adalet.az header logo
  • Bakı 13°C
28 Aprel 2021 11:04
33157
MÜSAHİBƏ
A- A+

“Öyrənməyin və öyrətməyin sərhədi yoxdur”- MÜSAHİBƏ

“Müəllim danışır”

“Müəllim danışır” rubrikamızın qonağı “Baku-Oxford” məktəbinin kimya müəllimi, Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət Əsədzadədir.

-Rüfət, Gənc Müəllimlər Assosasiyasının sədri seçilmisiniz. Assosasiyanın planları nədir? Hansı fəaliyyətləri ilə seçiləcəklər?

-Müəllim cəmiyyətin həyatında müstəsna rol oynayır. Ulu öndər H.Əliyevin dediyi kimi: “Əgər müəllim olmasa, heç birimiz cəmiyyətdə tutduğumuz yeri tuta bilməz və fəaliyyət göstərə bilmərik” .

Bu böyük bir etimaddır. Ölkə üzrə 40 minə yaxın gənc müəllim var. Biz gənc müəllimlərə dəstək olmaq və ehtiyaclarına uyğun olaraq onların peşəkar inkişafı istiqmətində öz işimizi qururuq. Fəaliyyət istiqmətimizdə gənc müəllimlər və tələbələr əsas yer tutur. Effektiv inkubasiya sistemi yaratmaqla tələbəlikdən etibarən gənclərin ehtiyac olunan istiqmətdə kadr kimi hazırlanması əsas məsələlərdən biridir. Müəllimlik məsuliyyətli peşədir, çünki müəllim insanın təlim və tərbiyəsi ilə məşğul olur, şüurunu formalaşdırır və bu işdə səhvə yol vermək olmaz.

Hansı ehtiyac bu Assosasiyanın yaranmasına səbəb oldu?

-Son illər müəllimlərin peşəkarlığı tez-tez gündəmə gətirilir. Peşəkarlıqla səriştəliliyin müəllimdə cəmləşməsi onun pedaqoji ustalığının əsas əlamətləri kimi qeyd olunur. Təsadüfi deyil ki, 2013-cü ildə qəbul edilən, 2020-ci ilədək uzun bir dövrü nəzərdə tutan Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da bu məsələ dəfələrlə vurğulanıb və buna böyük əhəmiyyət verilir. Strategiyada deyilir: “Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müstəqilliyimizin və dövlətimizin mühim şərtlərindən biri də mükəmməl təhsil sisteminə malik olmaqdır. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. Bu nəticələri əldə etmək üçün gənc müəllimlərin bir araya toplanması və vahid idarəetmə tətbiq edilməsi bu ehtiyacı labüd etdi.

Qarşılıqlı təcrübə mübadiləsi aparmaları üçün fəaliyyətlər planlamışıq.

-Bildiyim qədər 35 yaşa kimi olan müəllimləri əhatə edəcək. Bu fəaliyyətdən digər müəllimlər yararlana bilməyəcək? Hər nə qədər desək də, müasir texnologiyalar əsrində qarşılıqlı təcrübə mübadiləsi bəlkə də daha yaxşı olar.

-Birliyə üzv olmaq üçün yaş limiti var. Belə ki, Azərbyacan Respublikasında 16-35 yaşlı hər bir müəllim, təhsil işçisi və pedaqoji ixtisaslı gənc Birliyin üzvü ola bilər. Lakin biz digər müəllimlərində inkşafı və təhsilə töhvə vermələri üçün müəyyən layihələrin icra edilməsini planlayırıq. Eyni zamanda 35 yaşdan sonra təhsilə böyük töhfələr vermiş pedaqoji işçilər Birliyin fəxri üzvləri seçilə bilərlər. Mütləqdir ki, gənc müəllimlər təcrübəli və peşəkar müəllimlərin təcrübələrindən yararlansınlar. Bunun üçündə biz növbəti tədris ilindən etibarən müəllimlərin qarşılıqlı təcrübə mübadiləsi aparmaları üçün müəyyən fəaliyyətlər planlamışıq.

Bugün valideynlər övladları üçün məktəb axtararkən soruşurlar ki, hansı məktəb daha yaxşıdır? Məktəbi qiymətləndirmək üçün isə ən əsas meyar müəllimdir. O zaman sual yaranır. “Yaxşı müəllim necə olmalıdır?”. Yaxşı müəllim xeyirxah yaşlı qadın da ola bilər,dinamik və yeni universitet məzunu bir şəxs də. Amma hər ikisi səriştəli, sağlam düşüncəli və şagirdə bilik vermə qabiliyyətinə malik olmalıdır.

-Yenilikləri sürətli mənimsəmədən dünya təhsil sisteminə inteqrasiyadan uzaq düşürsən. Müasir dünya təhsil sistemi bunu tələb edir.

-İndiki gənclərin dünyaya baxışı fərqlidir. Artıq gənclər təhsilin mahiyyətini başa düşürlər, nə istədiklərini anlayırlar. Bugün əmək bazarında müasir və innovativ biliklər nəzərə alınır və tələb olunur. Azərbaycan gənclərinin şəxsi ambisiyaları var. Hazırki təhsil də bunu qarşılamalıdır. Bu zəruriyəti nəzərə alaraq müasir və praktiki tədris imkanları yaradılmalıdır. Bir reallıq vardır ki, təhsil prosesi praktikadan kənar olmamalıdır. Qloballaşan dünyada müasir elm sürətlə inkişaf edir, bunun üçün də dərsliklərin hazırlanması və mənimsənilməsi uzun zaman alır. Bunun həll yolu olaraq müəllim və tələbələr tədris prosesinin özündə birbaşa iştirak etməlidir. Çünki, bilik və praktikanın vəhdəti uğurlu nəticələr əldə etməyə imkan yaradır. Çağdaş dövrün tələbatını ödəməklə bugün yetişən potensiallı gənc müəllimlər Azərbaycan təhsili üçün böyük töhvələr verəcəklər.

 

 

-“Baku-Oxford” məktəbində çalışırsınız. Bu məktəbin digər dövlət məktəblərindən, eyni zamanda özəl məktəblərdən fərqli özəllikləri nədən ibarətdir?

-Bəli, mən kimya və təbiət fənlərini tədris edirəm. Öyrənməyin və öyrətməyin sərhəddi yoxdur. İlk öncə müəllimin həvəsi və özünün öyrətmək təşəbbüsü olmalıdır. Təbii ki, maddi texniki baza təhsilin keyfiyyətinə təsir edir və öyrənənin mənimsəməsini asanlaşdırır. Baku-Oksford məktəbinin üstünlüyü şagirdin inkişafına kompleks yanaşmanı tətbiq etməsindədir. Dəstəkləyici mühitə malikdir. Təklif edilən bütün təşəbbüslər məktəb rəhbərliyi tərəfindən dəstəklənir. Mən digər məktəblərdə də bunu görmək istərdim. Müəllim məktəbi özününkü hiss etməlidir. O zaman orada uğur və inkişaf özünü qısa zamanda büruzə verəcəkdir.

 

Müəllimə olan sevgi böyük bir motivasiyadır

- Kimya fənnini ingilis dilində tədris etmək. Bir fənni öz doğma dilində belə tədris etmək çətinliklər yaratdığı halda, ingilis dilində tədris etmək sizə hər hansı çətinliklər yaratmır?

-Əvvəl kimyanın tədrisi ilə bağlı bəzi məqamları bölüşüm. Bu proses şagirdin müəllimə olan sevgisi ilə sıx bağlıdır. Kimyanı təcrübəsiz maraqlı etmək çox çətindir. Dəqiq elmdir. Birbaşa biliklərə əsaslanır. Mütləqdir ki, müəllim şagirddə özünə qarşı sevgi yaratsın. Fənn çətin ola bilər, bunun öhdəsindən gəlmək üçün isə müəllimə qarşı olan sevgi böyük bir motivasiyadır. Bu isə müəllimin aktyorluq bacarğı və peşəkarlığı ilə əlaqəlidir. Fənni xarici dildə tədris etmək daha sadədir. Material və resurs olaraq daha əlçatandır. Təbii ki, burada dilə hakim olmaq mütləqdir.

-Özün də Biləsuvar məktəbinin yetirməsisiniz. Yəni region məktəbində oxumusunuz. Hazırda gəldiyin region məktəbləri ilə müasir, özəl şəhər məktəbləri arasındakı fərqlər çoxdur?

-Biləsuvar liseyi mənim həyatımda dönüş nöqtəsi yaradıb. Oradakı yanaşma və planlama mənim bugün formalaşmağımda mühim rol oynayıb. Region gənclərinin imkanları limitlidir. Mən rayonda oxuduğum dövrdə özümü inkişaf etdirmək üçün geniş imkanlarım yox idi. Lakin müasir məktəblər şagirdlərə geniş imkanlar tətbiq edir. Onlar kompleks fərdi inkişaf yanaşması nümayiş etdirir.

-Təbii ki, belə məktəblərdə təhsil almaq hər vətəndaşın cibinə görə deyil. Amma dövlət məktəblərində də bu cür infrastruktur qurmaq, həmin vətəndaşların övladlarının yararlanmasına imkan yaratmaq mümkündür. Hətta daha artıq. Bunun üçün nələr etmək lazımdır?

-Təbii ki, yeni tikilən məktəblər və komplekslər zəruri avadanlıqlarla təmin olunur. Burada əsas olan həmin resurslardan məqsədyönlü istifadə etməkdir. Region məktəblərində bəzi sıxıntılar var. Burada müəllimlərimizin dəstəyə ehtiyacı var, onları motivasiya etməkdə məktəb rəhbərliyinin üzərinə böyük vəzifə düşür. Biz inanırıq ki, zamanla o məktəblərdə zəruri ehtiyaclarla təmin olunacaqlar.

 

Dərsi maraqlı etmək üçün müəllimin nitq bacarığı və özünü ifadə etməsi yüksək səviyyədə olmalıdır.

 

-Savadlı müəllimlərimiz olsa da, bəzən onların özünü təqdimatda, səmimi mühit yarada bilməsində problem yaşadığını görürük. Bunları həll etməyin yolu nədir?

-Hər müəllim bir aktyordur və ya olmalıdır, hər birimizin müxtəlif obrazları var. Kimya müəlliminin özünə görə, tarix müəlliminin daha fərqli, riyaziyyat müəlliminin isə özünə məxsus obrazı var. Dərsi maraqlı etmək üçün müəllimin nitq bacarığı və özünü ifadə etməsi mütləq şəkildə yüksək səviyyədə olmalıdır.

Eyni zamanda düzgün müəllim şagird münasibətlərinin qurulması vacibdir. Biz qeyd olunmuş ehtiyaclara uyğun təlim paketləri hazırlayırıq və növbəti tədris ilində üzvlərimizin istifadə edə bilməsi üçün onlarla bölüşəcəyik.

 

Söhbətləşdi: Emin Piri