adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Xınalı quzular - Müharibə gündəliyi - Emin PİRİ

Emin Piri
98596 | 2021-06-01 15:24

Anamın barmaqları saçımda gəzdikcə o barmaqların duasını, Tanrıya yalvarışlarını eşidirəm. Sanki göz yaşları isladırdı o xınanı, qarışdırırdı onu. Həəə, dəqiq hiss edirəm bunu. Saçlarımda, qəlbimdə, ruhumda... O barmaqlar özünü balası uğrunda, balasına əvəz özünü qurban verməkçün, Tanrıyla razılığa gəlməyə çalışırdı...

27 sentyabr. Payız səhəri. Bazar günü. Həmişəki kimi bu bazar səhər doyunca yatım dediyim halda yenə erkəndən durmuşam. Feysbuka girmək istəyirəm, amma işləmir. Saytlara da girmək mümkün deyil. Bir-iki dosta zəng edib nələrin baş verməsi haqqında maraqlanmaq istəyirəm, amma zəng də çatmır. Nəhayət, sonradan bəzi saytlara girə bilirəm. Müharibə başlayıb...

..."Və o gün gəlsəydi" dediyim gün gəldi...

Özümə yer tapa bilmirəm. Bəlkə aprel kimi yarım dayandı? Ya bu informasiyalar şişirdilmiş, yalan məlumatdırsa? Evdə elə darıxıram ki, sanki illərdir sevdiyim birindən ayrı düşmüşəm. Onu, ayrı düşdüyüm sevgilimi görə bilərəm, amma evdə qalsam bir daha onu görə bilməyəcəm. Bu məchul sevgili hansı məchul məkandadır, onu bilmirəm.

Bu darıxmaqlar nəticəsində səhər bacımgilə yola düşürəm, bəlkə uşaqlarla oynaya, yeznəylə söhbətləşə, bu darıxmağımı unudaram. Heç bir saat deyildi, bacım uşağıyla oyundan məni Aqil Abbasın zəngi ayırır; işə gəlin, müharibə başlayıb. Həmişə belə olub, müharibənin ən böyük zərbəsini uşaqlar alır. Beləcə, oyunlar yarımçıq qalır, uşaq sevgilərini hansısa mərmi atışı yarım qoyur...

Bazar günü, pandemiya ilə əlaqədar işləməyən ictimai nəqliyyat."Ədalət" qəzetinin baş redaktor müavini Əbülfət Mədətoğlu öz maşınıyla məni götürür və işə gəlirik.

Sevincli və qürurlu gündür. İş otağında olan Qarabağın miqyası böyüdülmüş xəritəsində qürurla azad edilmiş kəndləri tapırıq, Öz analizlərimizlə fikirlərimizi yürüdürük. Bu günün qüruruyla, bu haqda yazılarla günümüzü belə yola veririk.

28 sentyabr. Yenə tezdən işə gəlmişəm. "Tarixi bütövlüyə doğru" adlı yazımı işləyirəm. O yazıda korpus komandiri, polkovnik Babək Səmidlinin bizi müşayiət edərək Gülüstan qalası qarşısındakı mövqelərə aparması, Aprel döyüşlərinin necə getməsindən, əməliyyatlarından bəhs etməsindən danışıram. (Müharibədən sonra öyrənirəm ki, polkovnik Babək Səmidli şəhid olub).

Elə bu saatlarda hərbi komendant vəziyyətinin tətbiq olunması haqqında qərar verilir. Ardıyca Prezidentin qismən səfərbərlik haqqında Sərəncamı.

Zarafatla dostlara deyirəm ki, baxın, birinci zəng mənə olacaq. Bir neçə dəqiqə keçmir ki, Sumqayıt Hərbi Komissarlığından zəng gəlir. Ora getməyim istənilir.

İş yoldaşlarım inanmır, elə bilirlər, onlarla zarafatlaşıram. Öncə əlimdə yarım qalan yazımı bitirirəm, daha sonra feysbukda dostlarla vidalaşıb evə - Sumqayıta doğru yol alıram.

Anam kədərlidir, evində iki oğlu və müharibə... Bilmirəm, necə deyim getməli olduğumu...

Və anam başıma xına qoyur. İlk dəfədir ki, anamın hisslərini bu qədər gizlətməyə çalışdığını görürəm. Ağlamaq istəyir, özünü güclə saxlayıb. Barmaqları telimdə gəzdikcə, xına qoyduqca əllərinin duasını eşidirəm.

Səhər tezdən mənimlə görüşməyə gələn bacım uşaqlarını öpürəm. Müharibəyə uşaq təbəssümü ilə getmək də, bəlkə həyatın ən böyük ironiyasıdır. Sonuncu öpüşüm elə körpə təbəssümü, körpə yanaqlarından olsun. O müqəddəs torpaqlara körpə gülüşü, körpə öpüşüylə yola düşmək...

Gecə yarı heç zaman üzünü görmədiyim Könül adlı bir xanımın ani bir mesajını görürəm, səni gözləyəcəm. Nömrəsini qoyur. Mümkünsə, mənə hər gün zəng elə...

Tanımadığın, görmədiyin birinin sevgisi. Onu narahat qoymamaq hissi gəlir mənə. Bilmirəm, necə olursa, özümlə götürdüyüm, bloknota yazdığım 7 nömrədən biri də onun nömrəsi olur. Könüllü getdiyimi bilirdim, bəlkə bu da bir simvoldu, Könül adlı birisi... Könül adlı bir sevgi...

Sumqayıt Hərbi Komissarlığındayam. Zabitlər bölməsində. Qəribəsi budur ki, əlifba ilə heç bir uyğunluğu olmamasına baxmayaraq adım çağırışçılar arasında birinci sıradadır. Yəqin ki, bu da iki gün öncə etdiyim canlı müraciətə görədir. Öncə əsgərləri yerləşdirək, bir -iki saata sizi yola salacağıq deyirlər. Komissarlığın yanında çayxanada oturub yutubda son müharibə videolarına baxıram. Qalxanda çayçı ödənişi götürmək istəmir. Bu dəfə götür, qayıdanda qonaq edərsiniz - deyirəm. Komissarlığın qabağında avtobuslar yola düşdükcə insanların alqışlarla yola salınması ayrıca qürurlu və kövrəldici anlar idi. Bu alqışlara əl yelləyən bəziləri ya şəhid olacaq, ya da cavab olaraq yellədiyi əllər bir daha yellənməyəcək.

Sevgilisiylə görüşən də var, qucaqlaşan da. Düşünürəm, o şeirimdəki kimi...

 

Görüşəndə

Sevgilisinin əlində

gözü axtarardı

ona veriləcək gülləri.

 

İndi

kitabları arasında qurutduğu

Gül ləçəklərində axtarır

Sevgilisinin cəbhədə itirdiyi əlləri.

 

Sənədlərimizi də götürdükdən sonra artıq yenidən ordunun zabitiyəm. Avtobusla yola düşürük. Komissarlığın önündəsə bizi alqışlayan xalq... Saçlarımda anamın xınalı duası, gözlərimdə uzağa zillənmiş indiyə kimi bizim olmayan uzaqlıqlar...

Xınalı quzuları irəlidə nə gözləyir, hələ ki xəbərsizik...

TƏQVİM / ARXİV