgəran qəsəbəsi yaxınlığında XII əsr alban dövrü abidəsi və nəhayət Şuşa şəhərində 1868-1887-ci illərdə inşa edilmiş , “Qazançı” adlandırılan Rus Provaslav kilsəsi İşğal dövrü forması dəyişdirilərək erməni kilsəsi kimi təqdim edilir.

-Faiq müəllim, ümumiyyətlə işğal altında olan ərazilərdə nə qədər tarixi abidə və binalarımız məhv edilib?


-Aparılan tədqiqatların yekunu olaraq gəldiyimiz nəticəyə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların sırasına memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalıb.

Daha dəqiq desək, 1510 mədəniyyət müəsisəsi, o cümlədən; 365 klub, 761 kitabxana, 193 mədəniyyət evli, 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində dağıdılmış, məhv edilmiş və ya mənimsənilmişdir.

- Bayaq söhbət əsnasında qeyd etdiniz ki, islam dini ilə bağlı abidələr tamamilə dağıdılıb…

- Elədir. Ermənilər Azərbaycan xalqına məxsus islam dini dəyərlərini -türbələri, məscidləri, pirləri, ziyəratgahları, qəbirüstü abidələri, qəbristanlıqları dağıdıb, tamamilə məhv edib. Məsələn, 1868–1870-ci illərdə Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabağinin ucaltdığı Ağdamın cümə məscidi işğaldan sonra çox ciddi dağıntılara məruz qalıb. Üzərinə benzin tökdürülərək yandırılıb, minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları dağıdılıb və tamamilə yararsız hala salınıb,bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq avadanlıqları qarət edilərək Ermənistana daşınıb. Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılıb. Ermənilər 10 ildən çox bir müddət ərzində Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxlayıblar, yəni məsciddən uzun illər tövlə kimi istifadə ediblər. Bu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən çox qəddar bir vəhşilikidi. 

- Mən hələlik o yerlərə səfər etməmişəm, amma eşitdiyimə görə, ermənilər özləri üçün yeni kilsələr də tikiblər...

- Bəli. ermənilər Qarabağda etnik təmizləmə nəticəsində boş qalan kənd və şəhərlərin ərazilərindəki islam dini abidələrin (türbələr, məscidlər və s.) xarabalıqları üzərində erməni kilsələri inşa edirlər. işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Şuşa- Laçın yolunda, Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsi inşa ediblər. Bundan başqa Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Xocavənd rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verildi. Beləliklə, Ermənistan hökuməti doğma yurdlarımızda erməni kilsələrinin sayını 58-ə çatdırdı. Bu faktiki olaraq hal-hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur. Bu misli görünməmiş vəhşilik Qarabağın bütün görkəmini dəyişdirir.Məsələn, Xankəndi şəhərində 2007-ci ildə inşa edilən erməni kilsəsi, xalq arasında “günbəz” adlandırılan bir türbənin qalıqları üzərində inşa edilib. Məlumdur ki, Sovetlər dönəmində Xankəndi şəhərində inanclı ermənilər olmadığından heç kilsə tikməyə də ehtiyac da olmayıb. Bu erməni kilsələri və digər erməni simvolları bu şəhərin gənc erməni şüuruna tarixi erməni şəhəri kimi yeridilir və gənc erməni dünyagörüşündə “Böyük Ermənistan” ideyası formalaşdırıb. Hesab edirəm, işğal dövrü baş vermiş bu kimi neqativ hallar Azərbaycan qanunvericiliyinə uyğun aradan qaldırılmalı yəni, ərazilər öz əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, işğal dövrü inşa edilmiş bütün erməni kilsələri sökülməlidir.


-Müsahibəyə görə təşəkkür edirik, sağ olun.

Əntiqə Rəşid