SON DƏQİQƏ:

Vətənpərvərlik hissilə yoğrulmuş dağ vüqarlı, bənövşə ətirli poeziya

  36020   |  
Şriftin ölçüsü  

Məmməd Aslan orijinal yaradacılığı ilə seçilən, xüsusi üslub gözəlliyinə malik olan, qələmə aldığı mövzuları dərin ümumiləşdirmələr aparmaq yolu ilə özünəməxsus bir şəkildə poetikləşdirməyi bacaran şairlərimizdəndir. Onun poeziyası yüksək vətənpərvərliyi, emosionallığı, təbiiliyi, dərin humanizimilə yanaşı mənəvi - əxlaqi dəyərlərin kamilliyindən xəbər verən poeziyadır. Biz onun şeirlərini oxuduqca gözlərimiz önündə həssas qəlbli, geniş ürəkli, xeyirxah niyyətli, həmişə öz xalqının, vətəninin gələcəyini düşünən parlaq istedada malik vətəndaş – şairin ürək çırpıntılarını yaxından duyub hiss edirik. Bu ustad sənətkarın böyüklüyünün sirri ondadır ki, o xeyirxah, təmiz ideallarla təkcə özü yaşamır, oxucunu da bu hislərlə yaşamağa sövq edir, mənəvi cəhətdən onu yüksəldir və ona tərbiyəvi – estetik təsir göstərir. Şair eyni zamanda öz həyat təcrübəsinə arxalanaraq duyub hiss etdiyi hadisələri bədii sözün qüdrətilə müxtəlif poetik formalarda obrazlı şəkildə əyaniləşdirməyi bacarır. Onun poeziyasındakı poetik fikir, obrazlar silsiləsi, həyat həqiqətlərinin real şəkildə bədii təsviri, dilin axıcılığı, səlistliyi, xalq yaradıcılığından səmərəli bəhrələnməsi şairin poeziyasının bütövlüyündən xəbər verir.

Müəllifin qələmə aldığı mövzuların poetik imkanları o qədər genişdir ki, burada Vətənə olan sonsuz məhəbbət hissi, vətənpərvərlik duyğusu, Qarabağ nisgili, təbiətin füsnkar gözəlliklərinin bədii təsviri onun poeziyasının ana xəttini təşkil edir.

Şairin yaradıcılığında Vətən məhəbbəti xüsusi yer tutur. Onun şeirlərində doğma yurdumuzun əfsanəvi gözəlliklərinə, tükənməz təbii sərvətlərinin təsvirinə həsr olunmuş poetik nümunələr həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə daha çox üstünlük təşkil edir. Bu isə şairin poeziyasının nikbinliyini daha da artırır, onu ülviləşdirir. Müəllifin yaradıcılığında Vətən məhəbbəti o qədər güclüdür ki, şair bu gözəllikləri vəsv etməkdən doymur, onun mənalarla dolu sirli və sehrli aləmini önə çəkməklə oxucunu dərindən heyrətləndirir. Vətənin müqəddəsliyini poetikləşdirən şair ona ictimai – siyasi məzmun verməklə onu aydın məfkurəyə, ideala çevirməyi bacarır:

Quş yuvaya möhtac,

İnsan da evə,

Millətin yuvası,

Ocağı Vətən.

Evlər birər təpə,

Vətən də zirvə!

Millətin qazancı,

Üz ağı Vətən!..

(“Müqəddəs yuva”.)

 

Vətənin müqəddəsliyi təkcə bununla ölçülmür, o həm də şair ömrünün davamıdır, onun keçmişi, bu günü və gələcəyidir.

Qəlbi Vətən eşqilə döyünən, onun gözəlliklərini konkret bədii lövhələrdə, həqiqi sənət müstəvisində əks etdirən şair doğma yurdumuzu yadda qalan bədii vasitələrlə poetikləşdirirək ona dərin ictimai – fəlsəfi məna verməyi bacarır:

Kövrələn biz, “Vətən!” – deyə ötən biz,

Vətən mənəm,Vətən sənsən,Vətən biz!

Vətənsizlər necə dözür Vətənsiz?!

Tənha ağac çökər düzdə, Şəkərim.

(“Qaragöldə görüş”.)

Bütünlüklə Xalq və Vətən anlayışı onun poeziyasının əsas qayəsini təşkil edir. Onları bir – birindən ayrı təsəvvür etmək belə, mümkün deyildir. Çünki bu poeziya eyni bir vəhdətdən – saflıqdan, təmizlikdən, paklıqdan, nikbinlikdən yoğrulmuş bir poeziyadır. Xalqa və Vətənə olan bağlılıq bu vətənpərvər şairin poeziyasının əzəmətindən, qüdrətindən, bütövlüyündən, ülviyyətindən xəbər verir:

Səninkidir ömrüm, Vətən,

Kimin ömrü özünündür?!

Məndən xoş bir söz eşitsən,

Öz səsindir, öz ünündür.
(“Vətən ömrü”.)

Ustad sənətkarın poeziyasında Vətən həsrəti, vətənpərvərlik hissi demək olar ki, onun bütün şeirlərinin ruhuna hopmuşdur. Qəlbi Vətən eşqilə döyünən, onun duyğu və düşüncələrini tarıma çəkən, işğal olunmuş torpaqlarımızın azad olunacağı günü böyük ümidlərlə gözləyən şair ürəyində qübar bağlamış bu nisgilin ağrı – acılarını, yanan qəlbini ovutmaq üçün odlu göz yaşları ilə qələmə alaraq onu bəşəri səviyyəyə qaldıra bilmişdir:

Qəbrimə Kəlbəcər torpağı tökün,

Dəli dağ gül açsın başımın altda.

Onu sürmə kimi gözümə çəkin,

Gorum nurla dolsun daşımın altda.

(“Kəlbəcər nisgili”.)

Şair nədən yazırsa yazsın, düşmən tapdağı altında inləyən əsir düşmüş torpaqlarımızı yaddan çıxarmır. O öz xalqının, millətinin əzmkarlığını daha da artırmaqla onları düşmənə qarşı mübarizəyə və qələbəyə çağırır. Biz bunun bariz nümunəsini “Vətən və biz”, “Qalx ayağa, igidim”, “Murovun başı dumanlı”, “İtirdiyimiz cənnət”, “Yurd itirən, bəy olmaz”, “Haydı, Qoç Koroğlu”, və s. şeirlərində daha aydın şəkildə görə bilirik:

Əjdaha kamana çəkməmiş səni,

Qurtar əsarətdən, qurtar Vətəni!

Gətir xəyalına ötüb - keçəni,

Haydı Qoç Koroğlum, ər savaşına!

Qopart qiyaməti düşmən başına!

( “Haydı, Qoç Koroğlu”.)

Vətəni bütün varlığı ilə dərin məhəbbətlə sevən bu vətənpərvər şair özünü vətəndən ayrı təsəvvür etmir, onun kədərini, qəmini və qüssəsini öz dərdləri hesab edir. Düşməni qəzb və nifrət hissilə qamçılayan şair “Vətən və biz” şeirində “Uyusan, qürbətəm, qalsan Vətənəm” desə də, o öz xalqını “düşməndən haqq – hesab sormağı” tələb edir, igid oğullarımızı “qızmış pələng kim döyüşlərə atıl”mağa səsləyir:

Axan qanıma bax, kəsilən başa...

Qızmış pələng kimi atıl savaşa!

Ölsən, şərəflə öl, qalsan, ər yaşa!

Göstər sərtliyini polad qatından!

Sıyır qeyrətini qılınctək qından!

(“Vətən və biz”.)

İndi Vətən elə igid oğullar istəyir ki, onlar “dünya üzərinə sancılan bayrağa çevrilib”, “Koroğlunun şimşək atından enməsinlər”, əsir düşmüş torpaqlarımızı düşməndən azad edib geri qayıtsınlar:

Sən belə deyildin, bir dön özünə!

Sancıl bayraq kimi dünya üzünə!

Səpilsin çiçəklər, güllər izinə!

Enmə Koroğlunun Şimşək atından!

Sıyır qeyrətini qılınctək qından!

(“Vətən və biz”.)

Vətən təəssüfkeşliyi, Vətən qeyrəti, doğma yurda bağlılıq bütün varlığı ilə bu vətənpərvər şairin qanına, canına, iliyinə hoparaq ərənləri “ağrını, acını bir tərəfə atıb”, “Vətən qovğasına alnıaçıq get” məyə, “düşmənin başında ildırım kimi çaxmağa” çağırır:

Vətən qovğasına alnıaçıq get!

Dağ demə, daş demə, çığnala çıx get!

Düşmənin başına ildırım çax get!

Qoy çıxsın oğullar papaq altından!

Sıyır qeyrətini qılınctək qından!..

(“Vətən və biz”.)

Əsl vətəndaşlıq yanğısıyla qələmə alınmış bu çılğın, çağırış və haray nidası kimi səslənən bu poetik nümunədə böyük sənətkarın mənəvi iztirabları,dərin sarsıntıları, könül dünyası bütün təfərrüatı ilə əks olunmuşdur. Öz varlığı, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparan, ölüm – qalım savaşına girişmiş bir xalq üçün azadlıqdan müqəddəs nə ola bilər? Belə bir xalqın azadlığını əlindən alsalar belə, onun Vətən eşqilə döyünən ürəyini kimsə köksündən qoparıb ata bilməz:

İnsan hürriyyətə bürünə keşkə!

Yol tapa bu yoxun yerinə keşkə!

Bizə də bir dəfə görünə keşkə -

Qismət olan quşa, qurda Azadlıq...

Harda ədalət var – orda Azadlıq!..

(“Azadlıq”.)

Məmməd Aslan tufanlara sinə gərən, başı buludlara dəyən dağların əzəmətini, zirvələrin vüqarını mücərrəd şəkildə deyil, insanın mənəvi gözəlliyi mövqeyindən çıxış edərək onu ülviləşdirməyi bacarır və onun insanla vəhdətdə bədii təsvirini verir. Çünki təbiəti insandan ayrı təsəvvür etmək mümkün deyildir. Təbiəti dərindən duyub dərk edən şairin daxili aləmi, mənəviyyatı həmişə rəngarəng və zəngindir. Şairin poeziyası hər zaman ictimai məna və düşüncələrdən xəbər verməklə yanaşı onun daxili aləmini də önə çəkmiş olur:

Xilqətin əlindən bərli – bəzəkli

Nə gözəl görünür o sıra dağlar!

Alçaq sinələri əlvan çiçəkli,

Hündür zirvələri sırsıra dağlar.

Gün vurduqca çalmasını əridir,

Şeh deyil, üzündə həya təridir!

Buludlar dolanan kəmər yeridir,

Qüdrətdən dikəlib gör hara dağlar!..

(“ Kaş, belə qovuşa”)

Dağlar mövzusu şairin poeziyasında hər zaman qırmızı bir xətlə keçir. Çünki dağlar hər zaman öz vüqarıyla könülləri fəth edə bilmişdi. Əgər şair “O dağların nəfəsi gül” şeirində doğma yurdumuzun bir parçası olan Zaqatala “dağlarının tülə bürünmüş sıx ormanlarını”, onun “yeri, yurdu, havası gül” olan “torpağın”ı yaddan qalan yığcam misralarla önə çəkirsə, “Dəlidağın qış yuxusu” şeirində isə bu dağın “ağ qumaşa büründüyündən” söhbət açır:

Yumub tökür göydən yerə ağ qumaş,

Dəlidağın qışına bax, qışına.

Bəyaz əba qurşanıbdı başbaşa,

Buz bağlamış başına bax, başına

(“Dəlidağın qış yuxusu”.)

M.Aslanın poeziyasında torpaq, bulud, qərənfil, bənövşə, duman, zirvə kimi təbii peyzajlarla zəngindir. Onlar mənəviyyatı cilalamaqla yanaşı, həm də ucalıq və məğrurluq ifadə edən rəmzi çalarlar kəsb edir. Onun lirikasında ilk dəfə olaraq dağlar dil açıb danışır:

Yamacı çağırdım, dağı səslədim,

Cavab gələr deyə ümid bəslədim.

Bir coşub – çağlayan nəğmə istədim,

Kəkliklər çıxmadı sözümdən mənim.

(“Çiçək dənizi”.)

Şair dağların gözəlliyini poetik rəsm etməkdən doymur. O, “Kəpəz” şeirində dağların “zirvəsində qıy vuran qızılquş, laçın” kimi quşlardan söhbət açırsa, “Göygölü Kəpəzin tacı” adlandırmaqla “Kəpəzin möhtəşəm görünən heykəli” ilə fəxr edir:

Maralgölün sənin, Göygölün sənin

Bir cüt tər çiçəyin, tərgülün sənin!

Sənin göz bəbəyin, sevgilin sənin,

Hər biri sevdalı, bir gəlin Kəpəz!..

(“Kəpəz”.)

“Ağrı dağı ilə görüş” şeirində isə şair Dəli dağı kədərli görmək istəmir, onun “nədən bu ağrılara” düçar olduğunu soruşur. Əgər bu, dağın zirvəsi “sisdən”, dumandan ayrılsa, şair onu “bağrına basmağa” hazır olduğunu söyləyir. Ancaq yay gününün qızmar çağında belə onun əlçatmaz ucalığı hələ də “boranlı qışı” xatırladır. Dərin həyəcan hissi keçirən şair bu dağı “ömrü boyu sinəsi dağlı, bağrı qan görüb”:

Bu yay günü nə borandı başında?!

Yayda busan...aləm donar qışında.

Bir xoş günün heç olubmu yaşında?!

Ömrün boyu sinə dağlı, bağrı qan.

(“Ağrı dağı ilə görüş”.)

Müəllifi daha çox Ağrı dağının çəkdiyi dözülməz əzablar dərindən düşündürüb narahat edir. Dağların sinəsində qar suyunun açdığı dərin “yarğanlar” bəlkə onun “göz yaşının izidir?” Əgər bu, doğrudan da, “göz yaşının izidir”sə, “dağ olanın dözümü dağ olmalıdır”. Şair bu “dağa baxanda”, özünü onun yerində hiss edir və bu “dərdi böyük müsibət” hesab edir:

O yarğanlar göz yaşının izimi?!

Dağ olanın dağ olmalı dözümü!

Sənə baxdım, bir dağ gördüm özümü,

Sənin dərdin müsibətdir doğrudan.

 

Taleyin amansız gərdişinə bir bax! Havanın açılacağına böyük ümidlər bəsləyən sənətkar hələ də bu acı “rüzgarın” haray qopararaq “qar tökdüyünə” inanmaq belə istəmir. Amma Ağrı dağı hələ də “hıçqıraraq hönkür – hönkür ağlayır”. Görəsən, onu bu qədər kədərləndirən, məyus edən, nədir?! – deyə sual edir:

Rüzgarında qar görükür hələ də

Qaş – qabağın yumub – tökür hələ də,

Hıçqırırsan hönkür – hönkür hələ də,

Ağrı dağı, nədir səni ağrıdan?!

(“Ağrı dağı ilə görüş”.)

Vətəndaşlıq lirikasının inkişafında, vətənpərvərlik hislərinin qüvvətlənməsində, təbiət gözəlliklərinin bədii vasitələrlə tərənnümü əsas yerlərdən birini tutur. Vətənimizin dağları, meşələri, çayları, gölləri, buz bulaqları, güllü – çiçəkli yaylaqları, gözəl mənzərələri şair misralarının bəzəyinə çevrilir. Bu şeirləri oxucuya poetik bir dildə çatdırmaq şairdən böyük məharət tələb edir. Məhz buna görə də, müəllifin qələmə aldığı şeirlər hər şeydən öncə, öz yadda qalan orijinallığı ilə diqqət çəkir:

Qoy mən inildəyim, sən doluxsanma,

Şax tut qamətini, bir zərrə sınma,

Ömrü əbədi bil, ötəri sanma,

Hörmətin dağlardan uca, qərənfil!

(“Qərənfil”.)

Şairin şeirlərinin estetik amalı, qayəsi ən çox təbiət təsvirləri ilə insan düşüncələrinin vəhdətində, poetik hislərin səmimiliyində təzahür edir. Bu şeirlərin bədii dəyərini şairin qələmə aldığı mövzuların təbiiliyində və saflığında axtarmaq lazımdır. Şair yazın ilk gəlişi ilə ana təbiətin oyanmasını bütün çalarları ilə təsvir edərək, bənövşəni sanki insaniləşdirir, insanla təbiət arasından davamlı ünsiyyətin olduğunu önə çəkərək onu mənalandırır:

Dodaq büzmə, amandı,

Sənsiz hava yavandı.

Kol dibi qəribsəyib,

Açılmalı zamandı:

Açıl, bənövşəm açıl!

(“Açıl, bənövşəm açıl”.)

Şairin poeziyasında ürəkləri riqqətə gətirən dərin bir hiss və duyğu var, poetik bənövşə də, dağ da, meşə də öz gücünü bu poeziyanın qüdrətindən alaraq, yurdumuzun hər qarış torpağını gülüstana çevirir. Öz budağını suya salan salxım söyüd də (“Söyüdün dibində”), məğrur görkəmilə buludlara meydan oxuyan Xan çinar da (“Hara belə, Xan çinarım”), zirvəsi ağ örpəyə bürünmüş göz oxşayan vüqarlı dağlar da (“Kaş belə qovuşaq”) şeirlərində Vətən nəğməsinin ən şirin nəqaratı kimi səslənir. O bütünlükdə doğma Azərbaycanımızı “bənövşə ləçəklərinə bənzədir”:

Deyin bənövşələr tez açılsınlar,

Gözlərim saraldı, yaz gözləməkdən.

Baxına – baxına qalıb gözlərim,

Kolların dibində naz gözləməkdən.

(“Bənövşə həsrəti”.)

Şairin şeirlərində təbiətin müdrikliyinə heyranlıq və pərəstiş var. Çiçək təbəssümü, çay qıjıltısı, bulud karvanı təbiətə olan sonsuz doğmalıqdan irəli gəlir. Çünki bu şeirlərə təbiətin səsindən çox onun ətri hopub. Bu səsin və ətrin mövsümi çalarları insan ömrünün fəsillərində öz əksini tapır. Özünü ana təbiətin bir parçası, zərrəsi hesab edən şairə təbiət öz sirrini etibar edir. Məhz poeziya da şair və təbiət arasında vəhdətdən, inamdan yaranır. Bulağı, cığırı, çiçəyi, göyqurşağını, yamacı, dağı insaniləşdirən şair poetik istedadına arxlanaraq fikir və obrazlar arasında əlaqəni möhkəmləndirərək əsl sənətkar təxəyyülü yaradır:

A kövrək ürəkli, süslü bənövşə,

Könlümə od saldın gizli, bənövşə.

Niyə kirimisən, sözlü bənövşə,

Nə olar, dil açıb desən: Xoş gördük?!

(“Baharla söhbət”.)

Səmimilik və şəffaflıq, təbiillik və əyanilik, saflıq və təmizlik - bu poetik düşüncələri Vətənimizə bağlılığın təzahürünə çevirir. Elə buna görə də təbiətlə vəhdət birliyi nəticə etibarilə xalqla birliyin ifadəsi kimi mənalanır.

Ətirli yellər əsər,

Bahar yaşıl torpaqdı.

Göy üzündə gülümsər

Bahar güllü budaqdı.

 

Naxışına sal nəzər,

Çəmən xalçaya bənzər.

Bir gündə min dağ bəzər,

Bahar elə qoçaqdı!

(“Bahar”.)

Ustad sənətkarın poeziyasında məcazlar, müqayisələr, bədii ümumiləşdirmələr tamamilə yenidir, yüksək bədii təxəyyülün məhsulu kimi yadda qalandır. Şairin ədəbi yaradıcılığının əsas uğuru da məhz onun bədii dilinin anlaşıqlı, cilalanmış, sadə xalq dilində olmasındadır. O öz poeziyası ilə həyatın dərin qatlarına enməyi bacaran böyük sənətkar kimi qələmə aldığı obrazların mənəvi dünyasını, onun psixologiyasını, hiss və həyəcanını, duyğu və düşüncələrini poetik bir dildə mənalandırmağı bacarmışdır. İctimai – siyasi mətləblərdən xəbər verən, möhtəşəm xarakterli obrazlar yaradan bu nadir istedad sahibi müasir poeziya aləmində öz adını əbədiləşdirə bilmişdir.

 

 

Müəllif: Vəliyulla Novruz

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK