adalet.az header logo
  • Bakı 13°C

Faiq QİSMƏTOĞLU: Bir qoca arvad...

FAİQ QİSMƏTOĞLU
38385 | 2021-05-31 12:28

TV-lərin gününü ağı deyib ağlasın

 

Sovet dönəmi ilə müqayisədə bu gün ölkəmizdə çoxlu televiziya kanalları fəaliyyət göstərir. Və o vaxtlar cəmi bir televiziya kanalı var idi - Az.TV! Və o kanala da ölkəmizdə demək olar ki, elə hamı baxırdı. Sovet hökumətinin öz ideoloji xətti var idi. Amma bu xətlə yanaşı, insanları  maraqlandıran, düşündürən çoxlu sayda verilişlər də efirə hazırlanırdı və birmənalı olaraq deyə bilərik ki, o verilişləri, o proqramları tamaşaçılar çox böyük səbirsizliklə gözləyir, həvəslə baxırdılar. İndi mən həmin verilişlərin adını sadalayıb oxucularımızı yormaq istəmirəm. Ən azından yaşlı və orta nəslin nümayəndələri çox yaxşı xatırlayır ki, o proqramlar necə maraqlı idi. Çünki bütün verilişlər peşəkarlar tərəfindən hazırlanır, redaktor, rejissor və bədii şura süzgəcindən keçir və beləcə insanların yaddaşında qalırdı...

İndi heç kimin xətrinə dəyməsin. Dəysə də nə qədər istəyir su içə bilər. Bax, bu gün ölkəmizdə çoxlu kanallar fəaliyyət göstərsə də, onların heç biri o vaxtkı Az.TV kimi tamaşaçının yadında qalmır. Düzdür, müasir Az.TV var, İcitmai TV var, Real TV var. Bunlar da müəyyən qədər tamaşaçı auditoriyası nəzərə alınır. Amma bu kanallar da hələ ki, böyük tamaşaçı kütləsinin tam sevimlisinə çevrilə bilməyib. Təbii ki, hər kəsin öz dünyagörüşü, öz yanaşma tərzi və öz düşüncəsi var. Amma bu, o demək deyil ki, özəl kanallar (qoy adlarını çəkim ki, tamaşaçılar yaxşı yadda saxlasın; Xəzər TV, ATV, Space, Lider TV) tamaşaçıların zövqünü korlayan bəsit və insanlarda nikbin ovqat aşılamayan verilişlər efirə çıxarmalıdırlar. Yəni, sanki onlar Azərbaycan tamaşaçısının zəif və zərif nöqtələrini bilib, ona da uyğun verilişlər hazırlayırlar. Bu verilişlərin bu günü olsa da, sabahı yoxdur. Ən azından ona görə ki, o verilişlər insanları maarifləndirməyə deyil, ucuz reytinqə hesablanıb. Çünki əksər özəl kanallardakı verilişlər reytinq gətirmirsə, onu tez də bağlayırlar. Buna səbəb kimi də bildirirlər ki, maarifçilik və vətənpərvərlik mövzusunda bəhs edilən verilişlərə sponsorluq edən yoxdur.

Bax, bu sponsor bəlası bizim əsas ağrıyan yerimizdir. Bir də görürsən ki, düşük bir müğənniyə, xüsusən də qadın müğənniyə babat görünüşü olduğu üçün yaxşı sponsorlar tapılır. Hətta ona yardım etməyə növbədə duran pullu adamlar var. Bir səviyyəsiz müğənniyə «Qalenvager» bağışlayan pullu adam  şəhid ailəsinə beş-on manat pul verib yardım etmək istəmir. Yaxud da o şəhidin xəstə balasına, ya da uçub-dağılan evinə min manat verməyə canı çıxır. Amma televiziyada bir «matışka» görəndə ona ətək-ətək pul xərcləyir. Buna görə təəssüflənmir də. Əksinə, xeyirdə-şərdə özünü yekə-yekə aparır ki, o filan qadın müğənnini maaliyyələşdirir, yaxud da sadə dildə desək, onu «saxlayır».

Özəl kanallara baxanda adamın əti tökülür. Heç elə ətimiz də qalmayıb ha. Sanki televiziyalar bir-biri ilə müğənni yarışına girib. O müğənni yarışına ki, pul müğənnilərdədir və onları da özəl kanallar öz torlarına salıblar. Adını çəkdiyimiz o özəl kanalların hər birində gün ərzində üç-dörd belə «vur çatlasın, çal oynasın» verilişi efirə gedir. Musiqini, mahnını, lap muğamı elə hörmətdən salıblar ki, adam ən yaxşı xanəndəyə belə qulaq asmaq istəmir. Çünki bir çox xanəndələr də artıq «o kanal sənin, bu kanal mənim» - deyib efirə çıxır . Olan-qalan hörmətini də itirir. Mənim tanıdığım bir xanəndə var. Ona o qədər hörmətim olub ki, səsi üçün də həmişə darıxmışam. Amma son vaxtlar bu kanaldan o kanala, o kanaldan da bu kanala çıxıb oxuyur. Biz demirik ha pis oxuyur. Adamın insafı var. Çox yaxşı oxuyur. Amma sadəcə olaraq tez-tez efirə çıxması ona hörmət yox, hörmətsizlik gətirir. İndi siz fikirləşin. Hətta ən istedadlı müğənni, xanəndə hər gün efirdə görsənsə, görün onda tamaşaçı belə xanəndələrdən necə bezir. Hər şeyin, hətta reklamın da bir həddi var. Gərək reklam da olanda, elə reklam olunasan ki, o anti-reklama çevrilməsin. Və yaxud sadə dillə desək, camaat səndən bezməsin. Bax, burda böyük Nizaminin bir beyti yadımıza düşür:

 

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da...

 

Sanki Azərbaycan beş-on müğənnidən, beş-on siyasətçidən, beş-on sənət adamından ibarətdir. Hansı kanalı açırsan, həmin o beş-on müğənni, beş-on siyasətçi, beş-on sənət adamlarıdı. Axı, bu millətin nə qədər qaymaq ziyalıları var. Savadlı, dünyagörüşlü, elmli və vətənpərvər insanları var. Bəs niyə onlar axtarılıb tapılaraq efirə dəvət edilmir?! Çünki redaktorlar və prodüsserlər də özlərini çətinliyə salmaq istəmir, o tanınmış adamları asanlıqla tapır, efirə dəvət edirlər. Bir adam da nə qədər savadlı, nə qədər istedadlı olsa da, efirdə tez-tez çıxış edərkən adiləşir və onun bayağı söhbətlərinə tamaşaçı qulaq asmaq istəmir. Başqa sözlə demiş olsaq, belə siyasətçilərdən, muğənnilərdən və tanınmışlardan insanlar iyrənirlər.

Bizim ölkə müharibə şəraitindən, müharibədən təzə çıxıb. 44 günlük Böyük Vətən müharibəsində Azərbaycan 200 ildə görmədiyi bir qələbəni qazanıb və onun sevincini yaşayıb. Bu sevinci bizə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, ordumuz və əsgərlərimiz yaşadıb. Müharibə həm də insanların əsəblərinə, həyatına bir gərginlik, bir stress, bir depressiya gətirib. Gözləmək olardı ki, belə bir durumda insanları maarifləndirən verilişlər daha çox efirə çıxacaq. Çünki Böyük Vətən müharibəsində doğmasını, əzizini itiriən nə qədər ailələr var. Mən şəhid ailələrini nəzərdə tuturam. İkinci Qarabağ savaşında çoxlu sayda yaralı qazilərimiz var. Bax, onlarda nikbin ovqat, gələcəyə inam və ümid hislərini daha da gücləndirməyə böyük ehtiyac duyulur.

Amma Xəzər TV-nin «Səni axtarıram» (layihə rəhbərit Xoşqədəm Hidayətqızı) və ATV-nin «Bizimləsən» (aparıcı Zaur Baxşəliyev) verilişləri sözün həqiqi mənasında nikbinlikdən yox, pissimist və ümidsiz duyğular tamaşaçıya aşılayır. Düzdür, bu verilişlərdə bir çox insanlara maddi dəstək olub, onların müalicəsi təşkil edilibdir. Amma vallah, bu verilişlərin xeyrindən çox ziyanı var. Taleyindən küskün, həyat şəraiti rəzil olan və eyni zamanda heç kim tərəfindən yada düşməyən və dünyanın bir tərəfində qalıb dərdi ilə əlləşən, adamları efirə çağırıb onların ağrı-acısı ilə oynamaq da qəhrəmanlıq deyil. Həmin verilişə ən çox baxan orta təbəqə  və o cümlədən, dərdli adamlardır. O dərdli adamlar ki, həmin verilişi səbirsizliklə gözləyir, ekran qarşısında əyləşib filankəsin taleyi ilə maraqlanır. Gözləyir ki, görən bu gün nə olacaq. Bu gün də, sabah da göz yaşı, ağrı-acı və başqa dərdlər...  Bizim kənddə bir Sübhan kişi vardı. «Bizimləsən»   verilişini həmişə səbirsizliklə gözləyib. Hər verilişdə də talesiz insanlar üçün ağlayıb. O qədər ağlayıb, ağlayıb ki, axırda da rəhmətə gedib.

...Heç uzağa getməyək. Bizim evdə də həyat yoldaşım hər iki verilişə böyük maraqla baxır. Amma həmişə də göz yaşları içində. Deyirəm ki, ay bala, öz dərdin özünə bəs deyil?! Vallah, axırda sən öləcəksən, mən də gedib yapışacam Xoşqədəm Hidayətqızının yaxasından. Heç Xoşqədəm xanım kiməsə yalvarmır ki, oturub onun verilişinə baxsın və dəsmal götürüb ağlasın. Amma bu, o demək deyil ki, bu cür verilişlər efirdə çoxluq təşkil etməlidir. Bu gün insanların ağlamağa yox, stresdən, depresdən çıxmağa daha böyük ehtiyacı var. Çünki müharibənin travması, eləcə də pandemiyanın insanlar arasında yaratdığı stress çoxlarını öz ağuşuna alıb. Bax, həmin adamları nikbin verilişlərlə, sabaha olan ümidlə bu çətin vəziyyətdən çıxarmaq olar. Kütlənin səviyyəsinə yox, ziyalının səviyyəsinə qaldırmaq lazımdır tamaşaçını. Bunu isə televiziyalar etməlidir.

Müxtəlif sosial şəbəkələrdə, Ermənistan sərhədindəki vəziyyətlə bağlı yalanlar, dezinformasiyalar yayılır. Bu feyk xəbərlər ölkəni başına götürüb. Çox təəssüf ki, TV-lər bu məsələdə başının altına yastıq qoyub yatır və insanları maarifləndirmir. Yeganə Real TV-dir ki, bu məsələni gündəmdə saxlayır və Mirşahin özü Ermənistanla sərhədə gedib ordakı əsl həqiqətləri tamaşaçı auditoriyasına çatdırır. Bəs bunu Az.TV niyə etmir? Ümumiyyətlə, ölkədə informasiya qıtlığı olduğu vaxtda belə Mirşahin həm ANS-də olanda, həm də Real TV-də bu boşluğu aradan qaldırıb, əsl həqiqəti Azərbaycan tamaşaçısına çatdırıb. Deməli, sosial şəbəkələr ağzına nə gəldi yayacaq, camaatı çaşdıracaq, TV-lər də durub buna baxacaq. Ancaq nə yaxşı ki, Mirşahin kimi peşəkar televiziyaçılar var və əsl həqiqəti Azərbaycana çatdırır.

Bu gün özəl kanallar elə bir gündədir ki, qarabağlıların sözü olmasın bir qoca arvad lazımdır ki, onu ağı deyib ağlasın. Yenə əvvəllər Xəzər TV-nin «Xəbərlər»  proqramı bir qədər maraqlı idi. Amma indi bu proqram və digər verilişlər də bəsit vəziyyətdədir. Fəlakətin verilişi ilə guya «inqilab» ediblər. Elə Fəlakətə də Fəlakət kimi adamlar baxırlar. Nə başınızı ağrıdım. Ümumiyyətlə, televiziyada Sovet dövründə bir proqram redaksiyası var idi. Yəni burda bütün verilişlər tənzimlənirdi. Bir məsələni qabardıb o biri məsələ unudulmurdu. Bu gün isə belə bir sistem yoxdur və kimin kefi necə istəyir, eləcə də verilişləri sistemləşdirir. Vətənpərvərliklə, maarifçiliklə, dövlətçiliklə bağlı verilişlər çox azdır. Bu məsələlərə önəm verilməlidir.

Ki, tamaşaçılar istədiyi verilişə baxa bilsin. Yoxsa özəl kanallar qucağını ancaq «manıslara» açıb. «Manıslarlasa»  heç də uzağa getmək mümkün deyil. Yəni televiziya kanalları köhnə, bəsit, reytinq gətirən layihələrdən əl çəkməli, daha müasir, daha real layihələrə üstünlük verməlidir. Onsuz da bizim tamaşaçıların zövqü korlanıb. O zövqü isə yeni düşüncə, yeni layihələr əsasında formalaşdırmaq olar.

 

TƏQVİM / ARXİV