adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Mənəm e, ay dədə, Miriş" - Eminquey yazır

EMİNQUEY AKİF
111679 | 2021-05-07 12:00

Prezidentin incəsənət xadimləri ilə səs-küylü görüşündən sonra idi. Arif Quliyev “Bəyin oğurlanması”ndakı “Miriş”obrazı kimi qaçaraq, təlaşlı bir biçimdə redaksiyamıza gəlmişdi.

Vaqif Mustafayev və Ceyhun Mirzəyev bu epizodik rolu sanki ona qəsdən vermişdi. Daha doğrusu, onun taleyini 3-4 saniyəlik cümləyə sığışdırmışdı. Hamınız o obrazı yaxşı bilirsiniz. O filmdə nə atası onu bir yerdə tuta bilir, nə də o həyatda atalı bir ömür yaşayıb. Və bəlkə filmdəki Mirişlə atasının qucaqlaşma səhnəsi Arif Quliyevin həyatdakı reallaşmayan arzusu - yəni atasını qucaqlamaq istəyi idi. 

Qamətindən yorğun, üzündən incik görünürdü. Uzun müddət idi ki, onun insanlardan pul istəməsi ilə bağlı dedi-qodular dolaşırdı.

Salamlaşdıq, hal-əhvallaşdıq. Hiss etdim ki, söhbətləşmək istəyir, onu qabaqladım.

- Arif müəllim, elə gəlmişkən əyləşin, bir az söhbətləşək, qəzetdə dərc edərik.

Üzündən gördüm ki, ürəyindən xəbər vermişəm.

Razılaşdı.

Söhbət əsnasında Arif müəllim məni xeyli təəccübləndirdi. Onunla ayaqüstü söhbətimiz zamanı bir xeyli narazılığını da dilə gətirdi. Görünür ki, görüşdə olmadığına görə incik düşmüşdü. Amma səsyazanın işlədiyi vaxtda “hamımızın və hər bir sahə üzrə nümayəndələrimiz orada idi, onlar öz fikirlərini bizim də əvəzimizdən dedilər” – dedi.

İstər çəkildiyi filmlərdən, istər kinomuzun vəziyyətindən, istər televiziyadan, istərsə də aldığı maaşdan, qonorardan – bir sözlə, hər şeydən razı idi.

Bəs deyirdilər, Arif müəllim camaatdan pul istəyir, hər şeydən narazıdır?

***

Müsahibəni yığıb bitirəndən sonra Arif Quliyeva yolladım. İki gün sonra zəng vurdu:

- Alo, salam, müəllim.

“Müəllim” müraciətini eşidəndə bir az duruxdum.

- Bizə bir iş üçün 300 manat pul lazımdır. Sizə demişdik, amma xəbər çıxmadı.

- Arif müəllim, nə pul? Nə iş? Emindi, “Ədalət” qəzetindən. Müsahibəni yollamışdım sizə ki, oxuyasız.

Arif müəllimin çaş-başlığını sezdim.

- Hə... Oğul, sən Allah bağışla, səhv saldım e, bir adam var idi, ona zəng vurmaqdan, çaşıb səni yığmışam..

- Eybi yox, Arif müəllim, olan şeydi.

- Oğul, sən Allah üzrlü say. Müsahibəyə düzəlişlər etmişəm, bu gün deyəcəm, yollasınlar.

Arif müəllimin müsahibədəki “hər şeydən razı”lığını hardasa elə bu dialoqdaca çözmüşdüm.

 

***

Açığı çox üzüldüm, çox. Arif Quliyev bir zamankı Azərbaycan insanının yumor simvolu idi. Gəncədə stadion dolduran, müharibəli dövrlərdə hərbçilərlə görüşən, onlara konsert verən, bəzən aldığı pulu orduya bağışlayan Arif Quliyev..Amma nədənsə, heç kim bunları dilə gətirmir, ya da görməzdən gəlir..

Zaman keçdi, yeni nəsillər gəldi, insanların geyim tərzi, dünyaya baxışı, işlətdiyi texnologiyalar dəyişdiyi kimi yumor anlayışları da dəyişdi. “Arif Quliyev yumoru” sıradan çıxdı. Onun yumoru yalnız nəvələrinin, balaca uşaqların üzünü güldürə bilərdi.

Aktyor kimi bir söz deyə bilmərəm, nə teatrşünasam, nə də kinoşünas. Arif Quliyevi yerində saydıran, onu səksənlərin, doxsanların yumorunda ilişdirib saxlayan nə idi? Bu suala tam, aydın cavab tapmaq bir az çətindir, bir az özü, bir az da rejissorlar günahkardır. Onu epizodik aktyor kimi tanıdıq və heç vaxt bu adamın potensialını tam olaraq görə bilmədik.

Arif Quliyevin “yüngül yumor”u deyirik, amma bu yüngül yumorlardan şedevr yaradan aktyorlar olub, onlara bu fürsəti tanıyan rejissorlar olub. Cim Kerridən tutmuş, Rovan Atkinsona qədər. Arif Quliyev sanki taleyi ilə barışmışdı deyə, hər şeydən razılıq edirdi. Amma içindəki narazılığı başa düşmürdükmü? Öz yetimliyi bir yandan, oynamaq istədiyi və oynaya bilmədiyi obrazların yetimliyi isə bir yandan.

Arif Quliyevi hər zaman gülən, çevik görmüşdük. Xəstəxanada boğula-boğula qıvrılması adamı incitməzmi?

Görəsən, kimləri köməyə çağırırdı bu yetim?!

Görəsən, oynaya bilmədiyi hansı obrazlar uçub gedirdi bədənindən?!

Bilmirəm...

Bircə bunu bilirəm ki, Miriş ömrünün son saatlarında adətinə sadiq qalmadı.

Tələsdi, təlaş içində qaçdı bu dünyadan.

Salamsız, sağolsuz.

Lap o filmdəki kimi:

- Hara gedirsən?

- Oraaaa....

"İstəyirəm ki, haqqımda film çəkilsin": Xalq artisti "Ədalət"ə danışdı - MÜSAHİBƏ

TƏQVİM / ARXİV